Qırx Abdal piri — Xınalıqda ziyarətgah.
Xınalıq ərazisinin demək olar ki, hər yerindən çaylar çağlayır, çeşmələr qaynayır. Onlar hər tərəfə həyat verir, gözəllik bəxş edir. Lakin şenliyin məskunlaşdığı sahədə istifadə üçün bulaq, çeşmə yoxdur. Ona görə də qızlar-gəlinlər çiyinlərində həmişə səhəng və kuzələrlə su gətirməli olmuşlar. Yaşayış yerindən xeyli aralı və dərənin dibindən axan Qudyalçaydan su gətirmək məcburiyyəti onları daim çətin vəziyyətdə qoyurmuş. Hava şəraitindən asılı olaraq adi ehtiyatsızlıq bədbəxtliklə nəticələnərmiş. Odur ki, Xınalığın su təchizatı təkcə can rahatlığı deyil, yaşayış deməkdi, həyat deməkdi. Buna görə də çox qədimlərdə obanın şimalında, Qızıl qaya dağının ürəyinin başında qaynayan bulaqların gözü açılmış, gur sel yaradılmışdır. Yaylaqlardan endirilən suyu gil borular vasitəsilə şenliyə çatdırmışlar. Lakin bu Qırx Abdal bulaq suyunun obaya necə və nə vaxt gətirilməsinin dəqiq tarixi məlum deyil. Bununla əlaqədar xalqın hafizəsində bir maraqlı əfsanə yaşayır:
Guya şenliyin qırx bığı burma cavan igidi bulağın çəkilməsini öz öhdəsinə götürür, qayaları, dağları Fərhad kimi yarırlar. Su kəndə çatanda, çeşmələr qaynayanda igidlərə su içmək təklif olunur. Su içəndə onlar alovlanıb hamısı külə dönür. Ürəklər qəmlənir, gözlər nəmlənir. Həmin vaxtdan da bu su müqəddəsləşib "Qırx Abdal piri" kimi ziyarətgaha çevrilir...
— Teymur Bünyadov. "Əfsanələr diyarı", "Azərbaycan" jurnalı. № 2, Bakı, 1987, səh. 150. (az.)