Qaraqoyunlu tayfaları

Qafqazda Qaraqoyunlu tayfaları ilə adlandırılmış yaşayış məntəqələri

Qaraqoyunlu tayfaları[1] — XV əsrdə Azərbaycanın siyasi tarixində mühüm rol oynamış, regionda nüfuzlu bir dövlət qurmağa qadir olmuş Qaraqoyunlu tayfalarının Oğuz və ya türkmən elini təşkil edən 24 boydan hansına mənsub olması ilə bağlı mənbələrdə dəqiq məlumata rast gəlinmir. Yalnız XV əsr Osmanlı tarixçilərindən Mövlana Şükrullah Qaraqoyunlu tayfasının mənşəyini Oğuz xanın oğlu Dəniz xanla əlaqələndirmişdir.[2] Bu qeydə əsaslanaraq Faruq Sümər onların Oğuz nəslindən Dəniz xanın oğulları olan İğdir, Büğduz, YıvəQınıq boylarından birinə mənsub olduqlarını qeyd etmiş və Yıvə boyu ilə Qaraqoyunlular arasında nəsli qohumluq əlaqələrinin ola biləcəyinə dair bəzi izlər görmüşdür.[3] Bu fikri tarixçilərdən Ə. Çay da müdafiə etmişdir. V. Minorski və C. A. Boyl da Qaraqoyunluların mənşəyini Yıvə türkləri ilə əlaqələndirmişlər.

Qaraqoyunlu tayfa birliyinə daxil olan bəzi boyların V əsrdən Azərbaycanda yaşadığını nəzərə alaraq qaraqoyunluların daha erkən dövrlərdən bu ərazidə yaşadıqlarını güman etmək olar. F. Sümərin fikrincə Qaraqoyunluların ilk vətəni Şərqi Anadoludur və onlar Azərbaycana, İrana məhz bu ərazidən köç etmişlər. Z. Bünyadov və O. Əfəndiyev isə bu fikrə qarşı çıxmışlar. Çünki Azərbaycan türk tayfaların Kiçik Asiyaya köçetmə yolu üzərində yerləşir və buranın türkləşməsi də daha əvvəl baş vermişdir. Bu məsələ mübahisəli olaraq qalmaqdadır. Lakin ehtimal etməyə əsas var ki, sonralar Qaraqoyunlu tayfalarının tərkibinə daxil olmuş tayfaların və qəbilələrin bir hissəsi artıq VIII–IX əsrlərdə Azərbaycanda məskunlaşmış və Monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıb çıxarılmışlar".

Türk araşdırmaçıları monqol yürüşləri dövründə onların hakimiyyətini qəbul etməmiş türkmanların böyük bir hissəsinin Azərbaycandan Şərqi Anadoluya köçdüyünü qeyd edirlər. Ehtimal etmək olar ki, sonra onlar Qaraqoyunlu tayfalarına birləşərək Qaraqoyunlu dövlətinin yaranmasında iştirak etmişlər.

Alpout tayfası

[redaktə | mənbəni redaktə et]

Bu tayfanın böyük əmirlərindən Pir Məhəmməd bəyi misal göstərmək olar. Pir Budağın ölmündən sonra hakim olan Pir Məhəmmədi Həsən padşah mühasirəyə alsa da bunun əhəmiyyəti olmur.872-ci ildə (miladi təqvimi ilə 1467 və ya 1468) vəfat etdi. Tayfanın böyük əmirlərindən Rüstəm bəy Təvaçi isə Səncəq döyüşündə əsir düşmüşdür. Tayfanın digər böyük əmiri Pir Məhəmməd Sani idi. Təırcan döyüşündə ``Mən Həsən Padşaham`` dediyi üçün Sultan Məhəmmədin əmrilə Tokat qalasında dustaq edilmişdir. Tayfa əmirlərindən Qaraxan bəy Qara Yusifin adından Həmədan hakimi, Sərxan bəy Qara Yusifin böyük əmirlərindən biri, Yaqub bəy Mirzə İskəndərin böyük əmiri, Məhmad bəy isə Sultan Xəlil zamanında böyük əmir idi. Tayfanın adı ``düşmənə təkbaşına hücum edən``mənasını verir. Tayfanın adı 8-ci əsr mənbələrində qeyd edilmişdir. F. Sümərin fikrincə bu tayfa Həmədan bölgəsində yerləşmişdir. Alpaut tayfası sonralar Çuxur-Səd,QarabağŞirvan bölgələrində məskunlaşmışdı. Bu tayfa ilə bağlı olan oykonimlər Bərdə,Qazax,Göyçay, LaçınUcar bölgələrində qalmışdır.[4] Cənubi Azərbaycanda və İran Kürdüstanında da Alpaut etnonimi saxlanılmışdır.

Baharlı tayfası

[redaktə | mənbəni redaktə et]

V. Minorsksinin fikrinə görə, tayfa öz adını Həmədan yaxınlığındakı Bahar qalasından götürmüşdür. F. Sümər də bu fikri müdafiə etsə də, bəzi tarixçilər bununla razılaşmırlar. Onlar tayfanın adının Kürdüstan yaxınlığındakı Bahar adlı yerdən götürmüşlər. M. H. Baharlı Baharlı tayfasının öncə Xorasanda yaşadığını və sonralar Azərbaycana gəldiyini, Marağa ətrafında yerləşdiyini qeyd edir. Baharlu bəyləri Qaraqoyunlu xanədanı ilə qohumluq əlaqələri yaratmış və bu dövlətin ən böyük əmirləri olmuşlar. F. Sümərin qənaətinə görə münəccimbaşı "Baharlu" adı ilə "Baranlu" adını bir-biri ilə qarışdığı üçün Qaraqoyunlu əmirləri bu tayfadan çıxmışdır. Həmdüllah Qəzvini "Nüzhətül qülub" əsərində Bahar qalasının XIII əsrin əvvəllərində Yıvə əmiri Süleyman Şahın paytaxtı olduğunu qeyd edir.[5] Bu isə baharlıların oğuzların Yıvə boyundan olduğunu güman etməyə imkan verir. Baharlı tayfası öz adını heç də V. Minorskinin qeyd etdiyi kimi, Bahar qalasının adından almamışdır. Güman etmək olar ki, Baharlı tayfası öz adını tanınmış əmirlərindən birinin adından almış və sonralar bu ad həmin nəslin və ya sülalənin adına çevrilmiş və hakim olduqları bölgə də onların adı ilə adlanmağa başlanmışdı.[2]Tayfanın ən böyük əmiri Əlişəkər bəy idi. O Cahan padşahın adından uzun müddət Həmədan, Vorucerd, Nəhavənd hakmi olmuşdur. Həsən padşahla döyüşdə iştirak edərək Mardində əsir düşdü. Lakin, sonra əsirlikdən azad edilərək yenidən Həmədan hakiminə çevrilmişdir. Övladları Pirəli bəy, Yarəli bəy və Bayram bəy də böyük əmirlər idilər. Pirəli bəy Səncəq döyüşündə Həsən padşah tərəfindən əsir götürülsə də, azad edilmişdir. Tayfanın digər böyük əmiri Şahvəli bəy Səncəq döyüşündə öldürülmüşdür. Baharlı tayfasının digər bir nümayəndəsi Əlişəkər bəyin nəvəsi Bayram xan idi. Humayun padşahın əmir-əl-ümərası olan Bayram xan Cəlaləddin Əkbərin taxta çıxmasından sonra fitnələrə məruz qalmışdır. Padşahla arasında yaşanan gərginlikdən sonra Həccə yollanan Bayram xan yolda hindlilər tərəfindən qətlə yetirilmişdir. Onun oğlu isə layiqli xidmətlərinə görə ``xanlar xanı`` titulunu aldı. Cəlaləddin Əkbər padşah ona Rüstəm Mirzə ilə birlikdə Dəkən ölkəsini tutmağı həvalə etdi. Daha sonra isə adı çəkilən məmləkətin hökmdarına çevrildi. Baharlu tayfası ilə bağlı olan oykonimlər Şuşada və Zəngəzurda indi də qalmaqdadır.[6]

Sədlu tayfası

[redaktə | mənbəni redaktə et]

Öz adını XIV əsrdə Səd bəyin adından götürən bu tayfanın ən görkəmli nümayəndəsi Pirhüseyn bəy idi. O, Alaşkerd döyüşündə Mirzə Şahruxun mülazimləri tərəfindən qətlə yetirilmişdir. XIV əsrin sonu-XV əsrin əvvəllərində Naxçıvan və Sürməli bölgəsibu tayfanın hakimiyyəti altında olmuşdur. 1411-ci ilədək Çuxur Səd mahalını idarə edən Əmir Sədin oğlu Pirhüseynin hakimiyyəti zamanı İrəvan sədluların inzibati mərkəzi olmuşdur. Tayfanın görkəmli nümayəndələrindən biri Hüseyn Sədlu idi ki, o da Cahan şahın adından Astrabad hakimi idi. Sultan Hüseyn Bayqara ilə döyüşən Hüseyn Sədlu bu döyüşdə həlak olmuşdur. Sədlu tayfasından olan Saru Pirəli Cahan şahın Bağdadı fəth etməsi zamanı Dəclədə boğuldu. Onun oğlanları Mirsübhan bəy və Əmir bəy Həsən padşahın əmirlərindən idilər.[7] Pirhüseyn bəyin övladlarından Alovxan bəy Şah Təhmasib zamanında kiçik əmir idi.I Şah Abbas zamanında yüksək sultanlıq rütbəsinə çatan Fərhad xan isə Bayram bəyin övladlarından idi. Yüksək "Övlad" ("fərzənd") ləqəbinə layiq görülmüşdü və heç bir xoşbəxtin təsəvvür edə bilməyəcəyi ali bir rütbəyə və möhtərəm mənsəbə yetişmişdi.[7] Lakin, sonradan onun kiçik bir səhvi onu padşahın gözündən saldı. Onun başını nizəyə keçirərək Heratın bazar və məhəllələrində gəzdirdilər. Fərhad xanın qardaşı Zülfüqar xan isə mötəbər xanlardan olmuş, I Şah Abbas onu Ruma səfir göndərmiş, sonra isə o Ərdəbil hakimi təyin edilmişdir.

Tarixçi Q. Qeybullayev Qraqoyunlular XIV əsrin sonunda sədluların əmirliyinə son qoymuş, Sədlu tayfası dağılmışonların bir hissəsi ayrumlara birləşmiş, digər hissəsi isə Azərbaycana gəlmişdir. F. Sümər isə bildirir ki, qaynaqlar Sədin övladlarının Qaraqoyunlu hökmdarları ilə əmiuşağı olduğunu göstərir. XV əsrdən etibarən adı mənbələrdə tez-tez təkrar olunan "Çuxur-səd" bəylərbəyliyinin adı da Qaraqoyunlu dövlətinin yaranmasında böyük rolu olan bu tayfa ilə bağlı olmuşdur.

Cakirlu tayfası

[redaktə | mənbəni redaktə et]

Öz adını Cəlayirilər dövründə Əmir Cagirdən aldığı güman edilən bu tayfa onun ölümündən sonra oğlu Bəstam Cagir tərəfindən idarə edilmişdir. Ərdəbil bölgəsinin bu tayfanın qədim yurdu olduğu qeyd edilmişdir. Tayfanın ən böyük əmiri Əmir Bəstam illərlə Qara Yusif Türkmanla vuruşdu və axırda onun əmir əl-ümərası oldu.(Onun) oğlanlarından Əmir Bayəzid Cahanşah padşahın divan əmiri (əmir-i divan) idi və ölümündən sonra qardaşı Əbülfəth bəy onu əvəz etdi. Bəyazid bəyin oğlu Ömər bəy isə Cahanşahın böyük əmiri olmuş, Həsənəlinin məğlubiyyətindən sonra Əbu Səidin xidmətinə keçmişdir. Sonda isə Həsən padşah tərəfindən əsir alınmışdır. Tayfanın nümayəndələrindən Əli bəy Cahan şahın böyük əmiri idi və Səncəq döyüşündə Həsən padşahın qoşunu tərəfindən öldürüldü.

İbn Ərəbşaha istinad edən F. Sümər tayfanın kürd mənşəli olduğunu qyed etmişdir. Z. V. Toğan isə onların qıpçaq türkü olduğunu bildirir. Q. Qeybullayev Cagirlu tayfasının bolqar tayfası olmuş Çaxar tayfasından olduğunu qeyd edir. Onun fıkrincə, bu tayfa ilə bağlı olan oykonimlər İmişli, Göyçay, CəbrayılMasallı bölgələrində "Çaxırlı" şəklində saxlanılmışdır.[8] Lakin Cagirlu tayfası ilə bağlı oykonimlərə vaxtı ilə Göyçay,Cavanşir,Nuxa,Şamaxı və Yelizavetpol qəzalarında Cagirli, hazırda isə Bərdə, Şəki, Göyçay, ŞəmkirŞamaxı bölgələrində Cəyirli formasında rast gəlinir.

Qaramanlu tayfası

[redaktə | mənbəni redaktə et]

Başlıca tayfalardan biri də Qaramanlu tayfası idi.Sovet tarixşünaslığında bu tayfanı Kiçik Qaramanlu bəyliyi ilə əlaqələndirsələr də, bu fikrin elmi əsası yoxdur. ŞTəkindağ belə hesab edir ki, Qaramanlular XIII əsrin I yarısında, Monqol yürüşləri zamanı digər türkman tayfaları kimi Azərbaycana gəlmiş və Şirvan bölgəsində məskunlaşmışlar.[9]Təhsin Ünal isə Qaramanlu tayfasının hələ XI əsrin əvvəllərində Səlcuq yürüşlərindən də öncə Azərbaycanın Aran və Şirvan bölgələrində yaşadığını qaynaqlara əsaslanaraq qeyd edir.[10] Mənbələrin qeyd etdiyinə görə, Oğuzların Əfşar boyundan olan Qaramanlu tayfasının bir hissəsi monqol istilası zamanı Azərbaycanın Aran və Şirvan bölgəsindən köçərək Kiçik Asiyanın cənubunda, Kilikiyada məskunlaşdı. F. Sümer, F. Kırzıoğlu, T. Ünal və Ş. Təkindağ da Qaramanlulann Kiçik Asiyaya monqol istilası dövründən Azərbaycandan köç etdiyini göstərirlər.

Tayfanın nümayəndəsi Əmir Qaraman Qara Yusif zamanından bütün əmirlərdən böyük idi. O Şirvanşah İbrahimlə döyüşdə öz fərasətini göstərmişdir. Piri Qaraman isə Mirzə İskəndərin əmiri idi. Sonra ondan üz döndərib Cahanşaha qoşulmuşdur. Bəxtiyar bəy Cahanşah zamanında ona pənah aparmış, buna görə də Həsən padşahın sifarişi ilə qətlə yetirilmişdir. Tayfanın digər üzvü Şah İsmayıl zamanında Bəlx valisi olan Bayram bəy idi. O həmçinin Şah İsmayılın bacısının əri idi. Qara Yusif zamanında böyük əmirlərdən biri Yarməhəmməd bəy idi. Azərbaycanda qalmış Qaramanlular dövrün siyasi hadisələrində yaxından iştirak etmişdilər. Fərhad xan Qaramanlu Olcaytunun, Əli Əhməd Qaramanlu isə Cəlayirilərin tanınmış əmirlərindən olmuşdu. Bərdə və Gəncə hakimi əmir Qaraman da Qara Yusifin tanınmış əmirlərindən idi. Vaxtilə Cavanşir, Göyçay, Şamaxı, Cavad qəzalarındakı, hazırda isə Gəncə, Göyçay,Neftçala,Yevlax və Bərdə bölgəsindəki Qaraman və Qaramanlu kəndləri bu tayfanın nişanələridir.[11]

Hacılu tayfası

[redaktə | mənbəni redaktə et]

Adı "Kitabi Diyarbəkriyyə" əsərində qeyd edilən tayfanı Oğıızların Döğər boyundan olduğu bildirilir. Qara Yusifın Ərzincan valisi Pir Ömərə yardıma göndərilmiş əmirləri arasında Əmir İlyas Hacılunun adı çəkilir. F. Sümer Haculu tayfasının öncə Kərkük-Ərbil bölgəsində yaşadığını göstərsə də, F. Kırzıoğlu bu tayfanın Qarabağda məskunlaşdığını qeyd edir.[3] Şahəli bəy bu tayfanın nümayəndələrindən olmuş və 909-cu ildə Vəramində Hüseyn Kiya Çəlavi tərəfindən öldürülmüşdü. Tayfanın nümayəndələrindən biri Kor Seyiddir. Hacılu tayfası ilə bağlı oykonimlər XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın Zəngəzur, Qaryagin, Ərəş, Cavanşir, Yelizavetpol, Qazax və Sürməli qəzalarında saxlanılmışdır.

Bayburtlu tayfası

[redaktə | mənbəni redaktə et]

Ərzincan yaxınlığında yerləşən bu tayfa Bayburtdandır və onların böyük əmiri Qaraca İlyasdır. O 1500-cü ildə I Şah İsmayıl Ərzincana gedərkən ona qoşulmuşdu.

Ağacəri tayfası

[redaktə | mənbəni redaktə et]

Mənbələrdə bu tayfanı müxtəlif adlar altında ağxəzər, ağacəri və s.adlandırmışlar."Əski türklər xəzərlərə ağacəri, əski yunanlar isə ağatirs adı vermişlər".[12] Heradot və digər antik müəlliflrəin əsərlərində tayfanın adını ağatir şəklində qeyd etmişlər. İ. Markvart və F. Rəşidəddin bu adın ``meşə adamı``mənasında işləndiyini bildirmişdir. İ. M. Artamanov bu etnonimi "ağa" və "çəri" kimi izah edir.[13] V. A. Qukasyan onun fikri ilə razılaşmayaraq güman edir ki, o türk etnonimlərinin "ağ" və "qara" sözləri ilə başladığını nəzərdən qaçırmışdır.[14] Mənbələr qeyd edir ki, xəzərlərin bir qolu olan ağacərilər 465-ci ildə Qafqazın şimalından Azərbaycana daxil olmuşlar.488-ci ildə sasanilərə qarşı çıxan tayfanın bu dövlətlə tez-tez toqquşmaları olurdu. Dastan və rəvayətlərdə onların Qafqaza Oğuz xanla birgə gəldiyi qeyd edilir. Səlcuqlarla bağlı olan I195-ci il hadisələrindən aydın olur ki, ağacərilər əsasən Suriyada Maraş və Əlbistan mahallarında məskunlaşmışdılar. Onlar 1246-cı ildə məhz bu yerlərdə — Maraş dağlarında bayat və əfşar tayfaları ilə birlikdə Bayqu Noyana qarşı mübarizə aparmışlar.[15] Mənbələr qeyd edir ki, monqol işğalı dövründə tayfanın bir hissəsi Xalxal bölgəsində hakim olmuşlar. F. Sümer ağacərilərin mənşəyini V əsrdə Azərbaycanda məskunlaşmış ağatsir tayfası ilə bağlamağın əleyhinə çıxır və öz fikrini, ağacərilərlə çağdaş olmuş tarixçilərin onları "türkmən" adlandırması ilə əsaslandırır.[16] Qaraqoyunlu Qara Məhəmmədin bacısı Tatar Xatunun ağacəri rəisinə ərə verilməsi nəticəsində onlar arasında yaxın qohumluq əlaqələri yaradılmışdır. Bu gün də İranda və Cənubi Azərbaycanda (Kerman, Zəncan və Xuzistan və s.) "ağacəri" oykoniminə və hidroniminə rast gəlmək mümkündür.

Bayramlu tayfası

[redaktə | mənbəni redaktə et]

Öz adını Xoy hakimi Bayram bəydən almışdır. Bayram bəy Qaraqoyunlu hökmdarı Qara Yusifın əmirlərindən olmuş, oğlu Şahsuvar bəy də Cahanşahın divan bəyi olmuşdur. O Əmir Qara Yusifin divan əmiri olmuşdur.[17] Oğlu Şahsuvar bəy də Cahanşahın divan bəyi olmuşdu. Tayfa ilə bağlı oykonimlər Yelizavetpol, Qazax və Cavanşir qəzalarında Bayramlı şəklində qalmışdır.

Varsaq tayfası

[redaktə | mənbəni redaktə et]

Mənşələri indi Qaraman kimi tanınan yunan şəhərlərindəndir. I Şah İsmayıl zamanında onlardan böyük əmir olmamışdır. Varsaq tayfasının kiçik əmirləri Musa bəy, Həsən xəlifə — Xaf hakimi, Mustafa bəy və Durhəsən xəlifə olmuşlar.

Evoğlu tayfası

[redaktə | mənbəni redaktə et]

Bu tayfa böyük əmirə sahib olmamışdır. Onlar Səfəvi xanədanının müridlərindən olmuş və əsasən mətbəxdə xidmət etmişlər.

Qaracadağlu tayfası

[redaktə | mənbəni redaktə et]

Tayfanın böyük əmiri Çavuş Mirzədir. O Şah İsmayıl zamanında əmir olmuşdur. Tayfanın əmirlərindən biri Xəlifə Ənsardır.

Düharlu tayfası

[redaktə | mənbəni redaktə et]

Düharlu tayfasının Ərzrum-Bayburd bölgəsində yaşadığı qeyd edilmişdir.

Ayinlu tayfası

[redaktə | mənbəni redaktə et]

Ayinluların Şərqi Anadoluda yaşadığı bildirilməkdədir. Əbu Bəkr Tehrani "Kitabi-Diyarbəkriyyə"də Qara Yusifin Ərzincana Pir Ömərin yardımına göndərdiyi əmirlər arasında Bəyazid Ayinlunun olduğunu qeyd edir.

Döğər tayfası

[redaktə | mənbəni redaktə et]

Döğərlərin isə Suriyada yaşadıqları qeyd olunur. Döğər tayfası ilə bağlı oykonimlər Yelizavetpol, Qazax və Cavanşir qəzalarında Dügərli formasında qalmışdır.

Kürd tayfaları

[redaktə | mənbəni redaktə et]

Qaraqoyunlu tayfa birliyinə Süleymani, Zırki və Mahmudi kürd tayfaları da daxil olmuşdur.[3]

  1. (#empty_citation)
  2. 1 2 Nəcəfli Tofiq Hümbət oğlu ``QARAQOYUNLU VƏ AĞQOYUNLU DÖVLƏTLƏRİNİN TARİXİ MÜASİR TÜRK TARİXŞÜNASLIĞINDA`` , I fəsil, səh.14
  3. 1 2 3 Sümer F. Qaraqoyunlular, c. I, s.132
  4. Əhmədov T. Azərbaycan toponimikasının əsaslan, Bakı,1991, səh.86
  5. Həmdullah Qəzvini. Nüzhətül qülub, s. 153.
  6. Aqaev Q. D. Dannıe etnotoponimii o rasselenii tyurkoyazıçnıx plemen v Azerbaydjane XI–XV vvEtniçeskaya onomastika, M.,1984, s.148
  7. 1 2 ``Qızılbaşlar tarixi``(``Tarixi-Qezelbaşan``), Bakı 1993, səh.20
  8. Qeybullaev Q. A. K etnoqenezu Azerbaydjantsev. Baku,1991, s.135
  9. Tekindağ Ş. Karamanlılar. — İslam ansikloredisi, c. VI — İstanbul, 1986, s.316.
  10. Tahsin Ü. Karaman tarihi. — Ankara, 1986, s. 51; yenə onun: Nureddin Bey (Nure Sofi) Ermeni deyildir.- Türk Dünyası Araştırmaları, sayı 47 ,- İstanbul, 1987, s. 234.
  11. Köprülü F. Oğuz etnolojisine dair tarihi notlar — Türkiyat Mecmuesi, c. I, İstanbul, 1925, s. 194;Azərbaycan SSR İnzibati-ərazi bölgüsü, Bakı, 1979, s. 38,56,62,72.
  12. Rza Nur, Türk tarixi, c. 4, s. 225.
  13. Artamonov İ. M. İstoriya Xazarov — L., 1962, s. 156.
  14. Qukasyan V. L. Znaçenie Zak. istoçnikov v izuçenii istor; Azerb. yazıka dopismennoqo per-Sov. Tyurkoloqiya, Bakı,1978, Nl, s.24
  15. Toğan Z. V. Azerbaycan — İslam ensiklopedisi, c. II — s. 98.
  16. Sümer F. Ağaceriler — Türk tarih Kurumu — Belleten, c. XXVI, s. 103, — Ankara, 1962, s. 521
  17. Əbu Bəkr Tehrani. Kitabi-Diyarbəkriyyə, s. 63.

̇Qaraqoyunlular

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]