Pənahabad

Pənahabad, pənahabadiQarabağ xanlığında zərb olunan sikkə.

Pənahabad

XVIII yüzildə Qarabağ xanlığının paytaxtı Şuşa şəhərində Pənahabad adında gümüş sikkə zərb olunurdu. Onun bir tərəfində "la-ilahə-illəllah, Məhəmmədən Rəsulillah və Əliyyən Vəliyullah", digər tərəfində isə "Pənahabad zərbi" sözləri zərb olunmuşdu. Onun çəkisi bir misqal idi. Əvvəllər onun dəyəri dörd şahiyə bərabər bir abbası, sonralar isə on şahiyə bərabər oldu. Tədqiqatçılar tərəfindən "Pənabad" kimi tələffüz olunan "Pənahabad" Müzəffərəddin şah səltənətinin sonuna kimi Iranda rəvac tapmışdı. Ondan sonra da on şahılıq sikkələrə Cənubi Azərbaycanda "Pənabad" deyirdilər. Tarixi lüğət kitabında Pənahabad sikkəsinin dəyəri və ölçüsü haqqında belə yazılır: "Pənahabadi"nin qısaldılmış adı olan "Pənabadi" sikkə adıdır ki, Cavanşir elinin başçısı Pənahabadda zərb etmiş "Pənahabadi", sonra isə "Pənahabad" və "Pənabad" adı ilə məşhur olmuşdur. O, gümüşdür və yarım qran, yəni on şahı dəyəri var.

"Pənabadi" (Pənahabadi) gümüş puldur ki, xanlıqlar zamanında (XVIII-XIX yüzillərdə) Azərbaycanda mövcud olmuşdur. Bu sikkə Pənahəli xan Sarıcalı-Cavanşir zamanında Pənahabad qalasında zərb olunmuşdur və onun dəyəri on şahı, yaxud 18 qəpik gümüş və ya 70 qəpik rus mis pulu qiymətində idi.

"Iran Islam şahlarının sikkələri" kitabında Seyid Camal Turabi Təbatəbainin yazdığına görə (bu pulun) cinsi gümüş, çəkisi 4,2 qram, diametri 2,1 sm olmuş, sikkənin arxasında "Zərbi-Pənahabadi", üz tərəfində isə çətinliklə oxunan müəyyən hissə aşağıdakı kimi qeyd edilmişdir: "... Sikkə Sahibqrani bename ... Saheb ..." Tarixçi Əliəsgər Şəmim yazır: "Iranın bəzi vilayətlərində on şahını "Pənabad" ("Pənahabad" və ya "Pəhnabad") hesab edirlər."2 Tarixçi Ravəndi bu sikkələri "Pəhnabad" (Pənahabad) adlandırır.3 Bəzi Qacar şahları dövründə ayrı-ayrı adlı sikkələr zərb olunmuşdur ki, onların da dəyəri on şahı olmuşdur. Ancaq onların üzərində "Pənahabad" sözü gözə dəyməsə də, "Pənahabadi" adı ilə məşhur idilər. O cümlədən: Müzəffərəddin şah zamanında üzərinə "500 dinar" qeyd edilmiş və 1319-cu ildə hicri qəməri tarixində zərb edilmiş "yarım qran"lıq; Məhəmmədəli şah hakimiyyəti zamanında üzərinə "500 dinar" yazılmış, 1326-cı ildə zərb edilmiş "yarım qran"lıq, Rza şah səltənəti dövründə üzərinə "pansəd dinar" (500 dinar) və 1307 hicri şəmsi tarixində həkk olunmuş, eləcə də üzərinə "yarım rial" yazılmış və 1313-cü ildə zərb olunmuş yarım riallıq sikkənin də dəyəri on şahı olmuş və bunların hamısı "Pənahabadi", yaxud da məhəlli istilahı ilə desək "Pənabad" adı ilə məşhur idi.

Pənahabad

Əbdülqəfar Nəcməddövlə 1318-ci hicri qəməri tarixində nəşr etdirdiyi "Vəsitül-hesab" əsərində "Pənabad"ı yarım qran, yaxud on şahı dəyəri olan gümüş sikkə hesab edir. Bu yazılardan məlum olur ki, o zaman, hətta ehtimal ki, sonralar da meydana çıxan sikkələr "Pənabad", "Pənabadi" və ya "Pənahabadi" adı ilə məşhur olmuşlar. Bu sikkələrin zərb olunması və ona göstəriş verən şəxs barəsində üç nəzəriyyə irəli sürülmüşdür. Əbülhəsən Dəyanət hər üç nəzəriyyəni öz əsərində vermiş və sonra müqayisə etmişdir: 1–Professor Səid Nəfisi yazır: "Qacar dövründə qızıl əşrəfi sikkəsinin dəyəri iki tümən idi. O dövrdə Səfəvi zamanının sikkələri hələlik dövriyyədə idi. Bunlardan biri II Şah Abbasın adına zərb olunmuş "Əbbasi" sikkəsi, digəri isə Azərbaycan Pənahabadında zərb olunmuş sikkə idi ki, ona "Pənahabadi" deyirdilər. Bu kəlmə camaatın dilində "Pənabad"a çevrilmişdir. "Qran" sikkəsi rəvac tapdıqdan sonra da camaat köhnə adətlə on "şahı", yaxud yarım "qran"a bir "Pənabad" və dörd "şahı"ya isə bir "Əbbasi" deyirdilər. Eləcə də köhnə adətlə ən aşağı sikkəyə "pul" deyirdilər. Bundan başqa yarım "pulluq" və iki pulluq sikkələr də var idi." 2–Qaim Məqami bu barədə nəzəriyyəsini belə izhar edir: "Pənabay xan Azərbəy yarım qranlıq sikkə vurub öz adı ilə adlandırdı ki, buna da son zamanlara qədər "Pənabad" deyirdilər. Bu onun yadigarıdır." 3–Əlinəği Behruzi "Şirazi Qazruninin lüğət və üç bucaqları"nda yazır: ""Pəhnabadi" on şahıdır (yarım qran, qranın yarısı). Necə ki, üç "Pəhnabadi" bir rial yarımdır. Söyləyirlər ki, Pənabay xan Monqol yarım qranlıq sikkə vurub öz adı ilə adlandırdı. Ona görə "Pəhnabadi" xalq arasında qısaldılmış şəkildə "Pənabadi"dir.". Birinci nəzəriyyə təsdiq oluna bilməz. Çünki əvvələn, Səfəvilər dövründə Irana səfər etmiş Şarden və Taverniyenin tədqiqat və nəzəriyyələrində, xüsusilə də Şardeninkidə tədqiqatçılar Səfəvilər dövründəki sikkələr bəhsinə diqqət yetirdikdə "Pənahabadi" adına rast gəlmədilər. Müasir tədqiqatçı, tarixçi alimlər-hər ikisi bu barədə tədqiqat aparmış, professor Nəsrullah Fəlsəfi və Ağayi-Əbülqasım Tahiri Səfəvi dövründə bu sikkələrin adını belə çəkməmişlər. Ikincisi, Pənahabad qalası Səfəvilər zamanında deyil, Kərim xan Zənd zamanında tikilmişdir. Professor Nəfisinin təsəvvür və şübhələrinin mənşəyi hər birinin atasının adı Panahəli xan, yaxud Pənah xan olan üç Ibrahimxəlilin mövcud olmasıdır ki, bunların da hər biri Böyük Şah Abbas zamanından Ağa Məhəmməd şah zamanına qədər növbə ilə Qarabağda Cavanşir elinin başçısı kimi yaşamışlar. Ikinci və üçüncü nəzəriyyələrin təsdiqində belə fərz etmək olar ki, ya onların hər ikisi eyni mənbədən istifadə etmiş, yaxud da biri digərindən iqtibas etmişdir. Beləliklə, burada da çətinlik yaranır: Əvvəla, "Pənahabad" sözü heç bir fars, türk və Azərbaycan dili qayda-qanunu ilə "Pənabaya mənsubdur" mənasını vermir. Ikincisi, yazıçı əldə olan mənbələrə müraciət edərkən nə Monqol dövründə və nə də sonrakı Səfəvilər dövründə "Pənabay" adlı bir kəsə rast gəlmədi və əgər "Azərbəy", "Azərbəytemur"dan söhbət gedirsə, bu səkkizinci əsrə aiddir və onun Pənah bəyə, yaxud Pənah xana heç bir aidiyyatı yoxdur. Tarixçi Əbülhəsən Dəyanət "Dəyər və ölçülərin tarixi lüğəti" kitabında Rzaqulu xan Hidayətin Cavanşir elinin mənşəyi və əsli, qalaların tikintisi, sikkələrin zərbi haqqındakı fikirlərini təsdiq edir və əlavə olaraq göstərir ki, miladi on səkkizinci əsrin ikinci yarısı, yaxud təqribən yeddinci onilliyində Pənahabad qalasında zərbxana açıldı və Qarabağ hakimi üçüncü Pənah xanın əmri ilə burada gümüş sikkə zərb olundu. Bu pullar Qarabağdan xaricdə geniş bir məntəqədə rəvac tapdı. Onun üzərində "Zərb-e Pənahabad" həkk olundu ki, qısaldılmış şəkildə "Pənabad" adlandırdılar. Bu zaman Naxçıvan, Təbriz, Gəncə, Şamaxı, Tiflis, Ərdəbil, Bakı və s. şəhərlərdə zərbxana mövcud idi. Cahangir mirzə Qacar kitabının haşiyəsində belə yazılır: "Pənah xan Nadir şah Avşarın cəsur carçılarından idi. Iran dövləti zəifləyən zaman QarabağIranı ələ keçirdi. O zamanlar müəyyən bir zərbxana olmadığı üçün Pənahabad qalasında tam əyyarlı gümüşdən sikkə yaratdı ki, indi ona "Pənahabad" deyirlər və o, məşhur Cavanşir tayfasındandır."

Azərbaycanda aparılan qazıntı sahələrindən Qarabağ hakimi Pənahəli xanın (1747-1762-ci illər) Şuşada zərb edilmiş mis sikkələri aşkar edilib (cəkisi 3,5; 4,4). Sikkəllər anonim zərb edilmişdir və iki tipə bölünmüşdir:

I tip sikkələrin aversində nöqtəvari və düzxətli çərçivənin daxilində Pənahəli xanın tuğrası verilib, sikkənin reversində nöqtəvari və düzxətli çərçivənin daxilində "Pənahabad/zərb" sözü zərb edilib. II tip sikkələrin aversi I tipdə olduğu kimidir, sikkənin reversində nöqtəvari və düzxətli çərçivənin daxilində "Pənahabad" sözü zərb edilib. Sikkələrin üzərində zərb tarixi oxunmur. Analoji sikkələr professor M.Ə.Seyfəddini tərəfindən çap edilmişdir.

  • Dəyanət, Əbülhəsən. Ölçü və dəyərlərin tarixi lüğəti; pul və sikkələr (Əltəhfimdən). Təbriz, "Nima", 1376, Ç.Ə. II c.
  • Şəmimi Əli Əsgər. Iran Qacar səltənəti dövründə. III cild. Tehran, Elmi, 1371, səh. 305
  • M.İ.Əmrahov, Ə.Çingizoğlu, H.İ.Həsənov, Qarabağ xanlığı, Bakı, "Mütərcim",2008. 220 səh.