Parnassius apollo

Adi apollon (lat. Parnassius apollo) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin parnassius cinsinə aid heyvan növü.

Adi apollon
Elmi təsnifat
Beynəlxalq elmi adı
Poçt markası (2005).
Poçt markası (2010).

Qanadları açıq halda 70–94 mm-dir. Bədəninin üzəri qara, yanlardan isə iki cərgə qırmızı ləkə keçir. Qanadları ağ, bəzən isə krem rəngində olub, zirvədə şəffafdır. Onların xarici kənarı boyu ağ ləkəli, enli boz zolaq keçir. Üst qanadlar üzərində 5 qara ləkə, alt qanadlar üzərində isə qara haşiyəli 5 qırmızı ləkə vardır. Qırmızı və qara ləkələrin yeri çox dəyişkəndir. Alt qanadlar dairəvidir. Yenicə pupdan çıxmış kəpənəklərdə qanadlar əvvəlcə sarımtıl olur. Bədən nəzərəçarpacaq dərəcədə tüklüdür. Bığcıqları qara toppuzludur.

Cənubi və Orta Avropa, keçmiş SSRİ-nin Avropa hissəsinin cənubu, Qafqaz, Orta Asiya, Qazaxıstan, Qərbi, Cənubu və Şərqi Sibir. Azərbaycanda Kiçik və Böyük Qafqazın dağ və dağətəyində (Göygöl, Dərələyəz, Zəngəzur dağ silsiləsinin cənub yamaclarında, Əsgəran rayonunun Topxana meşəsinin kənarlarında və Zaqatala Dövlət Qoruğunun subalp zonasında) rast gəlinir.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Az-çox sıldırımlı açıq yamaclarda bitən kserofil, yaxud hemokserofil ot və yarımkol bitkiləri yetişən sahələr yaşayış yerləridir. Kəpənəklər iyulun ikinci yarısından avqustun sonuna qədər uçur. Uçuş həzin və sərbəstdir. Qanadları açıq vəziyyətdə 90-100 mm-ə çatır. Cütləşmə və yumurtaqoyma prosesi avqustun birinci yarısında olur. Tırtıllar sentyabrda görünür. Qışlamadan sonra isə may-iyun aylarında, dovşan kələmi (lat. Sedum album) bitkisinin yarpaqları ilə qidalanır.

R.Əffəndi tərəfindən 3 kəpənəyi qeydə alınmışdır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Növün yayıldığı təbii biotopların məhv edilməsi. Bu biotopların mal-qara tapdağına, şumlanaraq əkin sahələrinə çevrilməsi, ot örtüyünün müntəzəm olaraq biçilməsi. Kəpənəklərin yaşadığı ərazilərin insanların yaşayış məskənlərinə çevrilməsi. Bu növ zəif miqrasiya qabiliyyətinə malik olduğundan onun bu və ya digər yaşayış yerlərində yox olması çox zaman geri dönməz bir prosesə çevrilir. Bəzi alimlərin fikrincə Avropanın düzən ərazilərində apollonun yox olması qlobal istiləşmə ilə də əlaqədardır. Son zamanlar müşahidə edilən isti qış fəsilləri apollonun tırtıllarının vaxtından əvvəl qışlamadan çıxmasına səbəb olur. Bu isə onların zəifləməsinə və məhvinə gətirib çıxarır. Apollonun həvəskar kolleksiyaçılar tərəfindən kütləvi surətdə tutulması da onun populyasiyasına mənfi təsir göstərir.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Rusiya Federasiyası, Ukrayna, Belarus, Almaniya, İsveç, Norveç, Finlandiyanın "Qırmızı kitab"ına və Azərbaycanın "Qırmızı kitab"ının I nəşrinə daxil edilmişdir. Ümumdünya Təbiəti Mühafizə İttifaqının Qırmızı kitabında 3-cü kateqoriya altında, "Avropanın gündüz kəpənəklərinin Qırmızı kitabında" SPEC 3 kateqoyiyası ilə qorunur. Polşada, Rusiyada qoruqlarda qorunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Polşanın Penin dağlarında və Moskva vilayətinin Priok-Terras qoruğunda Apollonun populyasiyasını bərpa etmək üzrə layihə həyata keçirilmiş, lakin uzunmüddətli nəticə əldə etmək mümkün olmamışdır. İlk növbədə növün yaşadığı biotopları bərpa edib, genişləndirmək lazımdır. Bunun üçün meşə ətəklərində əkin-biçin, kimyəvi dərmanlama işlərini dayandırmaq, kəpənəklər üçün nektarlı bitkilər, onların tırtılları üçün isə qida bitkiləri əkmək lazımdır.