Nazim Ağakişi oğlu İsmayılov (30 oktyabr 1959, Bakı – 31 dekabr 1992, Güllücə, Ağdam rayonu) — Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman döyüşçü.
Nazim İsmayılov | |
---|---|
Nazim Ağakişi oğlu İsmayılov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Güllücə, Ağdam rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri |
Bakıxanov Şəhidlər Xiyabanı Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Vəzifəsi | Alay komandiri |
Nazim İsmayılov 30 oktyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Sabunçu rayon 80 nömrəli orta məktəbi bitirmiş, Azərbaycan Dövlət Neft Akademiyasının Neft qaz-mədən fakültəsinə qəbul olunmuşdur. 1978-1980-ci illərdə Vladimirov vilayətinin Kovrov şəhərindəki tank hissəsində hərbi xidmət keçmişdir. Nümunəvi xidmətinə görə valideynlərinin ünvanına dəfələrlə təşəkkür məktubları gəlmişdir. Hərbi xidmətini başa vurduqdan sonra ali təhsilini davam etdirmişdir. 1985-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirərək Sabunçu rayonundakı "Balaxanıneft"(o zaman "Leninneft") Neft-Qaz Çıxarma İdarəsində mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 8 il idarənin 6-cı mədənində sahə rəisi işləmişdir. İşlədiyi kollektivdə böyük hörmət sahibi idi. Neft sənayesi sahəsində peşəkar mütəxəssis kimi yetişmiş gənc Nazimə üç xarici ölkədən iş təklifi gəlmişdi. Hətta fəaliyyətini xaricdə davam etdirmək üçün lazımi sənədlərini də hazırlamışdı.
90-cı illərinin əvvəllərindən başlayaraq erməni təcavüzkarlarının Azərbaycan torpaqlarını qəsb etməsi, onların Dağlıq Qarabağ və ətraf rayonlarda törətdikləri vəhşiliklər Nazimi gələcək planlarından daşındırdı. O, Vətənin harayına biganə qala bilmədi. Gəncliyində anasını itirən Nazim Azərbaycan sevgisini xəstə atasının, həyat yoldaşının və üç körpə qız övladının ona olan ehtiyacından üstün tutdu. 28 oktyabr 1993-cü ildə Sabunçu rayonunda yaradılmış könüllü dəstəyə qoşularaq alay komandiri kimi cəbhəyə yola düşdü. İlk döyüşünə doğma Ağdam rayonundan başladı. Nazimlə birgə onun komandiri olduğu alayın hər bir əsgəri bütün döyüşlərdə əsl cəsurluq, rəşadət nümunəsi idilər. 27 dekabr 1993-cü ildə onun rəhbərliyi ilə bir neçə uğurlu əməliyyat aparıldı. Ağdamın Sofulu, Məhəmmədəli, Boyəhmədli kəndləri və bir neçə strateji yüksəklik heç bir itki vermədən erməni təcavüzkarlarından təmizləndi. 3 iriçaplı pulemyot qənimət götürüldü. Qərargah Boyəhmədli kəndinə köçürüldü. Ermənilər yüksəklikləri geri qaytarmaq üçün dekabrın 28-də əks-hücuma keçdilər. Nazimin komandirlik etdiyi alay son ana qədər müdafiə olunandan sonra düşməndən təmizlənmiş kəndə çəkildi. Onlar axşam saat 4-də mühasirəyə düşdülər. 7 saatlıq döyüşdən sonra mühasirəni yara bildilər. Mühasirədə qalanları xilas etmək üçün növbəti dəfə hücuma keçdilər.
Nazimin iş yoldaşı, döyüş dostu və qərargah rəisi Adil Mürsəlov o anları illər sonra belə xatırlayacaqdı:
"Beş gün idi ki, şiddətli döyüşlər gedirdi. Nazim xəstələnmişdi, qızdırma içində yanırdı. Qərargaha qayıtması üçün nə qədər dilə tutsam da, sözümə qulaq asmadı. O, heç vaxt kimsəni darda qoymazdı. Son nəfəsinə qədər Azərbaycan uğrunda vuruşdu. Dekabrın 31-də, günorta saat 3-ün yarısında Nazimi vurdular..." |
Beləliklə, Güllücə kəndi uğrunda bu döyüş onun son döyüşü oldu. Nazim ömrünün ən şirin çağında həyata vidalaşıb əbədiyyətə qovuşdu və şəhidlik zirvəsinə yüksəldi. O, Bakı şəhəri Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Ailəli idi, Sevinc, Səbinə və Zeynəb adında üç qızı var.
Vaxtilə təhsil aldığı Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli orta məktəb və Bakı şəhəri Bakıxanov qəsəbəsinin mərkəzi prospektlərindən biri indi Nazim İsmayılovun adını daşıyır.
Yaşadığı binada Şərəf lövhəsi vurulmuşdur.