Rəsul Mirhəşimli (1968, Qubadlı rayonu) — müxbir, redaktor, araşdırmaçı-jurnalist, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin sabiq müşaviri, Birinci Qarabağ müharibəsi iştirakçısı.
Rəsul Mirhəşimli | |
---|---|
Doğum tarixi | 1968 |
Doğum yeri | |
Fəaliyyət illəri | 1993-cü ildən |
Partiyası |
|
Rəsul Mirhəşimli 1968-ci ildə Qubadlı rayonunda anadan olub. 1985-ci ildə Qara İlyasov adına Qubadlı şəhər 1 saylı orta məktəbi bitirib. 1986–88-ci illərdə sovet ordusu sıralarına hərbi xidmətdə olub. 1991-ci ildə Sumqayıt Politexnik Texnikumunu, 2000-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun sıralarında Qubadlı rayonunun müdafiəsində, Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı keçirilən əməliyyatlarda iştirak edib.
1993-cü ildən Azərbaycan mətbuatında məqalələrlə çıxış edir. Jurnalistlik fəaliyyəti zamanı Azərbaycanda nəşr olunan müxtəlif mətbuat orqanlarında müxbir, parlament müxbiri, redaktor və baş redaktor vəzifələrində işləyib. "Qafqazinfo" saytında çalışıb. Qafqaz Müsəlmanları İdarəsində (QMİ) şöbə müdirinin müavini vəzifəsində işləyib.
2012-ci ildən "Avropa.info"[1] Xəbər Portalında baş redaktor vəzifəsində işləyir. Azərbaycan mətbuatında araşdırmaçı-jurnalist olaraq tanınır. Çalışdığı müddət ərzində müxtəlif tədbirlərdə Bolqarıstanda, Türkiyədə Azərbaycan mətbuatını təmsil edib. Qarabağ münaqişəsi ilə bağlı məqaləsi Vaşinqtonda Azərbaycan diasporunun nəşr etdirdiyi jurnalda çap olunub. Bu illər ərzində Azərbaycan telekanallarında, internet televizayalarında və müxtəlif mətbuat orqanlarında araşdırmaçı-ekspert olaraq dəvət olunub, müxtəlif məsələ və problemlərə düşüncələrini açıqlayıb.
O, müxtəlif zamanlarda "Azadlıq", "Cümhuriyyət", "Ulus", "Məkan", "Üç nöqtə", "Mərkəz" və QMİ-nin nəşri olan "İslam" (baş redaktor kimi) qəzetlərində çalışmışdır.
Rəsul Mirhəşimli 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin, 1995-ci ildən isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmuşdur. O, Azərbaycan Xalq Cəbhəsi Partiyası Qubadlı Rayon Şöbəsinin Məclis üzvü, Məclis sədri, AXCP Ali Məclisinin üzvü vəzifələrini daşımış, bir müddət isə sədr aparatında çalışmışdır.[2]
Rəsul Mirhəşimli 2000-ci ilin parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının vahid proporsional seçki siyahısı üzrə deputatlığa namizəd olmuşdur.[2]
Rəsul Mirhəşimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin 4 noyabr 2011-ci il tarixində imzaladığı sərəncamla partiya sədrinin müşaviri vəzifəsinə təyin olunmuşdur.[2] O, 9 iyul 2014-cü il tarixində partiyadan istefa verdiyini açıqlamışdır.[3]
"Allah dostları" adlı kitabın müəllifidir. Müxtəlif illərdə yazdığı araşdırma yazılarını 2005-ci ildə ayrıca kitab şəklində nəşr etdirib. Kitabda təsəvvüf dünyagörüşünün tanınmış şəxsləri barədə elmi-maarifləndirici ensiklopedik bilgilər toplanıb. 2013-cü ildə XIII əsrin böyük Azərbaycan mütəfəkkiri Şəmsəddin Təbrizinin "Məqalat" əsərini dilimizə tərcümə edib.[4]