Qinkaku məbədi (銀閣寺, Qinkaku-ci?, azərb. "Gümüş pavilyon məbədi") və ya rəsmi adı ilə Cişo məbədi (慈照寺, Cişo-ci?, azərb. "Parlayan mərhəmət məbədi") – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən buddist məbədi.[1] Zen buddizminin Rinzay sektasının Şokokuci qoluna aiddir.[1] Tərk edilmiş Tenday monastırı olan Codo məbədinin ərazisində yerləşir.[1] Məbəd Hiqaşiyama mədəniyyətinə aid edilir.[1]
Zen buddizminin Rinzay sektası | |
Qinkaku məbədi | |
---|---|
Qinkaku-ci (銀閣寺?) | |
| |
Yerləşməsi | |
Ölkə | |
Yeri | Sakyo, Kioto, Kioto prefekturası |
Memarlıq | |
İnşa tarixi | 1465 – 1483 |
Tikdirəni | Aşikaqa Yoşimasa |
|
|
Saytı | |
shokoku-ji.jp/ginkakuji/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Səkkizinci Muromaçi şoqunu olan Aşikaqa Yoşimasa 1465-ci ildə özü üçün iqamətgah tikdirməyə qərar vermiş və ən keyfiyyətli materialları tapmaq üçün bütün əyalətlərdə axtarış əmri vermişdir.[1] İqamətgahın tikintisi 1483-cü ildə tamamlanandan sonra Yoşimasa buraya köçmüşdür.[1] 1485-ci ildə Şokoku məbədinin keşişi olmuş və 1490-cı ildə öldükdən sonra vəsiyyəti əsasında iqamətgah məbədə çevrilmişdir.[1] Yoşimasanın ölümündən sonrakı dini titulu Cişoin olduğu üçün məbədə Çişo adı verilmişdir.[1]
Şokoku məbədinin ilk abbatı olan Zen keşişi Muso Soseki məbədin ilk fəxri abbatı seçilmişdir.[1] Yoşimasa tərəfindən oğulluğa götürülən Hoşo Şuzay isə məbədin ikinci abbatı təyin edilmişdir.[1] Qinkaku məbədinin bir çox abbatı Konoe kimi zadəgan ailələrindən seçilirdi.[1]
Məbəd qeydlərinə görə Qinkaku məbədi əslində 12 tikilidən ibarət olmuşdur.[1] 1397-ci ildə tikilmiş Kinkaku məbədindən təsirlənən Yoşimasa məbədin Kannon zalına gümüş üzlük çəkdirmək istəmiş, lakin öldüyü üçün bunu edə bilməmişdir.[1] Gümüş üzlüyün heç vaxt çəkilməməsinə baxmayaraq Kannon zalı "Gümüş pavilyon" (Qinkaku) adı ilə tanınmış və bu ad məbədin adına çevrilmişdir.[1] Tenbun erasında baş vermiş böyük yanğın məbədi məhv etmiş, orijinal tikililərdən ancaq Qinkaku zalı və Toqudo zalı salamat qalmışdır.[1] Meyci dövründə məbəd yararsız hala düşmüş, lakin ianələr və hökumət dəstəyi sayəsində bərpa olunmuşdur.[1]
Qinkaku binası ikimərtəbəli strukturdur.[1] Birinci mərtəbə şoin üslubundadır.[1] Yoşimasanın meditasiya ilə məşğul olduğu otaq bu mərtəbədə yerləşir.[1] İkinci mərtəbə qızılla bəzədilmiş Kannon təsvirinə ev sahibliyi edir.[1] Yoşimasanın yaşadığı və özəl ibadətgahı olan Toqudo zalında budda Amidaya və Yoşimasaya həsr olunmuş səcdəgahlar, eləcə də, Aşikaqa şoqunlarının xatirə lövhələri yerləşir.[1] Binanın şimal-şərq küncündə Yoşimasa tərəfindən dizayn edilmiş çaşitsu mövcuddur.[1] Bu çay otağı Yaponiyadakı ən qədim çaşitsu hesab olunur.[1]
Toqudo və Qinkaku zalları arasında bağ yerləşir.[1] Bu bağ Sayho məbədinin bağı əsasında təşkil olunsa da, Kaney erasında yenidən təşkil olunmuşdur.[1]