Nikolay Petroviç Rezanov (rus. Николай Петрович Резанов; 28 mart (8 aprel) 1764[1], Sankt-Peterburq[2] – 17 fevral (1 mart) 1807, Krasnoyarsk[2]) – Rusiya zadəganı, siyasi xadimi və Rus-Amerika şirkətinin qurucularından biri.[3] Rezanov Rusiyanın Kuril və Aleut adalarındakı postları üçün Yaponiya ilə ticarəti dəstəkləmişdir.[3]
Nikolay Rezanov | |
---|---|
rus. Николай Резанов | |
Doğum tarixi | 28 mart (8 aprel) 1764[1] |
Doğum yeri | |
Vəfat tarixi | 17 fevral (1 mart) 1807 (42 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], siyasətçi, diplomat, səfir, sahibkar, səyyah |
Vikianbarda əlaqəli mediafayllar |
Adam Yohan fon Kruzenşternin başçılıq etdiyi dünya ekspedisiyası zamanı Rusiya çarı I Aleksandr Rezanovu Yaponiyaya rəsmi rus nümayəndəsi kimi göndərmişdir.[3] Rezanov 1804-cü ilin oktyabrında "Nadezhda" gəmisi ilə Naqasakiyə çatmışdır.[3] O, qəzaya uğramış bir çox yapon dənizçini və Rusiya istehsalı hədiyyələri Yaponiya hökumətinə təqdim etmişdir.[3] 1793-cü ildə şoqun tərəfindən leytenant Adam Erikoviç Laksmana verilən Naqasaki icazəsinə əsasən ruslar düşünürdülər ki, Yaponiya ilə ticarət edə biləcəklər.[3] Lakin əslində bu sənəd sadəcə rusların Naqasaki limanına daxil olmasına icazə verirdi.[3]
Bir neçə ay gözlədikdən və danışıqlar apardıqdan sonra Yaponiya hökuməti rusların hədiyyələrini və tələblərini rədd etmişdir.[3] Bu qərara qəzəblənən Rezanov həm Rusiya adına qisas almaq, həm də Yaponiyanı ticarət əlaqələri qurmağa məcbur etmək üçün Yaponiya hökumətinin icazəsi olmadan Rus-Amerika şirkətinin iki üzvünü (Nikolay Aleksandroviç Xvostov və Qavril İvanoviç Davidov) basqına göndərmişdir.[3]
Yaponiyadan sonra Amerikaya səyahət edən Rezanov San-Fransisko komendantının 16 yaşlı qızı Konsepson Arquelloya aşiq olmuşdur.[3] Rezanov Rus Pravoslav Kilsəsindən evlilik icazəsi almaq üçün Avropaya səyahət edərkən yolda ölmüşdür və Arquello Kaliforniyanın ilk rahibəsi olmuşdur.[3] Onların məhəbbəti haqqında Andrey Voznesenski "Yunona və Avos" (1981) adlı rok-opera yazmışdır.[3]