Qaçaq Mayıl

Qaçaq MayılXIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki lideri,[1]ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına, o cümlədən Qubaya hücumlarının qarşısını alan şəxslərdən biri.[1] O, həmçinin Quba üsyanın rəhbərlərindən biridir.

Qaçaq Mayıl
Zahirov Mayıl Zahir oğlu
Qaçaq Mayıl
Qaçaq Mayıl
Doğum tarixi
Doğum yeri Qonaqkənd, Quba qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Quba, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi qətlə yetirilib
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1865-ci ildə Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində dünyaya gəlib. Ona Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilir və o, xidmətə alınır. Burda yurd salan Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb qonşu dağlara tərəf, Xaşı kəndində iqamətgah tikdirir və orada yaşayır (Sonralar evi bolşeviklər yandırır. Bir müddət sonra yanmış evi bərpa edib orta məktəbə çevirirlər).[2]

1915-ci ildə Mayıl Zahir oğlu (1865–1924) Qonaqkənd nahiyəsinin yüzbaşısı seçiləndə artıq el arasında onun igidliyi və mərdliyi haqqında danışılırdı. Bu dövrdə mahalın Xaltan, Cimi, Buduq, Rük, Mücü kəndləri ona tabe idi. Səsvermə mahalın din xadimlərinin, ağsaqqallarının və hörmətli şəxslərinin iştirakı ilə rənglənmiş qozları sərnicə atmaq yolu ilə aparılıb. Andiçmə Həmdulla əfəndi Əfəndizadənin xeyir-duası ilə "Qurani-Şərif"ə and içməklə başlanılıb, mərkəzi qərargahda, qəzanın Qonaqkənd kəndində keçirilib. Yüzbaşı vəzifəsi Tiflis şəhərində yerləşən Qafqaz canişinliyində rəsmən təsdiq edilirdi. Haqqı nahaqqa vermədiyi, mərd insanları ətrafına yığdığı və onlara arxalandığı, namus-qeyrət keşiyini çəkdiyi üçün Mayılın çoxlu düşmənləri vardı. Ona qarşı düşmənçilik edənlər 1918–1920-ci illərdə gizli fitnə-fəsadlar yaratsalar da, 1920-ci ildən sonra ona qarşı açıq silahlı mübarizə aparırdılar.

Əsrin əvvəllərində dəfələrlə erməni bolşevik quldur dəstələrinin qarşısını almış qələbələr qazanmışdır. Qaçaq Mayıl və başına yığdığı igidlər 1918–1920-ci illərdə Quba və Şamaxı qəzalarında erməni-daşnak və rus-bolşevik quldurlarına qarşı döyüşüb, bir çox kəndlərdə dinc sakinlərə qarşı qətliamların qarşısını alıb. Şabrandan Qubaya qədər XI Qızıl Orduya və daşnaklara qarşı vuruşan Mayıl, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir. 1918-ci ildə əvvəlcədən qurulmuş plana görə daşnak qoşunu Şamaxını tutduqdan sonra oradan Xaltan yolu ilə Qubaya gəlməli idilər. Lakin, onların bu mənfur planları baş tutmadı, çünki Qonaqkəndli qaçaq Mayıl öz dəstəsini vaxtında səfərbər etmişdi. Nügədili Əbülfəzin tatlardan və azərbaycanlılardan, Ləzgi Abrek İsmayılın isə ləzgilərdən ibarət dəstəsi də ona qoşulmuşdu.

Soyqırım zamanı, Təngə dərəsi döyüşü

1918-ci ildə Şamaxını viran qoyan daşnak generalı erməni Amazaspa Qubaya keçmək, Dağıstana, Xasavyurta qədər arada olan kəndlərin sakinlərini qırmaq üçün hərəkətə başlayır. Güclü ordusu olan ermənilər Şamaxıdan dağ yolu ilə Təngə dərəsinə çatır. Amma erməni kəşfiyyatı onlara pis xəbər gətirir: Dağ yollarında, keçidlərdə və tikililərdə sayı bilinməyən yerlilərdən ibarət silahlılar yerləşib. Başçıları da Mayıl Zahirovdur. Ermənilər 1837-ci ildə Quba üsyanı zamanı baş vermiş döyüşdə "Tenginskiy polk"un məhv edilməsindən xəbərdar idilər (Həmin döyüşdə poruçik rütbəli məşhur rus şairi Lermontov da güllələnmişdi-müəll). Xəbərin şokundan ayılmayan ermənilər növbəti bəd xəbəri Laçından alır. Ermənilərin Qarabağa keçməsinə icazə verəcəyini deyən Sultan bəy dar dərədə erməni ordusunu sonuncu adamına kimi məhv etmişdi. Bütün bunlara baxmayaraq, qüvvələrin nisbətini ayırd etmək üçün kiçik yoxlama döyüşü olur. Həmin döyüşdə daşnaklar çox böyük itki vermişdir. Bundan sonra, baş verənləri analiz edən Hamazasp Təngə dərəsində Mayıla yem olmamaq üçün geri addım atır.

1918-ci ilin aprel ayında Şamaxı qəzasının hörmətli din xadimlərindən olan Şeyx Eyyubun nəvəsi Hacı Alıxan bəyin, avaxıllı Hacı Seyid Əfəndinin, çarhanlı dostu Şahkərəm Bəhram oğlu Kərəmovun (1885–1933) xahişi ilə Qaçaq Mayıl 400 atlı-süvari dəstə ilə Qızmeydan-Çuxuryurd cəbhə xəttində, səngər döyüşlərində yerli müdafiə dəstələri ilə çiyin-çiyinə vuruşub. Ona yaxından kömək edənlərdən Zarat-Xeybəri kəndindən olan dostu Ağacan Eyvaz oğlunun adı hörmətlə çəkilir. Ağır döyüşlərin getdiyi Şamaxı şəhərinin şimalındakı "Qız qalası" dağı ilə Məlhəm kəndi arasındakı "Ulu düzü" deyilən yerdə şiddətli səngər savaşları baş verib. Mayılın dəstəsi həmin döyüşdə 400-ə yaxın quldur silahlını burada məhv edib. Bu döyüşdə milli döyüşçülərimizdən 40 nəfər şəhid olub. O, bu döyüşlərdə çətin keçilən dağ yolları ilə patavalı atlarla gətirib Avaxıl kəndinin üstündə quraşdırdığı toplardan istifadə edib. Döyüşçülərinə türk 5 atılanları paylaylb. Yaralanan döyüşçülər Hacı Seyid Əfəndinin köməkliyi ilə arabalarla Qonaqkəndə və ətraf yerlərə aparılıb.[1] Arxivləşdirilib 2021-05-09 at the Wayback Machine

Quba qəzasında qırğınlar törətmiş Amazaspın arzusu Üçgün və Kilit kəndlərinə keçərək Şah dağına çatmaq idi. Amma, Amazaspın bu arzusu ürəyində qaldı. Digah kəndi ərazisində indi "Qanlı Dərə" adlanan yerdə Möhübəli Əfəndinin, Hatəm Ağanın, Əli bəy Zizikskinin, Bəybala bəy Alpanskinin və Qaçaq Mayılın birləşmiş dəstələri daşnaklarla qanlı döyüşə girib onları məhv edirlər.

Mayıl Zahirov təkcə Azərbaycanın müstəqilliyi deyil, qardaş Türkiyənin istiqlaliyyəti uğrunda da vuruşub. Həmdulla əfəndinin göstərişi ilə Qaçaq Mayıl və onun dəstəsi 1921-ci ildə Şərqi Anadoluda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib.

AXC və Qaçaq Mayıl

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyəti illərində Mayıl Zahir oğlunun böyük nufuzu var idi. Onun Milli Şuranın Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə (1884–1955), Nazirlər Şurasının sədri F. X. Xoyski (1875–1920) ilə sıx əlaqəsi olub. Milli dövlət qurucularının Lahıc kəndində keçən günlərində Mayıl da onların yanında olub. Məhəmməd Əmin Rəsulzadə Lahıcda olduğu vaxtlarda Məşədi Qaim adlı bir vasitəçi ilə daim Rəsulzadənin vəziyyəti barədə əlaqə saxlayır, ona yardım edirmiş.[1] O, həmçinin Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanı tərk etməsində iştirak etmişdir.[1] Qaçaq Mayılın adını ölkənin Qazax, Şəmkir, Tovuz bölgələrində də hörmətlə anırdılar.

Sovet işğalından sonra mübarizəsi

[redaktə | mənbəni redaktə et]

Sarvan döyüşü

1920-ci illərdə rus-bolşevik ordusunun dəstələri Azərbaycan Xalq Cümhuriyyətini devirmək məqsədilə ölkə ərazisini Samur çayından keçəndə onlara qarşı ilk müqaviməti Mayıl Zahir oğlunun (oğlanları Osman və İbrahim də daxil olmaqla) dəstələri göstərib və ağır döyüşlərini Şabran cəbhəsində Sarvan ərazisində (minlərlə düşmən qüvvəsi məhv edilməklə) keçirib. Mayılın oğlu İbrahim AXC ordusunun əsgəri kimi Yalama stansiyasında xidmət edib. Yalama stansiyasında döyüş bitdikdən sonra Qaçaq Mayılın rəhbərliyi ilə Şabranda Sarvan stansiyasında relslər sökülür. Silahlılar mövqe tutur. Günortaya yaxın qırmızı ordunu gətirən qatar nəhayət gəlir. Ordunun hərəkəti dayandırılır. Qatardan səsgücləndirici ilə müraciət edilir: Atmayın, sözümüz var! Silahlar endirilir, bir qədər sonra qatarın qapısı açılır və əlində səsgücləndirici olan şəxs sözünə davam edir: İbrahim, mənəm. Yol verin, sizinlə işimiz yoxdur. Siz də bilirsiniz ki, qarşımızı kəsməyiniz Türkiyəyə ziyandır. Biz Anadoluya gedirik, yol verin. Vuruşsanız, sizə ziyan olacaq. Qırmızı Orduya qalib gəlmək mümkün deyil. Hər kəs şoka düşür. Qatardan silahlılara müraciət edən şəxs Həmdulla Əfəndinin dayısı oğlu, İbrahimin məktəb yoldaşı və Mircəfərin süd qardaşı Qəzənfər Musabəyov idi. Q. Musabəyov müraciətini bitirəndən sonra, qatara qayıdır. Bu ərəfədə hikkəsini boğa bilməyən İbrahim qatara güllə atır və bununla da, döyüş başlayır. Pulemyotlardan atəş açan ruslar qısa vaxt ərzində dağınıq halda hücum edən yerli əhalini sıxışdıra bilir. Dəstəyə rəhbərlik edən Mayıl məğlub olduqlarını görərək sağ qalanlarla birlikdə Babadağa çəkilir. Nəriman Nərimanov yerli əhalini əldə saxlamaq üçün Həmdulla Əfəndiyə toxunulmazlıq verir. Əksinqilabçı Mayıl isə Qaçaq Mayıl adı ilə mübarizəsinə davam edir. Məhəmməd Əmin Rəsulzadənin Lahıcda qaldığı vaxtlar hər gün onunla görüşür, onu zəruri sənəd və məktublarla təmin edir. Onun Dağıstana keçirilməsi planı Mayıla tapşırılsa da, plan baş tutmur. Mayıl təslim olması barədə təkliflərə rədd cavabı verir. 20-ci illərin ortalarına qədər gizli fəaliyyət göstərən Müsavatın özək təşkilatı Mayıldan müqavimət göstərməyə davam etməyi xahiş edir. Mayıl təslim olmadıqca ətrafına toplaşanların sayı artmağa başlayır.

Hüsü Hacıyevlə görüşü

Quba İcraiyyə komitəsinin rəhbəri Hüsü Hacıyev 4 nəfərlə birbaşa Qonaqkəndə, Mayılın görüşünə yollanır. Neycə meşəsindəki iqamətgahında gecədən xeyli keçənə qədər görüş davam edir. Qaçaq Mayıl qonaqların şərəfinə süfrə açdırır. Süfrə başında hörmətsizlik olar deyə, söhbət açılmır. Amma sonda Hüsü Hacıyev rəsmi əmrlə möhürlənmiş məktubu Mayıla uzadır. Qaçaq Mayıl ətraf dağların nəzarətçisi təyin edilir. Qonaqlar yola salınır. Amma Hacıyevin dəstəsinin Qubaya çatması ilə mühasirəyə düşməsi bir olur. Qaçaq Mayıl ordaca mövqeyini elan edir. Hüsü Hacıyev Bakıya əliboş dönür.[2]

Mircəfər Bağırovla münasibətləri

Bir faktı da qeyd edək ki, oğlu İbrahim atasının vəsaiti hesabına yaxın dostu M. C. Bağırovla birlikdə 1914–1918-ci illərdə Sankt-Peterburq şəhərində Hərbi məktəbdə oxuyub. Deyilənə görə, İbrahim Mir Cəfərsiz oxumağa getməyəcəyini ağlaya-ağlaya izhar edibmiş. M. C. Bağırovun sənədlərinin hazırlanmasında da Mayıl Zahir oğlu xeyli əziyyət çəkib.

Hüsü Haciyevin əliboş qayıtması mərkəzi hakimiyyəti narazı salır. İşi bitirmək üçün NKVD-yə tapşırıq verilir. Plana görə, Qaçaq Mayılın dəstəsində fikir ayrılığı yaradılmalı və onun dəstəsi çökdürülməliydi. Qaçaq Mayılın oğullarından biri öldürülür. Az sonra şayiə yayılmağa başlayır ki, guya Mayıl özü oğlunu öldürdüb. Şübhəli xəbərlər digər oğullarına da çatır. Mayılın ətrafında inamı sarsıdan NKVD onun axırına çıxmaq üçün son həmləyə başlayır. Qaçaqların arasındakı casus xəbər verir ki, 1924-cü il mayın 24-ü Mayıl Dədəgünəşə Həzrət babanı ziyarətə gedəcək. Babadağda son ziyarətini edən Qaçaq Mayıl geri qayıdarkən, Utuq dərəsində tələyə düşür. Qabaq qayadan beşatılanla hədəf alınan Mayıla iki güllə dəyir. NKVD-nin planı baş tutur, Mayılın qətli isə guya ondan narazı qalan oğullarının üstündə qalır. Mayılın meyitini Xaşı kəndinə gətirib, pirin yanında dəfn edirlər.[2]

Qaçaq Mayılın oğlu İbrahim və yoldaşları

7 övladı olub. Seyrə Zahirova, İzzət Zahirova, Ömər Zahirov, Xankişi Zahirov, Baba Zahirov, Osman Zahirov və Hüriyyə Zahirova.

Qaçaq Mayılın öldürülməsindən sonra sağ qalan üç oğlu Babadağa çəklilir və burda mübarizəni davam etdirir. Elə burdan da, ikinci bir qaçağın adı dillərə düşür. Qaçaq Mayılın böyük oğlu Qaçaq Osman sovet hakimiyyətinə qənim kəsilir. İşə bu dəfə də NKVD müdaxilə etməli olur. O zaman Qonaqkənddə olan yerli NKVD nümayəndəsi Osmana tələ qurur. Osman hazırlanmış sui-qəsd nəticəsində ayağından yaralanır. Babadağda "Mayılın kahası" adlanan yerdə yaşamağa məhkum olur. Amma NKVD ondan əl çəkmir. Qışın çovğununda Babadağa, Osmanın arxasınca silahlı dəstə göndərilir. Ancaq dəstə üzvləri soyuqda donur və heç kim geri qayıtmır. Bundan sonra , NKVD sonuncu varianta əl atır. Ərazinin yaşlı əfəndisinin ailəsi girov götürülür. "Osman təslim olmasa, əfəndinin ailəsi güllələnəcək" şərti irəli sürülür. Əfəndi dağa yollanır. Yaralı Osmanı müalicə adı ilə evlərinə dəvət edir. Şübhələr dolu həyat yaşayan Osman ona inanmamasa da Əfəndi and içərək onu inandırır və kəndə gətirir. Baba dərəsində əfəndi Osmandan yaralı olmasını bəhanə gətirib tüfəngini alır. Tərki silah edilmiş Osman xəyanət nəticəsində ələ keçir. Osmanı ələ keçirib müalicə etdirən hökumət humanist rol oynamağa davam edir. Ölkənin müxtəlif yerlərində təşkil edilən sirklərin sonunda Osman səhnəyə çıxarılır və Sovet dövlətinin sarsılmazlığı mədh edilir. Qısa vaxtdan sonra, dağda qalan İbrahim və digər qardaşı da həbs edilir. Məhkəmə hər üç qardaşı Kazana sürgünə yollayır.

Oğlu İbrahim AXC ordusunda xidmət edib və Sarvan döyüşünün iştirakçısı olub.

Qızı Seyrə Zahirova hazırda Sumqayıt şəhərində yaşayıb. 5 övladı, 29 nəvəsi var. Hazırda onun Qonaqkənddəki ata mülkündən orta məktəb binası kimi istifadə olunur.[3]

  • Azərbaycan Yazıçılar Birliyinin üzvü Tofiq Nurəli onun haqqında "Qaçaq Mayıl" kinopovestini yazmışdır.[4][5]
  • Buduq xeyriyyə cəmiyyəti tərəfindən "Qaçaq Mayıl" mükafatı təsis edilib.[6]
  • 2020-ci ildə Tahir Həsənlinin onun haqqında “Qaçaq Mayıl dastanı” adlı kitabı çap olunmuşdur.[7]
  1. 1 2 3 4 Rəsulzadəni Azərbaycandan qaçıran Qaçaq Mayıl Mircəfər Bağırovun hansı xahişini rədd edib? Arxivləşdirilib 2017-10-25 at the Wayback Machine apa.tv  (az.)
  2. 1 2 3 "Arxivlənmiş surət". 2016-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
  3. "Arxivlənmiş surət". 2017-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
  4. Tofiq Nurəli kimdir? Arxivləşdirilib 2013-12-11 at the Wayback Machine qubalilar.biz  (az.)
  5. "Son sevgi şairi bəlkə də mənəm" Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine kulis.az  (az.)
  6. http://www.budatlar.com/azj/buduq-v%C9%99-buduqlular-bar%C9%99d%C9%99
  7. Qaçaq Mayıl dastanı. Tahir Həsənli