Natiq Qasımov (sənədli film)

Natiq Qasımov sənədli filmi — 24 fevral 2017-ci ildə təqdimatı keçirilmiş sənədli film. Film Birinci Qarabağ müharibəsində mülki azərbaycanlıları azad etmək üçün erməni silahlı dəstəsi təslim olan Natiq Qasımov haqqındadır. Film 2016-cı ildə çəkilmişdir.[1]

Natiq Qasımov
Rejissor Elçin Musaoğlu
Prodüser Müşfiq Hətəmov
İcraçı prodüser Emil İbrahimov
Əsərin müəllifi Elçin Musaoğlu
Ssenari müəllifi Elçin Musaoğlu
Operator Rauf Qurbanəliyev
Studiya Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası
İlk baxış tarixi 28 fevral 2022
Yayımlanma yeri Azərbaycan
Filmin növü Sənədli film
İl 2017
Çəkiliş yeri Mingəçevir, İtaliya, Moskva

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Emil İbrahimov, prodüseri Müşfiq Hətəmovdur. Sənədli film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib. Rejissor Elçin Musaoğlu isə film haqqında bunları söyləyib:[2][3]

Mən əvvəl bu filmi müstəqil çəkmək istəyirdim, maliyyə tapa bilmədim. Millətçilikdən danışan adamlara da müraciət etdim, bir şey çıxmadı. Sonra prodüser Müşfiq Hətəmovla danışdım, filmin mövzusu, ideyası xoşuna gəldi və dedi ki, sənə mütləq dəstək olacam. Müşfiq bəy Mədəniyyət Nazirliyinə film haqqında danışdı və nəhayət, maliyyəni əldə edə bildik. 2016-cı ildə filmin çəkilişlərinə başladıq. İtaliyada, Moskvada, Mingəçevirdə olub çəkilişlər. Mənim bu filmi çəkməyimdə məqsəd ədaləti bərpa etmək üçün idi. Sənədli filmin əsas qayəsi bu idi. Uzun müddət Natiq Qasımov haqqında müxtəlif doğru-yanlış informasiyalar var idi. Sonuncu informasiya bu yaxınlarda çıxmışdı. Deyilirdi ki, o, aprel döyüşlərində qrantla erməniləri öldürüb. Səhv məlumatlar çox olmuşdu. Mən Natiq Qasımovu araşdırmağa başladım. Heyrət elədim ki, bizim bu cür möhtəşəm qəhrəmanımız olub. Beş gün ac-susuz döyüşən, 21 yaşında 22 nəfəri azad eləmək üçün canından keçən igid. Təslim olanda ermənilərin onu tikə-tikə eləyəcəyini bilirdi, ancaq vaz keçmir. Hətta təslim olmağa da bayraqla gedir. Məni ən çox maraqlandıran məhz bu hissə oldu. Bayrağı kilsəyə gətirən də o olub, ordan endirən də. Ermənilər kilsəyə adam göndəriblər, məktəb direktoru Cəfər Cəfərovu. Deyiblər ki, təslim olmasa girovluqdakı xocalıları öldürəcəklər. Cəfər danışır ki, ora gedəndə gördüm Natiqin iki gülləsi qalıb. Soruşdum ki, bu iki gülləylə neyləyəcəksən. Dedi ki, özümü vurmaq üçün saxlamışam. Onda Cəfər müəllim deyib, birini mənə vur, Natiq razılaşmayıb. Ermənilər də onun orda tək vuruşduğuna inanmırlarmış, elə bilirlərmiş ki, bir rota döyüşür. Nəhayət, Natiq bayrağı qoparıb təslim olur. Ermənilər onun tək gəldiyinə inanmadı heç. Elə bilirdilər, orda çox adam var. Bayrağı əlindən almaq istəyiblər əvvəlcə. Ancaq ordakı jurnalistlər ermənilərin humanistliyini göstərmək üçün bunun qarşısını alıblar. Və Natiq bayraqla o möhtəşəm gedişini eləyib. Filmi məhz buna görə çəkdim, haqq-ədalət məsələsini yerinə oturtmaq üçün. Bu adam milli qəhrəmanın görəcəyi işi görüb, ancaq adı itkin düşənlərin siyahısındadır. 25 il əvvəl canından keçən, bu qədər erməni öldürəndən sonra özünə güllə vurmaqdan vaz keçib təslim olmağa, zülmlərə razı olan bu adam görün necə böyük ürəyə sahib olub.

border=none Əsas məqalə: Natiq Qasımov (hərbçi)
Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə Azərbaycana qayıtmış və elə həmin ildən könüllü olaraq orduya qatılmışdır. O, 1992-ci ildə Ağdamın Xramort kəndindəki kilsədə uzun müddət erməni silahlı dəstələrinə müqavimət göstərmişdir. Lakin sonda 23 nəfər xocalılının öldürülməməsi müqabilində müqaviməti dayandırmış və təslim olmuşdur. Onun erməni əsirliyində sonrakı taleyi bilinməməkdədir.[4][5]
  1. Mədəniyyət Nazirliyi. "Qəhrəman döyüşçü haqqında sənədli filmin təqdimatı". medeniyyet.az. 22 fevral 2017. İstifadə tarixi: 9 oktyabr 2023.
  2. "23 Xocalı sakinini xilas etmək üçün əsir düşən qəhrəman haqqında film". kulis.az. 24 fevral 2017. 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.
  3. "24 fevral 2017". sitat.news. Natiq Qasımov adlı sənədli film nümayiş olunmuşdur. İstifadə tarixi: 9 oktyabr 2023.[ölü keçid]
  4. "Hamı bu filmdən danışır..." qafqazinfo.az. 4 oktyabr 2023. 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.
  5. "Mingəçevir Dövlət Universitetində "Oğul" sənədli filmi nümayiş olunub". azertag.az. 25 fevral 2023. 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.