Nurel Kərim

Nurel Kərim (tam adı: Nurel Rövşən oğlu Kərim; Bakı, Azərbaycan) — siyasi fəal, aktyor, rejissor, ssenarist, Azərbaycan Yüksəliş Partiyasının Gənclər Təşkilatının Başqanı[1]

Nurel Kərim
Doğum yeri Bakı şəhəri, Azərbaycan
Vətəndaşlığı Azərbaycanlı
Milliyyəti Türk
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi
Fəaliyyət illəri 2013-

Nurel Kərim, həmçinin 2015-2019-ci illərdə "NUR Teatrı"nın rəhbəri, 2019-2020-ci illərdə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifələrində çalışmışdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Nurel Kərim Bakı şəhərində anadan olmuşdur. Bakı şəhər, Sabunçu rayon, Bakıxanov qəsəbəsində yerləşən Tahir Hacıyev adına 252 saylı tam orta məktəb-liseydə təhsil almış, daha sonra təhsilini Nərimanov rayon Məktəb Lisey Kompleksində davam etdirmişdir. 7 illik forte-piano, 5 illik tar ixtisası üzrə 4 saylı musiqi məktəbini bitirmişdir.

2015-ci ildə həvəskar aktyor və aktrisalardan ibarət komanda ilə "NUR Teatrı"nı qurmuşdur. Teatr qurucusu və eyni zamanda ilk bədii rəhbəri olan Nurel Kərimin rəhbərliyi altında 2018-ci ilə qədər 30-dan çox tamaşa hazırlamış, Bakının müxtəlif qəsəbələrində yerləşən mədəniyyət mərkəzlərində səhnələşdirmişdir. Ən yadda qalan tamaşalar arasında Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanmış eyni adlı tamaşanı qeyd etmək olar.[2] "NUR Teatrı" 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin qeydiyyatına alınmış və bundan sonra "NUR Yaradıcı Gənclər Teatrı" olaraq fəaliyyət göstərmişdir. Nurel Kərim 2018-ci ilin iyun ayında Bakı şəhər Mədəniyyət Baş İdarəsində böyük referent, noyabr ayında isə "NUR Yaradıcı Gənclər Teatrı"nın rəhbəri təyin olunmuşdur.

2018-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin Beynəlxalq Münasibətlər ixtisasına daxil olmuşdur. Həmin il öz təşəbbüsü ilə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərkibində ictimai əsaslarla fəaliyyət göstərən Teatr Dərnəyini qurmuş, 40-dan çox universitet tələbəsini dərnəyə cəlb etmişdir. Universitet daxilində 1 il müddətində 10-dan çox tamaşa səhnləşdirən dərnəyin ən yadda qalan çıxışları Dilbər Axundzadənin müəllifi olduğu "Müşfiqli Günlər" kitabı əsasında hazırlanmış eyni adlı tamaşa[3], Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsəri olmuşdur.[4]

2019-cu ildə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini seçilən Nurel Kərim tələbələrə qarşı haqsızlıqlar, qeyri-şəffaflıq, rüşvət, korrupsiya faktlarına etiraz olaraq 6 ay sonra tutduğu postu tərk etmişdir.

2020-ci ildə Badamdar Bələdiyyəsinin vergi müfəttişi olaraq çalışmağa başlamış, Rayon Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı təşkilatı olmadığı üçün, ilk təşkilat komitəsini yaratmış və sədri seçilmişdir.

Bir müddət heç bir fəaliyyət göstərmədikdən sonra 2021-ci ildə D18 (Demokratiya 1918) Hərəkatına üzv olmuş, burada da anti-milli təbliğat, söz azadlığının pozulması, fərqli cərəyanların təşkilata birbaşa təsirini əsas gətirərək 2022-ci il yanvar ayının 13-də təşkilatdan istefa vermişdir.[5]

14 Yanvar 2022-ci ildə siyasi fəaliyyətini Azərbaycan Yüksəliş Partiyasında davam etdirməyi qərara almışdır. Həmin gün Partiyanın Gənclər Təşkilatının sədri seçilmişdir.

Tamaşaya qoyduğu əsərlər[redaktə | mənbəni redaktə et]

NUR Teatrında

Hacı Qara (2015)

Arşın mal alan (2015)

Ölülər (2016)

Anamın kitabı (2017)

Göyçək Fatma (2017)

Cümhuriyyəti quranlar (2017)

Müşfiqli Günlər (2018)

Şəhriyar (2018)

15 sentyabr qurtuluş (2018)

BDU Teatr Dərnəyində

İblisanə (2018)

Müşfiqli Günlər (2018)

Meydanın başlandığı gün - 17 Noyabr (2018)

Aprel zəfəri (2019)

Oqtay Eloğlu (2019)

Ölülər (2019)

Parni iz BDU (2019)

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2013-cü ildən aktiv siyasi prosseslərə qoşulan Nurel Kərim dəfələrlə qiymət artımına, korrupsiya və rüşvətə, demokratiya və söz azadlığının pozulmasına görə etirazlarını bildirmişdir. 2013-cü ildə "Əsgər ölümlərinə son", 2015-ci ildən başlayan ardıcıl "Talana son" mitinqlərində iştirak etmiş, dəfələrlə polis müqaviməti ilə üzləşmişdir. Təhsil aldığı və işlədiyi müəssisələrdə siyasi baxışlarına görə təqiblərə məruz qalmış, çalışdığı əksər işlərdən bu səbəbdən istefa verməyə məcbur olmuşdur.

2015-cı ildə Bütöv Azərbaycan Mühafizəkarları Təşkilatına üzv olmuş, daha sonra həmin təşkilatın Gənclər Təşkilatının sədri seçilmişdir.

2020-2021-ci illərdə fasilələrlə D18 Hərəkatında təmsil olunmuşdur. 2021-ci ildə seçilən yeni idarə heyətinin ermənipərəst mövqeyinə etiraz olaraq təşkilatdan ayrılmışdır.

2022-ci il 14 Yanvar tarixindən Azərbaycan Yüksəliş Partiyasının Gənclər Təşkilatının sədridir.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

4 saylı musiqi məktəbində 7 illik forte-piano, 5 illik tar ixtisasını qırmızı diplomla bitirmişdir. Şahmat üzrə I dərəcənin sahibidir. 2014-cü ildə Bakı birinciliyində III yerə layiq görülmüşdür.

Subaydır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "AY Partiyada yeni təyinatlar". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-18.
  2. "Anamın kitabı". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-18.
  3. "Müşfiqli günlər". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-18.
  4. "oqtay eloğlu". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-18.
  5. "d18".