Birinci Moskva Dövlət Tibb Universiteti

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (rus. Первый Московский государственный медицинский университет имени И. М. Сеченова) və ya qısaca BMDTU (rus. Первый МГМУ им. И. М. Сеченова) — Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən ali təhsil müəssisəsi; ali tibb təhsili üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri. Rusiyanın təhsil sistemində özünəməxsuz ənənələri olan nüfuzlu ali tibb təhsili müəssisəsidir.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti
Первый МГМУ имени И.М. Сеченова
Xəritə
55°43′41″ şm. e. 37°34′30″ ş. u.HGYO
Əsası qoyulub 1758
Tip Dövlət
Rektor Pyotr Qlıboçko
Tələbə sayı 15.000
Şəhər Moskva şəhəri
Ölkə
Sayt sechenov.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ölkəsinin ən qocaman və ən böyük ali tibb məktəbi olmaqla Moskva İmperator Universitetinin varisi olan bu təhsil ocağı öz başlanğıcını 1758-ci ildən götürür. Bu ali məktəb dahi rus alimi Mixail Lomonosov və qraf İvan Şuvalovun təklifi əsasında təşəkkül tapmışdır. 1758-ci ildə ilk dəfə qraf İvan Şuvalovun Leypsiq Universitetindən dəvət etdiyi kimya, minerologiya və farmokologiya professoru İohan Xristian Kerştenc tələbələrlə müntəzəm məşğələlər aparmağa başlamışdır.

Universitetin ilk tibb professorları ilk illərdə əsasən əcnəbilər olmuşdur. Yalnız XVIII əsrin 60-cı illərinin ortalarında tibb fakültəsinə Moskva Dövlət Universitetinin professorlarının imtahanlarından çıxmış və tələbələri "tibb dərsi öyrətməyə və onları praktikaya göndərməyə qabil" olan ilk rusiyalı gənc alimlər gəlmişdir. Professorlar S.Zıbelin, P.Veniaminov, İ.Veç, F.Politkovskiy, F.Barsuk-Moiseyev "tibb elmləri"nin Avropa universitetlərinin əksəriyyətində qəbul olunmuş qaydalara müvafiq olaraq tədrisinin ilk təşkilatçıları olublar.

Moskva İmperator Universiteti ilk dəfə 1792-ci ildə elmlər dərəcəsi təsis etmək hüququ qazanıb, 1794-cü ildə F.Barsuk-Moiseyev tərəfindən Rusiyada tibb sahəsində ilk dissertasiya işi müdafiə olunub.

XVIII əsrin ikinci yarısında tibb fakültəsi 3 kafedradan ibarət olub. Bu illər ərzində 36 məzun hazırlanıb ki, onlardan da 26-sı tibb doktoru, 17-si professor olub. Bu rəqəmlər o dövrün ölçülərinə görə nə qədər cüzi olsa da, bu, professor-müəllim kadrlarının varisliyindən xəbər verir ki, onsuz istənilən ali tibb məktəbinin uğurlu fəaliyyəti mümkün deyildir.

1804-cü ildə "Moskva İmperator Universitetinin Nizamnaməsi"nin qüvvəyə minməsi Rusiya imperiyasında tibb təhsilinin təşəkkülündə çox mühüm mərhələ olub. Nizamnamə tibb fakültələri nəzdində klinik bazanın təşkili və onun tələbələrə daxili xəstəliklər, cərrahiyyə və mamaçalıq peşələrinin öyrədilməsində tətbiqini nəzərdə tuturdu. 1805-ci ildə tibb fakültəsində Klinik İnstitut adı altında ilk klinikalar açılıb. Xəstələr üzərində ilk cərrahiyyə əməliyyatları aparan ilk professorlar F.Politkovskaya (terapevtik klinika), F.Giltebrandt (cərrahiyyə) və V.Rixter (mamaçalıq) olublar. Lakin tam surətdə klinik tədrisin tətbiqinə başlanılması yalnız XIX əsrin 20-ci illərinin sonlarında professor M.Mudrovun sayəsində mümkün olub. 1812-ci il Vətən müharibəsindən sonra tibb fakültəsinin bərpası və genişlənməsi bu alimin adı ilə bağlıdır. XIX əsrin 40-60-cı illərində Moskva İmperator Universitetinin professorlarının təşəbbüsü ilə ali tibb təhsilində islahatlar aparılıb, nəticədə klinik təhsilin yeni mərhələli sisteminə keçid, tələbələrin təhsil müddətinin uzadılması, müstəqil surətdə patoloji anatomiya və patoloji fiziologiya kafedralarının təşkili, yeni klinik fakültələrin açılması mümkün olub. Bilavasitə təcrübəli həkimlərin rəhbərliyi ilə ilk təcrübənin əldə olunması tibb təhsilinin keyfiyyətinin yaxşılaşmasına yol açıb. XIX əsrin ikinci yarısı isə Rusiyada klinik tibb elminin çiçəklənməsi dövrü kimi xarakterizə olunur, bu dövrdə tibb sahəsində təkcə ölkədə deyil, onun hüdudlarından kənarda da tanınan istedadlı həkimlər yetişməyə başlayıb.

"Deviçiye pole" adlanan ərazidə klinika

XIX əsrin 90-cı illərində Moskvada "Deviçiye pole" adlanan ərazidə unikal universitet kompleksi istifadəyə verilib və bu vaxta qədər fəaliyyət göstərir. Tezliklə 13 bina inşa olunaraq, burada 9 elmi-tədris institutu, 710 yerlik 15 kliniki müəssisə yerləşdirilib. Yeni klinik bazanın yaradılması təşəbbüsü isə Moskva İmperator Universitetinin professor və müəllimlərinə məxsus olub.

1930-cu ildə həkim kadrların hazırlanması işi yenidən təşkil olunub. Tibb fakültəsi Moskva Universitetinin tərkibindən çıxarılaraq müstəqil ali məktəb kimi yenidən qurulub və Birinci Moskva Tibb İnstitutu adlandırılıb.

1941-1943-cü illərdə müharibə dövründə Tibb İnstitutu bütün professor-müəllim heyəti ilə Ufa şəhərinə təxliyə olunub. Ağır müharibə illərində belə təhsil ocağı 2632 həkim yetişdirib.

İvan Seçenov, 1900-cü illər

1955-ci ildə Birinci Moskva Tibb İnstitutuna İvan Mixayloviç Seçenovun adı verilib. Dahi rus fizioloqunun adı Moskva Universitetinin tibb fakültəsi ilə sıx bağlı olub. 1867-ci ildə Moskva Universitetini bitirən İ.Seçenov 1891-ci ildə artıq püxtələşmiş alim kimi təhsil ocağına qayıdıb və fiziologiya kafedrasına rəhbərlik edib. Onun səmərəli elmi-tədqiqatçılıq və pedaqoji fəaliyyəti təkcə fiziologiyanın deyil, bütövlükdə tibb elminin inkişafına böyük təsir göstərib. XX əsrdə Birinci Moskva Tibb İnstitutu milli tibb təhsili sistemində liderlik mövqeyini qoruyub. İnstitutun klinik bazası getdikcə genişlənmiş, ali məktəbin ərazisində iri klinika və elmi-nəzəri məktəblərin təşəkkülü prosesi davam edib. 1990-cı ildə İ.Seçenov adına Birinci Moskva Tibb İnstitutu adını dəyişərək Moskva Tibb Akademiyası adlandırılıb.

İ.Seçenov adına Moskva Tibb Akademiyasının 250 illik yubileyi münasibətilə Rusiya Federasiyasının Mərkəzi Bankı tərəfindən 2008-ci ildə buraxılmış gümüş moneta
Elmi-Tədqiqat Mərkəzi

XX əsrin 90-cı illərinin siyasi və iqtisadı böhranlarına baxmayaraq təhsil ocağı özünün kadr potensialını möhkəmləndirə bilib və ölkənin aparıcı ali tibb məktəbi rolunu qoruyub. Akademiyanın professor və müəllim heyəti tərəfindən ali tibbi təhsilin və diplomdansonrakı təhsilin dövlət standartlarının işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində irimiqyaslı işlər görülüb. Akademiya nəzdində 6 yeni fakültə fəaliyyətə başlayıb. Yeni Elmi-Tədqiqat Mərkəzi inşa olunaraq istifadəyə verilib, döş cərrahiyyəsi, molekulyar təbabət, ictimai sağlamlıq və səhiyyənin idarə olunması kimi 3 yeni elmi-tədqiqat institutu yaradılıb.

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]

2010-cu il iyulun 20-də İ.M.Seçenov adına Birinci Moskva Tibb Akademiyasına universitet statusu verilib və adı dəyişdirilərək İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti kimi fəaliyyətini davam etdirib.

2010-cu ildən ali məktəbin rektoru Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Pyotr Qlıboçkodur. Onun gəlişi ilə Klinik mərkəz yenidən qurulub, tərkibində müxtəlif profilli klinikalar olan 7 universitet xəstəxanası yaradılıb. Təhsil prosesinə yeni ixtisaslar daxil edilib: biotexnologiya, biomühəndislik və bioinformatika, kliniki psixologiya, pediatriya, sosial iş, iqtisadiyyat və səhiyyə müəssisələrinin idarə olunması. 2011-ci ildə sosial təbabət, tibbi sığorta və səhiyyənin iqtisadiyyatı elmi-tədqiqat institutları, əlavə peşə təhsili institutu, "Gələcəyin tibbi" innovativ təhsil proqramları mərkəzi yaradılıb. BMDTU bu gün tibb və əczaçı kadrların hazırlanması, attestasiyası və ixtisasartırması üzrə ən iri elmi-tədris kompleksidir. Tədris prosesi fundamental axtarış və tətbiqi elmi tədqiqatlar, əhaliyə yüksək səviyyəli tibbi yardımın göstərilməsi, tibb və əczaçılıq elminin nailiyyətlərinin təbliği ilə sıx bağlıdır. Universitet Rusiyanın tibb və əczaçılıq üzrə ali məktəblərinin tədris-metodik birliyinə rəhbərlik edir.

2013-cü ildə bu ali təhsil ocağı 255 illik yubileyini qeyd edib.

Universitetin tərkibinə 11 mərkəzi klinik-diaqnostik laboratotiya, 3 min yerlik 7 universitet klinik xəstəxanasını, 7 şüa diaqnostika bölməsini özündə cəmləşdirən, il ərzində 50 min xəstəyə stasionar və 300 min nəfərə ambulator xidmət göstərə bilən 16 klinikalararası müalicə-diaqnostik xidmət, tələbələr və əməkdaşlar üçün poliklinikanın olduğu klinik mərkəz daxildir. Universitetdə mərkəzi tibbi elmi kitabxana, Tibb Tarixi Muzeyi, stadion, könüllülər mərkəzi, nəşriyyat, 3 tələbə yataqxanası fəaliyyət göstərir. Elmi-tədqiqat mərkəzində 40 laboratoriya, 7 elmi-tədqiqat institutu - molekulyar təbabət, ftizopulmonologiya, farmakologiya, ictimai səhiyyə və səhiyyənin idarə olunması, E.İ.Marsinovski adına tibbi parazitologiya və tropik təbabət, insanın reproduktiv sağlamlığı və uronefrologiya, tibbi sosiologiya, səhiyyənin iqtisadiyyatı və sosial təbabətin tibbi sığortası kimi elmi-tədqiqat institutları fəaliyyət göstərir.

Tədrisin təşkili

[redaktə | mənbəni redaktə et]

Universitetdə tədris rus dilində nəzərdə aparılır.

Universitetin operativ idarəçiliyində ümumi sahəsi 360 min kvadratmetr olan 19 bina var.

Universitetin ərazisində 20 tədris-müalicə korpusu yerləşir.

Universitetdə Rusiya və xarici ölkələrdən 15.000 tələbə təhsil alır.

Nizamnaməyə müvafiq olaraq universitetin strukturuna müalicə, tibbi-profilaktik, farmasevtiv, stomatologiya, ali tibb bacısı təhsili və psixo-sosial iş, eləcə də həkimlərin ali məktəbdənsonrakı və ali məktəbəqədərki peşəkar təhsili, səhiyyənin iqtisadiyyatı və idarəolunması, pediatriya kimi 10 fakültə daxildir. İnternatura, klinik ordinatura və aspirantura çərçivəsində təhsil bütün klinik ixtisaslar üzrə hər il 3 mindən artıq tələbəni əhatə edir. İxtisaslaşdırılmış 12 şura iclaslarında hər il 30-a qədər doktorluq və 100 namizədlik dissertasiyaları müdafiə olunur. Tədris ili ərzində 13.000 dinləyici ixtisasartırma və yenidənhazırlanma kurslarında əlavə təhsil alır. Tələbələrin təhsil müddəti 4 ildən 6 ilə, diplomdansonrakı təhsil müddəti isə 72 saatdan 1500 saata qədərdir. Ölkənin tibb müəssisələri arasında ilk dəfə bu universitetdə ali tibb bacısı təhsili fakültəsi açılıb. Universitetin fakültələrində 160 kafedra və kurslar var ki, onlarda 2 min yüksəkixtisaslı mütəxəssis çalışır. Elmlər doktoru və elmlər namizədi elmi dərəcəsinə malik müəllimlər 86,5 faz (600 elmlər doktoru və 1000 elmlər namizədi) təşkil edir.

Universitetin alimlərindən 100 nəfəri akademik, Rusiya Tibb Elmləri Akademiyası, Rusiya Elmlər Akademiyası, Rusiya Təhsil Akademiyasının müxbir üzvləridir. Müəllimlərdən 60 nəfər Rusiya Federasiyasının əməkdar elm xadimi, 56 nəfər əməkdar həkim və əməkdar səhiyyə işçisi, 44 nəfər əməkdar ali məktəb işçisi, 88 nəfər Dövlət və digər mükafatlar laureatıdır, 191 əməkdaş beynəlxalq akademiyaların üzvüdür.

Universitetin təhsil, elmi-tədqiqat və müalicə işi üzrə fəaliyyətinə ümumi rəhbərlik 180 nəfərdən ibarət Elmi Şura tərəfindən həyata keçirilir. Elmi Şura universitetin kollektivi tərəfindən professor-müəllim heyəti və tələbələr arasından 5 il müddətinə seçilir. Elmi Şura universitetin fəaliyyətini nizamlayan lokal aktlar və nizamnaməni qəbul edir. Elmi Şuranın hər ay keçirilən iclaslarında kollektivin həyatının mühüm məsələləri müzakirə olunur.

Klinikalarda və klinikalararası bölmələrdə xəstələrin müalicəsinin yeni diaqnostika metodlarının işlənib hazırlanması və həyata keçirilməsi, dərman preparatlarının, tibbi texnikanın sınaqdan keçirilməsi üzrə elmi-tədqiqatlar aparılır. Universitetin klinikaları özünün yüksəkixtisalı mütəxəssislər heyəti, geniş rentgendiaqnostik spektri, eləcə də angioqrafiya və kompüter-tomoqraf tədqiqatları, güclü laborator və funksional diaqnostika xidməti, endoskopik və ultrasəs diaqnostika, tibbi genetik şöbələri ilə elmi tədqiqatların aparılması, müasir tibb texnologiyalarının, səhiyyə praktikasında yeni iş metodları və üsullarının tətbiqi üçün geniş imkanlara malikdir.

Tələbə həyatı

[redaktə | mənbəni redaktə et]
Tələbə yataqxanası

Azərbaycanlı Gənclər Klubu

[redaktə | mənbəni redaktə et]

İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetində Azərbaycanlı Gənclər Klubu fəaliyyət göstərir. Tələbələr Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) dəstəyi ilə hər il keçirilən "Qanın milliyyəti yoxdur", "Sağlamlığına əmin ol, xəstəliyə yox de!" adlı xeyriyyə aksiyalarında və digər tədbirlərdə fəal iştirak edirlər. Yüzlərlə azərbaycanlı tələbə hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün qanvermə aksiyasında iştirak edirlər.

Bakıda keçirilmiş 2015 Avropa Oyunları ilə ələqadar BMDTU-da Azərbaycanlı Gənclər Klubunun təşəbbüsü bir sıra tədbirlər keçirilib. "Bakı-2015" Birinci Avropa Oyunlarına dəstək məqsədilə RAGT-nın dəstəyi ilə Moskvada keçirilən Universiada çərçivəsində universitetin idman zalında təşkil olunan voleybol yarışında Moskva ali məktəblərini təmsil edən 14 komanda mübarizə aparıb. Yarışın açılışında çıxış edənlər ilk Avropa Oyunlarına hazırlığın gedişindən, Rusiya idmançılarının bu mötəbər idman tədbirinə ciddi hazırlaşmalarından danışıblar. Aprelin 25-də start götürən universiadada voleybol, basketbol, stolüstü tennis, qaçış və mini-futbol yarışları keçirilib. İdman yarışması mayın 10-da "Lujniki" stadionunda mini-futbol üzrə Heydər Əliyev Kuboku uğrunda turnirlə başa çatıb. Bütün yarışların qaliblərinə mükafatlar təqdim olunub.

Universitetin şüarı latınca belədir:

" "Primus inter pares". "

Latıncadan tərcümədə

" "Bərabərlər arasında birinci" "

anlamını verən bu söz universitetin indiki statusuna tam uyğundur. Belə ki, Rusiyanın digər ali tibb məktəblərinin əksəriyyətinin əsası bu ali məktəbin məzunları tərəfindən qoyulub.

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]

Universitet digər ölkələrin ali tibb məktəbləri ilə əməkdaşlıq edir. BMDTU Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür. Birbaşa müqavilələr və razılaşmalar əsasında universitet ABŞ, Almaniya, Norveç, Niderland və digər ölkələrin ali məktəbləri ilə əməkdaşlıq edir. Universitet hər il 300 əməkdaşını xaricə elmi ezamiyyətə göndərir, xarici ölkələrdən 100-ə yaxın mütəxəssis qəbul edir, fəal surətdə tələbə mübadiləsi aparır.

Müxtəlif beynəlxalq təşkilatlarla tərəfdaşlıq edən universitetin bir sıra əməkdaşları Ümumdünya Səhiyyə Təşkilatının ekspertləridir.

Dünyanın aparıcı alimləri mühazirə oxumaq üçün universitetə gəlirlər. 2012-ci ildə universitetdə Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı, avstraliyalı həkim Berri Marşallın mühazirələri təşkil olunub.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti rəhbərliyinin Bakı şəhərində universitetin filialının yaradılması ilə bağlı təklifi nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 15 may 2015-ci il tarixində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılmışdır.[1]

Tanınmış şəxslər

[redaktə | mənbəni redaktə et]

Məşhur məzunları

[redaktə | mənbəni redaktə et]

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

Həsən bəy Ağayevin diplomu. 16 oktyabr 1901-ci ildə Pavel Nekrasov tərəfindən imzalanmışdır.
  • Həsən bəy Ağayev — azərbaycanlı həkim, jurnalist, ictimai və siyasi xadim, ADR hökumətində parlament sədrinin müavini olmuşdur.

Fəxri professorları

[redaktə | mənbəni redaktə et]

Qeyd edək ki, öz fəaliyyətləri ilə təhsil ocağının dinamik inkişafına və beynəlxalq aləmdə tanınmasına töhfə verən xidmətlərinə görə görkəmli təhsil, səhiyyə, ictimai-siyasi xadimlərə, müxtəlif təşkilatların nüfuzlu rəhbərlərinə universitetin Elmi Şurasının qərarı ilə BMDTU-nun Fəxri professoru adı verilir. Buranın Fəxri professoru adına bu vaxtadək yalnız 6 nəfər layiq görülüblər:

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti dünyanın tibb təhsili verən ali məktəbləri arasında xüsusi yer tutur.

1989-cu ildə elmi və tədris-metodik potensialının hərtərəfli təhlili əsasında UNESCO dünyanın ali tibb məktəblərinin reytinq cədvəlini tərtib edib. Həmin reytinqdə Birinci Moskva Dövlət Tibb Universiteti sıralamada yalnız Paris Sorbonna Universitetindən sonra ikinci yeri tutub.

2014-cü ildə "Ekspert RA" agentliyi tərəfindən ali məktəb "C" reytinq sinfi əldə edib ki, bu da məzunların hazırlanmasında "yüksək səviyyə" deməkdir. BMDTU Rusiya və MDB-nin ali tibb məktəbləri arasında ən yüksək nəticə göstərib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]