Narodnaya volya

Narodnaya volya (rus. Народная воля; azərb. Xalqın iradəsi‎) — Rusiyada inqilabi xalqçı təşkilatı. 1879-cu ildə "Zemlya i volya"nın parçalanmasından sonra yaranmışdı. Təşkilata İcraiyyə komitəsi (A.D.Mixaylov, A.İ.Jelyabov, S.K.Perovskaya, V.N.Fiqner və b.) başçılıq edirdi. 1879-1885-ci illərdə təşkilat eyniadlı qəzet buraxmışdır. Xalqçı utopik sosializmi mövqeyində qalan narodovolçular siyasi mübarizə yolu ilə mütləqiyyəti devirməyi ən mühüm vəzifə sayırdılar. Lakin onlar bu mübarizəni sosializmlə əlaqələndirə bilməmişdilər. "Narodnaya volya"nın proqramında ümumi seçki hüququ, demokratik azadlıqlar, torpağın xalqa paylanması, əzilən xalqlara öz müqəddəratını təyin etmək hüququ verilməsi və s. tələblər var idi. Narodovolçular Rusiyanın kapitalizm mərhələsini keçmədən kəndli inqilabı vasitəsilə sosializmə keçəcəyinə inanırdılar. Üsyan hazırlanması və keçirilməsində əsas rolu inqilabi azlığa verirdilər. "Narodnaya volya" II Aleksandra 7 dəfə sui-qəsd hazırlamışdı. 1881-ci il martın 1-də II Aleksandr öldürüldü. Qəsdin iştirakçıları edam edildi. Bundan sonra "Narodnaya volya" ideya və təşkilat böhranı keçirirdi. "Narodnaya volya" dağıdıldıqdan sonra onu bərpa etmək cəhdləri (1890-cı illərədək) boşa çıxdı. Təşkilatda A.İ.Ulyanovun terrorçu fraksiyası xüsusi yer tuturdu. Fraksiya "Narodnaya volya"nın proqramına ayrı-ayrı marksist müddəalar daxil etmək istəyirdi. İlkin proqram şərtlərinin əsassızlığı, mübarizənin terrorçu metoduna üstünlük verilməsi, siyasi sui-qəsd taktikası "Narodnaya volya"nın süqutunun başlıca səbəbləri idi.

Narodnaya volya
Loqonun şəkli
Yaranma tarixi iyun 1879
Ləğvolma tarixi mart 1887
Mərkəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycandan Peterburq, Moskva və Tiflisdə oxuyan mütərəqqi fikirli gənclərdən bir neçəsi (İ.Mehmandarov, F.Sultanov və b.) narodovolçu təşkilatların işində iştirak etmişdir. 1880-1890-cı illərdə Azərbaycanda Mərkəzi Rusiyadan sürgün olunmuş xeyli narodovolçu yaşamışdır.

  • Волк С.С. Народная воля (1879-1882). М.-Л.: 1966
  • Самедов В.Ю. Распространение марксизма-ленинизма в Азербайджане. Ч. 1. Б.: 1962, стр. 223-392.
  • "Народнаја волја" // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 160.