Rindü-zahid

Rindü-zahid - Məhəmməd Füzuli tərəfindən, fars dilində yazılmış tərbiyyəvi xarakterli, nəsrlə yazılmış iki baxışın dialoqudur.[1]

Rindü-zahid
fars. ریندو مسموم
Müəllif Məhəmməd Füzuli
Orijinal dili Fars dili

Füzulinin “Rindü-zahid” əsəri gənclərin və yeniyetmələrin peşə seçmələri, elm və təhsilə yiyələnmələri, tərbiyə məsələləri baxımından diqqəti çox cəlb edir. Əsər fars dilində ata və oğlunun mükaliməsi şəklində nəsrlə yazılmış irihəcmli bir hekayədir. Hər bir mükalimənin nəticəsi kiçikhəcmli şeirlə yekunlaşır. Əsəri diqqətlə oxuduqda gözümüz qarşısında dolğun pedaqoji mənzərə canlanır. Tarixin bütün dövrlərində və bu gün də cəmiyyət qarşısında duran gənclərin tərbiyəsi, elm, savad qazanması, peşəyə yiyələnməsi və gələcəyini müəyyən etməsi diqqət mərkəzində olmuşdur. “Rindü-zahid” əsəri də tamamilə bu məsələyə həsr olunmuşdur. Əsərdəki maraqlı cəhətlərdən biri budur ki, şair bütün bu tərbiyə məsələləri fonunda dövrünün eybəcərliklərini, adi adamların ağır vəziyyətdə yaşamasını, dövlət məmurlarının öz vəzifələrindən istifadə edərək çoxlu sərvət toplamalarını, xalqı soymalarını çox ustalıqla ifşa edir.

Əsərin həm mükalimə üslubunda yazılması, həm də peşə-sənət seçiminə, tərbiyə məsələlərinə həsr olunması bədii bir priyomdur. Şair bu üsuldan istifadə edərək öz tənqidlərini bildirir, həm də özünü köhnəpərəst, mühafizəkar, qatı dindarlardan, yüksək rütbəli məmurlardan mühafizə edir. Əsərdə təsvir olunur ki, Zahid adlı mühafizəkar, dindar, çox böyük nüfuza malik və zəngin kişinin Rind adlı bir oğlu var. Rind ağıllı, müstəqil fikirli, öz yaşına görə geniş dünyagörüşlü bir gəncdir. Atası onun bu müsbət cəhətlərini hiss edir, bir sənətə, peşəyə yiyələnməsi vaxtının yetişdiyini başa düşür. Oğlu ilə bu məsələ haqqında söhbət etməyə başlayır. Əsas ideya və fikirlər də məhz bu mükalimə zamanı qaldırılır. Cəmiyyətdəki çatışmazlıqlar göstərilir. “Rindü-zahid” əsərində bu gün də vacib olan, insan tərbiyəsində, şəxsiyyətin formalaşmasında əsas rol oynayan bir neçə məsələ qırmızı xətt kimi keçir: - kiçiyə qayğı, gənclərin müstəqil ideyalarına, fikirlərinə diqqət və hörmətlə yanaşmaq, peşə seçimində müstəqillik vermək; - müəllimə, onun əməyinə verilən yüksək qiymət; - müasir dövrdə də gənclərin təlim-tərbiyəsində əsas rol oynayan, onun kökünü təşkil edən, pedaqoji “üçbucaq adlandırılan” müəllim-valideyn əlaqəsi və ictimai mühitin birgəliyi. Əsərin və iştirakçılarının adı rəmzi məna daşıyır. Bir tərəfdə dindar və mühafizəkar ata, digər tərəfdə isə ağıllı, savadlı, dünya nemətlərindən zövq almağa çalışan, əyləncələrə meyilli gənc dayanır. Rind sənət seçməkdə atasından kömək istəyir. Zahid ona məsləhətlər verir, müxtəlif sənət və peşə adları çəkir. Lakin o, bu sənətlərdən heç birini bəyənmir, onların hər birinin çatışmayan cəhətlərini göstərir, atası ilə uzun mübahisələrə başlayır. Ata məsləhət görür ki, savad qazanıb padşah yanında çalışıb var-dövlət, hörmət sahibi olmaq, əkinçilik kimyası ilə məşğul olmaq, şəhər sənətlərindən birinə yiyələnmək, yaxud ticarətçi olmaq mümkündür və lazımdır. Rind isə bu sənətlərdən heç birisini bəyənmir, onların hər birisinin mənfi cəhətləri haqqında danışır. O bildirir ki, padşah yanında işləmək həm xalqı soyub-talamaq, həm də çoxlu sərvət sahibi olsa da, daim qorxu və səksəkə içərisində yaşamaqdan başqa bir şey deyil, insan həmişə azad və müstəqil olmalıdır. Əkinçiliklə məşğul olan adamlar isə məhsulu əkib gözləyirlər, intizar çəkirlər, məhsulun tez yetişməsi üçün çalışır və beləliklə, ömürlərinin də tez keçməsini gözləyirlər. Belə adamlar qafil və ağılsızdırlar. Şəhər sənətkarlığı ilə məşğul olan adamlar qazanc üçün bütün günü işləyir, gecə yatıb səhər yenə həmin işlə məşğul olur. Həyat belə adamlar üçün mənasız və darıxdırıcıdır, insan həyatdan zövq almağı da bacarmalıdır. Ticarətçi isə bəzi fırıldaqlarla xalqı soyub sərvət qazanmaq istəyir. Bu isə insanlığa layiq iş deyildir. Rind bütün bu fikirlərinə atasını inandıra bilir, ata onunla razılaşır. Bu mükalimədə Rindin fikirlərində iki əsas məsələ qabardılır. Birincisi, Rindin dili ilə peşə seçimi fonunda cəmiyyətin eybəcərlikləri göstərilir, ikincisi, peşə, sənət hər bir gəncin ürəyincə olmalıdır, əks halda gənc müxtəlif bəhanələrlə işdən uzaqlaşacaq, yaxud heç bir uğur qazanmayacaqdır. Əsərdə xüsusi qabardılan məsələlərdən biri də müəllim və valideynin təlim və tərbiyə prosesində birgə fəaliyyəti, ətraf mühitin güclü təsiridir. Bütün dünya dahiləri müəllim əməyinə böyük qiymət vermiş, xüsusi hörmət və məhəbbətlə yanaşmışlar. Bu baxımdan Füzulinin də fikirləri çox maraqlıdır. O, müəllimi atadan da müqəddəs hesab edir: “Bil ki, insan varlığının kamalı iki vücuddan asılıdır. Əvvəl zahiri vücuddur ki, onun da mənbəyi atadır. İkinci mənəvi vücuddur ki, onun da mənşəyi rəy sahibi olan mürşidin hidayətidir.

Əsərdə ikinci tərəfin-valideynin də rolu xüsusi qiymətləndirilir. Valideyn uşağı ancaq yedirib-içirməklə, geydirməklə, nəsihət verməklə kifayətlənməməlidir. Ona yol göstərməli, istiqamət verməlidir, nümunə olmalıdır. Həm də bu işdə bütün ailə iştirak etməlidir. Vay o bəndənin halına ki, adının baqı qalması üçün Bir ömür zəhmət çəkə övlad böyüdə Övladına gözəl tərbiyə əsər etməyə, Atasının adını batıra, abrını apara. Əsərdəki maraqlı cəhətlərdən biri də gənclərin tərbiyəsində müəllim-valideyn birliyi ilə bərabər mühitin, cəmiyyətin rolunun da əhəmiyyəti göstərilir. Rind atası ilə mübahisə edərkən deyir ki, mən hələ dünya ilə tanış deyiləm, gəl bir neçə qədəm gəzməkdə mənə yoldaşlıq et, mənə bilmədiklərimi öyrət. Beləliklə, onlar şəhərə çıxır, küçə və bazarı dolaşırlar. Nəhayət, böyük və gözəl bir imarət qarşısına gəlirlər. Zahid bildirir ki, bura Allahın evidir, səfalı sufilərin məbədidir. İblisin bu evə yolu yoxdur. Sən də buraya gəl, bu tayfanın söhbətlərinə rəğbət et ki, cəhalət qaranlığından qurtarasan. Rind bildirir ki, bura kamil adamların yeridir, kamal öyrənmək məktəbi deyil, ayıbdır ki, mənim küdurət tozum onların səfa səhifəsinə qonsun. Əgər bu məclisin əhli fəzl və kamal əhlidirsə, Niyə bu cəhalətlə ora gedib utanaq? Əgər hiyləgər, xudpəsənd və şərir adamlardırlarsa, Nə üçün gedib onların işinə şərik olaq? Onlar məsciddən uzaqlaşır, gəzə-gəzə gəlib başqa başı göylərə ucalan, gözəl binanın qarşısında dayanırlar. Burada insanlar yeyib-içir, vaxtlarını xoş keçirməyə çalışırlar. Rind buradan xoşu gəldiyini bildirir. Zahid deyir ki, bura şeytan işidir, üsyankarlığın sərçeşməsidir, onlar Allahın düşmənləridirlər. Rind soruşur ki, əgər bura şeytan yuvasıdırsa, nə üçün Allah buranı belə abad edibdir? Uzun mübahisədən sonra Rind atasının razılığı ilə meyxanaya girir. Bir qocadan soruşur ki, deyirlər meyxana şeytan işidir, sən nə deyirsən? Qoca ona bəzi möminlərin hiyləsini, huri-qılman sevdalarını aydınlaşdırır. Rind başa düşür ki, meyxana pak insanların yeridir, onu atasına da danışır, yenidən mübahisə edirlər, nəhayət, Zahid oğlunun fikri ilə razılaşır, məscid və meyxananın birliyini etiraf edir. “Axırda Zahid arif Rindin tənbehi ilə öz işlərinin aynasından riya tozunu sildi, Rind vaqif Zahidin nəsihəti ilə öz surəti-halını tövbə bəzəkləri ilə zinətləndirdi. Hər ikisi müxalifət və ziddiyyətdən əl çəkdilər. Vəhdət dərəcəsinə çatdılar və məhəbbət yolunu tutdular”.

“Rindü-zahid” əsərində çox maraqlı bir məsələ vardır. Müasir dövrdə sübut olunmuşdur ki, 14-20 yaşlı gənclə 50-60 yaşlı bir adamın bir elmi öyrənmək, qavramaq, yadda saxlamaq və həyata tətbiq etmək arasında böyük fərq vardır. İnsan elmi gəncliyində daha yaxşı öyrənib mənimsəyər, daha çox fayda verər. Füzuli bu cəhəti Rindin dili ilə belə bildirir ki, nə öyrənirsən gəncliyində öyrən, bədən süstləşdikdən sonra öyrənmək çətin olar. İnsan uğur qazanmaq üçün qarşıya məqsəd qoymalı, bu məqsədə çatmaq üçün mübarizə aparmalıdır. Onda bütün arzulara qovuşmaq olar. Beləliklə, Füzuli dahiliyi kiçik bir hekayədə tam böyüklüyü ilə ortaya çıxır, dövrünün bütün vəziyyəti reallıqla təsvir olunur. Bəşər tarixinin əsas diqqət mərkəzində olan insan təhsili, tərbiyəsi ustalıqla, böyük bir mütəxəssis kimi göstərilir. Onun XVI əsrdə tərbiyə haqqındakı fikirləri bu günlə tam ayaqlaşır, sanki bu gün üçün yazılmışdır.[2][3]

  1. "Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. V cild" (PDF). 2022-03-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-03-12.
  2. "Füzulinin "Rindü-zahid" Əsərində Tərbiyyə Məsələləri" (PDF). 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-03-12.
  3. Füzulinin “Rindü-zahid” Əsərində Tərbiyyə Məsələləri[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]