Denbey (伝兵衛?, təq. 1670 – 1714) və ya Dembey (rus. Дэмбэй) – Rusiyada olmuş ilk yaponlardan biri və Rusiyada yapon dili tədrisi ilə məşğul olmuş ilk şəxs. Osakadan Edoya mal aparan gəmisinin fırtınaya düşməsi nəticəsində yanlışlıqla Kamçatka yarımadasına çatmış və Vladimir Atlasov tərəfindən tapılmışdır. Atlasov onun hindistanlı olduğunu zənn etmişdir. Denbey əvvəlcə İrkutska, daha sonra Moskvaya göndərilərək Rusiya çarı I Pyotr ilə görüşmüş, ona Yaponiya haqqında məlumatlar vermişdir.
Denbey | |
---|---|
yap. 伝兵衛 | |
Doğum tarixi | təq. 1670 |
Vəfat tarixi | 1714 |
Fəaliyyəti | tacir, səyyah, mühazirəçi |
Denbey I Pyotrun göstərişi ilə ruslara yapon dilini öyrətməklə vəzifələndirilmişdir. O, Yaponiyadan xaricdə açılmış ilk yapon dili məktəbində ruslara yapon dilini tədris etmişdir. Həyatının qalan hissəsini Rusiyada keçirmiş, pravoslavlığı qəbul edərək Qavriil Boqdanov adını götürmüşdür.
Denbeyin verdiyi məlumatlar Rusiyada birbaşa yapon şəxs tərəfindən alınmış ilk Yaponiya haqqında məlumatlar olmuşdur. O, Rusiyada Yaponiyaya qarşı marağın yaranmasına səbəb olmuş və növbəti illərdə rusların yaponlarla ticarət əlaqələri yaratma cəhdləri üçün təkan vermişdir.
Denbey Tatekava təxminən 1670-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. Atası Cişa kimi o da ticarətlə məşğul olurdu. Onun Osakada bir həyat yoldaşı və iki uşağı var idi.[1] Denbey 1695-ci ildə Osaka şəhərindən şoqunluğun paytaxtı Edoya sake, düyü, şəkər, un, dəmir kimi məhsullar aparan 30 gəmidən ibarət gəmi karvanında iştirak edirdi.[2][3] Superkarqo və katib vəzifəsinə təyin olduğu, osakalı tacir Avaşiyə məxsus olan gəmi qəfildən fırtınaya düşmüş və Yaponiya sahillərindən uzaqlaşmışdır. Gəmi heyəti 28 həftə boyunca sahildən əsən güclü küləklərlə mübarizə aparmış, uzağa getməmək üçün dorağacını kəsmişdirlər. Gəmi qida məhsulları daşıdığı üçün gəmi heyəti qida baxımından çətinlik çəkməmişdir. Su ehtiyatı 2 ay sonra bitsə də, malik olduqları 500 barrel sake ehtiyatını düyünü bişirmək üçün istifadə etmişdirlər.[4]
Külək sakitləşəndən sonra gəmi heyəti sudan çıxardığı ağac gövdəsi və köhnə dor ağacının qalıqları ilə yeni dor ağacı hazırlamışdır. Onlar kürək çəkərək qərbdəki ən yaxın torpağa tərəf üzməyə başlamış, Kamçatka yarımadasında sahilə çıxaraq yerlilərlə qarşılaşmışdırlar. Denbey kamçadallar ilə ünsiyyət qurmağa çalışsa da, dili başa düşülməmişdir. O, yerlilərin başçısına məktub yazıb cavab gözləsə də, oxuma-yazma qabiliyyəti olmayan kamçadal başçısı bunu suvenir kimi qəbul etmişdir. Yerlilər gedəndə üç yaponu özləri ilə aparmış, həmin yaponlardan bir daha xəbər çıxmamışdır.[4] Denbey və onun doqquz yoldaşı kamçadalların qayıtmasını gözləməyə başlamışdırlar.[5]
Növbəti gün yerlilər 4 kanoe ilə gəlmiş və yaponları uzaqdan seyr edərək uzaqlaşmışdırlar. Axşam sahilin qırağında 250-dən çox yerlini daşıyan 40 kanoe peyda olmuş və yaponlara ox atmağa başlamışdırlar. Denbeyin yoldaşları xilas olmaq üçün təpələrə qaçsalar da, Denbey gəmisinə doğru qaçmış, xilas olmaq üçün yerlilərə sake və düyü təklif etməyə çalışmışdır. Cəhdi uğurlu olmuş, lakin yerlilər sakenin dadını bəyənməyərək dənizə tökmüşdürlər. [5] Hadisə zamanı Denbey sol qolundan oxla vurulmuşdur. Kamçadallar Denbeyi digər yoldaşlarından ayıraraq Kamçatka çayının sahilinə aparmışdırlar. O, kamçadallarla keçirdiyi bir ay ərzində kamçadal dilində bir az danışmağı öyrənmişdir.[1]
Şərq sahilində peyda olan, heç kimin başa düşmədiyi bir dildə danışan xarici haqqında məlumatlar 1697-ci ilin sonunda Kamçatka yarımadasının tədqiqatçısı Vladimir Atlasovun marağına səbəb olmuşdur. O, bu xaricini tapmaq üçün Kamçatkanın şərqinə səfər etmiş və yerlilərə məxsus bir daxmada yaşayan Denbeylə qarşılaşmışdır. Atlasov ilk qarşılaşmasında onun yunan olduğunu düşünmüşdür.[6]
O, mənim başa düşmədiyim bir dildə danışır, amma yunana oxşayır. Bığı qısa, saçı qaradır, bədəni isə arıqdır. Daşıdığımız ikonaları görən kimi ağlamağa başlamış və sanki ikonların məqsədini başa düşmüşdü.[6] |
Lakin Atlasov tezliklə Denbeyin yunan olmadığını anlamış və bu dəfə onun hindli olduğunu təxmin etmişdir.[6] Atlasovun ekspedisiyasındakı dilçilər ona qarşı gəlməkdən çəkinərək bu təxminin doğruluğunu təsdiqləmişdirlər. Denbey Atlasovun dediyi hər şeyi təsdiqləməyə və onun xoşuna gəlməyə çalışdığı üçün o da hindli olduğunu təsdiqləmişdir. Denbey Osakadan Edoya mal apardığını və imperatorun Miyakoda yaşadığını izah etməyə çalışanda Atlasovun "Edo" sözünü "Hind", "Osaka" sözünü "Uzaka" kimi başa düşmüş, Miyakonun Hindistanda yerləşdiyini düşünmüşdür.[7][8]
Atlasov Denbeyin əhəmiyyətli bir şəxs hesab edərək İrkutska aparılmasına qərar vermişdir. Denbey ona verilmiş qar ayaqqabıları ilə İrkustka yola düşsə də, beş gün sonra ayaqları şişmişdir.[7] Atlasov onun üçün kiçik bir mühafizə dəstəsi qoymuş və sağaldıqdan sonra Anadıra qayıdaraq səfərə yenidən başlamasını əmr etmişdir. Atlasovun niyə belə əmr verdiyi naməlum olsa da, Denbey bu əmrə etiraz etməmişdir. Buna baxmayaraq, Denbey qar ayaqqabıları ilə sürətli hərəkət etməyi öyrənə bilməmişdir. Atlasov qulluqçusu Qriqori Posnikova Denbeyi mümkün qədər tez İrkutska çatdırmaq əmri vermiş və ona bunun qarşılığında 35 qırmızı tülkü dərisi ödəmişdir. Denbey İrkutska 1701-ci ilin payızında çatmışdır: o, yazı və yayı yolda keçirmişdir.[9]
Atlasov Sibir kanslerliyinə tapıntısı haqqında məlumatı 10 fevral 1701-ci ildə çatdırmışdır. Moskva Denbeyin hindli yox, yapon olmasından şübhələnmişdir. I Pyotr 1 noyabr 1701-ci ildəki əmrində Denbeyin dərhal İrkutskdan Moskvaya gətirilməsini bildirmişdir:[9]
Kamçatkada tapılmış və İrkutskdan Moskvaya səfər edən xarici mümkün olduğu qədər tez Moskvaya çatdırılmalı və mühafizə ilə əhatə olunmalıdır. Xarici tam formada qorunmalı, qida və içki ilə təmin olunmalıdır. Mühafizəçilər ehtiyacı olduğu hər şeyi almalıdırlar. Bu məqsəd üçün Sibir kanslerliyi tərəfindən pul ayrılacaqdır.[9] |
Qubernator Dorofey Traurnixt Denbeyə iki ağır parça, geyim üçün 19 arşın uzunluğunda parça materialı, bir rubl dəyərində maral dərisi, iki rubl dəyərində ayaqqabı və qida bağışlamışdır.[9] Denbeyin geyimi hazır olandan və ayaqları tam sağalandan sonra İvan Safroniyevin rəhbərliyi altında 50 kazak onu çara qədər müşayiət etmişdir. Onlar 21 noyabrda İrkutskdan yola düşmüş və 29 dekabrda Moskvaya çatmışdırlar. Safroniyev Denbeyi çarın qulluqçularına təslim etmiş və Denbeyin rahatlığını təmin etmək üçün yolda xərclədiyi miqdara uyğun olaraq 8 rubl dəyərində çek almışdır.[3]
Denbey 8 yanvar 1702-ci ildə I Pyotrun Preobrajenskoyedə yerləşən iqamətgahına aparılmış və çarla görüşmüşdür. Denbey Yaponiyanı tərifləməyə çalışmış və ona Yaponiya haqqında şişirdilmiş məlumatlar vermişdir. O, Çinin Yaponiyanın bir hissəsi olduğunu, iki ölkənin quru körpüsü ilə əlaqələndiyini və bu yolda bir neçə dəfə gəlib-getdiyini, Yaponiyada şaxtanın olmadığını, yaponların nəhəng quşlar və balıqlar yediyini, hər yaponun evində top saxladığını bildirmişdir.[5] Denbey yapon döyüşçülərinin istifadə etdiyi silahlar, yaşadıqları ev, hollandlarla ticarət əlaqələri, pulları haqqında məlumat vermişdir.[1] O, Yaponiyanı güclü dövlət kimi təqdim etməyə çalışmış, heç bir yaponun dənizdən qorxmadığını, yapon gəmilərinin batmasının mümkünsüz olduğunu, gəmisində 80 fut qızılın olduğunu demişdir. Denbey I Pyotrun göstərişi ilə rəsmi qəyyumluğa götürülmüş və gündəlik qida ehtiyacları üçün ona 5 qəpik müavinət ayrılmışdır. I Pyotrun göstərişinə əsasən Denbey mümkün olduğu qədər tez rus dilini öyrənməli və ruslara yapon dilini öyrətməli idi. Sibir qubernatoru Matvey Qaqarin bu işə nəzarət etməklə vəzifələndirilmişdir.[10] Rusiyadakı bu yapon dili məktəbi 1705-ci ildə təşkil olunmuşdur.[8] Denbeyin nə qədər rusa yapon dili öyrətdiyi naməlum olsa da, müəllimlik vəzifəsində qalmışdır.[10]
Denbeyin hekayəsi 1702-ci ildə Sibir Əlaqələri Departamenti tərəfindən "Skaska Denbeya" adı ilə qeydə alınmışdır. Bu, Rusiyada birbaşa yapon şəxs tərəfindən alınmış ilk Yaponiya haqqında məlumat olmuşdur.[8] Denbey həyatının qalan hissəsini Rusiyada keçirmişdir. 1710-cu ildə xristianlığı qəbul etmiş və Qavriil Boqdanov adını götürmüşdür.[10] 1707-ci ildən sonra Matvey Qaqarinin malikanəsində yaşamışdır.[1] 1711-ci ildə Kuril adalarını tədqiq etməyə göndərilmiş İvan Petroviç Kosirevskinin ekspedisiyasında Denbeyin tələbəsi olmuş tərcüməçi də iştirak etmişdir.[11]