O İnqyonq (kor. 오은경; rus. Ынгёнг О; 1969[1], Seul) — Cənubi Koreyanın qadın türkoloq alimi, Türk xalqları folklorunun, xüsusilə özbək dastanlarının araşdırıcısı, müqayisəli ədəbiyyat üzrə bir sıra ciddi tədqiqatların müəllifi, jurnalist, professor, elmlər doktoru. Mənşəcə koreyalıdır. Seuldakı Dongduk Qadınlar Universitetinin professoru, Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, UNESCO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi.
O İnqyonq | |
---|---|
kor. 오은경 | |
Doğum tarixi | 1969[1] |
Doğum yeri | |
Fəaliyyəti | türkoloq |
1969-cu ildə Cənubi Koreyanın paytaxtı Seulda anadan olmuşdur. Seul şəhərindəki Hankuk Xarici Dillər Universitetinin Türkologiya fakültəsində təhsil almışdır.
1992–1999-cu illər arasında Türkiyə Cümhuriyyətinin burslu tələbəsi olaraq Ankara Hacettepe Universitetinin Türk dili və ədəbiyyati bölümüdə magistr təhsili almış, daha sonra doktoranturanı bitirmişdir.
1995–1999-cu illərdə Ankara Universitetinin Dil, tarix və coğrafiya fakültəsində Koreya dili və ədəbiyyatı bölümündə müəllim kimi çalışmışdır.
1994–1997-ci illərdə Koreya televiziyası və radiosunda Türkiyə Cümhuriyyətinin müxbiri kimi fəaliyyət göstərmişdir.
Hazırda Koreya Donduk Qadınlar Universisitetinin professorudur.[2] Avrasiya Türk Araşdırmaları İnstitutunun nəşr etdiyi "The Journal of Eurosian Turkic Studies" dərgisinin baş redaktorudur.
"Türk ədəbiyyatında Koreya savaşı" və "XX yüzil Türkiyə və Koreya romanında qadın" əsərləri Türkiyədə nəşr olunmuşdur.
Koreya dili ilə yanaşı ingilis, fransız, rus, türk, özbək, Azərbaycan, qazax, qırğız, uyğur dillərini bilir.[3]
1987–1991- illərdə Seul şəhərindəki Hankuk Xarici Dillər Üniversitesinin Türkoloji bölümündə təhsil almışdır.
1992–1994-cü illərdə Hacettepe Universitetində magistr təhsili almışdır.
1994–1999-cu illərdə Hacettepe Universitetinin doktoranturasını bitirmişdir.
2000-ci ilin oktyabr ayından 2001-ci ilin sentyabrına qədər Koreyanın Kyunqido bölgəsindəki Koreya Araşdırma Akademiyasında doktorluq dissertrasiyası müdafiə etmişdir.
2010–2014-cü illərdə Daşkənd şəhərində Özbəkistan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun doktoranturasını bitirmişdir.
Türkologiya məsələləri ilə bağlı 150-dən artıq araşdırması yayınlamışdır. Bunların içərisində 25-dən artıq kitab vardır. Özbək türklərinin "Alpamış" və başqa dastanları ilə bağlı monoqrafik araşdırmanın müəllifidir. O həmçinin Sibir türklərinin folklor materilallarını da tədqiqata cəlb etmişdir. Türkiyə, Çin, Özbəkistan, Hindistan və başqa ölkələrdə keçirilən uluslararası türkoloji konfrans, forum və simpoziumlarda iştirak etmişdir.[4]
O İnqyonq Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Qızlar Universiteti, AMEA-nın Folklor İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və digər akademik qurumlarla əməkdaşlıq edir. Azərbaycan nəsrinin bəzi örnəklərini Koreya dilinə tərcümə edərək Seulda nəşr olunan "Asiya" dərgisində yayınlamışdır.
Bəxtiyar Vahabzadənin şeirlər toplusunu Koreya dilinə çevirərək 2019-cu ildə Seuldakı "Munci" nəşriyyatında nəşr etdirmişdir. Kitaba Bəxtiyar Vahabzadənin "Gülüstan", "İstiqlal", "Atılmışlar", "Şəhidlər" poemaları, habelə müxtəlif illərdə qələmə aldığı şeirlərdən seçmələr daxil edilmişdir. Onun rəhbərliyi altında Azərbaycandan olan doktorant və magistrlər elmi tədqiqat işləri aparırlar.[5]
Bir neçə dəfə Azərbaycanda elmi ezamiyyətdə olmuşdur. Azərbaycanın Qarabağ problemi, Xocalı faciəsi ilə bağlı haqlı, beynəlxalq hüquq normalarına uyğun mövqeyini Cənubi Koreya mətbuatında işıqlandıran elmi araşdırmalarla çıxış etmişdir.