Çaşitsu və ya çay evi (茶室, "çay otaqları") — Yapon çay mərasiminin (“çanoyu”) keçirilməsi üçün istifadə olunan xüsusi məkan[1]. Çaşitsu tikilməsi üçün istifadə edilən memarlıq stili “sukiya” (“sukiya-zukuri”) adlanır və sukiya həm də çaşitsunun sinonimi kimi işlənə bilər.[2]. Çaşitsunu səciyyələndirən memarlıq elementlərinə södzi pəncərələri, yarımşəffaf vasi kağızı ilə örtülmüş ağac çərçivədən hazırlanan hərəkətli qapılar, tatami döşəmə, tokonoma (əlyazmalar, rəsmlər və gül dizaynı üçün divarda xüsusi yer[3][4] ) və sadə, sönük rənglərdə dizayn aiddir. Çaşitsu üçün ideal ölçü 4.5 (dörd tam onda beş)tatamilik (təxminən 7.5 kvadrat metr) otaq ölçüsüdür[5] və bu ölçü məşhur usta Senno Rikü tərəfindən XVI əsrdə müəyyən edilmişdir [6].
Həm çay mərasiminin keçirilməsi üçün ayrıca tikilmiş məkanlar, həm də evin içərisində yerləşən və çay mərasimi üçün nəzərdə tutulan otaqlar yapon dilində “çaşitsu” adlanır.[7]. “Çay evləri” adətən kiçik olur və ağacdan tikilir. Onlar bağlarda, parklarda və ya evlərin, qalaların bağçalarında yerləşir. Ən kiçik çay evi iki otaqdan ibarətdir: ev sahibinin və qonaqların yığışıb çay içdiyi əsas otaq və ev sahibinin şirniyyat hazırladığı və çay mərasimi üçün lazım olan əşyaları saxladığı “mizuya” otağı. Belə çay evinin ümumi sahəsi üç tatamidir. Çox böyük çay evləri müxtəlif ölçülü bir neçə çay otağından ibarət olur: geniş, yaxşı təchiz olunmuş və daha çox müasir mətbəxi xatırladan mizuya; qonaqlar üçün geniş gözləmə otağı; qonaqların qarşılandığı və ayaqqabılarını soyunduqları giriş sahəsi; kişi və qadın üçün ayrıca tualet otaqları; geyinib-soyunma otağı; anbar; bəzən bir neçə gözləmə otağı; “Rödzi” bağı və açıq hava altında olan gözləmə sahəsi. “Çay otaqları” çay evinin, yaşayış evinin içində ola bilər və ya ayrıca tikili kimi mövcud ola bilər. Çay otağı 1.75 tatamilik (qonaqlar üçün bir tam tatami və “daymö” (台目) adlanan və tam tataminin 3/4 –ü qədər olan və çay hazırlamaq üçün “furo” və “ro” (külək əsəsndə çay dəmlənməsi üçün istifadə olunan “hamam”) ocağının yerləşməsi üçün sahə kiçiksahəli və ya 10 və daha çox tatamilik böyüksahəli ola bilər. Müasir çüy otaqları üçün ümumtanınmış ölçü 4.5 tatamidir (Yodzohan çaşitsu[4]). 4.5 tatamidən böyük olan çaşitsu “hiroma”, yəni “böyük otaq”, bu ölçüdən kiçik olan çaşitsu isə “koma”, yəni “kiçik otaq” adlanır[8].
Ölçülərinə və ocağın yerinə görə aşağıdakı çaşitsu növləri fərqləndirilir[4]:
“Çaşitsu” termini Edo dövrünün (təxminən 1600-cü il) başlanğıcından istifadə edilir. Əvvəlki dövrlərdə çay mərasiminin keçirdiyi məkanı bildirmək üçün chanoyu zashiki (茶湯座敷; "çanoyu üçün qonaq otağı"), sukiya (“çanoyu” kimi poetik xarakterli estetik məşğuliyyətlər üçün yer və kakoi (囲; ədəbi dildə "xüsusi ayrılmış məkan") [5] kimi terminlərdən istifadə edilirdi. Yapon tarixçisi Moriya Takeşi özünün "Şəhərin içərisində yaşayan dağ" məqaləsində yazır ki, vabi-ça çay mərasiminin idealının kökləri Muromaki dövrünün (1336-1573) şəhər cəmiyyətinə gedib çıxır və şəhər əhlinin öz iqamətgahlarında tikdiyi və kənd evlərini xatırladan çay evlərində keçirilirdi[9] Buna qədər isə çay mərasimləri əsasən “söin-zukuri” memarlıq stilində tikilmiş otaqlarda keçirilirdi. Bu stil müasir dövrün çay otaqlarının tikintisində də geniş istifadə edilir.[10].
Çay evləri mərkəzi hakimiyyətin zəif olduğu və dzen-buddizm ideyalarının yayıldığı Senqoku dövründə (XV əsrin ortaları- XVII əsrin əvvələri) meydana çıxmışdır. Çay evləri əsasən dzen rahibləri [11] və “daymö”lər, samuraylar və tacirlər tərəfindən tikilirdi. Dzen fəlsəfəsinin təsiri altında tikilən bu evlər sadəlik və sakitlik təlqin etməli idilər. Çaşitsunun quruluşuna və çay mərasiminə dair qaydalar məşhur çanoyu ustaları Dzöo Takeno (1502/03-1555) və Rikü adı altında məşhurlaşan Senno Soeki (1521/22-1591) tərəfindən hazırlanmışdır.[12]. Bəzi bədii mənbələrə inansaq, ilk çaşitsu 1473-cü ildə tikilmişdir. Başqa mənbələrə görə isə, ilk çaşitsu rahib Murata Dzükonun davamçısı usta Dzöo Takeno tərəfindən "vabi" prinsipinə uyğun olaraq kəndli koması stilində tikilmişdi[13][14]. Senno Rüki çay evi konsepsiyasını təkmilləşdirmiş, onu əhatə edən bağın və çay evinə aparan yolun salınması prinsiplərini işləyib hazırlamışdır.[15].
Ayrıca tikili şəklində olan ideal çay evi “rödzi” adlanan kiçik yapon bağının əhatəsində yerləşir və xüsusi yol qonağı çay evinə aparır. Yolun qırağında qonaqlar üçün skamyalar yerləşir. Çay evinin yaxınlığında olan daş hovuz (dzukubai) qonaqların əl-üzlərini yuması üçün nəzərdə tutulub[16]. Daha donra, onlar bellərini əyərək “Nidziriquçi” adlanan alçaq (hündürlüyü təxminən 60-90 sm olan bu girişin keçmişdə effekti o idi ki, samuray öz uzun qılıncı ilə içəri daxil ola bilmədiyindən qılıncları çöldə qoyurdu)[3][17][18] kvadratşəkilli qapıdan çay otağında daxil olurlar. Bu qapı çay otağının daxili və sakit dünyasını narahat xarici dünyadan ayırır. Qapı çay otağının düz içinə aparır.
Qonaqlar üçün nəzərdə tutulmuş bu girişdən başqa digər girişlər də ola bilər: məsələn, ikiotaqlı çay evlərində “mizuya” otağına (əgər belə otaq mövcuddursa) keçməyə imkan verən və ev sahibi üçün nəzərdə tutulan normal insan boyu hündürlüyündə “saduqiçi” qapısı mövcuddur [4].
Çay otağının pəncərələri adətən kiçikdir və təbii gün işığını buraxan “södzi” ilə örtülmüş olur. Çay mərasimi iştirakçılarının diqqətini dağıtmamaq üçün bu pəncərələr çöldə baş verənləri seyr etmək üçün nəzərdə tutulmamışdır. Çay otağı alçaq tavana malikdir və orada mebel yoxdur. Ev sahibi və qonaqlar “seiza” stilində yerdən otururlar. Çay mərasimində istifadə olunan bütün əşyalar sadə və rahatdır. Bəzi çaşitsu sahibləri bu çay evlərinə xüsusi adlar verirlər. Belə adlar içərisində ən geniş yayılanları aşağıdakılardır: