Qafqaz Canişin sarayı

Tbilisi Milli Gənclər Sarayı (gürc. საქართველოს მოსწავლე ახალგაზრდობის ეროვნული სასახლე), bəzən Qafqaz Canişin sarayı və ya Vorontsov sarayı (rus. Воронцовский Дворец) — Gürcüstanın Tbilisi şəhərində yerləşən saray.[1] 1917-ci ilə qədər bu binada çarın Qafqazdakı canişininin iqamətgahı yerləşib. Hazırda bina Təhsil alan gənclərin sarayı kimi tanınır.[2]

Tbilisi Milli Gənclər Sarayı
gürc. საქართველოს მოსწავლე ახალგაზრდობის ეროვნული სასახლე
Xəritə
41°41′45″ şm. e. 44°47′56″ ş. u.
Ölkə  Gürcüstan
Şəhər Tbilisi
Yerləşir Rustaveli prospekti
Memar N.Semenev
Otto Simonson
Tikilmə tarixi 1845-1847
Üslubu klassizm
Vəziyyəti qəzalı
Rəsmi sayt youthpalace.ge
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövrümüzə gəlib çatan şəkillərin əksəriyyətində bina Böyük Knyaz Mixail Nikolayeviçin (Romanov) sarayı adlandırılır. Məhz onun dövründə saray Otto Simonson tərəfindən yenidən qurulub.[1] Amma Tiflisdə binanı Mixail Vorontsovun adı ilə Vorontsov sarayı kimi də tanıyırdılar.[1]

Georq Timm - Qafqaz canişininin sarayı, 1830-cu illər

Canişin sarayının tarixi general Pavel Sisianovdan başlayır.[1] Çarın Qafqazdakı canişini üçün ilk iqamətgah 1802-ci ildə Rusiya yolunda (sonradan Qolovinski, indiki Rustaveli prospektində) tikilib.[1] Bu evdə çarın Qafqazdakı baş komandanları və canişinləri yaşayıb.[1] Sonralar ev dəfələrlə yenidən qurulub. Məhz bu iqamətgahda Mixail Vorontsov Hacı Muradı qəbul edib və onu öz tərəflərinə çəkməyə çalışıb.[1] 1917-ci ilə qədər bu binada çarın Qafqazdakı canişininin iqamətgahı yerləşib. Saray canişinin həm evi, həm də iqamətgahı idi.[1]

Qafqaz canişininin gündəlik işləri və ailəsinin şəxsi həyatı burada keçirdi: işgüzar görüşlər, rəsmi və ya qeyri-rəsmi mərasimlər, ziyafətlər, ballar, maskaradlar, digər müxtəlif şənliklər bu binada təşkil olunurdu.[1] Nikolay Biqayev (canişin konvoyunun komandiri) “Qafqazın son canişinləri” kitabında sarayda təşkil edilən ənənəvi qəbullar və ziyafətlər barədə yazır:

" ...yeni il və pasxa qəbullarında sarayın bütün zalları ağzına kimi qonaqlarla dolurdu. Belə günlərdə stollar müxtəlif yeməklərin ağırlığından az qala sınırdı... Qərblilər “belə faydasız israfçılığı” başa düşmürdülər...çaxır və şampanlar çay kimi axıdılırdı...

Pasxa cümə axşamlarında saraya Müqəddəs Nina Məktəbinin qızları və Tiflis Korpusunun kadetləri dəvət olunardı... Cavanlar bu günü səbirsizliklə gözləyərdi...Qonaqlıqdan başqa onlar üçün məşhur konvoy xorunun və balalayka çalanların konsertləri, həmçinin rəqslər, oyunlar və digər əyləncələr təşkil edilərdi...[1]

"

XX əsrin əvvəllərində bu binada Zaqafqaziya Seymi, Gürcüstan Respublikasının parlamenti və hökuməti, Gürcüstan SSR-in və ZSFSR-in (Zaqafqaziya Federasiyasının) Mərkəzi İcraiyyə Komitələri və Xalq Komissarları Soveti yerləşib.[1]

Stalinin anası Yekaterina Cuqaşvili (Keke) 1920-ci illərin əvvəllərində Tbilisidə yaşayıb. Stalin onu Qafqaz canişininin keçmiş sarayında yerləşdirib. Lakin Keke yalnız birinci mərtəbədə kiçik bir otaqla kifayətlənib. Svetlana Aliluyeva xatirələrində bu barədə yazırdı:

" O, (Yekaterina Cuqaşvili) hansısa qədim və qəşəng bir sarayda yaşayırdı. Aşağı mərtəbədə kiçik pəncərələri həyətə açılan alçaq bir otaqda sakinləşmişdi. Küncdə dəmir çarpayı və şirma qoyulmuşdu. Otaq qarılarla dolu idi - hamısı da Gürcüstanda qəbul olunduğu kimi qara paltarda. Çarpayıda qoca bir qarı əyləşmişdi. Bizi onun yanına apardılar. O, arıq və qabarlı əlləri ilə hamımızı bərk-bərk qucaqladı, üzümüzdən öpə-öpə gürcücə nəsə deyirdi... Başı yaylıqla örtülü idi. Amma mən bilirdim, atam danışmışdı ki, nənə cavanlıqda sarışın olub ki, bu da Gürcüstanda gözəl olmaq sayılır.[1] "

1930-cu illərdə saray uşaqların ixtiyarına verilib, pioner və məktəblilər sarayı kimi fəaliyyət göstərib.[1] Hazırda bina Təhsil alan gənclərin sarayı kimi tanınır.[1]

Azərbaycan tarixində yeri

[redaktə | mənbəni redaktə et]

Rusiya imperiyası dağıldıqdan sonra yaradılan Zaqafqaziya Seymi bu binada fəaliyyət göstərib.[1] Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının ilk iclasının (1918-ci il 16 mart) protokolunda harada keçirildiyi göstərilməsə də, protokollara əsasən həmin il martın 25-də olan ikinci iclasın da bu binada keçirilib.[1]

Müsəlman fraksiyasının digər iclaslarının protokollarında məkan göstərilməsə də, 1918-ci il mayın 25-dəki səhər və axşam iclasları yenə bu sarayda (Tiflis. Dvorets) keçirilib.[1] Zaqafqaziya Seyminin süqutunun ertəsi günü (1918-ci il 27 may) seymin bütün keçmiş müsəlman üzvlərinin iclasının protokolda harada keçirildiyi göstərilmir.[1] Çox güman ki, iclas Qafqaz Canişin sarayında olub və bu iclasda da Azərbaycan Milli Şurasının yaradılması qərara alınıb.[1] Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də bu sarayın ikinci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilib və Azərbaycanın 6 bənddən ibarət “Milli İstiqlal Bəyannaməsi” imzalanıb.[1] Azərbaycan Milli Şurasının ikinci (1918-ci il 29 may), üçüncü (1918-ci il 1 iyun) iclaslarının protokollarında da Qafqaz Canişin sarayı göstərilir.[1] 1918-ci il iyunun 16-na qədər, yəni Gəncəyə köçənə kimi Azərbaycan hökumətinin üzvləri də bu binada yerləşiblər.[1]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

1845-1847-ci illərdə N.Semenevin dizaynı və arxitektorluğu ilə binanın yerində saray tikilib.[1][2] Yeni layihə əsasında tikilən binada klassizm ənənələri üstünlük təşkil edirdi, Semenev tikiliyə renesans dövrü memarlığına xas olan formalar əlavə etmişdi.[1] Kələ-kötür, yonulmamış daşlarla hörülməsi fasadı hissələrə bölürdü. İki yarusda sıralanan arkalı qalereyalar binaya ahəngdarlıq verirdi.[1]

Sonuncu dəfə (1865-1868-ci illərdə) bina arxitektor Otto Simonsonun layihəsi əsasında demək olar ki, yenidən tikilib.[2] Fasadın görünüşü dəyişdirilib.[1] İntibah dövrü elementləri harmonik elementlərlə əvəzlənib, korinf pilyastrları, arkaları, qalereya arkadaları, medalyonlar və dairəvi fontanlar qoyulub.[1]

Saray gözəl bağçaya və güzgülü böyük zala malik idi.[1] Azərbaycanın müstəqilliyinin bəyan edildiyi İstiqlal Bəyannaməsinin ilk dəfə səsləndirildiyi və qəbul edildiyi mavi salon sarayın ikinci mərtəbəsində yerləşirdi.[1]

Saray böyüklüyü, incəliklə düşünülmüş planlaşdırılması və interyerlərinin müxtəlifliyi ilə seçilir: geniş zallarla növbələnən ön anfiladalar (bir-birinə düz yolu olan yanaşı otaqlar), rahat qonaq otaqları və ciddi iş otaqları.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 "Qrandükün sarayı". jurnal.meclis.gov.az. meclis.gov.az. 1 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
  2. 1 2 3 "Воронцовский дворец". www.advantour.com. www.advantour.com. 5 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
  • "საქართველოს ძველი ქალაქები: თბილისი", 2006 წელი, ISBN 99940-0-923-0