Rafiq Rəhimli

Rafiq Rəhimli — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019) Azərbaycan Jurnalistlər Birliyi, Teatr Xadimləri İttifaqının üzvü

Rafiq Rəhimli
Rafiq Səfər oğlu Rəhimli
Doğum tarixi (68 yaş)
Doğum yeri Lənkəran,Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti ssenarist
dramaturq
Fəaliyyət illəri 1984-cü ildən indiyə kimi
Əsərlərinin dili azərbaycanca
Janrlar komediya
dram
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2015

Rafiq Səfər oğlu Rəhimli 1956-cı il yanvar ayının 3-də Lənkəran şəhərində dünyaya göz açıb. Hələ ali təhsil almadan 1978-ci ildə "Leninçi" rayon qəzetinə işə dəvət edilib. 1989-cu ildə Bakı Dövlət Universitetini, 1994-cü ildə isə "Müstəqil. Rs" nəzdində fəaliyyət göstərən ali rejissorluq kursunu bitirib. Hələ şagird ikən yerli radio və yerli qəzetlə əməkdaşlıq edən Rafiq Rəhimli ilk müxbir vəsiqəsini 1974-cü ildə almışdır. İlk qələm təcrübələri orta məktəb illərindən başlayıb. Tələbəlik illərində müxtəlif müsabiqələrin qalibi kimi bir sıra mükafatlara layiq görülüb. 1976–1978-ci illərdə balıq konservi zavodunda fəhlə, 1978–1984-cü illərdə "Leninçi" qəzetində korrektor, 1984–1993-cü illərdə Azərbaycan radiosunda, 1994–2000-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir və redaktor, 2000–2002-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında ədəbi-dram hissəsinin rəhbəri vəzifələrində çalışıb. 2002-ci ilin dekabr ayından isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi-dram hissəsinin müdiri vəzifəsini icra edir. "Rəfiq" ədəbi məcmuəsinin təsisçisi və baş redaktorudur. O, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Teatr Xadimləri İttifaqının üzvüdür.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Rafiq Rəhimli dramaturq kimi İrəvan Dövlət Azərbaycan Dram Teatrında "Yeni il", Şuşa Dövlət Musiqili Dram Teatrında "Sevgi nağılı", Akademik Milli Dram Teatrında "Bahar xoş gəlibdir Azərbaycana", "Novruz sərgüzəştləri", "Gözəllik müsabiqəsi", Lənkəran Dövlət Dram Teatrında "Ağ kəlağayı", Gəncə Dövlət Dram Teatrında "Bir sevginin tarixçəsi", Mingəçevir Dövlət Dram Teatrında "Gizli məhəbbət", Salyan Dövlət Kukla Teatrında "Göyçək Fatma", Dərbənd Azərbaycan Dövlət Dram Teatrında "Sönmüş talelər", Qusar Dövlət Ləzgi Dram Teatrında "İlham ətirli Zəfər", "Sönmüş talelər", "Oğlum oğul olsa…", "Üç gün, üç gecə", Abşeron rayon mədəniyyət sarayında "Namus naminə", Tərtər Uşaq Yaradıcılıq Birliyində "Gözəlçə", "Çarli Çaplin" Teatr qrupunda, "Haray" monoteatrında, "İncəsənət" Teatr studiyasında və bir sıra müstəqil və özəl teatr müəssisələrində çox sayda pyesləri tamaşaya qoyulub. Akademik Milli Dram Teatrında Rafiq Rəhimlinin səhnə redaksiyasında Cəfər Cabbarlının "Ədirnə fəthi" , Hüseyn Cavidin "Şeyda" dramları, Gənc Tamaşaçılar Teatrında Elçinin "Buzovna kəndinin əhvalatları" tamaşaya qoyulmuşdur . Onun ssenarisi əsasında Az. Tv-də U. Şekspirin sonetləri əsasında "Aylı gecənin nağılı" televiziya filmi çəkilmişdir.

"114 tv" yootube kanalında Azərbaycan Şəhidlərinə, Cərcis Peyğəmbər ziyarətgahına (ümumilikdə 11 veriliş) həsr olunmuş verilişləri yayınlanmaqdadır. O, Azərbaycanın görkəmli teatr və kino xadimlərinə həsr olunmuş yüzlərlə verilişin, minlərlə mətbuat çıxışının müəllifidir.

Rafiq Rəhimli bir sıra mədəniyyət ocaqlarında, eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinin keçirdiyi rəsmi tədbirlərin (Qız qalası meydanı, Milli park) və s. tədbirlərin təmənnasız ssenari müəllifi və quruluşçu rejissoru olmuşdur. Teatr sənətinə fədakarcasına xidmət edən Rafiq Rəhimli "Teatr, təhsil, mənəviyyatımız" silsilə tədbirlərin müəllifi və icracısı, eyni zamanda, aparıcısı olmuşdur.

Rafiq Rəhimlinin 1990-cı il yanvar hadisələri zamanı Dövlət televiziyasında baş verən partlayışa həsr olunmuş "Efirin göz yaşları", Azərbaycanın görkəmli teatr və kino xadimləri haqqında "Teatr kraliçası" (Xalq artisti Amaliya Pənahova haqqında), "Həmişə təravətli sənət" (Xalq artisti Səyavuş Aslan haqqında), "Səhnə səadətimdir" (Xalq artisti Rafiq Əzimov haqqında), "Səhnə də bir həyatdır" (Xalq artisti Lətifə Əliyeva haqqında) adlı kitabları işıq üzü görüb.

Tərcümə əsərləri

[redaktə | mənbəni redaktə et]

2013-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilib. Bundan əlavə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 10 dekabr 2018-ci il tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.[1]

Müxtəllif vaxtlarda Dövlət Sərhəd Xidməti tərəfindən fəxri fərman, təşəkkürnamələrlə təltif olunub. Eyni zamanda "Qafqaz-pres" medianın "Qızıl kitab" mükafatına layiq görülən Rafiq Rəhimli, həm də "XXI əsr ziyalıları" Beynəlxalq layihəsinin, həmçinin bədii yaradıcılıq üzrə keçirilən (1985-oçerk-"Ulduzlara səyahət", 1993-radioesse-"Haram tikə") müsabiqələrin qalibi, "Sənin izinlə" polifonik dramı 1996-cı ildə keçirilən III Beynəlxalq monotamaşalar festivalında Qarabağ mövzusunda ən yaxşı yaradıcılıq işinə görə laureat olmuş, TXİ-nin keçirdiyi "2+1" eksperimental tamaşalar festivalında "Ən yaxşı sosial mövzu" nominasiyasının qalibidir.

  1. President.Az. "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.12.2018. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.