Pro bono publico (lat. ictimaiyyətin xeyrinə; cəmiyyətin faydalanması üçün) — könüllü və ödənişsiz həyata keçirilən peşə fəaliyyəti. Bu latın ifadəsi hüquqda "pulsuz hüquqi yardım"ı ifadə etmək üçün tətbiq olunur. Könüllü fəaliyyətdən fərqli olaraq, pro bono peşəkar şəxslər tərəfindən, maddi vəziyyəti imkan vermədiyinə görə onların xidmətlərindən istifadə edə bilməyən insanlara xidmət göstərilməsini nəzərdə tutur.
Birləşmiş Krallıqda istifadə edilən pro bono publico ifadəsi həm də səhmlərdən gələn gəlirlərdən çox "ictimai rifah" naminə mövcud olan Milli Səhiyyə Xidməti kimi iri təşkilatların və müxtəlif QHT-lərin təşəbbüsünü ifadə etmək üçün istifadə edilir.
Açıq-aşkar başqa cür müəyyən edilmədiyi təqdirdə Vikipediyada istifadəçilərin redaktə fəaliyyəti pro bono hesab olunur.
Pro bono hüquqşünaslar fərdlərə və ya bir qrup şəxslərə hüquqi məsələ üzrə dövlət orqanlarına ərizə və ya şikayətlər verməklə kömək edə bilərlər. Nadir hallarda hakimlər uduzmuş tərəfin digər tərəfə pro bono hüquqşünasın xidmətlərinə görə kompensasiya ödəməsini müəyyən edə bilər.
Cənubi Koreyada vəkillərdən hər il ən az 30 saat (yerli vəkil bürolarında bu müddət 20 saatadək azaldıla bilər) pro bono fəaliyyət göstərmələri tələb olunur. Bu tələbi əsaslı surətdə yerinə yetirməyənlər bunun əvəzində hər saat üçün 20,000–30,000 ₩ (17-26 ABŞ dolları) ödəyə bilərlər.[1]
2003-cü ildən Birləşmiş Krallıqda əksər hüquq şirkətləri və hüquq məktəbləri ənənəvi olaraq Pro Bono Həftəsini qeyd edirlər. Bu da solisitor və barristerləri pro bono xidmətlər təklif etməyə təşviq edir və cəmiyyətin pro bono xidmətlərin mövcudluğundan agah olmasına imkan verir.[2][3] LawWorks solisitor və hüquq tələbələri ilə işləyən, hüquq sahəsində pro bono fəaliyyətə onları təşviq edən və dəstəkləyən milli xeyriyyə qurumudur. Fiziki şəxslər və müxtəlif qruplar pulsuz hüquqi məsləhət və mediasiya üçün quruma müraciət edə bilərlər.[4] Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində xüsusi olaraq beynəlxalq pro bono fəaliyyəti ilə məşğul olan Beynəlxalq İnkişaf naminə Vəkillər qurumu məhz Londonda fəaliyyət göstərir.[5]
Amerika Vəkillər Assosiasiyasının (ABA) etik qaydalarına əsasən, vəkillərə tövsiyə olunur ki, hər il ən az 50 saat pro bono xidmət göstərsinlər.[6] Lakin bəzi dövlət vəkil büroları daha az saat təklif edə bilər. Peşəkar Fəaliyyət haqqında Nyu-York Qaydalarının 6.1-ci bəndi xüsusilə vəkilləri hər il ən az 50 saat pro bono xidmətlər göstərməyə təşviq edir və kasıblara və keyfiyyətli hüquqi yardım almayan şəxslərə hüquqi xidməti təmin edən təşkilatlara ediləcək minimum maddi yardımın həcmini müəyyənləşdirir.[7] Əksinə, İllinoys kimi digər ştatlar saat tövsiyə etmir, əvəzində hər il göstərilən pro bono xidmət saatlarının və pro bono qurumlara edilən maddi yardımların açıqlanmasını tələb edir.[8]
Nyu-Yorkun Baş Hakimi 2015-ci ildə və daha sonra hakimliyə qəbul olmağı planlaşdırılan namizədlərin bu vəzifəyə yiyələnmək üçün 50 saatlıq pro bono xidmətini başa çatdırmalarını tələb kimi qoymuşdu.[9] Qeydiyyatdan keçən bütün vəkillər könüllü pro bono saatları və ya könüllü maddi yardımları barədə məlumat verməli idilər.[10]
ABA pro bono xidməti ilə bağlı dörd dəfə araşdırma aparmışdı: birincisi 2005-ci ilin avqustunda,[11] ikincisi 2009-cu ilin fevralında,[12] üçüncüsü 2013-cü ilin martında[13] və sonuncu 2018-ci ilin aprelində.[14]
ABA Pro Bono və İctimai Xidmət üzrə Daimi Komitəsi və onun Pro Bono Mərkəzi məlumat, resurs və hüquqi yardımın çatdırılması, asanlaşdırılması və genişləndirilməsi üçün milli mərkəzdir.[15] ABA Daimi Komitəsi həm də 23-29 oktyabr tarixlərində keçirilən Pro Bono Həftəsinə sponsorluq edir.[16][17] ABA Hərbi Qulluqçulara Hüquqi Yardım üzrə Daimi Komitəsi və Məhkəmə Bürosu birlikdə ABA Hərbi Pro Bono Layihəsini təşkil edir. Layihə üzrə qeydə alınmış, aktiv fəaliyyət göstərən hərbi qulluqçulara pro bono hüquqi yardım göstərilir.[18]
Wall Street jurnalı və The New York Times qəzetində yayımlanan, 2007-ci ilin oktyabr ayında keçirilən mətbuat konfransında Building a Better Legal Profession adlı hüquq tələbələrinin bir qrupu ilk dəfə olaraq pro bono xidmətlərdə iştirak saatları əsasında hazırladıqları hüquq firmalarının top reytinq cədvəlini təqdim etmişdi.[19][20] Hesabat əksər iri firmaların pro bono fəaliyyətinin az olduğunu aşkar etmişdi.[21] Qrup bu informasiyanı məzun olduqdan sonra tələbələrin iş yeri seçərkən bu məlumatları nəzərə almağa təşviq etmək məqsədilə ölkədəki reytinqli hüquq məktəblərinə göndərmişdi.[22]
Azərbaycanda pro bono hüquq xidmətləri həm vəkil qurumları, həm də dövlət qurumları səviyyəsində təklif edilir. Belə xidmətlər daha çox ayrı-ayrı layihələr zamanı təqdim olunur. 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq Hüquq Şöbəsi "Hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə layihə" çərçivəsində vətəndaşlara ödənişsiz hüquqi məsləhətlərin verilməsini reallaşdırmışdır.[23]
Eyni ildə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, Vəkillərin peşə bayramı günü münasibətilə iyulun 30-u saat 09:00-dan 18:00-dək vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstərilmişdir.[24]