Rəşid bəy və Səadət xanım — İsmayıl bəy Qutqaşınlının Fransada çap etdirdiyi hekayə.
Rəşid bəy və Səadət xanım | |
---|---|
Müəllif | İsmayıl bəy Qutqaşınlı |
Dil | Fransızca |
Tərcüməçi | Səlim bəy Behbudov |
Fransız dilində yazılmış ilk Azərbaycan bədii nəsridir.
Əlyazmanı ilk dəfə Salman Mümtaz əldə edib. O öz xatirələrində uzun axtarışlardan sonra Xasay xan Usmiyevin sayəsində 1922-ci ildə hekayəni əldə etdiyini yazıb. Kitabı Xasay xandan 2-3 aylığa əmanət alan Salman Mümtaz onu tərcümə etmək istəyib, lakin səpmə yatalaq xəstəliyinə tutulduğuna görə əmanəti geri qaytarıb, yenidən istəyəcəyini bildirib. Lakin Salman Mümtazın xəstəliyi 6 ay çəkib, bu müddətdə isə Xasay xan Vladiqafqazda vəfat edib və əsərin izi itib. 1932-ci ildə Salman Mümtaz Azərbaycan Dövlət Muzeyinə elmi işçi kimi işə qəbul olunub, burada isə məlum olub ki, Xasay xan kitabı başqa kitablarla birlikdə muzeyə satıb.
Əsəri ilk dəfə Səlim bəy Behbudov tərcümə edib, lakin Azərnəşrdə çapı nəzərdə tutulsa da, alınmayıb. 1937-ci ildə Salman Mümtazın həbsindən sonra əsər yenidən unudulub, iki il sonra 1939-da “Ədəbiyyat qəzeti”ndə azərbaycan dilində dərc olunub. Hekayə 1956-cı ildə ilk dəfə olaraq kitab formasında çap olunub.
Hekayə Qəbələ xanlarının nəslindən olan Səadət xanımla, Şəki xanlarının nəslindən olan Rəşid bəyin sevgisindən, həmin dövr Azərbaycan mühitinin gerçəkliklərindən bəhs edir. Bu əsəri yazarkən yazıçının Romeo və Cülyettadan da təsirləndiyi qeyd olunur. AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan kitabın sonunda M.F.Axundzadənin avtoqrafı var. Axundzadə rus dilində bu cümləni yazıb: “Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o nə öz sevincini, nə də öz kədərini gizlədə bilər. Buna görə də mən bugünkü sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim şadlığımın səbəbi odur ki, başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər şübhə qalmamışdır. Bu gün sizmi tamamilə inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxlayıram”. 15 mart 1846. Mirzə Fətəli”.'