Nizamiyyə mədrəsəsi (Gəncə) — XII əsrə aid Böyük Səlcuq İmperiyasının vəziri Nizamülmülkün şərəfinə yaradılan «Nizamiyyə» mədrəsələrindən biri.[1]
X əsrin 70-ci illərindən Arranda hökmranlıq edən Şəddadilər sülaləsinin paytaxtı Gəncə çox keçmədən Bərdəni geridə qoyaraq Arranın ən iri şəhərinə çevrilir. Böyük Səlcuqilərin üç ən böyük şəhəri (Mərv, Nişapur və İsfahan) ilə yanaşı Gəncə də böyük şəhərlər sırasına daxil olur. Lakin, XII əsrin I yarısında Gəncədə basqın və qarətlər şəhəri tamamilə dağıtmışdı. Buna baxmayaraq, şəhərin strateji mövqeyi, xüsusilə sənətkarlığın yüksək inkişafı[2] eləcə də sultanın canişini Qara Sunqurun öz qoşunları ilə gəncəlilərə qoşulması şəhərin “əvvəlki gözəlliyinin” bərpa olunmasına imkan vermişdi. Əl-Bundariyə görə, zəlzələdən sonra şəhər “əvvəlkindən də yaxşı” tikilmişdi. Coğrafiyaşünas səyyah-tarixçi Yaqut əl-Həməvinin məlumatına görə, Azərbaycan şəhərlərində olan ərəb və fars dillərində zəngin kitab fondlarından biri də Gəncədə yerləşmişdi. Belə kitab fondları olan kitabxanalar bütün arzu edənlər üçün açıq olurdu. Bura gələnlər qiraət və kitabların üzünü köçürməklə məşğul olurdular. Kənardan gələnlərə mürəkkəb və qələm verirdilər, elmin müxtəlif sahələrində işləyən alimlər isə maaşla təmin olunurdu. Belə kitabxanalarda məşhur alimlər iştirak edir, onların fikir mübadilələri təşkil edilirdi.[3]
Gəncədəki elmi məclisdə ərəb ədəbiyyatı tarixində mavlə, böyük əmir, alim, tarixçi, ədib, hafiz, tənqidçi, nəssəbə (geneologiya ilə məşğul olan alim) kimi məşhur olan əmir ləqəbli bağdadlı hafiz Əbu Nəsr Əli ibn Hibbətullah ibn Əli ibn Cəfər ibn Əli ibn Məhəmməd ibn Makula (1030-1082) kimi hörmətli alim iştirak etmişdi. Əs-Səmaninin (1113- 1167) məlumatından aydın olur ki, İbn Makula burada Gəncə kitabxanasının mühafizi naxçıvanlı Xodadad ibn Asim ibn Bəkran ən-Nəşəvinin hədislərini dinləmiş,[4] onunla fikir mübadiləsi etmişdir. Bu fakt Yaqut əl-Həməvinin (1178/1179-1227) məlumatının dəqiqləşdirilərək Gəncə kitabxanasının İbn Makulanın yaşadığı dövrdə, yəni XI əsrdə fəaliyyətini göstərir.
Elm mərkəzi kimi Gəncə həm də sufi şeyxlərin toplaşaraq hədis məclislərində fəaliyyət göstərdikləri şəhərlərdən olmuşdur. Çox görkəmli sufi şeyx-alimlərdən olmuş əs-Siləfi (1085-1180) Azərbaycanla yaxından bağlı bir şəxsiyyət olmuşdur. Bağdadda əl-Kiyə Əbülhəsən əl-Hərrasidən fiqhi, Xətib Təbrizidən isə ərəb dilini öyrənmişdi. Onun böyük nüfuzu sayəsində Misirin sahibi Fatimi xəlifəsi əz-Zahir əl-Ubeydinin vəziri əl-Adil əl-Həsən ibn əs-Sallar 1151-ci ildə İsgəndəriyyədə mədrəsə tikdirdirərək, hədis toplamaq niyyəti ilə bir çox şəhərlərə, o cümlədən Gəncəyə səyahət etmiş, orada çoxsaylı hafizlər, zəmanəsinin tanınmış şeyxləri ilə görüşmüşdü.[5] Əbu Tahir əs-Siləfi kimi alim şeyxlərin Gəncə ziyarətində yerli alimlərlə görüşərək elmi mübadilə aparması yerli mədəni mühitin abu havasından xəbər verir.
Sultan və vəziri Nizamülmülk Arraniyyə məscidinə çatanda İbn Makula da Gəncəni ziyarət edən alimlər arasında idi. Səlcuqlar dövründə müdərrislər mədrəsələrin baş müəllimləri hesab edilirdi. Onlar sultanlar və vəzirlər tərəfindən təyin edilirdi. Nizamülmülk vəzirliyi dövründə müdərrisləri özü təyin edirdi. Sultan Səncərin (1118-1157) də müdərrisləri təyin etdiyi məlumdur.[1][6]
Gəncədə hədis məclisləri ilə yanaşı ədəbi yarışmalar da təşkil olunurdu. Bu şəhər bir çox görkəmli şəxsiyyətlər yetirmişdir. Nizamı Gəncəvi Gəncədə yazıb-yaratmışdır. XI əsrin sonlarında yaşayıb fəaliyyət göstərmiş Azərbaycanın böyük şairlərindən Qətran Təbrizi dəfələrlə Gəncədə olmuşdur. Belə yüksək səviyyəli ziyalıların olması Gəncə şəhərinin elmi-mədəni mühitinin göstəricilərindən biri olan təhsil müəssisələrinin - mədrəsələrin mövcudluğunu da təsdiq edir.
Əs-Siləfi Misirdən Yaxın və Orta Şərqin, o cümlədən Arran və Azərbaycanın şəhərləri arasında mədəni inkişaf səviyyəsinə görə seçilən Gəncəyə səyahət etmişdi. O, Gəncədə olarkən bu şəhəri ziyarətə gəlmiş bir çoxalimlərlə görüşmüş, onların nəql etdikləri hədisləri dinləyərək öyrənmiş, bu alimlər haqqında yeni məlumat toplamışdır. Onların arasında: “Öz zəkası ilə işıq saçan” Əbu Abdulla Muhəmməd ibn Əli ibn Muhəmməd ət-Təbəri əs-Siləfiyə həsr etdiyi şerini oxumuşdur. Əs-Siləfi “Mu´cəm əs-Səfər” əsərində Azərbaycan və onun bir çox şəhərləri, o cümlədən Gəncə və onun Nizamiyyə mədrəsəsi haqqında məlumat verir. Məlum olur ki, Gəncədəki mədrəsədə qazı Əbu Abdulla Məhəmməd ibn Əli ibn Muhəmməd ət-Təbəri kimi müdərris fəaliyyət göstərmişdir. “Parlaq zəkalı” bu şəxs oradakı təhsilə rəhbərlik etmişdir.“Gəncədə Nizamulmülkün onun atası üçün tikdirdiyi mədrəsədə müdərris vəzifəsində çalışmışdır. Fiqh və ədəb elmi fənlərinin müdərrisi olmaqla yanaşı həm də burada təhsilə başçılıq etmişdir. Əbu Abdulla ət-Təbəri həmin mədrəsədəki tədrisə rəhbərlik edərkən yaxşı işləmiş, onun idarəçilik qabiliyyəti daha da artmışdı”. Ən Nizamın Gəncədə tikdirdiyi mərdəsədə ilk dəfə dəsr demək səlahiyyətini Əbu Abdulla Məhəmməd ət-Təbərinin atası sufi-şafii-əşari alimi əl-Kiya əl-Hərrasi kimi məşhur olan Şəms əl-İslam İmadəddin Əbülhəsən Əli ibn Məhəmməd ətTəbəriyə (450/1058-504/1110) verməsi güman edilir. Əl-Kiya əl-Hərrasi Nişapurdakı Nizamiyyə mədrəsəsinin ilk rəhbəri məşhur imam əl-Cuveyninin (ö.478/1086) tələbəsi olmuşdur. Mənşəyini Təbəristandan götürmüş “ləyaqətli insan olan alim şeyx əl-Kiyə əl Hərrasi Nizamiyyə mədrəsəsində dərs demiş azərbaycanlı fəqihlərin də müəllimlərindən sayılırdı. Güman edilir ki, əl-Kiyə əl-Hərrasi daha sonra Gəncəyə müdərris təyin edilmişdi. Məsud ibn Namdarın əsərinin əlyazmasında doqquz dəfə əl-Kiyə əl Hərrasinin adı çəkilir. Digər tərəfdən Gəncədə təşkil olunmuş elmi yarışmalarda imamlar, divan əhli, qazılar iştirak edirdilər. İbn Namdara görə, bu yarışmalarda Camal əl-Quda Əbu-l-Həsən Əli ibn Məhəmməd ibn Məhəmməd ət-Təbəri də iştirak etmişdi. Z.Saidova görə mədrəsənin rəhbəri ikinci ət-Təbəri, yəni Camaləl-Quda da ola bilərdi. Bu şübhə hər iki şəxsiyyətin adının eyni olması, yalnız künyələrində fərqin olması ilə əlaqədardır.
Azərbaycanlı müdərrislərdən XII əsr ərəbdilli ədibi əslən Gəncədən olan Əbu Həfs Ömər ibn Osman ibn Şüeyb əl-Cənzinin (v.e. h. 550/1155-ci ildə Mərvdə) Nişapurda Nizamülmülkün oğlu Fəxrülmülkün (v.e.1106-cı ildə) uşaqlarına dərs deməsi gəncəli müdərrisin tədris ilində mahir ustad olduğunu göstərir. Fəzilət sahibi, dindar, xoş rəftarlı bu ədib Bağdadda qaldığı müddətdə böyük alimlərlə, o cümlədən Əbulmüzəffər əl-Əbivərdi ilə dostlaşaraq ondan elm öyrənmişdi. Əbu Həfs Ömər ədəb elminin sirlərini dərindən mənimsəmək niyyəti ilə Bağdaddan sonra Həmədanda da bu alimin yanında təhsilini davam etdirmişdir. Sərxəsdə Əbu Həfslə görüşən əs-Səmani onun özündən eşitdiyi şeirlərindən parçalar yazmışdır. Əbu Həfs Bağdadda təhsil aldıqdan sonra vətəni Gəncəyə dönmüş, sonra isə ikinci dəfə Bağdada qayıtmış, yetmiş yaşında vəfat etmişdir. L.Orucova və Z.Şıxalibəyli yazır ki, bir çoxları güman edirlər ki, Ömər ibn Osman əl-Cənzi Nizami Gəncəvinin dayısı olmuşdur.[1][7]