"Polkovniku nikto ne pişet" (rus. Полковнику никто не пишет, azərb. Polkovnikə məktub yoxdur). Həmçinin — "Polkovnik"[1] (rus. Полковник) — Belarus və Rusiya rok qrupu olan "Bi-2"nin mahnısı. Rusiya-ABŞ birgə istehsalı olan "Qardaş 2" filminin saundtrekinə, həmçinin qrupun ikinci studiya albomuna daxil edilmişdir. Bu mahnı qrupa geniş populyarlıq qazandırıb.[2][3]
"Polkovniku nikto ne pişet" | |
---|---|
Bi-2 tərəfindən Bi-2 albomunda ifa olunmuş mahnı | |
Yayımlanıb | 8 may 2000 |
Yazılma tarixi | 1998 |
Janr | alternativ rok |
Dil | rusca |
Müddət | 04:54 |
Bəstəkar | Lyova Bi-2 & Şura Bi-2 |
Sözlərin müəllifi | Lyova Bi-2 |
Leybl | Epic Records |
Mahnının mətni Qabriel Qarsiya Markesin "Yüz ilin tənhalığı" və "Polkovnikə məktub yoxdur" əsərlərinin motivləri əsasında yazılıb.[1][2] Yeqor Bortnikin (Lyova Bi-2) dediyinə görə, mahnının adının Markesin romanından götürülməsinə səbəb, onunla Aleksandr Umanın (Şura Bi-2) uşaqlıqda yazıçının əsərlərini sevərək oxumaları olub. O, həmçinin bildirib ki, qismən istisna olmaqla, mahnının romanla birbaşa əlaqəsi yoxdur: onların mahnısı yalnız kitabdakı əhvali-ruhiyyəni saxlayır.[4] Şuraya göstərilən statistik məlumatlara görə, Bi-2 albomu çıxan ildə Markesin kitablarının satışı demək olar ki, qırx faiz artıb.[1]
Mahnının mətninin ilkin müəllifi, kollektivi yarandığı gündən dəstəkləyən, Şuranın əmisi Mixail Karasyovdur.[5] Lyova Bi-2, Mixailin təklif etdiyi mətnin yalnız nəqəratından bir fraza saxlamaqla ("Polkovnikə məktub yoxdur, polkovniki gözləyən yoxdur"), tamamilə yenidən işləyib. Şuranın sözlərinə görə, Lyova mahnının nəqərat hissəsinin akkordlarını Melburnda, "icma festivalları"nın birindən sonra hazırlayıb. O, həmçinin əlavə edib ki, Lyova mahnıdakı "Böyük şəhərlər, boş qatarlar" sətirlərini də Melburnda, yerüstü metroda həmin festivaldan qayıdarkən düşünüb.[5]
Qrup mahnının ilkin versiyasını ilk dəfə 29 oktyabr 1998-ci ildə Melburndakı konsertində ifa edib.[6]
8 may 2000-ci ildə mahnının son versiyası bəstələrdən biri kimi rok qrupunun ikinci albomuna daxil edilib. Səsyazma şirkəti olan "Sony Music" alboma "Polkovnik" adının verilməsində israr etsə də, Lyova və Şura bu addan hər cür imtina ediblər. Nəticədə kompromis tapılıb və albom "Bi-2" adlandırılıb.[7]
Lyova xatırlayır ki, onlarda bir neçə aranjiman variantı olub. "Biz artıq mahnıya melodiya düşünməkdən bezmişdik və ondan imtina etməyi düşünürdük. Ancaq sonra başqa bir versiya yaratmaq ideyası gəldi və sonda albomda qalan o oldu", — deyə o bildirib.[1][8]
"Polkovnik"in yazılışı başa çatdıqdan sonra qrup üzvlərində mahnının çox ləng səsləndiyi təəssüratı yaranıb. Bu səbəbdən onlar sürəti iki yüksəklik qaldırmaq qərarına gəliblər. Nəticədə o vaxtlar səslənmənin sürətini artırarkən səsin orijinal tembrini qoruya bilən proqramlar olmadığından, Lyovanın səsi həmişəkindən bir qədər yüksək alınıb.[1]
2000-ci ildə rejissor Aleksey Balabanov "Qardaş 2" filmi üçün saundtrek axtarışına başlayıb. Rusiyalı jurnalist və musiqi tənqidçisi Mixail Kozırevin təklif etdiyi rus rok qruplarının albomlarına qulaq asarkən rejissorun diqqətini o zamanlar az tanınan "Bi-2" qrupunun mahnıları cəlb edib.[5][9] "Polkovniku nikto ne pişet" mahnısı filmdə "Bi-2" qrupunun özünün çıxışı zamanı və Çikaqodakı "Metro" rok-klubunun arxa otaqlarında quldurların qətlə yetirilməsi səhnəsi zamanı səsləndirilib.[1]
Süjetə görə səhnənin Çikaqoda cərəyan etməsinə baxmayaraq, "Bi-2" qrupunun çıxış etdiyi səhnə Sankt-Peterburqda, "Lensovet" mədəniyyət mərkəzində lentə alınıb.[1][7] Klubdakı kütlə rolunu Balabanovun tələbələri ifa ediblər. Rejissor musiqiçilərlə razılaşıb ki, ən azı on il ərzində onların heç biri bu səhnənin Amerikada çəkilmədiyini heç kimə deməyəcək.[8]
Rok-klubda quldurların qətlə yetirilməsi səhnəsi zamanı ilkin olaraq "DDT" rok qrupunun "Ne Strelyay!" mahnısından istifadə edilməsi planlaşdırılsa da, qrupun lideri Yuri Şevçuk filmi "dəhşətli, iyrənc və millətçi" hesab edərək iştirakdan imtina etmişdir.[10][11] Buna baxmayaraq, klubun interyerində "DDT" qrupunun konsert afişalarına rast gəlmək mümkündür.
Filmdə "Polkovnik"dən başqa qrupun daha iki mahnısı — "Varvara" və "Şastye" də səslənir.[1] Bu mahnıların hər üçü filmin rəsmi albomu olan "Brat 2. Muzıka k filmu"ya[12][13] və "Brat 2: Obratno v Ameriku" kompüter oyununa[14][15] daxil edilmişdir.
"Qardaş 2" çıxandan sonra Şura və Lyova uzun müddət Balabanovdan mahnı üçün çəkilmiş klipin montaj edilmiş versiyasını onlara göndərməsini gözləyiblər. Qrup üzvləri ilk dəfə yekun versiyaya baxdıqdan sonra, öz sözləri ilə desək, klipin nə qədər dəhşətli çıxmasına təəccübləniblər. Musiqiçilər videoda "üç dəfə güclə" göründüklərindən məyus olublar. Yeqor və Aleksandr videonun orijinal versiyalarını götürərək Valeri Makuşenko ilə birlikdə yenidən hazırlayıblar. Altı ay sonra festivalların birində "Bi-2" qrupunun üzvləri filmdə Danila Baqrov rolunu oynayan Sergey Bodrovla görüşüblər və ona Balabanovun pis klip çəkməsindən şikayət ediblər. Bodrov isə öz növbəsində klipin ilkin versiyasının müəllifinin özü olduğunu etiraf edib.[16][17]
Mahnı dərhal hit olub,[18] illər keçdikcə isə kollektivin vizit kartına çevrilib.[19] Mahnı Sergey Bodrovun "Bacılar" filmində — Danila Baqrovun deus ex machina kimi göründüyü səhnədə ifa olunur.[19][20] "Polkovnik"i həmçinin Rusiya istehsalı "Desant qardaşlığı", "Seçki günü"[21] və "Kişilər nə danışır. Davamı" filmlərində də eşitmək mümkündür.
"Polkovnik" 2000-ci ildə "Qızıl qrammofon" mükafatının laureatı olub.[22] "Polkovniku nikto ne pişet" kompozisiyası 2001-ci ilin martında Fuzz jurnalının versiyasına görə "İlin ən yaxşı mahnısı" kateqoriyasında mükafata namizəd göstərilmişdir.[23] Mükafatın qalibi Vyaçeslav Butusovun ifa etdiyi və "Qardaş 2" filminin saundtrekinə daxil olan "Qibraltar-Labrador" kompozisiyası olub.[24]
Rusiya rok qrupu olan "Aqata Kristi" "Polkovniku nikto ne pişet" mahnısını bir neçə dəfə, o cümlədən "Bi-2" qrupunun özü ilə duet şəklində ifa edib.[25]
Tatyana Davıdova "Bi-2 qrupunun mahnılarında intertekstuallıq" adlı elmi işində belə bir fikir ifadə edib ki, dinamik musiqi səbəbindən mahnının baş qəhrəmanının sanki daim hərəkətdə olduğu təəssüratı yaranır. O, həmçinin əlavə edib ki, "Polkovniki gözləyən yoxdur" sətirində personajın geri dönməyə yerinin və evinin olmadığını göstərən bir işarə görüb.[2]
Darya Jurkova "Qardaş 2" filmi ilə bağlı elmi işində bildirib ki, filmdə zaman-zaman istifadə olunan "Polkovniku nikto ne pişet" mahnısının ifasız, yalnız təkrarlanan ilkin notları, tamaşaçını yaxınlaşan fəlakətə "hazırlayır". Darya hesab edir ki, məhz bu mahnı, ilk növbədə montaj və oxşar əhvali-ruhiyyə səbəbindən rok-klubda quldurların qətlə yetirilməsi səhnəsi üçün çox uyğundur.[26]