Qara Qarayevin ev-muzeyi

Qara Qarayevin Ev Muzeyi — görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu , SSRİ Xalq Artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), "Lenin ordeni", "Oktyabr İnqilabı" və "Qırmızı Əmək Bayrağı" ordenlərinin laureatı, SSRİ Ali Sovetinin IV–IX çağırış (1955–1976) deputatı, AMEA-nın akademiki Qara Qarayevin 1918–1946-cı illərdə yaşadığı mənzildə yaradılmış, həyat və fəaliyyətini əks etdirən ev muzeyi. Muzey Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tabeçiliyindədir.

Qara Qarayevin Ev Muzeyi
Muzeyin çöl girişində yerləşdirilmiş məlumat lövhəsi
Muzeyin çöl girişində yerləşdirilmiş məlumat lövhəsi
Xəritə
Açılış tarixi 1 oktyabr 2018
Mövzu Azərbaycan musiqisi
Ölkə
Yerləşir Bakı, Azərbaycan
Ünvan Nizami küçəsi, 49
Kolleksiyası 300-dən artıq
Direktor Züleyxa Qarayeva
Muzeyə yetişmək M 1 İçərişəhər metrostansiyası
İş rejimi Çərşənbə axşamı – Şənbə 09:00 – 18:00,
Bazar 10:00 – 17:00
İstirahət günü – Bazar ertəsi
40°22′16″ şm. e. 49°49′59″ ş. u.
Muzeydə sərgilənən piano.

Muzey bəstəkarın 100 illik yubileyi ilində 2018-ci ilin 1 oktyabr tarixində açılmışdır və Nizami küçəsi 49-da yerləşir. Muzeyin açılışında mədəniyyət naziri Əbülfəs Qarayev, Baş nazirin müavini Əli Əhmədov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, xalq yazıçısı Anar və digər ictimai xadimlər iştirak etmişdir.[1] Həmçinin açılış mərasimində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş qısa oçerklərdən ibarət kitabın təqdimatı olmuşdur.[2]

Qara Qarayev bu mənzildə gəncliyini, tələbəlik illərini keçirib, ilk əsərlərini, o cümlədən, "Yeddi gözəl" baletini burada yaradıb.[3] Muzeyin qurulması əsnasında müxtəlif fondlardan bəstəkara aid olan materialların siyahısı tutuldu və respublikadan kənarda bəstəkarın irsiylə bağlı araşdırma aparılaraq, xeyli material toplandı. Belə ki, Moskvadakı Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən Qara Qarayevə aid sənədlər, bəzi əlyazmalar, çəkdiyi fotoşəkillər ölkəmizə gətirildi. Həmçinin eksponatlara digər nadir materiallar – şəxsi kitabxanasından üzərində qeydləri olan kitablar, Sankt-Peterburq teatrından əldə olunan tamaşaların afişaları, şəxsi əşyalar, musiqilərin not əlyazmalarının surətləri, səs yazıları və baletlərinə çəkilmiş eskizlər daxildir.[4] Ümumilikdə bəstəkarın ev-muzeyinə təqdim olunmuş eksponatların sayı 300-dən çoxdur. Muzeydəki Pyotr Çaykovskinin büstü isə Qara Qarayevə qayınanası Yelezaveta Mixaylovnanın hədiyyəsidir.[5] Muzeyin tərtibat-dizayn işlərini "Partner Culture+Projects" (Hors Kampman) şirkəti həyata keçirtmişdir.

  1. Qara Qarayevin ev muzeyinin açılışı olub//"report.az"
  2. "Bakıda Qara Qarayevin ev muzeyi açılıb//"atv.az"". 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-14.
  3. "Dahi bəstəkar Qara Qarayevin ev muzeyinin açılış mərasimi olub//"azertag.az"". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-16.
  4. "BAKIDA DAHİ BƏSTƏKAR QARA QARAYEVİN EV-MUZEYİ AÇILACAQDIR//"azertag.az"". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-14.
  5. "Əbədi ehtiramın daha bir ünvanı//"azerbaijan-news.az"". 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-16.