Vera Nikolayevna Fiqner Filippova (əsl adı: rus. Ве́ра Никола́евна Фи́гнер Фили́ппова; 25 iyun (7 iyul) 1852[1], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 15 iyun 1942[2][3][…], Moskva[2]) — inqilabçı siyasi fəal.
Vera Fiqner | |
---|---|
Doğum tarixi | 25 iyun (7 iyul) 1852[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 15 iyun 1942[2][3][…] (89 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasi fəal[d], memuarçı, bioqraf, yazıçı, siyasətçi |
Partiyası |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hökumətin inqilabi devrilməsinə nail olmaq məqsədilə terrordan istifadəni müdafiə edən gizli Narodnaya volya (azərb. Xalqın iradəsi) qrupunun lideri Fiqner 1881-ci ildə II Aleksandrın uğurlu sui-qəsdinin planlaşdırılmasının iştirakçısı idi. Daha sonra tutulan Fiqner məhkəmə iclasınadək 20 ay birnəfərlik kamerada qalmış, məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum edilmişdi. Cəza sonradan dəyişdirilmiş və Fiqner daxili sürgünə göndərilməzdən əvvəl 20 il Şisselburq qalasında həbs edilmişdir.
Fiqner yaşadıqlarını qələmə aldığı, bir çox dilə tərcümə edilmiş memuarına görə beynəlxalq səviyyədə şöhrət qazandı. 1917-ci il Fevral inqilabından sonra o, inqilabi fədakarlığın qəhrəmanlıq ikonası kimi qəbul edilir və bu illər ərzində xalq arasında lider kimi ad qazanır. Sonralar Fiqner SSRİ-də Keçmiş Siyasi Məhbuslar və Didərginlər Cəmiyyətində (1935-ci ildə ləğv edilib) məşhurlaşır.
Fiqner 1937-ci il repressiyalarından qurtula bilmiş və 1942-ci ildə 89 yaşında təbii səbəblərdən vəfat etmişdir.
Vera Fiqner 7 iyul (25 iyun) 1852-ci ildə Nikolay Aleksandroviç Fiqner və Yekaterina Xristoforovna Kupriyanovanın ailəsində dünyaya göz açmışdır. Altı uşaqlı ailənin ən böyük övladıdır. Valideynlərinin hər ikisi Rus əsilzadə nəslinin üzvləridir.[4] Ailə 1861-ci il kəndli islahatına qədər yarı kölə vəziyyətində olan təhkimlilər tərəfindən əkilib-becərilən 1,000 akr torpaq sahəsinin sahibi idi.[4] Veranın atası dövlət meşə təsərrüfatında xidmət edirdi və kəndli islahatından sonra həmin işdən çıxaraq "barışıq vasitəçisi" adlanan yerli inzibatçı vəzifəsini icra etməyə başlamışdır.[5] Vera, Lidiya Fiqnerin bacısıdır.
1863-cü ildə on bir yaşlı Vera Kazan şəhərindəki Radionovski Nəcib Qızlar İnstitutuna göndərilmiş və altı il sonra məzun olmuşdur.[6] Rusiya İmperiyasında universitetin mövcud olduğu yalnız altı şəhərdən biri olduğuna görə əyalət paytaxtı Kazan mədəniyyət və ideya şəhəri idi və Fiqner tədricən özünə müəyyən suallar verir və nəticədə Radionovski İnstitutunun şagirdlərə öyrətməyə çalışdığı passiv və itaətkar qadın rolunu rədd edir.[7] Qapalı institutdakı boğucu rejimə baxmayaraq, Fiqner qısa ev ziyarətləri zamanı əldə etdiyi qadağan olunmuş kitabları gizlincə oxuyur, beləcə öz elmi üfüqlərini genişləndirirdi.[8] Tarix və ədəbiyyata xüsusi maraq göstərən Fiqner özünü əla qiymətlərlə oxuyan tələbə kimi sübut edir və 1869-cu ildə ən yüksək göstəricisi olan tələbələrə verilən mükafatla məzun olur.[9]
Fiqner tibb oxumaq arzusunda idi. Lakin 1860-cı illərin əvvəllərində Sankt-Peterburq Tibbi-Cərrahiyyə Akademiyasının bağlanmasının ardından Rusiyada qadınlara tibb təhsili almaq qadağan edilmişdi.[10] Bu da Rusiyanı tərk edib xaricdə oxumağı şərtləndirirdi. Odur ki, Vera Fiqner gimnaziya diplomları olmasa da, rus qadın tələbələri qəbul edən Sürix Universitetinə üz tutur.[10] Fiqnerin atası onun getməsini qadağan edir, buna görə də Vera, Aleksey Filippovla evlənir, pul yığır, cehizini satır və Sürixə gedir.[11]
1872-1875-ci illərdə Sürix Universitetinin Tibb fakültəsində təhsil alır. 1873-cü ildə Fiqner on üç radikal rus qadınından ibarət Fritşe qrupuna qoşulur. Onlardan bəziləri Bütün Rusiya Sosial İnqilabi Təşkilatının görkəmli üzvləri olacaqdı. Özünü yaxşı, günahsız insan hesab etdiyinə görə, Fiqner yeni siyasi baxışını keçmiş həyat tərzi ilə uzlaşdırmaqda çətinlik çəkirdi. 1873-cü ildə Government Herald-da dərc edilən bir xəbərə görə bütün rus qadın tələbələrə, öz tibbi biliklərindən öz üzərlərində abort həyata keçirməkdə istifadə etdiklərinə görə, Sürixdə qalmaq qadağan edilmişdi.[11]
Fritşe qrupunun üzvlərinin əksəriyyəti Rusiyaya qayıtmaq və rus kəndliləri arasında sosializmin təbliğatını aparmaq qərarına gəldilər. Lakin Fiqner təhsilini başa vurmaq üçün İsveçrədə qalmağa qərar verdi. 1875-ci ildə Mark Natanson ona bildirir ki, Fritşenin Rusiyada Veranın köməyinə çox ehtiyacı var. Vera həmin il təhsilində dərəcə almadan Rusiyaya qayıdır, lakin onlara köməklik edə bilmir və paramedik lisenziyası alır, həyat yoldaşından boşanır, "Zemlya i volya" (rus. Земля и воля) təşkilatında digər inqilabçı ziyalılara qoşulur.[12]
1876-cı ildə Fiqner Sankt-Peterburqda Kazan nümayişində iştirak edir. 1877-1879-cu illərdə həkim assistenti işləməklə bərabər Samara və Saratov qəsəbələrində inqilabın təbliğatına da rəhbərlik edirdi.
1879-cu ilin yazında "Zemlya i volya" təşkilatı terrorizm məsələsində yaranan fikir ayrılığına görə iki qrupa bölünür: bir qrup qəsəbə və kəndlərdə inqilabın təbliğatını aparmaq fikrini dəstəklədiyi halda, digər qrup çar hökumətinin və monarxiyanın əsas fiqurlarına sui-qəsd təşkil etməklə inqilabi vəziyyət yaratmaq istəyir. Həmin ilin iyununda partiyanın fəalları Voronej Konqresində toplanaraq sonuncu dəfə bu fikir ayrılığını həll etmək üçün səy göstərirlər.[13] Heç bir həll yolu tapılmadığından "Zemlya i volya" təşkilatı parçalanır və müstəqil fəaliyyət göstərən iki qrup yaranır: marksist Georgi Plexanovun rəhbərliyi ilə anti-terrorçu Çornı peredel (rus. Чёрный передел) (bu qrupa Pavel Akselrod, Lev Deyç, Vera Zasuliç və başqaları daxil idi) və terrorçu Narodnaya volya.[13]
Vera Fiqner terrorçu fraksiyaya qoşulmuş[13] və qrupun İcraedici Komitəsinin üzvü olmuşdu. Bu, həmin komitə idi ki, sonralar 1879-cu ildə öz bəyannaməsində Rusiya İmperiyası xalqına qarşı törətdiyi cinayətlərə görə çar II Aleksandrın edamına çağırırdı.[14] Narodnayavolyaçılar (Narodnaya volyanın üzvləri) əsasən Snakt-Peterburq, Moskva, Odessa, Kiyev və Xarkov universitetlərində tələbələr arasında təbliğat aparırdılar.[14] Hətta qrup öz inqilabçı proqramlarına tərəfdar toplamaq məqsədilə siyasi vərəqələr, jurnallar və qəzetlər dərc edirdilər.[14]
İcraedici Komitənin üzvü kimi Vera həmçinin Narodnaya volyanın hərbi cinahının formalaşmasında yaxından iştirak edir və onun fəaliyyətlərini koordinasiya edirdi. O, 1880-ci ildə Odessadakı uğursuz cəhddən sonra 1881-ci ilin martında Sankt-Peterburqda çarın müvəffəqiyyətlə nəticələnmiş sui-qəsdinin hazırlanmasında[15] da iştirak etmişdir.
Dövlət gizli polisi çarın qətlində məsuliyyət daşıyan terror təşkilatının üzvlərinin izlənməsində amansızlıq nümayiş etdirmişdi; belə ki, 1882-ci ilin yazınadək 1879-1880-ci il Narodnaya Volya İcraedici Komitəsinin üzvlərindən yalnız Vera Fiqner Rusiyada qalmışdı.[16] Bu vəziyyət Fiqneri mərkəzi nöqtə və qrupun tükənmiş qüvvələri sırasında lider mövqeyinə gətirmişdi.[16] Sui-qəsdlərdən biri — 1882-ci ilin yazında Odessada gizli polisin bir üzvünün güllələnməsi məhz onun nəzarəti altında baş tutmuşdur.[16] 1882-ci ildə Narodnaya volya təşkilatının de-fakto rəhbəri kimi Vera Fiqnerin əsas fəaliyyəti gizli polisin axtarış və götürmə tədbirləri nəticəsində əldən çıxmış yeraltı gizli avadanlıqların bərpası ilə bağlı idi.[16] Narodnayavolyaçılar bu dövrdə yeni yeraltı mətbuat orqanı təşkil edir və universitet tələbələri arasında təbliğat işi aparırdılar.[16]
Əsasən Odessada fəaliyyət göstərən Fiqner sonradan Xarkova köçür. Burada 20 dekabr 1882-ci ildə tutularkən öz cəzasını yüngülləşdirmək məqsədilə polisə məlumat ötürmüş İcraedici Komitənin gənc üzvü Sergey Deqayevin xəyanətinə məruz qalır.[17] 1883-cü il fevralın 10-da Fiqner, polis tərəfindən "terrorçuların Mərkəzi Komitəsinin ən təhlükəli üzvlərindən biri" kimi müəyyən edilərək Xarkovdakı mənzilində ələ keçirilir.[17] Çar III Aleksandr öz gündəliyində hadisəni belə qələmə alır: "Axır ki, tutuldu."[18] Beləcə, Fiqnerin həyatının növbəti mərhələsi — siyasi məhbus dövrü başladı.
Tutulduqdan sonra Vera Fiqner məhkəmə iclasınadək 20 ayını Petropavlovsk qalasında təkbaşına kamerada keçirir. 1884-cü ildə On dördlərin məhkəmə prosesi zamanı Fiqnerə ölüm cəzası verilir. Cəza Nikolay Nikoladzenin müdaxiləsi ilə Sibirdə ömürlük katorqa cəzasına dəyişdirilir. Əvəzində Şisselburq qalasında 20 il müddətinə azadlıqdan məhrum edilir.
1904-cü ildə Fiqner Arxangelsk, daha sonra Kazan quberniyasına və nəhayət Nijni Novqoroda daxili sürgünə göndərilir. 1906-cı ildə ona xaricə getməyə icazə verilir. Burada Rusiyadakı siyasi məhbuslar üçün kampaniya təşkil edir. O, Avropa şəhərlərində çıxışlar edir, pul toplayır, Rusiya həbsxanaları haqqında bir neçə dilə tərcümə edilmiş broşürlər dərc etdirirdi. 1907-ci ildə Fiqner Sosialist İnqilabçılar Partiyasına üzv olur, lakin Azef skandalından sonra 1909-cu ildə partiyanı tərk edir. Vera Fiqner 1915-ci ildə Rusiyaya qayıdır.
Oktyabr inqilabından sonra (o, inqilabın bu tərzdə baş verməsini qəbul edə bilmirdi) Fiqner İnqilabçının xatirələri adlı kitab nəşr etdirir. Kitab bugünədək Rusiyada xatirə janrının ən mükəmməl nümunələrindən biri hesab edilir. Kitab onu dünyada tanıtmış və bir neçə dilə tərcümə olunmuşdur.
Fiqner, Keçmiş Siyasi Məhbuslar və Didərginlər Cəmiyyətinin görkəmli üzvüdür və Cəmiyyətin rəsmi jurnalı olan Katorqa və Sürgünün dərc olunmasında fəal iştirak etmişdir. Fiqner bir çox narodnikin bioqrafiyasının və 1870-1880-ci illər Rusiya inqilab hərəkatının tarixindən bəhs edən onlarla məqalənin müəllifidir.
1932-ci ildə Fiqnerin toplu əsərləri SSRİ-də Keçmiş Siyasi Məhbuslar və Didərginlər Cəmiyyətinin nəşriyyat evində yeddi cilddə dərc edilmişdir.[19]
Vera Fiqner 15 iyun 1942-ci ildə Moskvada vəfat etmişdir. Dünyasını dəyişərkən 89 yaşında idi.