İsmaililər – İslam məzhəblərindən biri.
İsmaililər başqa şiələr kimi Cəfər əs-Sadiq daxil ilk altı imamı qəbul edir, lakin onun vəfatından sonra (765-ci il) imamətin, "isnə əşəriyyə"dən (on iki imamçılar) fərqli olaraq, kiçik oğlu Musa Kazıma deyil, böyük oğlu İsmailə keçdiyinə inanırlar. Yeddi imamı qəbul etdiklərinə görə, onlara "səbiyyə" (yeddi imamçılar) adı da verilmişdi. Bu məzhəbin ardıcılları belə hesab edirlər ki, Cəfər əs-Sadiq imaməti bilavasitə məhz oğlu İsmailə göstərişlə vermişdir. Amma İsmail atasından öncə – 762-ci ildə vəfat etdiyinə görə, tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşmış və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanmışlar. İsmaililərə görə, imamlar gizli olsalar da onlara tabelik göstərmək vacibdir.
İsmailin yaxın dostu Əbu əl-Xəttab, sonralar "İsmailiyyə" adı altında təşəkkül tapan firqənin batini məzhəb kimi əqidəsini və təşkilat strukturunun əsasını formalaşdırmışdır. İlk vaxtlar imamların yeddi olduğuna etiqad etsələr də sonralar onların sayı artmışdır. Məhəmməd Məqtumdan sonra imamətin oğlu Cəfər əl-Müsaddiqə, sonra onun oğlu Məhəmməd Həbibə, daha sonra isə Məhəmmədin oğlu olan Mərakeş hakimi Übeydullah Mehdiyə keçməsi buna bariz misaldır. Bundan başqa ismaililərin Misirdə yaratdıqları Fatimilər xilafətinin bütün xəlifələri imam sayılmışlar.
Başqa şiə məzhəbləri kimi ismailik də İraqda yaranmış, sonra isə İranda və Xorasanda yayılmışdır. Amma bu regionlarda ismailik hind dinlərinin və zərdüştiliyin dini təsəvvürlərini mənimsəmiş, tədricən onlarla qarışaraq sinkretik (uzlaşdırıcı) bir təlimə çevrilmişdir. Hətta bəziləri İslamın başlıca prinsiplərindən o qədər uzaqlaşmışlar ki, onları müsəlman hesab etməmişlər.
Məzhəbin əqidəsinə görə İslam şəriətinin həm "açıq" (zahiri), həm də "gizli" (batini) mənaları vardır. Lakin "gizli"yə daha çox önəm verdiklərinə görə onları "batinilər" (gizli təlimin daşıyıcıları, ezoteriklər) adlandırmışlar. İsmailiyə görə, şəriətin batinini yalnız məzhəbin imamları bilir. Buna görə də Qurani-Kərim ayələrini məcazi mənada yozaraq iddia edirdilər ki, bütün bu "yozmalar" müqəddəs Kitabın batini mənalarını bilən imamlardan gəlir. Bu cür yanaşmalar bəzi sufi təriqətlərinin təlimlərində də vardır. Zaman keçdikcə ismaililər dinin zahirinə, açıq-aşkar göstərilən halal-haram problemlərinə əhəmiyyət verməmiş, onların batini mənalarının dərk olunmasını vacib saymışlar.
İsmaililərə görə, Allah imamları başqa insanlara nisbətən daha üstün tutaraq, onlara varlığın bütün aspektləri haqqında gizli biliklər vermişdir. İmamlar başqalarının xəbəri olmadığı biliklərə sahibdirlər. Hətta özlərini ardıcıllarına və tərəfdarlarına açıq-aşkar göstərməyib, "gizli" də qala bilərlər. Çünki təlimə əsasən onların xalq qarşısına çıxması vacib deyil. Tərəfdarları ilə bağlılıq isə onun xüsusi nümayəndələri tərəfindən həyata keçirilə bilər. Mütləq halda o, dini icmaya doğru yolu göstərən bir başçıdır. Lakin sonda "gizli" imam dünyada peyda olub ədaləti bərpa edəcəkdir. İsmaililərin təlimində yeni platonçuların, qnostiklərin və başqa antik məktəblərin fəlsəfi baxışları da geniş yer almışdır. Onlar antik pifaqorçuluğun və yəhudilərin Kabbala adlı mistik təlimindən təsirlənərək rəqəmlərin mistikasına da xüsusi diqqət yetirmişlər. Əsasən "yeddi" rəqəminə böyük önəm vermiş və onu müqəddəs hesab etmişlər. İsmaililər Platon fəlsəfəsinə uyğun olaraq dünyaya və onda olan hər şeyə ideal (səmavi) aləmin əks olunması kimi baxırdılar. Başqa sözlə desək, onlar əsl varlığın ideal müstəvidə, yerdə isə oradakı olayların təhrif edilmiş şəkildə, güzgüdəki kimi əks olunduğuna inanırdılar. Onlar hesab edirdilər ki, ideal aləm haqqında biliklər batini biliklərdir və o aləmin nümayəndəsi olan imamlara məxsusdur. İsmaililərə görə bütün peyğəmbərlər "Dünya dərrakəsi"nin təzahürləridirlər.
İsmaili nəzəriyyəçilərin əsərlərində yeni platonçuların, xüsusi ilə antik mistik hesab olunan Plotinin emanasiya (şüalanma) haqqında baxışlarından da geniş istifadə edilib. İsmaililər Şimali Afrikada və Misirdə hakimiyyətə gəlməmişdən öncə irimiqyaslı və uzunmüddətli gizli, bəzən də yarımgizli təbliğat aparmışlar Bu təbliğatı "ismaili dəvəti" adlandırırlar. Onun düşünülmüş strukturu və metodları olmuşdur. Dəvətin başında "gizli" imamlar duraraq, öz tapşırıqlarını yaxın və sadiq köməkçilərinə verirdilər. Onlar isə bu tapşırıqları yaxın bildikləri "dai"lərə, yəni gizli dəvətçilərə ötürərək, bunların xalq arasında yayılmasını təmin edirdilər. Beləliklə, onlar bu metod sayəsində çox möhkəm siyasi təşkilatlar qurmağı bacarmışlar. İsmaililərin gizli dəvətçiləri müsəlmanların elm yığıncaqlarına girib ilahiyyat problemləri üzrə alimlərlə mübahisələr edir, təxribat xarakterli suallar verir və bu üsulla sadə xalqı özlərinə cəlb edirdilər. Onların ideoloqları müsəlmanların dini əsaslarını hansı suallarla şübhə altına qoyulması haqqında nəzəriyyələr tərtib edir, dəvətçilər isə onları həyata keçirirdilər. Dəvətçilərin şaquli tabelik sistemi mövcud idi. Yəni rütbələrindən asılı olaraq hər dəvətçi özündən böyüyün əmrinə tərəddüdsüz tabelik göstərirdi. Bu mürəkkəb iyerarxiyanın başında Bab (qapı) dururdu. Babı hətta ismaili təbliğatının ən yüksək nümayəndələri belə tanımırdılar. Onu yalnız "gizli" imam və xüsusi adamlar tanıyırdılar. Dəvətçilərin yüksək rütbəlilərini də sadə xalq görmürdü.
İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Sonuncu Abbasi xəlifələrinin zəifliyindən istifadə edən ismaililər İfriqiyyədə (indiki Tunis) hakimiyyətə gəlmişlər. Sonra onlar bütün Şimali Afrikanı və Siciliyanı ələ keçirib, hicrətin 347-ci ilində (969-cu ildə) isə Misiri tutmuşlar. Yeni dövlətin paytaxtı Qahirə şəhəri olmuşdur. Daha sonra Yəmən, Hicaz və Suriya da onun tərkibinə qatılmışdır. Bu dövlət Fatimilər xilafəti kimi tanınmağa başlamış və birinci fatimi xəlifəsi Übeydullah özünü Mehdi elan edərək xilaskar kimi təqdim olunmuşdur. Amma XII əsrin sonunda Fatimi xilafəti zəifləyərək ərazilərini itirdiyindən, ismaililərin də müxtəlif təriqətlərə parçalanması prosesi başlanılmışdır.
1094-cü ildə Fatimi xəlifəsi Müstənsirin ölümündən sonra onun oğlu Nizar varis elan edilmişdir. Amma xəlifəliyi onun kiçik qardaşı Mustəli ələ keçirmişdir. Nizar isə İsgəndəriyyəyə qaçıb qiyam qaldırmaq istəsə də, məğlub olub zindanda öldürülmüşdür. Bundan sonra Nizarın tərəfdarları onun nəslindən olanları imam kimi tanımışlar; onları nizarilər, yaxud "şərq ismaililəri" adlandırmışlar. Xəlifə Mustəlinin nəslinə sadiq qalanları isə müstəlilər adı ilə tanımağa başlamışlar. Bu iki təriqətin kəskin qarşıdurması nəticəsində ismaililik daha da zəifləmiş və öz mövqelərini itirmişdir. Fatimilər xəlifəliyinin varlığına isə 1171-ci ildə görkəmli siyasətçi, sərkərdə və dövlət xadimi sultan Səlahəddin Əyyubi son qoymuşdur.
Nizarilər müsəlman dünyasının şərqində daha çox yayılmışlar. Onlar, 1256-cı ildə monqol hökmdarı Hülaki xanın hücumu zamanı dağıdılmış İranın şimalındakı Ələmut zirvəsini qalaya çevirərək, onun ətrafında dövlət içində "müstəqil dövlət" yaratmışlar. Bu dövlətin yaradıcısı "yeni ismaililik" ideyalarını irəli sürmüş Həsən ibn Sabbah idi. Siyasi təriqət olmuş nizarilər uzun illər başqa dövlətlərə qarşı təxribatlar törətmiş, hətta açıq sui-qəsdlərə belə əl atmışlar. Dağlıq ərazilərdə yerləşdiklərinə görə ətrafdakı müsəlman dövlətləri onlara qarşı üğurlu hərbi əməliyyat keçirə bilməmişlər. Lakin şərqdən gələn monqollar onları darmadağın etmişlər. Qeyd edək ki, nizarilərin "xidmətindən" hətta avropalı hökmdarlar da öz siyasi rəqiblərini öldürmək üçün istifadə edirmişlər.s Monqollar Ələmut qalasını ələ keçirəndən sonra nizarilər hər yerdə şiddətli təqib olunaraq, ziyanlı bir təriqət nümayəndələri kimi öldürülmüşlər.
Zaman keçdikcə onlar qan tökməkdən imtina etmiş və öz təlimlərini dünyanın müxtəlif yerlərində dinc yolla yayaraq bu günə kimi məzhəblərini qorumuşlar. Hazırda onların rəhbərləri Ağaxan titulu daşıyır və nizarilər ona yer üzündə İlahinin təcəssümü kimi inanırlar. Ağaxanın Hindistan və Keniyada iqamətgahları vardır. Tacikistanın bəzi yerlərində də nizariliyin ardıcılları mövcuddur. İsmailiyin digər böyük təriqətinin ardıcılları olan mustəlilər vaxtı ilə müsəlman dünyasının qərbində (Misir və Şimali Afrikada) daha çox yayılmışlar. Amma Fatimi xəlifəliyi süqut etdikdən sonra onlar Yəmənə, daha sonra isə Hindistana köçmüşlər. Hazırda mustəli icmaları Hindistan, Pakistan, İran, Yəmən, Keniya və Tanzaniyada vardır. Onların dini mərkəzi Hindistanın Surat şəhərində yerləşir. Avropada və Amerikada da müxtəlif ismaili icmalar fəaliyyət göstərirlər.