Pir Rövşən

Pir Rövşən (Bəyazid bin Abdillah bin Məhəmməd əl-Ənsari)əfqan (puştu) ədəbiyyatının əsasını qoymuş şəxs.

Pir Rövşən
puşt. پیر روښان,fars. پیر روشن
Doğum adı Bəyazid Ənsari
Doğum tarixi
Doğum yeri Pəncab
Vəfat tarixi
Vəfat yeri Tarbela, Əfqanıstan
Vətəndaşlığı Böyük Moğollar imperiyası
Milliyyəti puştu
Fəaliyyəti şair, sufi[d], tacir
Əsərlərinin dili fars, puştu
İstiqamət təsəvvüf

Pir Rövşən adı ilə tanınmış Bəyazid Ənsari 1525-ci ildə Pəncabda, Burki tayfasına mənsub nüfuzlu ailələrdən birində dünyaya gəlmişdir. Kiçik yaşlarında ikən ailəsilə birlikdə Pakistanın Cənubi Vəziristan əyalətinə köçmüşdü. Atası burada əyalət qazısı vəzifəsində çalışmışdır. Gənc yaşlarından poeziyaya böyük maraq göstərmiş, puştu, ərəbfars dillərində şeirlər yazmışdır. Dini təhsilə də yiyələndikdən sonra, həmin dövrdə geniş yayılmış sufi cəmiyyətlərilə maraqlanmış, sufi ədəbiyyatını dərindən öyrənmişdir. Bəyazid mövcud hakim dini düşüncə ilə qane olmayaraq, yeni fikirlər irəli sürmək qərarına gəlmişdir. Vəhdəti-vücud fəlsəfəsini öyrəndikdən sonra onun davamçısına çevrilmişdir.

Bəyazid ailəsinin nüfuzu ilə qazandığı bəzi imtiyazların, əsasən də dini və elmi imtiyazların əleyhinə çıxmışdır. İnadkar xarakterli olduğundan qardaşı ilə arasında ciddi mübahisə yaranmış, atasının məsələyə qarışdıqdan sonra isə ya evdən getmək, ya da fikirlərindən əl çəkmək seçimi qarşısında qalmışdır. Nəticədə evini tərk edərək Pişəvərə getmiş, orada dini məktəb açaraq ətraf ərazilərdə təbliğat işi aparmağa başlamışdır. Bu məktəbdə tələbələrilə bərabər müxtəlif batini, mistik elmlərin tədrisi ilə məşğul olmuşdur. Hətta Xəlil və Məhəmmədzay tayfalarını öz ardınca aparmağı bacarmışdır. O, ətrafına xeyli tərəfdar toplamış və "Pir Rövşən" (Nurlanmış) adını götürərək sufi Rövşəniyyə təriqətini yaratmışdır. Bu təriqət gizli strukturu və qeyri-adi təlimilə bir sıra din xadimlərində mənfi münasibət hissini oyatmışdır. Nəticədə dini dairələrdə Bəyazid Ənsarinin təliminə qarşı güclü müxalifət baş qaldırmışdır. Pir Baba adlı sufi şeyxi ilə mübahisəsi bu qəbildəndir. Lakin onun əsas düşməni din alimi Axund Dərvaz olmuşdur. O, Bəyazidlə apardığı mükalimələrdən sonra opponentinin təlimini dinə zidd elan edərək, əleyhinə "Məxzənul İslam" ("İslam xəzinəsi") adlı kitab yazmış və Axund Dərvaz Bəyazid Ənsariyə "Pir Tariq" (Qoca nadan) ayaması qoşmuşdur.

Moğol imperatoru Əkbər "Dini-İlahi" adlı din yaratdıqdan sonra isə Bəyazid Ənsari ona qarşı üsyan qaldırmışdır. Nanqarhar əyalətində moğol sərkərdəsi Möhsün Xanla vuruşmuşdur. Döyüşdə məğlub olduqdan sonra bir müddət gizlənə bilmiş, lakin Tarbela yaxınlığında Yusifzay tayfasının üzvləri tərəfindən oğulları ilə bərabər öldürülmüşdür. Bəyazidin ancaq 14 yaşlı kiçik oğlu Cəlal imperator Əkbər tərəfindən bağışlanmışdır. Lakin o, da sonralar moğollar əleyhinə üsyan qaldırmış və döyüşdə həlak olmuşdur. Bəzi tədqiqatçıların fikrincə, Cəlalabad şəhəri onun adını daşıyır. Sonrakı dövrdə Bəyazid Ənsarinin məsləkdaşları onun yolunu davam etdirərək, Əfqanıstanın Böyük Moğol İmperiyasından ayrılaraq müstəqillik qazanmasında əhəmiyyətli rol oynamışlar.

Bəyazid Ənsarinin yaratdığı rövşəniyyə təriqətinin Əfqanıstanda ardıcılları olmuşdur. Ənənəvi dini cərəyanlar tərəfindən davamlı təqiblərə uğrayan bu hərəkat qadın-kişi bərabərliyini irəli sürməsilə məşhurdur. Bəyazid Ənsari irsi qaydada dini, yaxud dünyəvi vəzifənin tutmağın əleyhinə çıxmışdır. Bu cəhətlərinə görə, rövşəniyyə təriqəti bəzi tədqiqatçılar tərəfindən ilkin utopik-kommunist hərəkatlardan hesab edilmişdir.

Bu təriqət özündə ruhların bir bədəndən digərinə köçməsi və Allahın insanda təzahür etməsi kimi inancları ehtiva edir. Təriqətə görə, ölümdən sonrakı axirət həyatı, CənnətCəhənnəm anlayışları yanlışdır. Təlimində insanlar hüquq etibarilə bərabər varlıqlar olaraq nəzərdə tutulurdu. Əleyhdarları rövşənilərin ismaililər kimi, öz düşmənlərini gizli şəkildə qətlə yetirmələrindən bəhs etmişlər.

Bəyazid Ənsari əfqan (puştu) ədəbiyyatının əsasını qoymuş şəxsdir. O, yazdığı şeirlərlə dini görüşlərinin yayılmasına çalışmışdır. Lakin bu əsərlərdən bir çoxu onun təqib olunduğu dövrlərdə məhv edilmişdir. Bəyazid Ənsarinin dövrümüzədək gəlib çatmış yeganə əsəri "Xayrul Bəyan" ("Ən xeyirli vəhy") kitabıdır. Bu kitab puştu dilində yazılmışdır, lakin bəzi hissələrində ərəb, urdudəri dillərində şeir nümunələri də yer almışdır. Burada müəllif öz dini görüşlərinin izahını vermiş, hər kəsin torpağının və malının bərabər olmasının vacibliyini bildirmişdir.

Bəyazid Ənsari dövrünün maraq doğuran və ziddiyyətli şəxslərindən olmaqla bərabər, ədəbi yaradıcılığı ilə də şöhrət qazanmışdır. Ziddiyyətli dini görüşləri bir sıra ilahiyyatçılar tərəfindən tənqid edilsə də, ədəbi irsi zəif tədqiq olunmuşdur.