Rabotnitsa (rus. Работница – azərb. "İşçi qadın") — Sovet İttifaqı və Rusiyada nəşr olunan qadın jurnalı, qadınlar və ailələr üçün yazılmış ən qədim rus jurnallarından biri. 1914-cü ildə yaradılmış və ilk dəfə Qadınlar Günündə nəşr olunmuş bu jurnal, ilk sosialist qadın jurnalı[1] olmaqla birlikdə, həm də qadın dövri nəşrləri arasında ən solçu nəşrdir.[2] Jurnalın əsasının qoyulması Lenin və ona yaxın olan bir neçə qadının adı ilə əlaqələndirilsə də, o, ilk yeddi nömrənin nəşrində iştirak etməyib.[3]
Rabotnitsa | |
---|---|
Təsis tarixi | 1914 |
Ölkə | |
Dil | rus dili |
rabotnitsa-magazine.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Rabotnitsa 1917-ci ilin may ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Qadınlar Bölməsi olan Jenotdel tərəfindən idarə olunan bolşevik jurnalı kimi yenidən təşkil edilmiş və qurumun mərkəzi nəşriyyat orqanına çevrilmişdir.[4] “Rabotnitsa” 1917-ci il Rusiya inqilabının başlanğıcından etibarən Rusiyada Kommunist Partiyasının nəzdində olan rəsmi qadın nəşri kimi xidmət edirdi.[5]
“Rabotnitsa ” jurnalı 1914-cü ildə[6] Sankt-Peterburqda təsis edilmişdir. Jurnalın təsis edilməsinə Leninin həyat yoldaşı Nadejda Krupskaya kömək edib.[7] Bununla belə, jurnalın nəşrinin həyata keçirilməsində Konkordiya Samoylova[8] və Leninin yaxın dostu İnessa Armand mühüm rol oynayıblar.[9] Jurnalın çapı üçün Leninin bacılarından biri olan Anna Yelizarova-Ulyanova ayda iki nömrə çap etməyə razı olan bir mətbəə tapmışdır.[3] Rabotnitsanın baş redaktoru kişi, Feliks Vasilieviç Martsinkeviç olsa da, naşiri qadın, Bolşevik Duması deputatının arvadı D.F.Petrovskaya idi.[2] Jurnalın redaksiya heyəti Armand və Samoylova, həmçinin A.İ.Yelizarova-Ulyanova, N.K.Krupskaya, PF Kudelli, L.R.Menjinskaya, YF Rozmiroviç və L.N.Staldan ibarət idi. Rabotnitsa Leninin təşviq və dəstəyi sayəsində inkişaf etmişdir. O, rus dilində nəşr edilib[10] və nəşri dəstəkləmək üçün lazım olan pul qadın işçilərdən toplanılıb.
Rabotnitsanın ilk nömrəsi 23 fevral 1914-cü ildə, Beynəlxalq Qadınlar Günündə 12 000 nüsxə ilə nəşr olundu.[2] Onun üz qabığı, illüstrasiyaları və nəşr orqanı yox idi.[5] Bu dövrdə rüblük jurnal olan Rabotnitsanın ilk ilində tirajı 12 000 idi. Jurnal yeddi nömrəsinin nəşrindən sonra Birinci Dünya müharibəsi ilə bağlı çətinliklər səbəbi ilə nəşrini dayandırdı.
Jurnal 1917-ci il mayın 10-da (23) yenidən fəaliyyətə başladı. Onun üz qabığında indi onun Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Mərkəzi Komitəsinə aid olduğu elan edilirdi. 1917-ci il Oktyabr İnqilabından sonra Rabotnitsa inqilab haqqında bütün şəhəri məlumatlandırdı. Bunun ardınca 1918-ci ildə keçirilən “İşçi qadınların I Ümumrusiya qurultayı”ndan sonra çar hökuməti nəşri bağladı və redaksiya heyətinin bütün üzvləri həbs edildi.[5] Jurnalın nəşri 1923-cü ilin yanvarında Moskvada bərpa edildi.[11] Bu dövrdə jurnalda işləyən Ulyanova xaricdə olan qardaşı Leninin göstərişlərinə əməl etməmiş və Armandın jurnalı daha nəzəri etmək cəhdlərinə müqavimət göstərmişdir.[9]
Rabotnitsa yalnız qadınlara və ailələrə həsr olunmuş rus dilindəki ən qədim jurnallardan biridir.[12] Jurnalın əsas mövzusu imperializmi məğlub etmək üçün vasitə kimi proletar beynəlmiləlçiliyini və beynəlxalq əmək həmrəyliyini təbliğ etmək idi. O, “sosial ədalət, qadınların azadlığı və dünya miqyasında sülh”ü müdafiə edirdi.[13] Rabotnitsa jurnalı qadın işçiləri ölkədəki siyasi vəziyyətdən xəbərdar etmək məqsədi daşıyırdı və qadınların Rusiyadakı sosialist inqilabında iştirakında katalizator rolunu oynayırdı.[13][14] Jurnalın redaktorları kişilərin şüurunun yüksəldilməsi ilə məişət həyatının dəyişdirilməsi haqqında yazır, mövcud sosial problemlər üçün patriarxatın davamlı təsirini günahlandırırdılar.[8] Rabotnitsa qadın işçilərə “dövlət və ictimai həyatda, kommunizm quruculuğunda iştirak etmək” üçün yol açıb.[13] Jurnal qadın işçilərin dövrün siyasi reallığı haqda məlumatlanmasında və onların partiya bayrağı altına birləşməsində mühüm rol oynamışdır. O, həm də leninizmin təbliğinə kömək etmişdir.