Oka Asaciro (丘 浅次郎, Asaciro Oka?, 18 noyabr 1868[1], Şizuoka prefekturası – 2 may 1944) – Yaponiya zooloqu. Yaponiyanı Çarlz Darvinin təkamül nəzəriyyəsi ilə tanış etmişdir. Zəlilər, tunikalılar və şirinsu meduzalarının taksonomik, eləcə də, morfoloji xüsusiyyətlərini öyrənmişdir.[2] Oğlu Oka Hidemiçi də bioloq olmuşdur.[3]
Oka Asaciro | |
---|---|
yap. 丘浅次郎 | |
Doğum tarixi | 18 noyabr 1868[1] |
Doğum yeri | |
Vəfat tarixi | 2 may 1944 (75 yaşında) |
İş yerləri | |
Təhsili | |
Mükafatları |
Oka Asaciro 1898-ci ildə Şizuoka prefekturasıda doğulmuşdur. 1889-cu ildə Tokio Universitetindən məzun olmuşdur. Almaniyanın Frayburq və Leypsiq universitetlərində təhsil almış,[4] zəlilər haqqındakı araşdırmasına görə dərəcə əldə etmişdir.[5] Tokio Ali Müəllimlər Kollecinə daxil olaraq müqayisəli morfologiya və anatomiya üzrə ixtisaslaşmışdır.[2]
Oka suda yaşayan heyvanların müqayisəli morfologiyası sahəsində ən tanınmış yapon alimi olmuşdur.[5] Şirinsu meduzalarını, qurbağaları, səkkizayaqlıları və digər suda-quruda yaşayanları öyrənmişdir. Yamaquçi Ali Məktəbinin və Tokio Ali Normal Məktəbinin professoru olmuşdur.[4]
Oka elmi essələrinə görə tanınmış, müasir sivilizasiya haqqında tənqidi esselər və dərsliklər yazmışdır. "Təkamül nəzəriyyəsi haqqında mühazirələr" (1904) əsəri xüsusilə populyar olmuş, hətta lisey tələbələri tərəfindən oxunmuşdur. Əsərdə Çarlz Darvinin təkamül nəzəriyyəsini sadə dillə izah etmişdir.[2]
Oka cəmiyyətin yaşadığı problemləri təkamülçü yanaşma ilə öyrənməyə çalışmışdır.[2] Təbii seçmə yolu ilə ideal cəmiyyətin yaranmasına ümid etmişdir.[5] "Meymun qrupundan respublikaya" əsərində müasir siyasi sistemi meymun cəmiyyəti ilə müqayisə etmişdir. Mütləqiyyətçiliyi və Yaponiya cəmiyyətinin təktərəfli etik təhsil sistemini tənqid etmiş, elmi tədqiqatlar üçün obyektiv təhsilin vacibliyini vurğulamışdır.[2] Doqmanın hər formasını inkar etmiş, elmi təhsilin islahatı üçün çalışmışdır.[5]
Oka volapük dili ilə maraqlanmaqla yanaşı, esperanto dili ilə tanış olan ilk yapon olmuşdur. O, Yaponiyanın ilk esperantoçusu hesab olunur. Esperanto dili ilə ilk tanışlığı 1891-ci ildə bir alman kitab evində isveçcə dərslik axtararkən baş vermişdir. Esperanto və volapük dillərindən təsirlənərəq öz süni dilini – zilenqo dilini yaratmışdır. Buna baxmayaraq, zilenqo dilini təbliğ etməyə çalışmamış, buna şəxsi eksprement kimi yanaşmışdır.[6]