Qızılburun nekropolu,Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərindən 18 km aralı, Arazın sahilində, eyni adlı qədim yaşayış yerinin yaxınlığında Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidə.
Qızılburun nekropolu | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bir hissəsi Naxçıvan–Culfa dəmiryolu xəttinin çəkilişi ilə əlaqədar dağıdılmışdır. Şərqində dağ silsiləsi, şimalda dərin xəndək, qərbdə yaşayış məskəni və Araz çayı ilə hüdudlanır. Nekropol 1895-ci ildə aşkar olunmuşdur. Açılmış qəbirlərdə qızıl əşyalarının olduğunu görənlər onları qarət etməyə başlamışlar. Sərhəd–gözətçi məntəqəsinin rəisi bunun qarşısını almış, əldə olunmuş materialların bir qismini toplayaraq Moskvaya – İmperator Arxeoloji Komissiyasına göndərmişdir. 1896-cı ildə arxeoloji komissiyanın göstərişi ilə qəbiristanda qazıntı işləri aparılmış, tapıntılar Moskva Dövlət Tarix Muzeyinə göndərilmiş, 1909-cu ildə nəşr olunmuşdur. Qızılburun nekropolunda aparılan arxeoloji qazıntılar nəticəsində daş qutu qəbirlərində meyitlərin bükülü, bəzən isə oturdulmuş halda basdırıldığı aşkar edilmişdir. Qəbirlərdən küpə, çölmək, kasa, vaza, çaydan tipli qablar, tunc xəncərlər, ox ucluqları, toppuzlar, dəmir alət və silahlar, gözəl bədii tərtibatda hazırlanmış qızıl və tunc bəzək əşyaları (tunc bilərzik, asmalar, sancaqlar və s.), əqiq və pasta muncuqlar və s. tapılmışdır. Tunc dövrünün qırmızı rəngli qabları qara və qəhvəyi, yaxud qara və qırmızı boyalarla çəkilmiş həndəsi naxışlarla, bəzən də insan və heyvan təsvirləri ilə bəzədilmişdir. İlk Dəmir dövrünə aid qablar qırmızı boya ilə, nisbətən enli xətlərlə naxışlanmışdır. Qızılburun boyalı qabları Naxçıvan mədəniyyətinə aiddir. Bu mədəniyyətin sahibləri patriarxal-icma quruluşunda yaşamış, əkinçilik və maldarlıqla məşğul olmuşlar. Qızılburun boyalı qabları ilə oxşar keramika nümunələri Türkiyədə (Boğazköy, Əlişarhöyük), İranda (Sialk, Göytəpə, Təpəhissar) aşkar edilmişdir. Nekropolda məbəd mövcuddur.