Rəsul Quliyev (alim)

Rəsul Şirin oğlu Quliyev (1915, Zəhmətabad, Lənkəran qəzası17 mart 2007, Bakı) — Azərbaycan alimi, professor.[1]

Rəsul Quliyev
Rəsul Şirin oğlu Quliyev
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (92 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi neft-kimya
Elmi adı Professor
İş yeri
Təhsili Azərbaycan Sənaye İnstitutu
Mükafatları Azərbaycanın əməkdar elm xadimi, Qırmızı Əmək Bayrağı ordeni, Əmək veteranı medalı

Rəsul Şirin oğlu Quliyev 1915-ci il yanvarın 19-da Cəlilabad rayonunun Zəhmədabad kəndində kəndli ailəsində anadan olmuşdur. 1924-cü ildə Bakı şəhəri N. Nərimanov 15 saylı məktəbdə yeddiillik təhsil aldıqdan sonra, 1930–1934-cü illərdə Neft Texnikumunda oxumuşdur. 1934–1937-ci illərdə keçmiş Ə. Qarayev adına Neftayırma zavodunda operator vəzifəsində çalışmışdır. 1937-ci ildə qabaqcıl neftçi kimi Bakıdakı Ümumittifaq Neft Akademiyasına oxumaq üçün göndərilmiş və orada 1940-cı ilə qədər təhsil almışdır. Akademiya ləğv ediləndən sonra Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsinə keçmişdir və 1941-ci ildə oranı bitirmişdir. Ali təhsili başa vurduqdan sonra, yenidən Ə. Qarayev adına Neftayırna zavoduna qayıtmış və orada 1941–1951-ci illərdə qurğu və sex rəisi vəzifəsində işləmişdir. O, 1951-ci ildən elmi-tədqiqat işinə keçərək, 1951–1959-cu illərdə Azərbaycan Elmi-tədqiqat Neft Emalı İnstitutunda, 1959–1985-ci illərdə isə Azərbaycan Elmlər Akademiyası (EA) Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) "Yağların kimyası və texnologiyası" laboratoriyasına 44 il fasiləsiz olaraq rəhbərlik etmişdir. 1985-ci ildən həmin laboratoriyanın aparıcı elmi işçi idi.

R. Ş. Quliyev 17 mart 2007-ci ildə vəfat edib.[2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

R. Ş. Quliyev 1954-cü ildə "Müasir üsulların tətbiqi ilə parafinli neftlərdən sürtgü yağlarının alınması" mövzusunda namizədlik, 1963-cü ildə isə "Bakı zavodlarında istehsal olunan yağların keyfiyyətinin yaxşılaşdırılması, istehsal bazalarının təkmilləşdirilməsi və yağ istehsalı xammal ehtiyatının genişləndirilməsinin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1965-ci ildə professor elmi adına layiq görülmüşdür.

Professor R. Ş. Quliyevin rəhbərlik etdiyi laboratoriyanın əsas elmi fəaliyyəti sürtgü yağı, bitum, koks və digər neft məhsulları istehsal edən Bakı və digər neft emalı zavodlarının layihələndirilməsi üçün texniki göstəricilər çıxarılmış, istehsal qurğuları yenidən qurulmuş və tikilərək istehsala buraxılmışdır. Onun rəhbərliyi ilə Azərbaycan EA NKPİ-də yarımsənaye qurğuları olan Təcrübi zavod təşkil edilmişdir.

Bakı neft emalı zavodunda sürtgü yağı istehsal edən qurğuların kökündən dəyişdirilməsi və yenidən qurulması bilavasitə R. Ş. Quliyevin təşəbbüsü və onun təşkilatçılığı sayəsində olmuşdur. O, sürtgü yağlarının asfaltsızlaşdırılması, seçici həlledicilərlə təmizlənməsi, parafinsizləşdirmə və hidrogenlə təmizləmə sənaye qurğularının təşkili üçün texnoloji göstəriciləri işləyib hazırlamışdır. Onun bilavasitə iştirakı ilə həmin qurğular ətraflı mənimsənilmiş və işə buraxılmışdır.

Elmi Tədqiqatları

[redaktə | mənbəni redaktə et]

Professor R. Ş. Quliyevin rəhbərliyi ilə həmçinin neft əsasında, sintetik, yarımsintetik sürtgü yağlarının, eləcə də naften turşularının yağsızlaşdırılması və sürtgü yağı distilləsi proseslərinin texnologiyasının işlənib hazırlanması sahəsində geniş elmi-tədqiqat işləri aparılmışdır. Bütün qeyd edilən elmi tədqiqatların nəticəsi sənayedə özünə tətbiq yeri tapmışdır. 1990-cı illərdə onun rəhbərliyi ilə ekoloji cəhətdən təhlükəsiz olan bitki yağları sahəsində də tədqiqatlar aparılıb. Onun çoxcəhətli elmi-tədqiqat işləri 4 monoqrafiyada, 500 elmi əsərdə, o cümlədən 37 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır.

Rəsul müəllim elmi kadrların hazırlanması işinə də xüsusi diqqət yetirərək, 1 elmlər doktoru, 29 elmlər namizədi hazırlamışdır.

Elmi-istehsalat fəaliyyəti illəri ərzində o, çoxlu yüksək ixtisaslı kadrlar yetişdirib ki, bunların sırasında AMEA-nın müxbir üzvü F. İ. Səmədova, elmlər doktoru R. Z. Həsənova, elmlər namizədləri F. R. Şirinov, İ. K. Vəliyev, F. A. Quliyev, T. S. Məmmədova, S. N. Popova, B. A. Sadıxova və b. var. Onun çoxillik səmərəli fəaliyyəti Qırmızı Əmək Bayrağı ordeni, çoxsaylı medallar və digər fərqləndirmə nişanlarına layiq görülüb.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Onun elmi kadrları hazırlanmasındakı və elmi inkişafındakı əməyi 1979-cu ildə Azərbaycan SSR Əməkdar Elm xadimi adına layiq görülmüşdür.

Onun işləyib hazırladığı proseslər dəfələrlə keçmiş Ümümittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində qızıl, gümüş və bürünc medallara layiq görülmüşdür.

Dövlət onun əməyini qiymətləndirərək Qırmızı Əmək Bayrağı ordeni, "Əmək veteranı" və digər medallarla təltif etmişdir.

Elmdə və istehsalatda göstərdiyi nailiyyətlərinə görə dörd dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif etmişdir.

Azərbaycan aliminin çoxillik araşdırmaları və yenilikçi ideyaları xaricdə yüksək qiymətləndirilib. 2001-ci ilin sentyabrında Amerikanın nüfuzlu Bioqrafiya İnstitutu cəmiyyətin inkişafına önəmli töhfə olan elmi nailiyyətlərinə görə professor Quliyevi "2001-ci ilin adamı" seçib. 2002-ci ilin əvvəlində elə həmin institut onu nüfuzlu Elmin və cəmiyyətin inkişafı işinə töhfəsinə görə Amerika şərəf medalına layiq görüb. İnstitutun direktoru C. Evansın məktubunda qeyd edildiyi kimi, "Bu mükafatın təqdim edilməsi ABŞ-nin və Bioqrafiya İnstitutunun seçmə şəxslərə ehtiramının ifadəsidir".

  1. "Arxivlənmiş surət". 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
  2. Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. "Müəllim" nəşriyyatı. Bakı 2019. s.88–90.