Salyan Dövlət Kukla Teatrı

Salyan Dövlət Kukla Teatrı – 1973-cü ildə Salyanda yaradılmışdır.

Salyan Dövlət Kukla Teatrı
Ümumi məlumatlar
Teatrın tipi Kukla Teatrı
Əsası qoyulub 1973
Janr Kukla Teatrı
Teatr binası
Tutumu 200 nəfərlik
Heyət
Baş rejissor Rafiq Mirzə
Yerləşməsi
Ölkə
Ünvan Azərbaycan Azərbaycan, Salyan rayonu ,H. Əliyev küçəsi

Salyan Dövlət Kukla Teatrı 1973-cü ildə yaradılıb. İlk illərdə bədii özfəaliyyət dərnəyi kimi fəaliyyət göstərən, sonralar hər yerdə tanınacaq bu kollektiv yaradıcılıq birliyi əslən Salyandan olan, Bakı Dövlət Kukla Teatrında aktyor işləmiş, mədəniyyət işçisi Cahangir Qaraşovun təşəbbüs və dəstəyi ilə yaradılıb. O, tez bir zamanda ətrafına istedadlı həvəskarları toplayaraq Əli Səmədlinin "Artıq tamah baş yarar" əsərini tamaşaya qoyub. İlk addımın uğurları davamlı olduğundan dərnək 1975-ci ildə " Xalq kollektivi " adına layiq görülüb. Teatrın kollektivi tezliklə festivallarda, müsabiqələrdə, şəhər və rayonlarda tamaşaçılar qarşısında layiqincə çıxış edərək müxtəlif mükafatlarla yanaşı geniş tamaşaçı auditoriyasının sevgisini də qazanıblar. Sənət aləmində özlərini kifayət qədər doğruldan kollektivə 1994-cü il iyulun 4 –də Dövlət Teatrı statusu verilib. Bu illər ərzində teatrın kollektivi Əli Səmədlinin "Artıq tamah baş yarar ", Mirmehdi Seyidzadənin "Ata məhəbbəti ", Rəhman Əlizadənin "Keçəlin toyu", Rafiq Savalanın "Qayğıkeş Nigar", "Tələ quran özü düşər ", Abdulla Şaiqin "Danışan Kukla", İsgəndər Coşqunun "Tülkü həccə gedir", Tofiq Kərimin "Quyruqlu ulağın sərgüzəştləri", Əli Əlizadənin "Keçəl Həmzənin hiyləsi", Həsənağa Hüseynovun "Ulamaqdan mələməyə", Firudin Ağayevin "Cırtdan və Sehrbaz", Rafiq Mirzənin "Yetim fatma", R. Kipinqin " Başlı başına gəzən pişik" və başqa 60 qədər əsərləri səhnələşdirərək tamaşaçıların zövqünü oxşayıblar. Bu tamaşalar təkcə Salyanda deyil, ətraf bütün rayonlarda nümayiş etdirilib. Teatr kollektivi rayonda keçirilən mədəni – kütləvi tədbirlərdə hər zaman yaxından iştirak edir. Teatrın kollektivi öz tamaşaları ilə uşaqların mənəvi tərbiyəsində, onların mədəni səviyyəsinin, dünya görüşlərini formalaşmasında böyük rol oynayırlar.

Ümumiyyətlə, Salyanda teatr ənənələri daha qədimdir. 19441949-cu illərdə Salyanda Dövlət Dram teatrı fəaliyyət göstərib. Müharibə dövründə açılan bu teatr dövrünün nümunəvi teatrlarından olub. Dram teatrı olmasına baxmayaraq yaradıcı heyətin güclü olması ilə əlaqədar səhnəyə opera və musiqili komediya tamaşaları da qoyulub. Bu gün hamının tanıdığı şəxsiyyətlərin bir qismi bu teatrın yetirmələridir. Onlardan Rübabə Muradova, Qulu Əsgərov, Sənan Ağabəyli, Muğbil Dadaşov, Əliağa Kürçaylı, Əflatun Ağayev, Rza Şıxov və başqalarını göstərmək olar. 1949-cu ildə bir sıra əyalət teatrları ilə yanaşı Salyan teatrı da öz fəaliyyətini dayandırmağa məcbur olub. Hazırda Salyan Dövlət Kukla teatrına Laləzar Hüseynova rəhbərlik edir[1]. Teatrın baş rejissoru isə Rafiq Mirzədir.

  1. Baku TV. "Salyan Dövlət Kukla Teatrının iki problemi" (az.). Youtube.com. 02.07.2022. 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-02.