Qney Domisi Korbulon (lat. Gnaeus Domitius Corbulo; təq. 7 – 67, Korinf, Peloponnes) — Roma sərkərdəsi, 39-cu ildə konsul-suffekt. O,Domisilər zadəgan plebey ailəsinin adı indiki dövrdə məlum olmayan qolundan olmuşdur. Korbulon ilk növbədə, imperator Neronun Şərqə yürüşündə iştirak edən sərkərdə kimi tanınır.
Qney Domisi Korbulon | |
---|---|
lat. Cn. Domitius Corbulo | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 7 |
Vəfat tarixi | 67 |
Vəfat yeri | |
Vəfat səbəbi | qanitirmə[d] |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Rütbəsi | duks |
Vikianbarda əlaqəli mediafayllar |
Adını paylaşdığı atası imperator Tiberi dövründə pretor kimi senata daxil olmuşdur. Fahişə olan anası Vistiliya pretorian statuslu ailədən gəlirdi və altı fərqli kişidən yeddi uşağı olmuşdur. Bu uşaqlardan bəziləri dövrün siyasi səhnəsinin mühüm fiqurları idi.
Romanın sərhəd ərazilərində artan Parfiya təsirindən narazı qalmış[1] Neron Romanın vassal padşahlarının hakimiyyətini bərpa etmək missiyası ilə legat Qney Domisi Korbulonu böyük bir ordunun başçısı təyin edərək Ermənistana göndərmişdir.[1][2] 58–63-cü illər Parfiya–Roma müharibəsi zamanı Ermənistan çarı I Trdat Parfiya hakimi olan qardaşı I Vologezin köməyi ilə Roma ordusunu sıxışdırmaq üçün çevik qüvvələr göndərmiş, Korbulon da eyni taktikadan istifadə edərək muşkiləri Ermənistanın periferik rayonlarını qarət etmək üçün göndərmişdir.[1] Trdat paytaxtdan qaçmış, Korbulon isə oranı yandırmışdır.[3] Yayda Korbulon Tarodan keçərək Tiqranakertə yaxınlaşmış, burada onun sərkərdələrindən bir neçəsi pusquda öldürülmüşdür. Buna baxmayaraq, şəhərin biri istisna olmaqla bütün qalalarının qapıları Roma ordusuna açılmışdır.[4] Bu zaman Ermənistan əhalisinin əksəriyyəti müqaviməti dayandıraraq Romanın vassallığını qəbul etmişdir.[5] Neron bu ilkin qələbəyə görə ictimaiyyət tərəfindən bəyənilmiş[6] və Korbulon mükafat olaraq Suriyanın qubernatoru təyin edilmişdir.[7] Ölkəni müdafiə etmək üçün min legioner, üç köməkçi koqorta və iki kavaleriya qanadı Tiqrana buraxılmışdır. Sərhəd əraziləri Romanın II Polemon, I Parsman, Aristobulu və IV Antiox kimi Korbulona kömək edən müttəfiqlərinə həvalə edilmişdir.[4]
Vologez bir yadellinin Ermənistan taxt-tacına sahib olmasından qəzəblənmişdi, lakin üsyançı hirkanlılarla münaqişəyə girdiyi üçün qardaşının hakimiyyətini bərpa etməkdən çəkinmişdir.[4] Tiqran 61-ci ildə Adiabenanın şimalını işğal etmişdir. Onun padşahı II Monobaz qanunla Ermənistanın vassalı idi, əslində isə müstəqil siyasət aparırdı[8] və bu hücumun qisasını almaq üçün Parfiyadan kömək istəmişdir. Vologez bu hərəkəti Romanın təcavüzü kimi qiymətləndirmiş və Trdatın Ermənistan taxtına qaytarılması üçün yürüşə başlamışdır. O, spahbed Monezin komandanlığı altında VI Tiqranı Ermənistandan qovmaq hədəfi ilə katafraktlardan ibarət nizami qüvvə, eləcə də Adiabenadan köməkçi qüvvə qoymuşdur. O, Hirkan üsyanını yatırdıqdan sonra qüvvələrini toplayıb Ermənistan üzərinə yürüş etmişdir. Bundan xəbərdar olan Korbulon Tiqrana kömək etmək üçün Lusi Verulan Sever və Mark Vetti Bolanın komandanlığı altında iki legion göndərmişdir. O həmçinin, Nerona xəbər göndərmiş və artıq Suriyanın da eyni dərəcədə təhlükə altında olduğunu nəzərə alaraq ondan Ermənistanı müdafiə etmək üçün ikinci bir sərkərdə göndərməsini xahiş etmişdir. Korbulonun qalan legionları Fərat çayı sahillərində yerləşdirilmişdi və ona bitişik regionlarda nizamsız qoşunları silahlandırırdı. O, ərazidə su çatışmazlığı olduğundan bulaqların üstündə qalalar uzaltmış, çayları qumla doldurmuşdur. Monez Tiqranakert üzərinə yürüş etmiş, lakin onun qoşunları uzunmüddətli mühasirə üçün təchiz olunmadığından şəhərin istehkamlarını keçə bilməmişdir. Bundan sonra Korbulon şansını sınamaq fikrinə düşmüş və Kasperi adlı senturionu mühasirənin qaldırılmasını xahiş etsin deyə Vologezin Nüseybindəki düşərgəsinə göndərmişdir. Bu yaxınlarda baş vermiş çəyirtkə tufanı və atları üçün yem çatışmazlığı səbəbindən Vologez bununla razılaşmış, lakin davamlı sülhün bərqərar olması üçün bir sıra tələblər irəli sürmüşdür.[4] O, Roma və Parfiya qoşunlarının regiondan çıxarılmasını, Tiqranın taxtdan salınmasını və Trdatın padşah kimi tanınmasını tələb etmişdir. Roma bu təklifi rədd etmiş və Kappadokiyanın qubernatoru Lusi Yuni Sezenni Peti Ermənistanı bilavasitə Romanın idarəsinə salmaq üçün göndərmişdir.[9][10][11] Buna baxmayaraq, Pet pis bir sərkərdə olduğunu sübut etmiş və 62-ci ildə Randeya döyüşündə alçaldıcı məğlubiyyətə uğramışdır. Burada Kalvisi Sabinin komandanlıq etdiyi XII Fulminata legionu və Funisulan Vettonyanın komandanlıq etdiyi III Skif legionu tamamilə məhv olmuşdur.[3]
Qoşunların komandirliyi daha sonra Korbulona qayıtmışdır. Növbəti il Melitena və Ermənistana güclü ordu gətirən Korbulon burada Parfiya tərəfdarı olmaqda şübhəli bilinən bütün regional qubernatorları sıradan çıxarmışdır. O, Trdat ilə Randeyada görüşmüş və sülh danışıqlarına başlamışdır. Trdat Roma düşərgəsinə gəldikdən sonra kral diademanı çıxararaq yerə, Neron heykəlinin yanına qoymuş[12] və romalılıların xahişi ilə onu yalnız Romada məhz imperatorun əlindən geri almağa razı olmuşdur.[3] Trdat Ermənistanın vassal padşahı kimi tanınmış, Roma qarnizonu Ermənistan və Sofenaya yerləşdirilmişdir, Artaşatanın bərpa edilməsi vəd olunmuşdur. Korbulon kürəkəni Anni Vinisiana Romaya səfərində Trdatı müşayiət etməyi və onun Nerona sadiqliyinə şəhadət verməyi tapşırmışdır.[9]