İzakaya (居酒屋?) – Yaponiya barlarının bir növü. İrland barları, tapaslar və meyxanalar ilə müqayisə olunur.[1] "İzakaya" sözü yapon dilində "i" (qalmaq) və "sakaya" (sake dükanı) sözlərinin birləşməsindən yaranmışdır.[2] Bəzən izakayalara "akaçoçin" (qırmızı lampa) da deyirlər, çünki onların qabağında çox vaxt qırmızı lampalar asılır.
İzakayalar ilk dəfə Edo dövründə ortaya çıxmağa başlamışdır. İzakaya haqqında ilk beynəlxalq xəbər 1962-ci ildə verilmişdir.[3]
İzakayalar meyxana və barlara oxşayırlar, lakin aralarında bəzi fərqlər var.[4][5][6] İzakayalarda insanlar tatamilərdə oturub içkilərini içirlər. Bundan əlavə, bəzi izakayalar müştəriləri üçün taçi-nomi (dur-iç) stili də təklif edirlər. Bu stildə müştərilər içkilərini ayaqüstə içirlər.[7] Müştərilərə oşibori adlı dəsmal da verilir. Oşibori qışda isti, yayda soyuq halda verilir. Menyular ya masaya qoyulur, ya da divardan asılır. Sifariş masaya gətirilir və sifarişçilər arasında bölüşdürülür.
İzakayalarda əsas 2 format geniş yayılmışdır: tabe-hoday (nə qədər yeməyi bacarırsan) və nomi-hoday (nə qədər içməyi bacarırsan). Bu formatlarda müştəri müəyyən qiymət ödəyir və müəyyən zaman limitində (2-3 saat) istədiyi qədər içki və yemək sifariş edə bilir. Adətən əvvəlcə edamame və hiyayakko, daha sonra yakitori və kara-aqe, axırda isə düyülü və ya əriştəli yemək sifariş edilir.[8]
İzakayalarda əsasən bu içkilər təklif edilir: sake, pivə, şoçu, çuhay, şərab, viski. Əsas sifariş edilən yeməklər isə bunlardır: edamame, qoma-ae, karaaqe, kuşiyaki, salatlar, saşimi, tabesaki, tofu, hiyayakko, aqedaşi dofu, tsukemono, yakisoba, yakitori, oçazuke.[9]
İzakayaların müxtəlif növləri var. 2000-ci illərdən etibarən kospley izakayaları populyar olmuşdur. Kospley izakayalarında işçilər kostyumlar geyinirlər, bəzən şou da təşkil edirlər.[10][11] Oden verməkdə ixtisaslaşmış izakayalar isə oden-yalardır. Robatayakilərdə isə aşpaz yeməkləri sərbəst şəkildə hazırlayıb qoyur və müştərilər istədikləri yeməyi seçib götürürlər. Yakitori bişirməkdə ixtisaslaşmış izakayalar isə yakitori-ya adlanır.[12]
İzakayalar bir çox manqa və qekiqaya mövzu olmuşdur.
Literally translated, the word izakaya means a 'sit-down sake shop.'