Noren (暖簾?) – otaqda və ya girişdə asılan ənənəvi yapon pərdəsi. Müxtəlif ölçüləri və formaları mövcuddur.
Norenlər ilk dəfə Heyan dövründə istifadə olunmağa başlanmışdır. Belə ki, noren qışda istiliyi saxlamaq, yayda isə evi sərinləşdirmək üçün istifadə olunan alət idi. Muromaçi dövründən etibarən iş yerlərinin giriş hissəsini toz, topraq, pis qoxu və tüstüdən qorumaq üçün noren asılmağa başlanmışdır.[1]
Edo dövründə müştərilər restorandan çıxarkən əllərini norenə sürtüb təmizləyirdilər. Noren nə qədər çirkli idisə, restoran bir o qədər yaxşı və bol müştərisi olan restoran hesab olunurdu.[1] Noren üzərindəki simvollarla birlikdə dükkan sahibi üçün reputasiya simvoluna çevrilmişdir. Dükkan işçisi öz dükkanını açarkən çalışırdı ki, keşmiş iş yerinin mötəbərə norenindən istifadə etsin. Dükkan sahibinin bu icazəni verməsi həm işçi üçün fəxr hesab olunurdu, həm də işçi ilə dükkan sahibi arasındakı əlaqəni təmsil edirdi.[2]
Norenlər Tayşo dövrünə qədər geniş şəkildə istifadə olunsa da, iş yerlərinin qərbləşməsi nəticəsində öz əhəmiyyətini itirmişdir. Hazırda norenlər yapon üslubunda olan dükkan və restoranlarda istifadə olunur.[2]
Noren izakaya, suşi dükkanı, ramen restoranı, mağaza və ya onsen kimi ictimai yerlərdə istifadə olunur. Norenin üzərində iş yerinin adı yazılır, buna görə də biznes brendinin bir hissəsinə çevrilib. Evlərdə isə noren otaqları ayırmaq üçün arakəsmə kimi istifadə olunur. Standart pərdələrdən fərqli olaraq noren heç vaxt yuxarı qaldırılmır, həmişə aşağı salınmış vəziyyətdə saxlanılır. Buna görə də noren daha qısa olur ki, həm girişdən keçərkən rahat olsun, həm də bütün gün işığının qarşısını almasın.[1]
Norenin üzərindəki simvollar iş yeri haqqında informasiya verir. Simvol iş yerinin sahibini və ya iş yerinin növünü bildirə bilər. Məsələn, düyü satan mağazanın girişində asılmış norenin üzərində düyü heroqlifi (米) olur. Yaponiya hamamlarında asılmış norenlərin üzərində "男" kancisi kişi hamamını, "女" kancisi isə qadın hamamını bildirir. Standart norenin uzunluğu 83–86 sm, eni isə 130–145 sm olur.[1]
Ənənəvi noren əsasən kətan və pambıq parçadan hazırlanır və təbii boyaqlarla rənglənir, lakin müasir dövrdə poliefirdən hazırlanmış norenlər populyardır, çünki daha uzunömürlü və gün işığına qarşı dözümlüdür.[1] Ağ kalliqrafiyaya malik indiqo rəngli noren ən populyar noren çeşididir.[3]