Renald Makdonald (ing. Ranald MacDonald; 3 fevral 1824[1] – 24 avqust 1894[2]) – 1840-ci illərdə Yaponiyaya səyahət edən ABŞ macəraçısı.[3] İngilis dilini Yaponiyada tədris edən ilk şəxs hesab olunur.[3] "Yaponiya: Macəra hekayəsi" memuarının müəllifidir.[3]
Renald Makdonald | |
---|---|
Doğum tarixi | 3 fevral 1824[1] |
Vəfat tarixi | 24 avqust 1894[2] (70 yaşında) |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], müəllim |
Vikianbarda əlaqəli mediafayllar |
1824-cü ildə ABŞ-nin Oreqonda yerləşən Astoriya qəsrində doğulub.[3] Atası "Hudson's Bay" şirkətində işləyən tacir, anası isə Çinuki qəbiləsi şefinin qızı olan Şahzadə Şahzadə Sandi idi.[3]
Britaniya Kolumbiyasındakı uşaqlıq illəri zamanı qəzaya uğramış 3 yapon dənizçinin Flatteri yarımadasında quruya çıxması haqqında eşitdiyi xəbərdən sonra Yaponiyaya maraq göstərməyə başlamışdır.[3] 1839-cu ildə məktəbi bitirdikdən sonra Ontarionun Sent-Tomas şəhərində yerləşən bir bankda 2 il boyunca məmur işləmişdir.[3]
Makdonald bankda işlədikdən sonra növbəti beş il ərzində dənizçi kimi bütün dünyanı səyahət etmək fikrinə düşmüşdür.[3] Həmin dövr ABŞ-də Uzaq Şərqə marağın yaranmağa başladığı dövr idi və Makdonald da Yaponiyaya səyahət etmək istəyirdi.[3]
O, 1847-ci ildə "Plymouth" balina ovu gəmisi ilə Havay adalarından ayrılaraq Yaponiyaya doğru yola düşmüşdür.[3] 27 iyun 1848-ci ildə Hokkaydonun qərb sahilində gəmidən ayrılaraq Yaqişiri və Rişiri adalarına doğru özü qayıqla üzməyə başlamışdır.[3] Yaponiya həmin dövrdə izolyasiya şəraitində olduğu üçün heç bir əcnəbi ölkəyə buraxılmırdı və buna görə də Makdonald həbs edilərək Naqasakiyə göndərilmişdir.[3] 1848-ci ilin oktyabrından 1849-cu ilin aprelinə kimi Naqasaki məbədindəki kiçik otaqda saxlanılmışdır.[3] Bu dövrdə Moriyama Takiçiro və digər tərcüməçilərə ingilis dilini öyrətmişdir və buna görə də ingilis dilini Yaponiyada tədris edən ilk şəxs hesab olunur.[3] 1849-cu ildə ABŞ-yə məxsus "Preble" gəmisi ilə Naqasakidən ayrılmışdır.[3] Yaponiyadan sonra Avstraliyaya gedərək ordakı qızıl hərisliyində iştirak etmişdir.[3]
1853-cü ildə Britaniya Kolumbiyasına qayıdaraq 30 il boyunca müxtəlif yerlərdə ticarət işləri ilə məşğul olmuşdur.[3] Nəhayət, 1885-ci ildə Vaşinqton ştatının Fort-Kolvill şəhərində məskən salmış və ömrünün son illərində dostunun köməyi ilə "Yaponiya: Macəra hekayəsi" memuarını yazmışdır.[3] Makdonald əsərin nəşr olunmasından öncə ölmüşdür.[3] Onun əlyazması Vilyam Levis və Naociro Murakami tərəfindən redaktə olunaraq 1923-cü ildə "Renald Makdonald: 1824-1894" adı ilə nəşr olunmuşdur.[3]