Rahim Hüseynov (cərrah)

Rahim Məmməd oğlu Hüseynov (1947, Salyan, Salyan rayonu) — professor, Azərbaycan Respublikasının sabiq səhiyyə naziri, "Təfəkkür" Universitetinin prorektoru, Biologiyaiya və təbiət elmləri kafedrasının müdiri, Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, "Dünya informasioloqları elitası" ünvanlı beynəlxalq müsabiqələr, akademik S.Vavilov və akademik Y.Məmmədəliyev adına mükafatların laureatı, ehtiyatda olan tibbi xidmət polkovniki.

Rahim Hüseynov
10 aprel 1992 – 16 sentyabr 1993
SonrakıƏli İnsanov
Şəxsi məlumatlar
Doğum tarixi 1947
Doğum yeri
Fəaliyyəti həkim

Rahim Hüseynov 1947-ci ildə Salyan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1964-cü ildə həmin şəhərdə orta məktəbi bitirib N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1970-ci ildə institutu bitirmiş və həkim ixtisası almışdır. Həmin il təyinatla Ordu sıralarına göndərilmiş, 1972-ci ilə qədər İvanovo (Rusiya Federasiyası) vilayətinin Teykovo şəhərində hərbi hissənin həkimi işləmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1972–1975-ci illərdə Salyan rayon mərkəzi xəstəxanasında həkim-cərrah işləmişdir. 1975-ci ildə respublika Səhiyyə Nazirliyi aparatında Müalicə-profilaktika yardımı idarəsində həkim-inspektor, 1977–1980-ci illərdə nazirliyin Ərizə və şikayətlər şöbəsinin müdiri, Kadrlar, elm və təhsil müəssisələri idarəsinin rəisi, 1980–1986-cı illərdə Müalicə-profilaktika yardımı Baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1981-ci ildə Səhiyyə Nazirliyinin Kollegiya üzvü seçilmişdir. 1986-cı ildə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. 1992–1993-cü illərdə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsində çalışmışdır.

1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 1995-ci ildən Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin prorektoru, Tibbi biologiya, hazırkı Biologiya və təbiət elmləri kafedrasının müdiri vəzifəsində işləyir.

Rahim Hüseynov ali dərəcəli səhiyyə təşkilatçısıdır. Uzun müddət Azərbaycan səhiyyəsinin planlaşdırılmasında tibbi demoqrafik vəziyyətin aktual problemləri üzərində tədqiqat işləri aparmışdır. Respublikamızda və dünyanın bir sıra ölkələrində nəşr olunan tanınmış jurnallarda səhiyyə problemlərindən bəhs edən 100-ə qədər elmi məqaləsi, iri həcmli iki kitabı nəşr olunmuşdur. Azərbaycan Respublikasının 2000-ci ilə qədər inkişaf proqramında səhiyyənin planlaşdırılmasında R.Hüseynovun tədqiqatlarından geniş istifadə olunmuşdur. Elm sahəsindəki yüksək xidmətlərinə görə 1994-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tibb doktoru seçilmişdir. 1997-ci ildə Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü seçilmişdir. Tibbi demoqrafiya və ekologiya sahəsində beynəlxalq miqyaslı tədqiqatlarına görə "Dünya informasioloqları elitası" ünvanlı beynəlxalq müsabiqələr, akademik S.Vavilov və akademik Y.Məmmədəliyev adına mükafatların laureatıdır. Respublikada müharibə vəziyyəti ilə əlaqədar hərbi-tibbi xidmətin yaradılmasında bilavasitə iştirak etmiş və onun qısa müddətdə təşkilinə rəhbərlik etmişdir. 487 gündən artıq Yuxarı Qarabağda ezamiyyətdə olmuşdur. Qarabağ müharibəsi veteranı və ehtiyatda olan tibb xidməti polkovnikidir. "Səhiyyə əlaçısı" döş nişanı, medallar və fəxri fərmanlarla təltif olunmuşdur.

1990–1995-ci illərdə Azərbaycan Respublikasının xalq deputatı seçilmişdir. "Təhsil" qəzetinin redaksiya heyətinin üzvü, Alman-Azərbaycan dostluq cəmiyyətinin fəxri üzvüdür.

Ailəlidir, iki övladı var.