Rafiq Tağı[2] (tam adı: Rafiq Nəzir oğlu Tağıyev; 5 avqust 1950, Xoşçobanlı, Masallı rayonu – 23 noyabr 2011[1], Bakı) — azərbaycanlı yazıçı-filosof, həkim-kardioloq.
Rafiq Tağı | |
---|---|
Rafiq Nəzir oğlu Tağıyev | |
Doğum tarixi | 5 avqust 1950 |
Doğum yeri | |
Vəfat tarixi | 23 noyabr 2011[1] (61 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bıçaq xəsarəti[d] |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Uşağı | 3 |
Təhsili | |
Fəaliyyəti | jurnalist, yazıçı, kardioloq |
Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981–1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. 1972–1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974–1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. 1979-cu ildə Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979–1983-cü illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, 1983–1990-cı illərdə Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.
2006-cı ilin noyabrında Bakıda nəşr olunan "Sənət qəzeti"ndə çap etdirdiyi "Avropa və biz"[3] məqaləsinə görə həbs olunaraq, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2007-ci il 4 may tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli əfv fərmanı ilə azadlığa buraxılmışdır[4].
2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandırmış, hücumun oğurluq motivli olduğuna inanmadığını, "İran və Qloballaşma qaçınılmazlığı" məqaləsi ilə bağlı ola biləcəyini qeyd etmişdir.[5]. Yazıçının 2006-cı ildə "Sənət" qəzetində çıxan "Avropa və biz" məqaləsindən sonra iranlı ayətullah Fazil Lənkərani onun haqqında ölüm fitvası vermişdi. Rafiq Tağının qətlindən sonra da Fazil Lənkəraninin oğlu ayətullah Məhəmməd Cavad Lənkərani atasının rəsmi saytında bəyanat yayaraq qatil barəsində "İslam müqəddəslərini təhqir etmiş bir fərdi cəhənnəmə yola salan şəxsə Allah tərəfindən böyük mükafat olacağını" yazmışdı.[6] Jurnalist Elnur Məcidli isə Rafiq Tağının Azərbaycan hakimiyyətini tənqid edən yazılarına görə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən öldürüldüyünü iddia edib.[7] Jurnalistin sözlərinə görə Rafiq Tağının öldürülməsi keçmiş MTN generalı Akif Çovdarov tərəfindən həyata keçirilib.[8]
Rafiq Tağı 2011-ci il noyabrın 23-də Bakının 1 saylı xəstəxanasında vəfat edib. Üç övlad atası idi.[9][10]
Dalğa Gənclər Təşkilatı "Rafiq Tağı mükafatı" təsis etmişdir.[11]
Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. 1968-ci ildə ilk şeiri Masallının "Çağırış" rayon qəzetində, "Fərqanə" adlı ilk hekayəsi 1977-ci ildə "Ulduz" jurnalında çap edilib. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları Azərbaycanın və xarici ölkələrin dövri ədəbi mətbuatında mütəmadi dərc edilib. Yazıları həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub.
2004-cü ildə "Qafqazın qartalı Şaumyan belə…" (Səməd Vurğun) adlı essesinə görə 1988-ci ildən üzvü olduğu Azərbaycan Yazıçılar Birliyindən xaric edilib, 2006-cı ilin noyabrında "Sənət qəzeti"ndə dərc etdirdiyi "Avropa və biz" essesinə görə həbs olunub. 2011-ci ilin noyabrında bıçaqlanmasının da əsasən onun yaradıcılığı ilə bağlı olduğu ehtimal edilir. Yazıçı özü də xəstəxanada verdiyi müsahibələrində bu sui-qəsdin onun yazıları ilə əlaqəli olduğuna inandığını söyləyirdi.
Rafiq Tağı "EQO" Yaradıcılıq Ordeninin, Azad Yazarlar Ocağının üzvü olub.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |