İstiqlal Bəyannaməsi

Azərbaycanın İstiqlal Bəyannaməsi, İstiqlal Bəyannaməsi (az-əbcəd. ایستیقلال بیان‌نامه‌سی‎) və ya İstiqlal Əqdnaməsi (az-əbcəd. ایستیقلال عقدنامه‌سی‎) — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd.

İstiqlal Əqdnaməsi
az-əbcəd. ایستیقلال عقدنامه‌سی
İstiqlal Əqdnaməsinin orijinal əlyazma-surəti. Azərbaycan Respublikası Dövlət Arxivi
İmzalanma tarixi 27 may 1918
Təsdiqlənib 28 may 1918
Orijinal dil Azərbaycan dili
İmzalanma yeri Tiflis
Müəllif Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası
İmzalayanlar Həsən bəy Ağayev
Fətəli xan Xoyski
Nəsib bəy Yusifbəyli
Camo bəy Hacınski
Şəfi bəy Rüstəmbəyli
Nəriman bəy Nərimanbəyov
Cavad Məlik-Yeqanov
Mustafa Mahmudov
Vikimənbədə elektron versiyası

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur.

Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Müstəqillik Günü dövlət bayramı kimi qeyd edilir.

1918-ci ilin əvvəlində Qafqazda siyasi vəziyyət çox çətin olaraq qalırdı. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqlarının uğursuzluğundan sonra, alman-türk qoşunları 1917-ci il 6 dekabrda Qafqazda hücuma başladılar. 1918-ci ilin yanvar ayının əvvəlində türk qoşunları QarsBatum vilayətlərini ələ keçirə bilmişdi. Türk əsgərlərinin uğuru Zaqafqaziya Komissarlığını Osmanlı İmperiyasına sülh danışıqları üçün 6 fevral 1918-ci ildə Qafqaz Cəbhəsinin komandiri Mehmet Vəhib Paşaya teleqram göndərməyə məcbur etmişdi.

Zaqafqaziya seyminin yaranması

[redaktə | mənbəni redaktə et]

Zaqafqaziya Komissarlığı effektsiz olduğuna və regionda kifayət qədər güclü hakimiyyətə malik olmadığına görə özünün ləğv edilməsini elan etməyə məcbur oldu. 1918-ci il yanvarın 5-də açılaraq elə həmin gündə bolşevik hökuməti tərəfindən qovulmuş Müəssislər Məclisinə Zaqafqaziyadan seçilmiş deputatlar yol bağlı olduğu üçün Rusiyaya gedə bilməmişlər.[1] Zaqafqaziyadan Rusiya Müəssislər Məclisinə seçilmiş deputatlar 1918-ci il fevralın 14-də ölkədə hakimiyyət orqanı kimi Zaqafqaziya seymini yaratmağı qərara alırlar.[1] Seymdə Rusiya Müəssislər-Məclisinə seçkilər zamanı hər partiyanın aldığı səsin sayına müvafiq olaraq Zaqafqaziya Seymindəki nümayəndələrin sayı artırıldı.[1]

Müsavat Partiyası və demokratik bitərəflər qrupundan 30 nəfər, Müsəlman sosialist blokundan 7 nəfər, İttihad Partiyasından 3 nəfər, Müsəlman sosialist-demokrat menşevik partiyası Hümmətdən isə 4 nəfər Zaqafqaziya Seyminə daxil edildi.[1] Nəticədə Zaqafqaziya Seymində 44 azərbaycanlı nümayəndə iştirak edərək, seymin müsəlman fraksiyasını yaratdılar.[1] Bunlar aşağıdakı şəxslər idi:[1]

"Müsavat" və demokratik bitərəflər qrupundan: Məmməd Yusif Cəfərov, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski, Mir Hidayət bəy Seyidov, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Məhəmmədbəyov, Aslan bəy Qardaşov, Şəfi bəy Rüstəmbəyli, Cavad bəy Məlikyeqanov, Mustafa Mahmudov, Mehdi bəy Hacıbababəyov, Hacı Səlim Axundzadə, Mehdi bəy Hacınski, Xudadat bəy Məlik-Aslanov, Müseyib bəy Əxicanov, Lütfəli bəy Behbudov, Firudin bəy Köçərli, İbrahim ağa Vəkilov, Həmid bəy Şahtaxtinski, Rəhim bəy Vəkilov, Ələsgər bəy Mahmudbəyov, Yusif əfəndi Əfəndizadə, Mirzə Camal Yusifzadə, Məmmədrza ağa Vəkilov, İslam bəy Qəbulzadə.

Müsəlman sosialist blokundan: İbrahim bəy Heydərov, Əlixan Qantəmir, Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov, Bağır Rzayev, Camo bəy Hacınski, Məhəmməd Məhərrəmov. Rusiyada müsəlmançılıq – "İttihad" partiyasından: Sultan Məcid Qənizadə, Mir Yaqub Mehdiyev, Heybətqulu Məmmədbəyli. Müsəlman sosial-demokrat menşevik "Hümmət" partiyasından: Cəfər Axundov, İbrahim Əbilov, Əkbər ağa Şeyxülislamov, Səməd ağa Ağamalıoğlu.

Zaqafqaziya seymi Yevgeni Gegeçkori başda olmaqla, Zaqafqaziya hökumətini təşkil etdi. Qafqaz cəbhəsində vəziyyət və Zaqafqaziyanın müstəqilliyinin elan edilməsi məsələləri istər Seymin, istərsə də hökumətin fəaliyyətində əsas yer tuturdu. Zaqafqaziya Seymindən müsəlman fraksiyasının lideri Məhəmməd Əmin Rəsulzadə bu barədə yazırdı: "Seymdə müsəlmanların bütün səyləri cəbhə məsələsinin dinc yolla həlli və Qafqazın müstəqilliyinin dərhal həyata keçirilməsinə yönəlmişdi. Müstəqil Qafqazın mövcudluğu təkcə Qafqaz müsəlmanlarının deyil, həm də Rusiyanın daimi təhlükəsi qarşısında qalan digər müsəlman ölkələrinin də mənafeyinə uyğun idi".[2]

Trabzon konfransı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Trabzon konfransı

Seymin qarşısında duran əsas məsələlərdən biri yaxınlaşan sülh danışıqları üçün hüquqi baza yaratmaq idi. Lakin bu məsələ ilə əlaqədar qəbul edilmiş qərar ziddiyyətli xarakter daşıyırdı: Zaqafqaziyanı müstəqil dövlət elan etməyən Seym özünün xarici dövlətlərlə sülh bağlamaq səlahiyyəti olduğunu bildirir, Türkiyə ilə danışıqlara dair proqramında göstərirdi ki, 1914-cü ildəki dövlətlərarası sərhəd bərpa olunmalıdır. Bundan əlavə, Zaqafqaziya nümayəndə heyəti Şərqi Anadoluda Türkiyə dövləti tərkibində olmaqla ermənilər üçün öz müqəddəratını təyin etmək hüququ əsasında muxtariyyət əldə etməyə çalışırdı.[3] Danışıqlar aparmaq üçün üç Cənubi Qafqaz millətinin parlament fraksiyalarını təmsil edən siyasətçilər qrupundan nümayəndə heyəti təşkil olunmuşdu.[3] Gürcü Akaki Çxenkelinin başçılıq etdiyi nümayəndə heyətindəki azərbaycanlılar — müsavatçılar Məmmədhəsən HacınskiXəlil bəy Xasməmmədov, sosialist blokunun üzvü İbrahim bəy Heydərov, ittihadçı Mir Yaqub Mehdiyev və menşevik-hümmətçi Əkbər ağa Şeyxülislamovdan ibarət idi. Martın 12-də bütün qrup üzvləri danışıqların başlanacağı Trabzona gəldilər.[4]

Zaqafqaziya Seymi hələ Türkiyə ilə sülh danışıqlarına hazırlaşdığı vaxt Brestdə Rusiya ilə Almaniya arasında separat müqavilə imzalanmışdı və onun bir şərtinə görə Ərdəhan, Qars və Batum Türkiyəyə verilməli idi.[5][6] Zaqafqaziya Seymi Brest sülhünün bu şərtini qəbul etmədi və Petroqrada XKS adına teleqram göndərərək bildirdi ki, "Brest sülhünü tanımır, çünki Zaqafqaziya heç vaxt bolşeviklərin və Xalq Komissarları Sovetinin hakimiyyətini qəbul etməmişdir".[7] Türkiyə isə Brest sülhünün qərarlarına əsaslanaraq, Zaqafqaziya Seyminə Qars, Batum və Ərdəhanı dərhal boşaltması haqqında ultimatum verdi. Belə bir şəraitdə 1918-ci il martın 14-də Trabzonda Türkiyə və Zaqafqaziya Seyminin nümayəndə heyətləri arasında sülh konfransı açıldı. Konfransda Türkiyə nümayəndəliyi mövqeyini açıqlayaraq bildirdi ki, əgər Zaqafqaziya beynəlxalq hüququn subyekti olmaq istəyirsə, tezliklə Rusiyadan ayrılmalı və öz müstəqilliyini elan etməlidir.[8][9]

Trabzon danışıqlarında iştirak edən Zaqafqaziya nümayəndəliyinin daxilində Türkiyəyə güzəşt məsələsində yekdillik yox idi. Çünki ermənilər Qars vilayətinin böyük bir hissəsini, gürcü nümayəndələri Ərdəhanın və Batumun Zaqafqaziya dövlətinin tərkibində qalmasını istəyirdilər.[3] Bu məsələyə münasibətilə neft sənayesinin mənafeyini qoruyan Azərbaycan daha iki mühüm səbəbdən gürcüləri müdafiə edirdi: birincisi, bütün Zaqafqaziya, o cümlədən Azərbaycan üçün Qars və Ərdəhan Dünya Okeanına yeganə çıxış qapısı olan Batum qədər çox böyük əhəmiyyət daşımırdı; ikincisi, yerli əhalinin əksəriyyəti türklər olan bu iki vilayət milli, coğrafi, tarixi amillərlə Türkiyəyə bağlı idi.[3]

Türkiyə tərəfinin güzəştə getmək və Zaqafqaziya rəhbərlərinin reallıqla hesablaşmaq istəməmələri danışıqların pozulmasına gətirib çıxartdı.[3] Aprel ayının 6-da Türkiyə tərəfi Zaqafqaziya nümayəndələrinə Brest-Litovsk müqaviləsinin şərtlərini qəbul edib-etməmək barəsində 48 saat ərzində cavab verilməsini tələb edən ultimatum təqdim etdi.[3] Eyni zamanda danışıqlara yenidən başlamaq üçün Cənubi Qafqazın müstəqilliyini elan etməsi barədə əvvəlki şərtini çıxardı.[10] Nümayəndə heyəti başçısı A. Çxenkeli Türkiyə tərəfinin ultimatumunu qəbul etmək qərarına gəldi, lakin gec idi, çünki artıq Türkiyə qoşunları Batumdan başqa həmin ərazilərin hamısını tutmuşdu.[3]

Bu dövrdə Zaqafqaziyada erməni şovinist millətçi qüvvələr öz məkrli siyasətlərini davam etdirirdilər.[11] 1918-ci ilin yanvarından onlar Bakıda və Zaqafqaziyanın digər bölgələrində müsəlman qırğını törətmək üçün müxtəlif fitnəkarlıqlara əl atır, Bakı Sovetinin orqanlarına, şəhər idarəçiliyinin həlledici vəzifələrinə öz nümayəndələrini soxurdular.[12]

Regionda vəziyyətin ağırlaşması

[redaktə | mənbəni redaktə et]
1918-ci il 31 mart soyqırımı zamanı Şah məscidinin ermənilərin atdığı top mərmiləri tərəfindən zədələnmiş minarəsi

Qafqazda siyasi vəziyyət Bakıda Mart soyqırımı ilə əlaqədar kəskin pisləşdi. Anti-müsəlman qırğınlarında aktiv rol Daşnaksütun partiyası oynayırdı. Bakıdakı hadisələrlə əlaqədar Zaqafqaziya seyminin müsəlman fraksiyası Seymdən müsəlman əhalisini qorumaq üçün Bakıya qoşun göndərməyi tələb etdi. 1918-ci il 3 apreldə Fətəli xan Xoyski qeyd etdi ki, "…əgər müsəlman əhalisini qorumaq üçün tədbirlər görülməsə, müsəlman nazirlər hökumətin tərkibindən çıxacaqlar".[13] 1918-ci il aprelin 7-də Zaqafqaziya Seyminin iclasında müsəlman nazirlərin hökumətin tərkibindən çıxması haqqında bəyanatı ilə əlaqədar olaraq, Fətəli Xan Xoyski bildirirdi ki, "…müsəlman fraksiyası belə hesab edir ki, yaranmış şəraitdə, xüsusilə Bakı hadisələrilə əlaqədar, müsəlman nazirlər Bakının müsəlman əhalisini qorumaq üçün hökumətdən heç bir şey əldə edə bilmirlər və bu, onların qərar qəbul etmək üçün əsaslarını gücləndirir".[14][15]

Müsəlman fraksiyasının təzyiqi altında 1918-ci il 22 apreldə Zaqafqaziya seyminin geniş tərkibdə görüşü toplandı və Zaqafqaziya Demokratik Federativ Respublikasının müstəqilliyinin elan edilməsi haqqında qərar qəbul etdi.[16][17] Yığıncaqda Bakı hadisələri ilə bağlı müzakirə zamanı, 20 apreldə Gegeçkorinin rəhbərliyi altında Zaqafqaziya hökuməti istefa etdi.[13] Həmin gün Çxenkelinin başçılığı altında Zaqafqaziya Seymi Zaqafqaziya hökumətinin yeni tərkibi təsdiq etdi. Zaqafqaziya hökumətin sədri Çxenkeli Qafqaz cəbhəsinin komandanı Vahib paşaya teleqram göndərdi. Teleqramda deyilirdi: "…Zaqafqaziya artıq müstəqil federativ respublika elan edilmiş və bu barədə dövlətlərə məlumat verilmişdir, deməli, Osmanlı nümayəndə heyətinin 1918-ci il 18 mart tarixli bəyanatının şərti də yerinə yetirilmişdir".[13]

Mart hadisələri ilə əlaqədar, Azərbaycanda vəziyyət çox gərginləşdi. Bir sıra şəhərlərdə bolşeviklərə qarşı etiraz dalğası baş qaldırırdı. Hətta 1918-ci il aprelin 15-də Gəncədə Zaqafqaziya Seymi üzvləri Xəlil bəy XasməmmədovMəmməd Yusif Cəfərovdan alınmış teleqramda xəbərdarlıq edilirdi ki, "Bakı bolşeviklərinə qarşı cəza tədbirləri görməyən hökumətə qarşı müsəlmanlar içərisində təbliğat aparılır".[18][19] Yelizavetpol quberniyasında silahlı müdaxiləni və Bakı Xalq Komissarları Soveti üzvlərinin həbs edilməsini tələb edən kütləvi mitinq və yığıncaqlar başlandı. 1918-ci il aprelin 17-də Xoyski Zaqafqaziya hökuməti qarşısında məruzə ilə çıxış etdi. Məruzədə deyilirdi:

" Bakı hadisələri Yelizavetpol quberniyasının hər yerində müzakirə olunur və bütün qətnamələrdə osmanlı qoşunlarının Bakıya buraxılması haqqında maddələr vardır, əgər hökumət Bakı məsələsini həll edə bilməsə, onda Yelizavetpol quberniyası müsəlmanlarının bu tələbini dinləməli olacaqdır. Və elə bir an yetişə bilər ki, xalq kütləsi özü hərəkət etməyə başlayar, bu da faciəvi vəziyyət yaradar, çünki Bakı məsələsi respublikanın olum və ya ölüm məsələsidir.[14] "

Hələ 1918-ci il aprelin əvvəllərində Zaqafqaziya Seyminin knyaz Maqalovun komandanlığı altında 2 min nəfərdən çox əsgəri olan qoşunu Bakıya doğru hərəkət etmiş, Nəcməddin Qotsinskinin dağlılardan ibarət dəstələri isə Dağıstandan Bakı istiqamətində hücuma başlamışdı.[20] Knyaz Maqalovun qüvvələri Hacıqabul stansiyasına, Qotsinskinin qoşunu isə Bakının 10 kilometrliyindəki Xırdalan kəndinə çatmışdı.[14] 1918-ci il aprelin 10-da Qotsinskinin dəstəsi Bakı Sovetinin qoşunları tərəfindən məğlub edildi, knyaz Maqalov isə qüvvələrini aprelin 20-də Kürdəmirə tərəf geri çəkməyə məcbur oldu.[20] 1918-ci il aprelin 20-də Zaqafqaziya Seymi sədrinin müavini S. O. Tiqranyan və Seymin üzvü İbrahim bəy Heydərov Zaqafqaziya Seyminin adından Bakı Soveti ilə danışıqlar aparmaq üçün Bakıya yola düşdülər.[14] Bakıya çatandan dərhal sonra İ. Heydərov bolşeviklər tərəfindən həbs edildi.[14] Bununla əlaqədar olaraq, Zaqafqaziya Seyminin üzvü Camo bəy Hacınski İ. Heydərovun azad edilməsi üçün təcili tədbirlər görməyi təklif etdi.[14] Stepan Şaumyanla sövdələşməyə girib, separat danışıqlar aparmış S. O. Tiqranyan isə Bakıdan yalnız 1918-ci il mayın 3-də qayıtdı.[14] O, Seymdəki çıxışında hökumətdən Bakıdakı hakimiyyətə qarşı yönəldilmiş hərbi əməliyyatları dayandırmağı və iğtişaşların dinc yolla həll edilməsi üçün tədbirlər görməyi tələb etdi.[14] Bundan sonra "Bakı məsələsi"ni Zaqafqaziya Seyminin gücü ilə həll etmək cəhdlərinin əbəs olduğunu görən Azərbaycan fraksiyası yeganə çıxış yolunu Osmanlı qoşunlarının çağırılmasında gördü.[14]

Zaqafqaziyada müstəqil respublika yarandığının elan olunması və Türkiyə qoşunlarının sürətlə cəbhə boyu irəliləməsi ilə əlaqədar olaraq, A. İ. Çxenkelinin başçılıq etdiyi Zaqafqaziya Respublikası hökuməti Trabzon sülh danışıqlarına yenidən başlamaq üçün Türkiyə hökumətinə müraciət etdi.[14] Trabzonda danışıqların yenidən başlanması ərəfəsində siyasi vəziyyət son dərəcə mürəkkəb idi.[21] Zaqafqaziyada vəziyyət getdikcə pisləşirdi, çünki müstəqilliyini elan etməsindən sonra Zaqafqaziya Federativ Respublikasının nə daxili, nə də xarici siyasətində ciddi bir dəyişiklik baş verməmişdi.[14] Siyasi partiyaların nümayəndələri Zaqafqaziya Seymində ümumi dil tapa bilmirdilər, onların ümumi fəaliyyət proqramı yox idi və fraksiyaların hər biri isə öz siyasi xəttini həyata keçirməyə çalışırdı.[14]

Batum konfransı

[redaktə | mənbəni redaktə et]
Türkiyənin Hərbi Naziri Ənvər Paşa Batumda, 1918-ci il

1918-ci il mayın 11-də Batumda Zaqafqaziya və Türkiyə arasında nümayəndə heyətləri səviyyəsində danışıqlar davam etdirildi. Zaqafqaziya hökumətinin sədri və xarici işlər naziri Akaki Çxenkelinin başçılıq etdiyi heyətin danışıqlarında Azərbaycanı Məhəmməd Əmin RəsulzadəMəmmədhəsən Hacınski təmsil edirdilər.[14] Türkiyə tərəfin təmsilçilərinə xarici işlər naziri Xəlil Paşa, Qafqaz cəbhəsi komandanı Vahib paşa və hərbi nazir Ənvər paşa başçılıq edirdilər.[14] Batum konfransında müşahidəçi sifətində general Otto fon Lossovun başçılığı ilə Almaniya nümayəndəliyi də iştirak edirdi. Lossov Batumda gürcü nümayəndələri ilə gizli görüşlər keçirərək, onlara hərbi və iqtisadi yardım göstəriləcəyini vəd etmişdi. Batum konfransında Zaqafqaziya Seyminin nümayəndə heyəti Türkiyənin Qars, ƏrdəhanBatum əyalətləri haqqında tələblərini tamamilə tanıdı və bununla da Brest-Litovsk müqaviləsinin müddəasını təsdiq etdi.[14] Bundan əlavə, Türkiyə Axalsıx, Axalkələk, Aleksandropol (Gümrü), SürməliNaxçıvan qəzalarının daxil olduğu ərazini də tələb edirdi. Batum konfransının gedişində general fon Kressin komandanlığı ilə 3 min nəfərlik alman qoşunu Gürcüstanın Poti limanına çıxarıldı. Onlar yalnız Gürcüstanı tutmaq, AzərbaycanErmənistanı isə Türkiyəyə saxlamaq niyyətində idilər.[14] Eyni vaxtda hücumu müvəffəqiyyətlə davam etdirən Türkiyə qoşunları 1918-ci il mayın 17-də Gümrünü (Aleksandropolu) ələ keçirdilər və Culfa istiqamətinə çıxdılar.[22] Almaniya və Türkiyə tərəfindən aparılan hərbi əməliyyatlar nəticəsində Batum konfransında gürcülər, azərbaycanlılar və ermənilər Türkiyə ilə ayrı-ayrılıqda danışıqlar aparmağa başladılar.[14] Digər tərəfdən, Batum konfransında Almaniya nümayəndələri ilə separat danışıqların gedişində və general Fon Kressin təzyiqi nəticəsində Seymin gürcü fraksiyası Gürcüstanın Federativ Zaqafqaziya Respublikası tərkibindən çıxmasını və öz müstəqilliyini elan etməsini qərara aldı.[14] Bununla əlaqədar olaraq, 1918-ci il mayın 25-də Zaqafqaziya Seyminin müsəlman fraksiyasının iclası keçirildi. İclasda Cənubi Qafqazda siyasi vəziyyətin dəyişilməsi ilə əlaqədar olaraq oxunmuş rəsmi bəyanatda deyilirdi ki, "Zaqafqaziya Seyminin gürcü fraksiyası, gürcü sülh nümayəndə heyəti üzvləri Batumda gizli danışıqlar aparır, ayrılmağa və Gürcüstanın müstəqilliyini elan etməyə hazırlaşırlar".[23]

Zaqafqaziya Seyminin sədri və üzvləri — K. Çxeidze, Akaki SereteliYevgeni Gegeçkori gözlənilmədən 1918-ci il mayın 25-də Fətəlixan Xoyskinin sədrliyi ilə keçirilən axşam iclasına gəldilər.[24] A. Sereteli gürcü fraksiyası adından bəyanat verərək xüsusi qeyd etdi ki, "…Zaqafqaziya xalqlarını müstəqillik şüarı ətrafında birləşdirmək mümkün olmadı və Zaqafqaziyanın parçalanması faktı göz önündədir. Seymin sabahkı iclasında biz Zaqafqaziya Respublikasının ləğv olunması faktını təsdiq edəcəyi".[14] Cavab nitqində Fətəli xan Xoyski bildirdi ki, "əgər gürcü xalqının iradəsi belədirsə, bizim ona mane olmağa haqqımız yoxdur. Azərbaycan türklərinə isə yeni vəziyyətlə bağlı olaraq müvafiq qərarlar qəbul etməkdən başqa bir şey qalmır".[14]

Gürcüstan nümayəndə heyəti iclası tərk etdikdən sonra Zaqafqaziya Seyminin müsəlman fraksiyası qətnamə qəbul etdi və orada bildirdi ki, Gürcüstan öz müstəqilliyini elan etdiyi halda, biz də öz tərəfimizdən Azərbaycanın müstəqilliyini elan etməliyik.[25]

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin son iclası oldu. Gürcü fraksiyası Zaqafqaziya Respublikasının dağılmasının bütün günahını müsəlman fraksiyasının üstünə yıxdı. Onların fikrincə, "müsəlman fraksiyası türkpərəst mövqe tutduğu üçün elə vəziyyət yaranmışdır ki, gürcülər onlarla artıq əməkdaşlıq edə bilməz".[14] Zaqafqaziya Seyminin üzvü Şəfi bəy Rüstəmbəyli gürcü fraksiyası ünvanına kəskin tənqidlə çıxış edərək dedi:

" "...hesab edirik ki, Zaqafqaziyanın birgə siyasi mövcudluğunun indiki mürəkkəb və məsuliyyətli anında ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdur və burada gürcü xalqının nümayəndələri tərəfindən irəli sürülən amillər, fikrimizcə, az inandırıcıdır. Eyni zamanda gürcülər Zaqafqaziya xalqlarının birgə işləməsini qeyri-mümkün hesab edir və siyasi cəhətdən ayrı yaşamağa can atırlarsa, belə halda Seymin mövcudluğıı üçün heç bir əsas qalmır".[14] "

Buna görə də müsəlman fraksiyası belə vəziyyətdə Seymin özünü buraxmasına etiraz etmədi.[26] Uzun davam edən qarşılıqlı ittihamlardan sonra Zaqafqaziya Seymi Zaqafqaziya Respublikasının parçalanmasını təsdiq edən qətnamə qəbul etdi.[27] Beləliklə, hakim qüvvələrin təzyiqi altında yaradılmış Zaqafqaziya Respublikası daxili ziddiyyətlərin kəskinləşməsi nəticəsində dağıldı.[14]

İstiqlal Bəyannaməsinin qəbulu

[redaktə | mənbəni redaktə et]
Tbilisidə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyinin elan edildiyi Tbilisi Milli Gənclər Sarayında vurulan lövhə

Zaqafqaziya Seyminin buraxılmasından sonra, 1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər.[28][29] Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi.[29] Bununla Azərbaycan tarixində ilk parlament yarandı və Şərqdə ilk parlamentli respublikanın bünövrəsi qoyuldu.[29] Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun sözlərinə görə, Müsavat Partiyası sədrliyə Məhəmməd Əmin Rəsulzadənin namizədliyini irəli sürdü.[29] İttihad Partiyası istisna olmaqla, qalan təşkilatların səsverməsi nəticəsində Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Həsən bəy AğayevMir Hidayət bəy Seyidov Milli Şura sədrinin müavinləri seçildilər.[29] Elə həmin iclasda Milli Şuranın doqquz nəfərdən ibarət icraiyyə orqanı yaradıldı, Fətəli xan Xoyski icraiyyə orqanının sədri seçildi.[29]

Milli Şura yaranmış vəziyyəti təhlil etdikdən sonra 1918-ci ilin 28 mayında Tiflisdə Qafqaz Canişin sarayının ikinci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını elan edilib və Azərbaycanın 6 bənddən ibarət "Milli İstiqlal Bəyannaməsi" imzalandı.[28]

Azərbaycanın Milli Şurasının tərkibi

[redaktə | mənbəni redaktə et]

Seymdə, daha sonra isə Milli Şurada Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsinin qəbulu ilə bağlı keçirilmiş iclasda Müsavat Partiyası və demokratik bitərəflər qrupundan 30 nəfər, həmçinin müsəlman sosialistlər blokundan 7 nəfər, İttihad Partiyasından 3 nəfər, Hümmət sosial-demokrat partiyasından 4 nəfər siyasi xadim iştirak etmişdir.

İstiqlal Bəyannaməsinin qəbulu zamanı Azərbaycanın Milli Şurasının tərkibi belə idi:[30]

Həsən bəy Ağayev
(Müsavat və demokratik bitərəflər)[q 1]
Mustafa Mahmudov
(Müsavat və demokratik bitərəflər)
Fətəli xan Xoyski
(Müsavat və demokratik bitərəflər)
Xəlil bəy Xasməmmədov
(Müsavat və demokratik bitərəflər)
Nəsib bəy Yusifbəyli
(Müsavat və demokratik bitərəflər)
Mir Hidayət bəy Seyidov
(Müsavat və demokratik bitərəflər)
Nəriman bəy Nərimanbəyli
(Müsavat və demokratik bitərəflər)
Heybətqulu Məmmədbəyli
(İttihad)
Mehdi bəy Hacınski
(Müsavat və demokratik bitərəflər)
Əli Əsgər bəy Mahmudbəyov
(Müsavat və demokratik bitərəflər)
Aslan bəy Qardaşov
(Müsavat və demokratik bitərəflər)
Sultan Məcid Qənizadə
(İttihad)
Əkbər ağa Şeyxülislamov
(Hümmət)
Mehdi bəy Hacıbababəyov
(Müsavat və demokratik bitərəflər)
Məmməd Yusif Cəfərov
(Müsavat və demokratik bitərəflər)
Xudadad bəy Məlikaslanov
(Müsavat və demokratik bitərəflər)
Rəhim bəy Vəkilov
(Müsavat və demokratik bitərəflər)
Həmid bəy Şahtaxtinski
(Müsavat və demokratik bitərəflər)
Firudin bəy Köçərli
(Müsavat və demokratik bitərəflər)
Camo bəy Hacınski
(Müsəlman Sosialist Bloku)
Şəfi bəy Rüstəmbəyli
(Müsavat və demokratik bitərəflər)
Xosrov bəy Sultanov
(Müsavat və demokratik bitərəflər)
Cəfər Axundov
(Hümmət)
Məhəmməd Məhərrəmov
(Müsəlman Sosialist Bloku)
Cavad bəy Məlik-Yeqanov
(Müsavat və demokratik bitərəflər)
Hacı Səlim Axundzadə
(Müsavat və demokratik bitərəflər)

Görüşün gedişi

[redaktə | mənbəni redaktə et]

Görüşün gedişində növbəti məsələlər dururdu: Son hadisələrlə əlaqədar Yelizavetpolda vəziyyət barədə Həsən bəy Ağayevin məlumatı; M. Ə. Rəsulzadənin Batumdan göndərdiyi məktub və teleqramların oxunması; Seymin buraxılması və Gürcüstanın öz müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanda vəziyyət.[1]

Birinci məsələ barədə yenicə Yelizavetpoldan qayıtmış Həsən bəy Ağayev Yelizavetpol şəhərində və quberniyasında vəziyyət, habelə oraya türk zabitlərinin gəlməsi barədə ətraflı məlumat verdi.[1] Ağayev qəti şəkildə bildirdi ki, zabitlərin Yelizavetpola gəlməsinin Azərbaycanın gələcək siyasi həyatının qurulması ilə heç bir əlaqəsi yoxdur və "Türklər Qafqazda — Azərbaycanda hər hansı bir təcavüzkar məqsəd güdmür, əksinə türklər Azərbaycanın və Zaqafqaziya Respublikasının saxlanılmasının tərəfdarıdırlar".[1]

Sonra Məhəmməd Əmin Rəsulzadənin Batumdan Nəsib bəy Yusifbəyliyə göndərilən məktub və teleqramları şura üzvlərinə məlumat üçün elan olundu.[1]

Üçüncü məsələ barədə çıxış edən Milli Şura üzvü Xəlil bəy Xasməmmədov öz məruzəsində Azərbaycanın Müstəqil Cümhuriyyət elan edilməsinin vacibliyini və təxirəsalınmazlığını əsaslandırdı.[1] Nəsib bəy Yusifbəyli, Əkbər ağa Şeyxülislamov, Mir Hidayət bəy Seyidov və başqaları da bu ruhda çıxış etdilər.[1] Şuranın üzvü Fətəli xan Xoyski yerlərdə bir sıra məsələlər aydınlaşdırılana qədər Azərbaycanın müstəqilliyinin elanını təxirə salmağı, digər ölkələrlə sülh danışıqları aparmaq üçün tam hüquqlu hökumət yaratmağı təklif etdi.[1] Bu barədə bir sıra natiqlər də öz fikirlərini bildirirlər.[1] Məsələnin işgüzar şəkildə və ətraflı müzakirəsindən sonra 24 nəfər təxirə salınmadan Şərqi və Cənubi-Şərqi Zaqafqaziyada Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti kimi elanı barədə qərar qəbul etdi.[1] İki nəfər — Sultan Məcid QənizadəCəfər Axundov səsvermədə bitərəf qalırlar.[1]

Sonra Milli Şura şuranın üzvü Fətəli xan Xoyskiyə Azərbaycan Xalq Cümhuriyyətinin birinci müvəqqəti hökumətini təşkil etməyi həvalə etdi.[1] Bir saatlıq fasilədən sonra F. X. Xoyski aşağıdakı şəxslərdən ibarət müvəqqəti hökumətin tərkibini elan edir: Nazirlər Şurasının sədri və Daxili İşlər Naziri — Fətəli xan Xoyski; Hərbi Nazir — Xosrov bəy Sultanov; Xarici İşlər Naziri — Mehdi bəy Hacınski; Maliyyə və Xalq Təhsil Naziri — Nəsib bəy Yusifbəyli; Ədliyyə Naziri — Xəlil bəy Xasməmmədov; Ticarət və Sənaye Naziri – Məmməd Yusif Cəfərov; Əkinçilik və Əmək Naziri – Əkbər ağa Şeyxülislamov; Yollar və Posta-Teleqraf Naziri — Xudadad bəy Məlikaslanov; Dövlət Müfəttişi — Camo bəy Hacınski.[1]

İstiqlal Bəyannaməsinin mətni

[redaktə | mənbəni redaktə et]
Orijinal mətn Azərbaycanca[31]
ایستیقلال بیان‌نامه‌سی
عقدنامه
İstiqlal Bəyannaməsi
بؤیوک روسیا اینقیلابی‌نین جریانیندا دؤولت ووجودونون آیری-آیری حیصصه‌لره آیریلماسی ایله زاقافقازیانین روس اوردولاری طرفین‌دن ترکینه مؤوجیب بیر وضعیتی-سیاسیه حاصیل اولدو. کندی قوایی-مخصوصه‌لرینه ترک اولونان زاقافقازیا میللت‌لری موقددرات‌لاری‌نین ایداره‌سینی بالذات کندی ال‌لرینه آلا‌راق زاقافقازیا قوشما خالق جومهورییتی‌نی تاسیس ائتدی‌لر. وقایع- سیاسیه‌نین اینکیشاف ائتمه‌سی اوزرینه گورجو میللوتی زاقافقازیا قوشما خالق جومهورییتی جوزین‌دن چیخیب‌دا موستقیل گورجو خالق جومهورییتی تاسیس‌ینی صلاح گؤردو. روسیا ایله عوثمانلی ایمپئراتورلوغو آراسیندا ظوهور ائدن موحاريبه‌نین تصوییه‌سی اوزون‌دن حاصیل اولان وضعیت حازظرئیی-سیاسیه و مملکت داخیلینده بولونان میثیل‌سیز آنارخیا جنوب-شرقی زاقافقازیا‌دان عبارت بولونان آزربایجانا دخی بولوندوغو داخیلی و خاریجی موشکولات‌دان چیخماق اوچون خوصوصی بیر دؤولت تشکیلاتی قورماق لوزومونو تلقین ائدیور. بونا بینان آرای-عومومیه ایله اینتیخاب اولونان آزربایجان شورایی-میللیه‌یی ایسلامیه‌سی بوتون جماعته اعلان ائدیور کی: Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcud bir vəziyyəti siyasiyyə hasil oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti cüzindən çıxıb da müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü. Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunun misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunun Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:
١. بو گون‌دن اعتبارن آزربایجان خالقی حاکمیت حققینه مالیک اولدوغو کیبی، جنوبی و شرقی زاقافقازیا‌دان عبارت آزربایجان دخی کامیل-ال-حقوق موستقیل بیر دؤولت‌دیر. 1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
٢. موستقیل آزربایجان دؤولتی‌نین شيکلی-ایداره‌سی خالق جومهورییتی اولا‌راق تقررور ائدیور 2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor.
٣. آزربایجان خالق جومهورییتی بوتون میللت‌لر و بیلخاصه، همجیوار اولدوغو میللت و دؤولت‌لرله موناسیبتی-حسنه تاسیسی‌نه عزم ائدیور 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti – həsənə təsisinə əzm edər.
٤. آزربایجان خالق جومهورییتی میللت، مذهب، صینیف، سیلک و جینس فرقی گؤزلمه‌دن قلمروووندا یاشایان بوتون وطنداش‌لاری‌نا حقوقی-سیاسیه و وتنیه تامین ائیلر. 4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər.
٥. آزربایجان خالق جومهورییتی اراضی‌سی داخیلینده یاشایان بیلجومله میللت‌لره سربستانه اینکیشاف‌لاری اوچون گئنیش میدان بوراخیر 5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
٦. مجلیسی-موسسیسان توپلانینجایا قدر آزربایجان ایداره‌سی‌نین باشیندا آرای-عومومیه ایله اینتیخاب اولونموش شورایی-میللییه‌یه قارشی مسئول حوکومتیمووققت‌ی دورور". 6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur.
حسن بی آغایئو، فتحعلی‌خان خویسکی، نصیب به‌ی یوسیف‌به‌ی‌لی، جامو به‌ی هاجینسکی، شفی به‌ی روستم‌به‌ی‌لی، نریمان به‌ی نریمان‌به‌ی‌وو، جاواد ملیک-یئقانوو، موصطافا ماحمودوو Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov

İstiqlaliyyət haqqında teleqram

[redaktə | mənbəni redaktə et]

Baş nazir Fətəli xan Xoyski 1918-ci ilin may ayının 30-da dünyanın əsas siyası mərkəzlərinə (İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Kristianiya (Oslo) Kopenhagen, Tokio) radioteleqrafla Azərbaycanın İstiqlaliyyəti haqqında teleqram göndərmişdir. Sənəddə bildirilirdi ki, Gürcüstan Demokratik Respublikasının ittifaqdan çıxması ilə Zaqafqaziya Demokratik Federativ Respublikası dağılmış, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası 1918-ci ilin mayın 28-də Azərbaycanın müstəqilliyini haqqında İstiqlal Bəyannaməsi qəbul etmişdir. Teleqramın göndərildiyi dövlətlərin xarici işlər nazirlərindən xahiş olunurdu ki, bu barədə öz hökumətlərini məlumatlandırsınlar. Həmin məlumatda hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi göstərilirdi. Bu məlumatı Tiflisdən xarici ölkə paytaxtlarına çatdırmaq çətin olduğundan, Fətəli xan Xoyski teleqramın rus və fransız dillərində mətnini birbaşa radio vasitəsilə İstanbuldan çatdırmaq və oradan dünyaya yaymaq üçün Batumda olan Azərbaycan Xalq Cümhuriyyəti xaric işlər naziri Məmmədhəsən Hacinskiyə göndərmişdi.[32]

İstiqlal Bəyannaməsinin orijinal nüsxələrinin tarixi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə imzaladığı İstiqlal Bəyannaməsinin orijinal nüsxəsi Azərbaycan Tarix Muzeyində saxlanılır.[33] Sənəd 1918-ci ildə Cümhuriyyət nümayəndə heyətinin Paris Sülh Konfransına apardığı İstiqlal Bəyannaməsinin orijinal nüsxələrindən biridir.

Birinci Dünya müharibəsinin sonunda, 1919-cu ildə sülh müqavilələrinin bağlanması və yeni dünya xəritəsinin formalaşması üçün Parisdə Sülh Konfransı çağırılmışdır.[34] Gənc müstəqil Azərbaycan hökuməti 27 ölkə ilə yanaşı, dövlətin nümayəndə heyətinin də həmin konfransda iştirakını qərara alır.[34] Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə yollanan nümayəndə heyətinin məqsədi Azərbaycanın gənc müstəqil dövlət kimi de-fakto tanınmasına nail olmaq idi.[34] Nümayəndə heyəti özü ilə əsas sənəd kimi İstiqlal Bəyannaməsinin Azərbaycan dilində əski əlifba ilə yazılmış nüsxəsini və fransız dilinə tərcümə olunmuş variantını aparmışdır.[34]

Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyin bir illiyi qeyd edilən gün — 1919-cu il mayın 28-də Sülh Konfransında əsas fiqurlardan biri sayılan ABŞ prezidenti Vudro Vilson ilə Azərbaycan nümayəndə heyətinin görüşü olmuşdur.[34] Görülən işlər nəticəsində 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanı de-fakto müstəqil dövlət kimi tanımışdır.[34] Amma Azərbaycanın işğala məruz qalaraq müstəqilliyini itirməsi səbəbindən nümayəndə heyəti Azərbaycana qayıda bilməmiş, sənədlər isə itmişdir.[34]

2014-cü il 13 mayda prezident İlham Əliyevin Azərbaycan və fransız dillərində nüsxələrinin Azərbaycan Tarix Muzeyinə təqdim edilməsini qərara almışdır.[34] Sənəd Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Əli Əsədov tərəfindən təqdim olunmuşdur.[34] Azərbaycan Tarix Muzeyinin əməkdaşı Səbuhi Əhmədov sənədin Londonda tapıldığını söyləyib.[33] Muzeyin əməkdaşı sənəd üzərində müəyyən filoloji təhlil apardıqlarını (mürəkkəb və kağız üzərində), bu sənədin orijinal olduğunu, məxsusi Paris Sülh konfransına yollanan Azərbaycan nümayəndə heyəti üçün 1919-cu ildə hazırlandığını bildirib.[33]

İstiqlal Bəyannaməsinin orijinal nüsxələri fransız (solda) və Azərbaycan dillərində.

Tarixi əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]
İstiqlal qəzetinin ön səhifəsi, 1933-cü il 28 may

Azərbaycanın İstiqlal Bəyannaməsinin qəbulu Azərbaycan Xalq Cümhuriyyətini Müsəlman şərqində ilk parlamentli respublika, Türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi etdi. 1933-cü il 28 mayda Məhəmməd Əmin Rəsulzadə Berlində çap olunan İstiqlal qəzetində yazırdı: "28 mayıs 1918 il bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beyləki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur".[35] Rəsulzadənin fikrinə görə, "xalq millətə dövlət yaratmaq qətiyyətlərini nümayiş etdirib və təkid etdiyində çevrilir…Azərbaycan cəmiyyəti sözün müasir mənasında bir millət olmaq üçün öz iradəsini 28 mayda nüstəqilliyin elan və bəyannamənin qəbul edilməsi ilə nümayiş etdirdi". Bundan əlavə, 1919-cu il 31 mayda Rəsulzadə "Istiqlal" qəzetindəki məqaləsində yazırdı: "Mayisin 28-də istiqlal bayramını qeyri-qabili-təsvir bir səmimiyyətlə qarşılamaları ilə azərbaycanlılar bütün aləmə göstərdilər ki, istiqlaldan əl çəkməyəcəklər və bütün böhtançılara deyəcəklər ki, istiqlal xanların, bəylərin, ağaların deyil, Azərbaycan xalqının, türk millətinin milli, ən müqəddəs idealıdır".[35]

1991-ci il 30 avqustda Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" bəyannamə qəbul edildi.[36] 1991-ci il 18 oktyabrda Azərbaycan parlamenti qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur.[36]

Sənəddə deyilir: "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsasllanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir".[37]

Bu sənədlə Azərbaycan Respublikası 1918–1920-ci illərdə mövcüd olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib.[37] Tarixçi Sevinc Yusifzadə qeyd edir ki, Azərbaycanın İstiqlal Bəyannaməsi xarici siyasət təməlini qoyub, çünki sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlətlərlə mehriban münasibətlər yaratmağın zəruri olduğunu qeyd olunur.[38]

1919-cu ilin 28 mayda İstiqlal Bəyannaməsinin elan olunmasının bir illiyi münasibətilə Bakıda böyük bayram yığıncağı keçirildi. Parlament binası önündəki kürsüdən ilkin olaraq M. Ə. Rəsulzadə çıxış etdi. "Azərbaycan" qəzeti (rusca) 31 may 111 saylı nüsxəsində belə yazırdı: "Xalq onu (M. Ə. Rəsulzadəni) təsvirolunmaz dərəcədə, uzun müddət kəsməyən gurultulu alqışlarla qarşıladı".[39] Dövrün qəzet və jurnalları bu mühüm günün ildönümünü belə təsvir edirdilər: "Azərbaycan istiqlalı elə qiymətdar, elə müqəddəs bir sevgilidir ki, hər şəkildə olursa-olsun, təcəssüm etdirilərsə, bütün azərilərin fərdənfərd ona sitayiş etməsi fərzi də təbiidir, zira onun yolunda verilən qurbanlar heç bir məbudun yolunda verilməmişdir".[40] Lakin, eyni gündə kommunistlərin "Müstəqil Sovet Azərbaycanı" şüarı altında Azərbaycanın müstəqillik bayram yubileyinə qarşı işçi nümayişi keçirilmişdi.[41]

Tezliklə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın müstəqilliyinin elan edilməsi günü azərbaycanlı mühacirlər tərəfindən, Azərbaycandan kənarda qeyd edilmişdir. Bu baxımdan, Əlimərdan bəy Topçubaşovun "Qafqazlılar arasında" məqaləsində, Parisdə 1926-cı ildə Azərbaycan Respublikasının müstəqilliyinin elan olunmasının 8-ci ildönümünün qeydi təsvir olunur.[42]

1990-cı ildən Azərbaycanda Respublika günü dövlət bayramı kimi qeyd edilir.[43]

"İstiqlal Bəyannaməsi" kompoziyası

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Tarix Muzeyində "İstiqlal Bəyannaməsi" kompoziyası

Azərbaycan Tarix Muzeyinin eksponatları sırasında İstiqlal Bəyannaməsi ilə bağlı unikal eksponat qorunur və nümayiş olunur.[44] Eksponat 65 x 50 sm ölçüləri olan kollaj formasında tərtib olunmuşdur.[44] Eksponatın mərkəzində 1918-ci il mayın 28-də imzalanmış İstiqlal Bəyannaməsinin fotosurəti bərkidilmişdir.[44] Fotosurətin sağ tərəfində müxtəlif Azərbaycan xalçalarının ornamentlərindən tərtib olunmuş xalça təsviri verilmişdir.[44] Ondan aşağıda XX əsrin əvvəllərində Odlar Yurdu olan Azərbaycanın rəmzi kimi qəbul olunan Suraxanı Atəşgahının təsviri nəzərə çarpır.[44] Kompozisiyanın aşağı kənarında Bakı buxtasının təsvirini görmək olar.[44] Beləliklə, rəssam Azərbaycan müstəqilliyinin rəmzi olan İstiqlal Bəyyannaməsi, əbədi odların odları bildirən Atəşgahı, xalqın zəngin mədəniyyətini bildirən xalçanı, həmçinin paytaxtın təsvirlərindən ibarət dərin mənalı kompozisiya yaratmışdır.[44]

Unikal eksponatın müəllifini təsvirin aşağı sağ küncündə verilmiş avtoqraf bildirir.[44] Bu Azərbaycanın Xalq rəssamı Əzim Əzimzadənin avtoqrafıdır (1880–1943).[44] Əsasən satirik rəssam kimi tanınan Əzimzadə 1918-ci ildə Azərbaycanın müstəqilliyinin bəyan olunmasının səmimi qəlbdən alqışlamış, onun şərəfinə belə maraqlı kompozisiya yaratmışdır. Hazırda eksponat Muzeyin Azərbaycan Xalq Cümhuriyyəti ekspozisiyasında nümayiş olunur.[44]

2007-ci il 25 may-da İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı olub.[45] Qranitdən və ağ mərmərdən yonulmuş, abidə üzərinə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş "İstiqlal Bəyannaməsi"nin həm əski, həm də latın əlifbası ilə mətni həkk olunub.[45] Açılış mərasimində prezident İlham Əliyev iştirak edib.[45] Abidə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin binası arasında ucaldılıb.[45]

2016-cı ildə Azərbaycanın İstiqlal Bəyannaməsinin və Paris Sülh Konfransı əsasında "Əbədi ezamiyyət" filmi çəkilib.[46]

  1. Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə Batumidə olduğundan, 1918-ci il 28 mayda Tiflisdə görüşü onun müavini Həsən bəy Ağayev idarə edirdi.
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ ARXİV İDARƏSİ. ZAQAFQAZİYA SEYMİNİN MÜSƏLMAN FRAKSİYASI VƏ AZƏRBAYCAN MİLLİ ŞURASI İCLASLARININ PROTOKOLLARI 1918-ci İL. Bakı: Adiloğlu. 2006. 216. 6 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
  2. ARDA, f. 970, siy. 1, iş 13, v. 9
  3. 1 2 3 4 5 6 7 Закавказский Сейм // Стенографический отчет. Сессия первая, заседание 21, стр. 34–35.
  4. Ж в а н и я Г. Указ раб., с. 207.
  5. ARDSPİHA, f. 276, siy. 3, iş 1 17, v. 19.
  6. История Азербайджана. Т. III, ч. I, Баку, 1963, стр. 112–113.
  7. Документы и материалы по внешней политике Закавказья и Грузии. Тифлис, 1919, стр. 145
  8. Yenə orada, səh. 146
  9. Документы и материалы по внешней политике Закавказья и Грузии, стр. 224
  10. "Вестник Бакинского Совнаркома", 1918, № 1–2
  11. "Бакинский рабочий", 25 мая 1918 г
  12. Ленинский сборник, XXI, стр. 177.
  13. 1 2 3 Агамалиева, Н. Азербайджанская Республика. Страницы политической истории 1918–1920 гг. Sabah. 1994. 112. ISBN 5-86106-037-1. (#redundant_parameters); (#accessdate_missing_url)
  14. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər) (PDF). Bakı: Elm. 2008. 260. ISBN 978-9952-448-41-2. 27 January 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 January 2016.
  15. "Azərbaycan Arxivi", 1989, № 1–2, səh. 230. l O l . H ə s ə n o v C . Göstərilən əsəri, səh. 150.
  16. Документы и материалы по внешней политике Закавказья и Грузии. Тифлис, 1919, стр. 202–203
  17. "Жизнь национальностей", 8 декабря 1918 г
  18. Azərbaycan EA A. Bakıxanov ad. Tarix İnstitutunun elmi arxivi, f. l, siy. 9, iş47, v. 22.
  19. Yenə orada, 20 iyul 1918-ci il.
  20. 1 2 ARDA, f. 895, siy. 1, iş 13, v. 126.
  21. Векилов Р. А. История возникновения Азербайджанской Республики. Баку, 1998, səh. 23.
  22. "Азербайджан", 11 ноября 1919 г.
  23. R ə s u l z a d ə M . Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990, səh. 39.
  24. "Yeni Kafkasiya", 31 mart 1924-cü il.
  25. "Türk dünyası araşdırmaları", 1919, № 110, səh. 77
  26. Адрес-календарь Азербайджанской Республики на 1920 год. Баку, 1920, стр. 3.
  27. Большевики в борьбе за победу социалистической революции…, стр. 382–383.
  28. 1 2 "Qrandükün sarayı". jurnal.meclis.gov.az. meclis.gov.az. 1 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
  29. 1 2 3 4 5 6 "Cümhuriyyət: Tiflisdən Bakıya gedən yol". metbuat.az. metbuat.az. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
  30. Волхонский М., Муханов В.По следам Азербайджанской Демократической Республики. Москва, 2007, 247 с.
  31. "Azərbaycanın müstəqil dövlət elan edilməsi haqqında Azərbaycan Milli Şurasının Qərarı". Azərbaycan Cümhuriyyəti Hökumət qanun və binagüzarlıqları məcmuəsi, 1919, №1, s. 5—7 (az.). Prezident Kitabxanası. 28 may 1918-ci il. 2016-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
  32. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. Azərbaycanın İstiqlaliyyəti haqqında teleqram. ISBN 9952-417-14-2.
  33. 1 2 3 "«İstiqlal Bəyannaməsi»nin orijinal nüsxəsi Azərbaycana gətirilib". www.azadliq.org. Azadlıq Radiosu. 31 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
  34. 1 2 3 4 5 6 7 8 9 "Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin Azərbaycan və fransız dillərində nüsxələri Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilmişdir". arxiv.az. arxiv.az. 5 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
  35. 1 2 "MİLLİ ŞURA NOVXANIDA TOPLANDI". www.vetenugrunda.az. www.vetenugrunda.az. İstifadə tarixi: 3 January 2016.[ölü keçid]
  36. 1 2 "Münaqişənin başlanması". www.mfa.gov.az. www.mfa.gov.az. 31 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
  37. 1 2 "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı" (PDF). www.azerbaijan.az. www.azerbaijan.az. 7 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 January 2016.
  38. Yusifzadə, Sevinc. Первая Азербайджанская Республика: история, события, факты англо-азербайджанских отношений. Maarif. 1998. səh. 49. (#accessdate_missing_url)
  39. "Азербайджан" qəzeti, 31.05.1919, N111.
  40. N. Yaqublu. Məhəmməd Əmin Rəsulzadə. Bakı, 1991, səh.18–119.
  41. Isgandarov, M. S. Из истории борьбы Коммунистической партии Азербайджана за победу Советской власти. Азербайджанское государственное издательство. 1958. 371–373. (#accessdate_missing_url)
  42. "Трудовой Кодекс Азербайджанской Республики. Статья 105. Праздничные дни". Официальный интернет сайт Президента Азербайджанской Республики. 2014-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-31.
  43. "The Labor Code of the Republic of Azerbaijan". president.az. president.az. 28 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
  44. 1 2 3 4 5 6 7 8 9 10 "Milli Azərbaycan Tarixi Muzeyində İstiqlal Bəyannaməsi ilə bağlı unikal eksponat". www.azhistorymuseum.az. Azərbaycan Tarix Muzeyi. 9 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 January 2016.
  45. 1 2 3 4 "«İstiqlal Bəyannaməsi» abidəsinin açılışı olub". www.azadliq.org. Azadlıq Radiosu. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2016.
  46. "Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən "Əbədi ezamiyyət" sənədli filminin təqdimatı olub". azertag.az. azertag.az. 2016-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]