Quba üsyanı — 1920-ci ildə Quba qəzasının Kuzun kəndində Sovet işğalına qarşı baş vermiş xalq üsyanı.[1][2] 3 həftəyə yaxın davam edən üsyana həmçinin siyasətçi Həmdulla Əfəndizadə, qaçaq Mayıl və AXC ordusunun zabiti Səttar Əfəndiyev rəhbərlik edirdilər. Üsyanın yatırılması üçün Əliheydər Qarayev və Levan Qoqoberidze bölgəyə ezam olunurlar. Həftələrlə davam edən qeyri bərabər döyüşlərdən sonra üsyançılar məğlub olurlar. Üsyanın yatırılması zamanı bolşeviklər tərəfdən Kuzun kəndi və daha bir neçə kənd yandırılmış və 400-500 kəndli qətlə yetirilmişdir.[3]
Quba üsyanı | |||
---|---|---|---|
Azərbaycanda Sovet işğalına qarşı üsyanlar | |||
Tarix | 1920-ci il avqust sentyabr ayları | ||
Yeri | Kuzun, Quba qəzası | ||
Səbəbi | Ölkənin işğalı | ||
Nəticəsi | Üsyan bolşeviklər tərəfindən yatırılıb | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Avqustun 23-də Quba qəzasında Kuzun kəndinin əhalisi silahlı üsyan qaldırdı.[4] Onlar kənddə iki nəfər milisi öldürdülər və yeni hakimiyyətə itaətsizliklərini bəyan etdilər[5]. Üsyanın qarşısını almaq üçün qəza komitəsi kəndə 4-cü süvari alayından 45 nəfərlik (30 nəfər süvari, 15 nəfər piyada) dəstə göndərdi. Lakin dəstə üsyanı yatıra bilmədi və çoxlu itki verdi. Dəstədən yalnız 6 nəfər xilas oldu.[6] Qubanın hərbi komissarı Kuzun kəndində sovet hakimiyyətinin bərpa olunması üçün bir taqım və pulemyotçu göndərdi. Avqustun 26-da Kuzun kəndinin üsyançıları ilə sovet qüvvələri arasında yeni döyüş oldu. Kənd əhalisi bu dəfə də sovet qüvvələrinə ciddi müqavimət göstərdi.
Avqustun 29-da Qubanın 4 verstliyində sovet qüvvələri ilə üsyançılar arasında yeni vuruşma baş verdi. 100 nəfərlik sovet qüvvələri xeyli itki verdilər.[7] Avqustun ayının sonu və sentyabrın əvvəllərində üsyançıların silahlı dəstəsi artıq formalaşmışdı. Cümhuriyyət ordusunun podpolkovniki Əfəndiyevin rəhbərlik etdiyi dəstədə türk zabitləri də vardı. Üsyançılar xeyli pulemyot və beşaçılan tüfəng əldə etmişdilər. Sentyabrın 3-də səhər saat 7-də üsyançılar Dəvəçi-Xaçmaz üzərinə hücum etdlər. Onların qarşısına 7-ci süvari dəstəsi çıxarıldı. Gərgin döyüşdən sonra sovet-bolşevik döyüşçüləri mövqelərini qoruyub saxlaya bildilər.[1] Bununla belə, onlardan 4 nəfər öldürüldü və 4 ədəd "Lyuis" pulemyotu alındı. Xaçmaz yaxınlığında bolşeviklərin zirehli qatarı da dayanmışdı. Bu da onların imkanlarını artırırdı. Üsyançılar elə mövqelərdə yerləşmişdilər ki, zirehli qatardakı topların atəşi onlara çatmırdı. Kəşfiyyat məlumatlarından məlum olmuşdu ki, Çərxi stansiyası ətrafında da yeni rejimlə razılaşmayan yerli əhalinin silahlı dəstəsi təşkil edilmişdir.[8][9]
Quba ərazisində mövcud olan güclü dəstələrdən birinə də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin keçmiş deputatı Həmdulla əfəndi Əfəndizadə[10] rəhbərlik edirdi.[11] Onun öz qardaşı Şəmsəddin Əfəndi, türk zabiti İsmayıl Əli Əfəndi, milli ordunun zabitləri Səttar Əfəndiyev ilə Şükür bəy də üsyana başçılıq edirdilər.[12][13]
Sovet rejimi üçün təhlükəli xarakter alan bu üsyanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1920-ci il sentyabrın 9-da keçirilən plenumunda ciddi müzakirə edilmişdi. Plenum Quba üsyanını yatırmaq üçün Əliheydər Qarayev və Levan Qoqoberidzeni ora ezam etmək[5] Qəzənfər Musabəyovu isə Quba qəzasının fövqəladə komissarı təyin etmək barədə qərar qəbul etdi.[14]
Üsyanı yatırmaq üçün qəzanın fövqəladə komissarı Qəzənfər Musabəyov 1920-ci il sentyabrın 11-də Quba əhalisinə müraciət etdi. Bu müraciətdə Həmdulla əfəndinin və Mailin rəhbərliyi altında qəzada baş qaldıran üsyan haqqlnda, onun yatırılması haqqında məlumat verilirdi. Üsyanın daha da genişlənməsinə yol verməmək üçün Musabəyov sovet hakimiyyəti adından üsyanda iştirak edən əhaliyə amnistiya elan edir və silahlıları öz silahlarını təhvil verməyə çağırır. Bundan başqa o həm də onu da bildirir ki, sovet hakimiyyətinə qarşı yeni üsyan qaldırmaq cəhdi amansızca yatırılacaqdır.[9][14] Əllərdə saxlanılan silahların toplanması və yeni üsyanların qarşısının alınması üçün Qubadakı sovet hakimiyyəti nümayəndələri ilə XI ordu nümayəndələri də Quba əhalisinə müraciət etdi. Bu müraciətdə də əhali bolşevik qüvvələrinə qarşı aparılan təbliğata inanmamağa, sovet hakimiyyətinə qarşı mövqe tutmuş bəylərə və xanlara qoşulmamağa, əllərindəki silahları hakimiyyət nümayəndələrinə təhvil verməyə çağırılırdı.[15]
5-6 min nəfərin iştirak etdiyi Quba üsyanı sentyabr ayında amansızlıqla yatırıldı.[16][17] Üsyanı yatırmaq üçün bölgəyə ezam olunmuş Əliheydər Qarayev və Levan Qoqoberidzenin rəhbərlik etdiyi əməliyyatlarda 400-500 kəndli öldürüldü.[18] Bəzi kəndlər mərmi atəşlərindən alışıb yandı.[3][19] Çətinliklə yatırılan Quba üsyançılarının böyük silahlı dəstələrindən birinin rəhbəri Həmdulla əfəndi Şamaxı ilə sərhəd olan yüksək dağ kəndlərinə çəkildi[20]. Üsyançı kəndlər isə bolşeviklərin nəzarəti altına keçdi.[1]