Peçoylar

Peçoylar (beçoylar) — Orta əsrlərdə Macarıstan ərazisində yaşamış müsəlman-türk xalqı.

Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupuna aid edilən peçeneqlərdən (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir[1]) sayır. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir. Türkiyəli tarixçilər isə peçoyları nə hunlara, nə də peçeneqlərə aid etmədən Peç şəhərinin əhalisi ("peçoy" və "peçevi" sözlərinin ərəb əlifbası ilə eyni cür yazılmasını əsas gətirərək) kimi Anadoludan köçmüş osmanlı türklərindən sayır.

Peçoylar barədə dövrümüzə qədər gəlib çatmış yeganə tarixi sənəd məşhur türk səyyahı Övliya Çələbinin "Səyahətnamə" əsəridir. Övliya Çələbi peçoylara XVII əsrin ortalarında Macarıstan ərazisində rast gəlmişdir.

Övliya Çələbi Səyahətnaməsində Macarıstan ərazisindəki Peçoy şəhəri haqqında:

“Su və havasının dadlılığından bütün oğlanları otuz yaşına qədər tər bığlı, gözəl üzlü olub, mələk görünüşlü, həddən artıq parlayan Günəş kimi, yetkin və gözəl üz sahibliyi ilə tanınan cavanlardır. Dişləri inci kimi olan gözəl və ədəbli qızları və qadınları... Şəriətdən kənar zərrə qədər baş çıxararsa, o an öldürülərlər. Bütün sərhəd xalqları kimi…sinəsi və qolları gümüş düyməli çuxadan qısa dolamalar…, başlarına tam bəyaz çuxadan samur papaqlar geyib… qılınc, şeşpər, şiş ilə gəzən bir alay qazilərdir, lakin Peçoylar bu xalqlar arasında bəsbəllidir. Başlarında ağ papaqlar, bellərində kəmənd və bıçaqları, əllərində topuzları, kiminin də əlində qopuzları çalaraq yollardan keçərlər. Qopuz sazını çalmaq bu Peçoy qazilərinə məxsusdur, ama Allaha əyandır ki,.. dinləyənlər çoşub, bir-birlərini cəngə sövq edərlər. Bu diyarda saz, söz, içki, əyləncə, atmaq, tutmaq, asmaq, yıxmaq və kəsmək ayıb deyildir, amma böhtançı, fitnəçi, yalançı, gəvəzə adamları və nəşəxorları sevməzlər, onlara salam verib, danışmazlar, bir alay Allah yolunda cihad edən qərib qazilərdir...İgidləri Macar kafirlərinin paltarlarını geyinib ta Macar diyarına gedərlər, zira macarca da çox düzgün və yaxşı danışarlar. İstədikləri komandanları və digər imansız kafirləri tutub Peçoy şəhərinə sağ-salamat və qənimətlə gətirərlər. Div balasına bənzər iri əlli, igit, hünərli, cəsur və qorxusuz ərləri var… Həqiqətən qəriblərə dost olan, xəsislik etməyən və süfrələri hamıya açıq olan adamları var. Və hamısı Xanədanlarını sevərlər. Mühafizəkar və fanatları sevməyən tovhid əhli insanlardır. Hamısı Farscanı sevərlər ki, hər birinin əlində Hafiz Divanı, Gülüstan, Bostan, Xəyyam divanları və Nizami Xəmsəsi var. Əgər düşmən üstünə getmək istəsələr, Hafiz divanından bir fal tutarlar, istəklərinə uyğun bir beyt gəlsə, həmən Allah təvəkkül edib, səfərə çıxarlar və Allahın əmrilə zəfərlə qayıdarlar.Hamısı serbcə, bolqarca, macarca, rumca və əcəmcə bilirlər. Hamılıqla dillərindəki zikrləri “Allah”dır."[2]

Azərbaycanın indiki Ağsu rayonu ərazisindəki Bico kəndinin adının etimologiyası ilə bağlı versiyalardan biri də bu adın peçoy tayfalarının adından götürülməsidir.[3]

  1. Günümüz türkcesiyle Evliya Çelebi Seyahetnamesi, Hazırlayan:Seyit Ali Kahraman, 6.kitab, 2.cilt, Yapı Kredi Yayınları-2010, 784 s.
  2. "Ədəbiyyat və İncəsənət" qəzeti, 27 dekabr, 1985-ci il, №52 (2157)
  3. Bəxtiyar Tuncay "Qafqaz albanlarının dili və ədəbiyyatı" Bakı: Qanun Nəşriyyatı-2010, 368 səh.
  4. Əzizxan Tanrıverdi "Kitabi-Dədə Qorqudun söz dünyası" Bakı-2006, 471 s.
  1. Bax: Bəxtiyar Tuncay."Qafqaz albanlarının dili və ədəbiyyatı" Bakı: Qanun Nəşriyyatı-2010, 368 səh. S.11
  2. Günümüz türkcesiyle Evliya Çelebi Seyahetnamesi,6.kitab, 2.cilt, YKY-2010, s.256-257.
  3. Bax: "Ədəbiyyat və İncəsənət" qəzeti, 27 dekabr, 1985-ci il, №52 (2157)