Leyli və Məcnun (opera)

Bu məqalə Leyli və Məcnun operası haqqındadır. Digər mənalar üçün Leyli və Məcnun (dəqiqləşdirmə) səhifəsinə baxın.

Leyli və Məcnun (az.-əski. لیلی و مجنون‎) — Üzeyir Hacıbəyov tərəfindən 1907-ci ildə[1] yazılmış ilk milli Azərbaycan operası. Opera, Məhəmməd Füzuli tərəfindən XVI əsrdə yazılmış "Leyli və Məcnun" faciəsinin motivləri əsasında yazılmışdır. Bu opera təkcə ilk Azərbaycan operası olmayıb, həm də bütün İslam dünyasında ilk operadır.[2][3][4]1

Leyli və Məcnun
az.-əski. لیلی و مجنون
"Leyli və Məcnun" operasının Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnələşdirilməsi üçün hazırlanmış müasir afişası.
"Leyli və Məcnun" operasının Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnələşdirilməsi üçün hazırlanmış müasir afişası.
Bəstəkar Üzeyir bəy Hacıbəyov
Librettoçu Üzeyir bəy HacıbəyovCeyhun Hacıbəyov
Dirijor Əbdürrəhim bəy Haqverdiyev
Dili azərbaycanca
Süjet "Leyli və Məcnun" poeması
Janr Dram
Pərdə (5)4
Səhnə 6
Yaradılma tarixi 1907
İlk səhnələşdirmə 12 (25) yanvar 1908
Bakı
Personajlar
Premyera
Tağıyev teatrı, Bakı
İfaçılar Hüseynqulu Sarabski (Məcnun)
Ə. Fərəcov (Leyli)
C. Dağıstani (İbn Səlam)
M. Kazımovski (Məcnunun anası)
Mirzə Muxtar (Məcnunun atası)
İ. Qasımov (Leylinin atası)
С. Vəzirov (Leylinin anası)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Leyli və Məcnun" operası müasir musiqi inkişaf etdirmə vasitələri və xalq incəsənətinin milli-orijinal xüsusiyyətlərinin sintezinin əsasını qoymuşdur. Zəngin folklor materialı (əsasən muğamlar və lirik mahnılar) əsasında qurulmuş bu opera, əsrlər boyunca toplanmış musiqi ənənələrinin beynəlxalq qəbul edilmiş musiqi incəsənəti formaları ilə ümumiləşdirilməsinə ilk cəhddir.[5] Bu yolla da, not yazısı və solo vokal improvizasiyanı (muğam) birləşdirən muğam-opera janrı yaradılmışdır.[6]

Operanın ilk səhnələşdirilməsi 12 (25) yanvar 1908-ci ildə Bakı şəhərindəki Tağıyev Teatrında baş tutmuşdur. Yaxın Şərq, MərkəziCənubi Asiyada məşhur olan klassik sevgi əfsanəsi əsasında yaradılmış bu əsər Azərbaycan mədəniyyətinin mirvarilərindən biri hesab edilir.[7]

2008-ci ilin fevralında UNESCO Baş Konfransında ilk Azərbaycan operası olan "Leyli və Məcnun"un 100 illik yubileyinin UNESCO-nun xüsusi tarixlər siyahısına daxil edilməsi qərarı verilmişdir.[8][9]

Birinci pərdə

[redaktə | mənbəni redaktə et]

Birinci şəkil

[redaktə | mənbəni redaktə et]

Məktəb həyəti. Qeys onunla məktəbdə oxuyan Leylini sevir. Onlar dərsdən qalaraq görüşürlər. Qeys bir məslək kimi yüksək tutduğu məhəbbətini Leyliyə bəyan edir. Heç vaxt öz əhdindən dönməyəcəyini bildirir.

Məktəb yoldaşları onları bir yerdə görüb töhmətləndirirlər. Leylini Qeysdən ayırıb aparırlar. Ata və anası Qeysi pərişan görüb ona nəsihət edir, fikrindən daşındırmağa çalışır, söz verirlər ki, Leylini ona alsınlar.

İkinci şəkil

[redaktə | mənbəni redaktə et]

Leyli ilə Qeysin məhəbbəti dilə-ağıza düşür, dedi-qodulara səbəb olur. Qadınlar bu xəbəri Leylinin anasına yetirir. Anası Leylini danlayır və məktəbə getməyi ona qadağan edir.

Məcnunun atası elçiliyə gedir və rədd cavabı alır. Bu hadisə Məcnunu pərişan etsə də, o eşqin yolunda hər cür bəla və cəfaya dözəcəyini qət edir.

Başqa bir qəbilə başçısı — İbn-Salam elçiliyə gəlir və "hə" cavabı alır. Leyli fəryad qoparıb, taleyindən şikayətlənir.

İkinci Pərdə

[redaktə | mənbəni redaktə et]

Üçüncü şəkil

[redaktə | mənbəni redaktə et]
Dördüncü səhnədə "Məcnun səhrada" səhnəsində qızların xoru. Bakı, 1920-ci illər.
Döyüş sonrası səhnəsi. Bakı, 1930-cu illər. Rəssam: Rüstəm Mustafayev

Leylini İbn Salamın evinə köçürürlər. Məcnun iztirab çəkir. O, evin ətrafında dolanır, İbn-Salam Leyliyə yaxınlaşanda Məcnunun töhmət dolu səsi və vəfasız Leyli haqqındakı sözləri onu dayandırır. Məcnun içəri girir. Qonaqlar məzəmmətlə onu ordan çıxarır. Ümidsizlik və iztirab onu uzaqlaşamağa, baş götürüb səhralara qaçmağa məcbur edir.

Dördüncü şəkil

[redaktə | mənbəni redaktə et]

Vəhşi səhrada Məcnun özünü eşqin fəzalarında məskən tapmış kimi hiss edir. Leylinin xəyalı ilə yaşayır. Sevgilisinin surəti onun gözləri qarşısında canlanır. Məcnun öz atasını görməkdən xoşhal olsa da, evə qayıtmaq təklifini rədd edir. Nofəl adlı sərkərdə Məcnunun dərdini biləndən sonra Leylini qılınc gücünə də olsa Məcnuna almağı vəd edir. Leylinin atası məğlub olur və aman diləyərək Nofələ bildirir ki, Leyli İbn-Salama ərə verilmişdir. Nofəl vuruşu dayandırmağı əmr edir.

Beşinci şəkil

[redaktə | mənbəni redaktə et]

Hicran dərdi Leylini üzüb ölüm yatağına salmışdır. İbn-Salam Leylinin soyuq rəftarından və ona könül vermədiyindən şikayətlənir. Leyli isə ona bildirir ki, Məcnuna olan eşqi onun qəlbindən sönmədikcə, heç kəsi sevə bilməyəcəkdir. İbn-Salam xəstə Leylini tək buraxır. Məcnunun xəyalı Leylinin gözlərində canlanır, yanıqlı sözlərlə Leylinin vəfasız olduğunu söyləyir. Dərin iztirablar çəkib, bu qədər cismi və ruhi üzüntülər görən Leyli öz canını təslim edir.

Altıncı şəkil

[redaktə | mənbəni redaktə et]

Leylinin ölüm xəbərini eşidən Məcnun nalə edir, Zeydə yalvarır ki, onu yarın məzarına aparsın.

Leylinin qəbri üstündə o, acı fəryadla fələkdən şikayətlənir. Sonra öz sevgilisinə qovuşmaq üçün onun qəbrini qucaqlayıb ölür.

Məhəmməd Füzulinin Bakıdakı heykəlinin postamentini bəzəyən LeyliMəcnun kompozisiyası

Opera, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında yazılmışdır. Füzuli isə öz növbəsində ilk dəfə XII əsrdə farsdilli poeziyanın klassiki Nizami Gəncəvi tərəfindən yazılı ədəbiyyata gətirilmiş qədim ərəb əfsanəsi "Leyli və Məcnun"un süjetindən faydalanmışdır. Sonradan bu mövzuya bir çox şərq şairləri, o cümlədən Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Cami və digərləri də müraciət etmişlər.[10]

Hacıbəyovun məhz Füzuli poemasını seçməsinin əsas səbəbi, Füzulinin "Leyli və Məcnun"unun Azərbaycan dilində olması və poemanın ayrı-ayrı hissələrinin çoxdan xalq ifaçıları tərəfindən muğamların ifası zamanı istifadə olunması idi. Məhz bu, bəstəkara poemadan bir çox şairləri operaya daxil etməyə imkan vermişdir. Operanın ədəbi mətninə bəstəkar tərəfindən Füzulinin ayrı qəzəlləri, xalq mətnləri də əlavə edilmiş, bir sıra yerlərdə isə mətnlər bəstəkarın özü tərəfindən tamamlanmışdır.[10]

Füzuli poeması və opera librettosu arasında əsas fərqlər bunlardır: poemanın bir sıra bölmələri – Məcnunun mənşəyi, Məkkə ziyarəti, Məcnunun Leyli məzarı üzərində fəryadı, Gənclərin ziyarəti kimi hissələr qısaldılmışdır. Poemanın iki hissəsi – Məcnunun elçiliyi və İbn Salamın elçiliyi operada bir-birinin ardınca verilir və ikinci pərdədə parlaq səhnə kontrastı yaradır. Lakin, poema və opera arasındakı əsas fərqlər Hacıbəyov tərəfindən edilmiş kiçik süjet motivləri və personajların obrazlarıdır. İlk növbədə bu, Leyli obrazı ilə əlaqəlidir. Belə hesab edilir ki, Leyli obrazında rəssam azadlıq sevən Azərbaycan qadınlarının obrazını canlandırmağa çalışmışdır.[10] Füzulinin əsərində Leyli Məcnuna aşiq olmasını həyat yoldaşı İbn Salamdan gizlədərək, ona qarşı soyuq olmasını cin tərəfindən sevilməsi və cinin ona başqaların sevməyi qadağan etməsi ilə əlaqələndirir. Hacıbəyovun qəhrəmanı isə Məcnuna qarşı olan hisslərini açıq şəkildə İbn Salama etiraf edir.

Həm poemada, həm də operada qəhrəmanlar xoşbəxtlikləri uğrunda aktiv mübarizə aparmırlar. Musiqişünas Elmira Abbasova qeyd edir ki, onlar üçün mübarizədən (Məcnun Nofəlin xidmətindən və həyat yoldaşının ölümündən sonra Leyli ilə evlənməkdən imtina edir) daha çox ali sevgiyə sədaqət daha vacibdir. Poemanın fəlsəfi məzmunu məhz personajların bu xüsusiyyətində özünü büruzə verir.[10]

Operanın ilk tamaşasının proqramı. 1908-ci il
Personajlar Səs İlk ifaçılar (25 yanvar 1908, Bakı)
Məcnun (Qeys), gənc əsilzadə ərəb tenor Hüseynqulu Sarabski
Əbülqeys, Məcnunun atası tenor Mirzə Muxtar Məmmədov
Ümmilqeys, Məcnunun anası soprano Mirmahmud Kazımovski
Leyli, Məcnunun sevgilisi soprano Əbdürrəhman Fərəcov
Fəttah, Leylinin atası bariton İmran Qasımov (Kəngərli)
Ümmilleyli, Leylinin anası mezzo-soprano C. Vəzirov
İbn-Salam, zəngin ərəb tenor Ceyhun Hacıbəyov (Dağıstani)
Nofəli, ordu başçısı bariton Ceyhun Hacıbəyov (Dağıstani)
Zeyd, Məcnunun dostu tenor İmran Qasımov (Kəngərli)
Birinci ərəb tenor Məmmədov
İkinci ərəb tenor Səfərov
Elçilər, müjdəçilər, qonaqlar, məktəblilər (oğlanlar və qızlar)

Operanın tarixi

[redaktə | mənbəni redaktə et]

Yazılma və ilk səhnələşdirmə tarixi

[redaktə | mənbəni redaktə et]
Operanın müəllifi olan Üzeyir Hacıbəyov 1908-ci ildə

Operanın müəllifi Üzeyir Hacıbəyov xatirələrində qeyd edir ki, uşaqlıq dövründə, XIX rin sonlarında Əbdürrəhim bəy Haqverdiyev tərəfindən Şuşada təşkil edilmiş "Məcnun Leylinin məzarı üzərində" tamaşası onda böyük təəssürat yaradır. Tamaşada Məcnun rolunu o zaman məşhur olan xanəndə Cabbar Qaryağdı canlandırır, on üç yaşlı Üzeyir isə xanəndəni müşayət edən oğlanlar xorunda çıxış edir.[11] Əsas personajların partiyaları Füzuli poemasının müvafiq hissələrindən olan mətnlərlə oxunan muğam improvizasiyalarından ibarət idi, hadisələr isə qısa xor fraqmentləri (həmin muğamlardan təsniflər) vasitəsiylə şərh edilirdi.[12] Hacıbəyov xatirərlərində yazır ki, şuşalıların tamaşası, onun ilk Azərbaycan operasını yaratmaq qərarını verməsində ciddi rol oynamışdır. O, qeyd edir:

" Təxminən 1897-1898-ci illərdə... mən doğma şəhərim olan Şuşadakı həvəskar tamaşada “Məcnun Leylinin məzarı üzərində” səhnəsini gördüm; bu səhnə məni o qədər dərindən həyacanlandırdı ki, ... mən opera yazmağa qərar verdim.[13] "

Azərbaycan ədəbiyyatı mövzuları və musiqi motivlərindən istifadə etməklə opera yazmaq ideyası Hacıbəyovun ağlına Qori seminariyasında oxuduğu vaxt gəlir.[14] Tiflisdə gördüyü italyan operası – Rossinin "Seviliya bərbəri" əsəri onu daha da həvəsləndirir.[7]

1907-ci ildə Üzeyir Hacıbəyov "Leyli və Məcnun" operasını yazır. Operanın librettosu bəstəkarın özü və qardaşı Ceyhun tərəfindən yaradılır.[3] Məşqlər Üzeyir Hacıbəyovun evi və "İsmailiyyə" mehmanxanasında keçirilir[15] 1907-ci ilin son günlərindən etibarən Hacıbəyovun yaxın dostu İmran Qasımovun təklifi ilə operanın məşqləri Muxtarov, 115 ünvanında (keçmiş Persidskaya, 135) yerləşən Qasımovların böyük evinin üçüncü mərtəbəsindəki geniş zalda keçirilir.[16]

Süleyman Tağızadə və Murtuza Muxtarova küçələrinin kəsişməsində yerləşən Qasımovların evində operanın məşqləri keçirilmişdir
Bakıdakı Tağıyev teatrında operanın premyerası baş tutmuşdur.

"Leyli və Məcnun" operasının "Nicat" müsəlman maarif dərnəyi tərəfindən təşkil olunmuş ilk tamaşası 12 (25) yanvar 1908-ci ildə, H. Z. Tağıyevin Bakıda inşa etdirdiyi teatrda baş tutur. İlk səhnələşdirmənin rejissoru Hüseyn Ərəblinski, drijoru Əbdürrəhim bəy Haqverdiyev olur. Rolları Hüseynqulu Sarabski (Məcnun), Əbdürrəhman Fərəcov (Leyli), C. Dağıstani (İbn Salam), Mirmahmud Kazımov (Məcnunun anası), Mirzə Muxtar (Əbülqeys, Məcnunun atası), İmran Qasıçov (Kəngərli) (iki rolu ifa edir: Leylinin atası – Fəttah və Zeyd) , C. Vəzirov (Leylinin anası), həmçinin yeddi ərəb rolunda Məmmədov, Səfərov, V. Vəzirov, İsmayılov, Əliyev və başqaları çıxış edirlər. Tarda solo partiyalar Qurban PirimovŞirin Axundov tərəfindən ifa olunur.[17] İlk tamaşanın xoreoqrafı Bəhram Vəzirov, suflyoru A. Rzayev, məsul idarəçi isə Bala bəy Aşurbəyov (Sara Aşurbəylinin atası) olur. Üzeyir Hacıbəyov özü isə orkestrda skripka partiyasını ifa edir.

Premyera problemsiz də ötüşməmişdir. Tamaşanın başlamasına iki saat qalmış skripkaçılardan ikisi gəlməyəcəyini xəbər etmişdir. Hacıbəyov skripka musiqisinin bir hissəsini təcili dəyişməli olur, həmçinin bu alətdə ifa etmək üçün şəxsəx orkestra qoşulur.[15] Hacıbəyovun operasına qarşı çıxanlar da olur. Bunlar, yerli mollalar və konservativ əhvala malik yerli avtoritetlər – qoçular idi. Bəzi məlumatlara görə, yerli mollanın göstərişi ilə premyeradan sonra H. Sarabskiyə hücum olunur.[3] Sonradan 1930-cu ildə nəşr edilmiş xatirələrində Sarabski yazır:

" ...Bu tamaşadan sonra çoxları məni Məcnun adlandırmağa başladılar. Mən bu ada yüksək dəyər verir və onunla fəxr edirdim. Əvvəl mənə küçədə lağ edən xalq, indi hörmət və sevgi ilə qəbul edirdi...[18][19] "

Operanın ilk səhnələşdirilməsində iştirak edənlər arasında çoxlu sayda qeyri-professionallar var idi; məsələn, Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Sarabski Üzeyir Hacıbəyovun yaşadığı "Təbriz" mehmanxanası yaxınlığındakı su paylama məntəqəsində çalışırdı.[3] Bir dəfə, Üzeyir Hacıbəyov gənc oğlanın iş vaxtı ifasını eşidir. Qısa müddət sonra Hacıbəyov ona Məcnun rolunun ifasını təklif edir.[15] Leyli rolunun ifaçısını tapmaq isə daha çətin məsələyə çevrilir. İslam ənənəsinə görə, müsəlman qadınlara səhnədə ifa etməyə icazə verilmirdi. Hacıbəyov səhnəyə rus qadın ifaçı da çıxara bilməzdi, çünki, bu zaman muğam partiyalarının ifasında problem yaranardı. Buna görə də, Leyli rolunda çıxış etmək çayxanaçının gənc köməkçisi Əbdürrəhman Fərəcova həvalə edilir.[3]

Hacıbəyov ilk dəfə Fərəcovu çayxanada görür və eşidir, bundan sonra onu teatra dəvət edir və Leyli rolunu həvalə edir. Sarabski özünün "Qədim Bakı" kitabında Fərəcovu Leyli rolunun ifasına razılaşdırmağın nə qədər çətin olduğundan bəhs edərək yazır ki, ona qrimdən sonra heç kimin tanımayacağını söz vermişdilər. Teatra qarşı olanların təhdidlərinə görə[20], ikinci tamaşada Fərəcov çıxışdan imtina etməli olur.[21] O zaman, Hacıbəyovun qohumu və həmin illərdə Məcnun rolunu ifa edən Bədəl (Bala) bəy Bədəlbəyli, öz qardaşı Əhməd Ağdamskini Leyli rolunu ifa etmək üçün razı salır.[20] Sonradan Ağdamski Hacıbəyovun digər əsərlərində də Əsli (Əsli və Kərəm), Gülnaz (O olmasın, bu olsun), Gülçöhrə (Arşın mal alan), Minnət xanım (Ər və arvad), Təhminə (Rüstəm və Zöhrab), Xurşidbanu (Şah Abbas və Xurşidbanu) kimi qadın rollarını da canlandırır.[22] Leyli rolunu ifa edən ilk qadınlar isə səhnəyə yalnız 1920-ci illərin ortalarında çıxır.[23]

Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası ilə Azərbaycan operasının əsası qoyulmuşdur. Bəstəkar bu əsəri ilə həm də muğam-opera janrının əsasını qoymuşdur. Sonradan o, xatirələrində yazır:

" O zaman, opera müəllifi olan mən, yalnız solfedcionun əsaslarını bilir, harmoniya, kontrapunkt, musiqi formaları haqqında isə heç bir təsəvvürə malik deyildim...Buna baxmayaraq, “Leyli və Məcnun” böyük uğur qazandı. Məncə, bunu belə izah etmək olar ki, Azərbaycan xalqı o zaman artıq səhnədə öz milli operasının yaranmasını gözləyirdi, “Leyli və Məcnun”da isə əsl milli musiqi və klassik süjet birləşmişdi.[24] "

Üzeyir Hacıbəyov seçimini Füzulinin "Leyli və Məcnun" poeması üzərində saxlamış, həmçinin xalq musiqisi janrlarında istifadə etmişdir ki, bu da əsərin müsəlman cəmiyyətində qəbuluna müsbət təsir göstərmişdir. İlk redaksiyasında opera 5 akt və 6 səhnədən ibarət idi, sonradan 4 akt və 6 səhnə formasına salınmışdır.[1] 1920-ci ildə "İbn Salamın toyu" səhnəsində operaya yeni rəqslər əlavə edilmişdir.[25]

Sonrakı uğuru

[redaktə | mənbəni redaktə et]
Operanın 22 aprel 1914-cü il Tiflis səhnələşdirməsinin afişası

Otuz il ardıcıl olaraq "Leyli və Məcnun" operası hər sezonda səhnələşdirilmişdir. Opera tamaşaları hər dəfə tam dolu zalda baş tuturdu. "İqbal" qəzeti 27 noyabr 1912-ci ildə yazırdı: Bir çoxu Bakıya Dərbənddən, Qubadan və digər Qafqaz şəhərlərindən "Leyli və Məcnun" operasını görmək üçün gəlmiş insanlarla dolu teatr zallarını gördükdə bir anda aydın olur ki, müsəlman əhali musiqiyə necə vurğundur.[26]

Bakının ardınca, premyeradan beş il sonra, 1913-cü ilin yayında opera bəstəkarın böyüdüyü Şuşa şəhərində də səhnələşdirilmişdir. Məcnun rolunun ifaçısı H. Sarabskinin sözlərinə görə tamaşadan bir neçə gün əvvəl artıq iki tamaşa üçün bütün biletlər tamamilə satılmasına baxmayaraq, tamaşanı izləmək istəyib bilet ala bilməyənlər də çox idi. Sarabski xatırlayır:

" Tamaşanı izləmək istəyib bileti olmayanlar nəzarətiçiyə bilet yerinə 5 və 10 rublluq əskinaslar təklif edirdilər.
Bütün yerlər satılın – onlara deyildi.
Heç nə bilmək istəmirik! Biz teatra keçək istəyirik; bu da sizin pulunuz – onlar cavab verdilər.
Teatr direktoru özünü elə itirdi ki, nə edəcəyini bilmədi. O, məsləhət üçün mənə müraciət etdi.
Mən dedim:
Pəncərələri açın, qoy hamı dinləsin.
Pərdələr qalxdı, xor “Şəbi-hicran oxumağa başladı. Təntənəli sakitlik çökdü.”
[27][28]
"

Azərbaycandan kənarda operanın ilk səhnələşdirilməsi Tiflisdə baş tutmuşdur.[29] Hələ inqlabdan əvvəlki illərdə Azərbaycan aktyorları Cənubi Qafqazın müxtəlif şəhərləri, o cümlədən Orta Asiya və İranda operanı nümayiş etdirirdilər.[30] Sonradan opera Rusiya, Ukrayna, İran, Türkiyə Gürcüstan, Özbəkistan və Türkmənistanda səhnələşdirilmişdir.[2] Üzeyir Hacıbəyov Elektron Ensiklopediyasının verdiyi məlumata görə, "Leyli və Məcnun" operasının təsiri ilə İran demokrat-şairi Mirzadə Eşqi 1916-cı ildə ilk İran operası hesab edilən "Rastahizə-Selatine-İran" ("İran dövlətinin dirilişi") əsərini yaratmışdır.[1] Şərqşünas Mübariz Əlizadə qeyd edir ki, Eşqi özü də operasının motivlərinin bir çoxunun "Leyli və Məcnun"un hissələrinə əsaslandığını etiraf edir.[31] İlk özbək operalarından biri olan R. Qlier və T. Sadıxov tərəfindən yazılmış, 1940-cı ildə ilk dəfə səhnələşdirilmiş "Leyli və Məcnun" operası da eyni ərəb əfsanəsinin motivləri əsasında yazılmış və operanın musiqisində floklor musiqisi nümunələrindən, o cümlədən özbək məqamlarından istifadə edilmişdir.[30] S. Ginzburq yazır:

Operanın 2015-ci ildə Azərbaycan Dövlət Akademik opera və Balet Teatrı səhnələşdirməsində Mənsum İbrahimov Məcnun rolunda.
" Azərbaycan teatrının qabaqcıl nümayəndələrinin təcrübəsi..., xalq ənənələrini rus mədəniyyətinin nailiyyətləti ilə birləşdirən əsərləri, xüsusilə ilk milli opera olan “Leyli və Məcnun” əsəri özbək ziyalılarına böyük təsir etmiş və anoloji özbək əsərini izləmək istəyi yaratmışdır.[32] "

Operanın yeni səhnələşdirmələri rejissor Soltan Dadaşov (1935, 1958), M. Məmmədov (1955, 1976), F. Səfərov (1994) tərəfindən həyata keçirilmişdir. Əsas rollarda Əlövsət Sadıqov, Hüseynağa Hacıbababəyov, Əbülfət Əliyev, Bakir Haşımov, Qulu Əsgərov, Canəli Əkbərov, Arif Babayev, Alim Qasımov (Məcnun), Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Nərminə Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva (Leyli) və başqaları canlandırmışlar. Operanın yeni orkestr redaksiyasının müəllifi bəstəkar Nazim Əliverdibəyovdur.

Operanın 2015-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnələşdirməsində Nəzakət Teymurova Leyli, Təyyar Bayramov isə İbn Salam rollarında.

Operanın librettosu ilk dəfə 1912-ci ildə Bakıda Orucov qardaşlarının tipoqrafiyası tərəfindən nəşr edilmişdir. Operanın klaviri 1959-cu ildə, partiturası isə 1983-cü ildə (baş redaktor Qara Qarayev, redaktor N. Əliverdibəyov, ön söz və qeydlərin müəllifi Z. Səfərova) nəşr edilmişdir.[1]

2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanda operanın 100 illik yubileyi qeyd edilmişdir.[33] Elə həmin il operanın 100 illik yubileyi həm də UNESCO səviyyəsində qeyd olunmuşdur[2]. 2009-cu ilə kimi "Leyli və Məcnun" operası müxtəlif teatrların səhnələrində 20.000 dəfədən artıq dəfə təqdim edilmişdir. 23 noyabr 2008-ci ildə Qətərin paytaxtı Dohada "Leyli və Məcnun" operasının Yo-Yo Ma ansanblının ifası, qərb və şərq musiqiçilərinin iştirakı ilə hazırlanmış multimediya aranjimanı təqdim edilmişdir.[34]

Növbəti il "Leyli və Məcnun" operası məşhur violonçel ifaçısı Yo-Yo Manın ABŞ-nin bir sıra şəhərlərində gerçəkləşdirilən "İpək yolu" layihəsinin bir hissəsi olmuşdur. İfa zamanı ənənəvi şərq musiqi alətləri və klassik musiqi alətləri istifadə edilmiş, vokal partiyalar isə məşhur muğam ifaçısı Alim Qasımov və onun qızı Fərqanə Qasımova tərəfindən ifa olunmuşdur. Layihənin məsləhətçisi İndiana UniversitetiBakı Musiqi Akademiyasının professoru, etnomusiqişünas Aida Hüseynova olmuşdur.[35][36]

15 mart 2011-ci ildə II "Muğam dünyası" Beynəlxalq Festivalı çərçivəsində yeni quruluşda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində təqdim edilmişdir. Bu səhnələşdirmənin quruluşçu-rejissoru Azərbaycanın xalq rəssamı Rafiz İsmayılov olmuş, Leyli partiyasını Azərbaycanın xalq artisti Nəzakət Teymurova, Məcnun partiyasını isə Azərbaycanın xalq artisti Mənsum İbrahimov ifa etmişdir.[37]

2012-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində opera anşlaqla qarşılanmışdır. Həmin il Məcnun partiyası Səbuhi İbayev, Leyli partiyası isə estrada müğənnisi Lalə Məmmədova tərəfindən ifa olunmuşdur.[38]

10 noyabr 2012-ci ildə opera ilk dəfə San-Fransisko şəhərində səhnələşdirilmişdir. Bu səhnələşdirilmədə Leyli partiyası Vüsalə Musayeva, Məcnun partiyası isə İlkin Əhmədov tərəfindən ifa olunmuşdur. İfaçıları kamançada İmamyar Həsənov, tarda Rüfət Həsənov, həmçinin Çin, Hindistan, Cənubi Koreya və ABŞ musiqiçilərindən ibarət orkestr müşayət etmişdir.[39]

Musiqi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası klassik opera musiqisiAzərbaycan muğamının sintezi nəticəsində yaradılmış ilk operadır. Opera musiqisinin yazılması zamanı bəstəkar Arazbarı, Heyratı, Segah, Mənsuriyyə, Çahargah, Şur, Simayi-Şəms, Sərənc, Rast, Şüştər, Xaric-segah muğamlarından istifadə etmişdir.[40] "Leyli və Məcnun" operasını muğam-operası adlandırırlar[7]; belə ki, operada ənənəvi opera formaları olan ariya, ariozo, reçitativ və vokal ansamlları (duet, trio və s.) muğam materialları ilə əvəzlənmişdir. İştirakçı personajların obrazları da muğamlar vasitəsiylə açılır. Onların köməkliyi ilə tədricən, liriko-epik planlı nəql yolu ilə həm də əsərin ümumi musiqili-dramatik inkişafı təmin edilir.[1]

Böyük və bitkin səhnələr də muğamlar vasitəsiylə qurulur. Muğamlar Hacıbəyov tərəfindən yazılı şəkildə qeyd edilməmişdir. Müğənni-xanəndələrin partiyaları tarzənin müşayəti ilə ifa olunur. Birinci pərdədə Leyli və Məcnunun qarşılıqlı sevgi hissindən qazandıqları xoşbəxtlik lirik "Segah" muğamı ilə açılır. Sonradan taleyin faciəvi üzünü görmüş qəhrəmanların partiyalarında kədərli xarakterə malik "Şur", "Bayatı-Şiraz" və başqa muğamlardan istifadə olunur. Oğlunun taleyindən narahat olan Məcnunun atasınn birinci fəsildəki partiyasında gərgin xarakteri ilə seçilən "Çahargah" muğamından istifadə olunur. Ordu başçısı Nofəlin xarakterini vermək üçün Hacıbəyov qətiyyətli, marşvari xarakterə malik "Heyratı" zərbi-muğamına (döyüş səhnəsinin birinci hissəsi, Leylinin atasının partiyasının bir hissəsi) müraciət edir.[41] Belə hesab edilir ki, muğamları opera hərəkətlərinə tabe edən Hacıbəyov, onların yeni ifadə imkanlarını açmışdır.[1]

Hacıbəyovun müəllif musiqisi operada muğam musiqisi ilə ifadə olunan partiyaları birləşdirmək üçün istifadə edilir. Ayrı-ayrı hallarda isə müəllif musiqisi həm də vokal fraqmentlərdə (birinci səhnədən Məcnunun valideynləri ilə triosu) fraqmentlərdə səslənir. Operadakı müəllif musiqisi rəng, təsnif və xalq mahnıları ruhunda yazılmışdır. Müxtəlif funksiyaları yerinə yetirən xor hissələri də operanın musiqi dramaturgiyasında mühüm rol oynayır. Xorlar, əsas qəhrəmanların psixoloji vəziyyətinin açılmasında, məişət xarakteristikasında, səhnə hadisələrinə qeydlərdə və hadisələri ümumiləşdirmək üçün istifadə olunur. Xorların ümumi fakturası əsasən birsəslidir (bəzi hallarda melodiya tersiya və ya sekstaya dubl edilir).

İlkin variantda operanın orkestr müşahidəsi sadəliyi ilə diqqət çəkirdi. Orkestr partiyaları əsasən simli alətlərin ifasına əsaslanmışdı. Məsələn, muğam səhnələrində ifaçılar yalnız tarın müşayəti ilə çıxış edirdilər. Bununla yanaşı operada uvertüra, "Ərəb rəqsi" (Leyli və İbn Salamın toy səhnəsinə xor), antrakt musiqisi (operanın son səhnəsinə) kimi bitkin orkestr səhnələri də vardır.[1] Üzeyir Hacıbəyov operada Azərbaycan xalq mahnılarının (birinci pərdədə Leyli və Məcnunun dostlarının xorunda "Evləri var xana xana" xalq mahnısından, , "Məcnun səhrada" səhnəsindəki qızların xorunda isə "Bu gələn yara bənzər" xalq mahnıları) klassik melodiyalarından da istifadə etmişdir.[1][42]

"Leyli və Məcnun" operasının musiqisi, Üzeyir Hacıbəyovun yeni milli bəstəkarlıq üslubu və milli lad intonasiya sistemi ilə minor-major sistemi arasında qarşılıqlı daxilolma prosesi ətrafında axtarışlarında novator ənənələr üçün mənbəyə çevrilmişdir. Muğam ifaçılığının əsasında olan və "Arazbarı" zərbi-muğamından alınmış imitasiya polifoniyası elementlərini istifadə edən Hacıbəyov operanın son səhnəsinə antrakt musiqisi kimi nəzərdə tutulmuş monumental "Arazbarı" simfonik musiqisini yaratmışdır.

Bu antrakt tez-tez müstəqil əsər kimi də ifa edilir. Qeyd edilir ki, Azərbaycan simfonik musiqisinin ilk nümunəsi kimi, "Arazbarı" sonradan simfonik muğam janrının yaradılması üçün təməl rolunu oynamışdır.[1]

Sonradan dəfələrlə bu operaya qayıdan bəstəkar, onun musiqi məzmununu təkmilləşdirmiş, bununla yanaşı onun özünəməxsus musiqi aromatı, stili və janrını qoruyub saxlamışdır. 1930-cu illərdə Üzeyir Hacıbəyov zamanın tələblərinə uyğun olaraq operanın yeni redaksiyasını hazırlayaraq, muğam hissələrini ənənəvi opera formaları ilə əvəz etmək haqqında düşünür. Həmin illərdə o, "Məcnunun ariyası"nı yazır və onu operada əsas qəhrəmanın partiyasına əlavə edir.[42] Bundan sonra Hacıbəyov Məcnunun atası "Əbül-Qeysin ariyası"nı yazır. Lakin, sonradan bəstəkar qərara gəlir ki, milli musiqi incəsənətinin ilk nümunəsi kimi "Leyli və Məcnun" operası muğam operası kimi qalmalıdır. "Əbül-Qeysin ariyası" operanın səhnələşdirmələrində istifadə olunmasa da, ayrıca əsər kimi dəfələrlə müxtəlif sənətkarlar tərəfindən ifa edilmiş və lentə alınmışdır. Bu ariya, uzun illər ərzində Bülbülün konsert repertuarına daxil olmuşdur.[40]

Tədqiqatçılar qeyd edirlər ki, ilk dəfə məhz "Leyli və Məcnun" operasında Üzeyir Hacıbəyov şərq və qərb musiqi mədəniyyətlərini birləşdirə bilmiş və bu iki musiqi sisteminin birləşdirilməsi məsələsini həll etmişdir.[40]

Operanın musiqi dilinin kifayət qədər sadə olduğunu qeyd edən Elmira Abbasova vurğulayır ki, bu əsərdə xalq musiqisinə bəstəkar yaradıcılığının sadə komponentlərinin əlavə edilməsi üçün ilk addımlar atılmışdır. Abbasovanın sözlərinə görə, Hacıbəyov ilkin harmoniya vasitələrini milli lad əsaslarda tətbiq etməklə, Azərbaycan ladları ilə major-minor sisteminin sintezini yaratmışdır. Abbasova "Leyli və Məcnun" operasını milli Azərbaycan şifahi musiqi üslubunun Avropa musiqi mədəniyyətinin ayrı-ayrı elementləri ilə zənginləşdirilməsində ilk təcrübə adlandırır.[43]

İngiltərə tarixçisi Metyu O’Brayen hesab edir ki, tərkibinə Azərbaycan muğamının böyük hissələri daxil olduğuna görə, "Leyli və Məcnun" əsərini ənənəvi qərb mənasında opera hesab etmək olmaz.[44] Elmira Abbasova və musiqişünas Qubad Qasımov tərəfindən yazılmış "Üzeyir Hacıbəyov – musiqiçi-publisist" adlı məqalədə də qeyd edilir ki, "Leyli və Məcnun" operası müasir opera sənətinin bütün tələblərinə cavab vermir.[5] Buna baxmayaraq, müəlliflərin sözlərinə görə əsər, müasir muqisi yaradıcılığı vasitələri və milli xalq musiqisi sənətinin xüsusiyyətlərini birləşdirmək istiqmətində inkişaf edən sonrakı klassik musiqi yaradıcılığının əsasını qoymuşdur.[5]

Zəngin folklor materialı (əsasən muğamlarlirik xalq mahnıları) əsasında yazılmış bu opera, Abbasova və Qasımovun qeyd etdiyinə görə, "əsrlərlə toplanmış xalq musiqisi xəzinəsinin ümumiqəbuledilmiş musiqi formaları əsasında mənimsənilməsində" ilk cəhd olmuşdur. Beləliklə də yeni janr – muğam-opera yaradılmışdır. Musiqişünasların fikrincə, "Leyli və Məcnun" operası Hacıbəyovun yaradıcılığının formalaşmasında folklor musiqisinin köklərini müəyyən etmiş, həmçinin, bəstəkarın Azərbaycan musiqisinin intonasiya və janr özünəməxsusluqlarını aktiv şəkildə anlaması və gələcək yaradıcılığında əsrlərlə formalaşmış xalq musiqisi imkanlarından geniş istifadə etməsinə imkan vermişdir.[5]

Azərbaycan musiqiçünası Fərəh Əliyeva qeyd edir ki, Üzeyir Hacıbəyov operada poemanın fəlsəfi-mistik tona malik mahiyyətini ön plana çəkir. Əliyevanın fikrincə, operanın qəhrəmanları sanki, mürəkkəb və kontrastlı XX əsr dünyasında yaşayırlar, müəllif özü isə hadisələrin real ardıcıllığını formalaşdırır. Operada ifaçı faktorunun əhəmiyyətini qabardan Əliyeva, qeyd edir ki, muğamın subyektiv faktoru opera formasının əsası kimi ön plana çəkilir.[45]

Ekranlaşdırılması

[redaktə | mənbəni redaktə et]

1996-cı ildə "Azərbaycantelefilm" yaradıcılıq birliyi tərəfindən Şamil NəcəfzadəNazim Abbasovun rejissorluğu ilə opera əsasında iki seriyalı "Leyli və Məcnun" film-operası çəkilmişdir.[46] Filmdə əsas rolları Ümbülbanu Qulamova və Aqil M. Quliyev ifa etmişlər. Filmdə partiyaları Azərbaycanın Xalq Artisti Qəndab Quliyeva, Mənsum İbrahimov, Səfa Qəhrəmanov, Nizami Bağırov, Sahibə Abbasova, Səfurə Əzmi, Şahlar Quliyev, Sabir Əliyev və İsmayıl Ələkbərov ifa etmişlər. Filmdə musiqilər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının M. F. Axundov adına Simfonik Orkestrı (K. Əliverdibəyov) tərəfindən ifa edilmişdir.[47] Film, 2002-ci ildə Sankt-Peterburqda V "Çistie qryozi" (rus. Чистые грёзы) festivalında nümayiş etdirilmiş, rejissor Şamil Nəcəfzadə isə "Təsvir həllinə görə" mükafata layiq görülmüşdür.[48][49]

2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə operanın motivləri əsasında "Leyli və Məcnun" opera-filmi çəkilmişdir. Ssenari müəllifi və rejissoru Mehdi Məmmədov olan filmdə əsas rollar Azərbaycanın Xalq Artistləri Mənsum İbrahimov və Aygün Bayramova tərəfindən ifa edilmişdir. Film-operanın premyerası 17 mart 2013-cü ildə III "Muğam dünyası" Beynəlxalq Festivalı çərçivəsində Bakıdakı Nizami kinoteatrında baş tutmuşdur. Premyerada Fransa aktyoru Jerar Depardye və kinoprodüser Arno Frillen də iştirak etmişlər.[50][51]

1. Xronoloji olaraq ümumilikdə Şərq musiqisində ilk operalar Osmanlı imperiyasında yaşayıb-yaratmış erməni əsilli bəstəkar Tiqran Çuxacıyan tərəfindən yazılmış "II Arşak" (1868) və "Zemire" (1890) əsərləridir. "Operanın qısa tarixi" kitabında qeyd edilir ki, "Zemire" operasının səhnələşdirilməsi ilə (1891-ci il, İstanbulda) Türkiyədə opera sənətinin əsası qoyulmuşdur[52]; 1869-cu ildə Qahirə operasının açılmasından sonra operaya oxşar əsərlər Misirdə də yaradılmışdır. Həmçinin xronoloji baxımdan Avropa operasından əvvəl gələn Çin operası ilə də tanış olun.
2. Premyera tamaşasının proqramından bəlli olur ki, Hacıbəyov ilk olaraq ifaçıların Şərq Musiqi Alətləri Orkestrı tərəfindən müşayət olunacağını qərara almışdı. Lakin, bəstəkarın "От "Лейли и Меджнуна" до "Кероглы"" adlı məqalədə ("Bakinski raboçi", 16 mart 1938) xatırladığına görə, Q. Pirimov istisna olmaqla, musiqiçilər premyera tamaşasına gəlmirlər. "İrşad" qəzetiin redaktoruna yazdığı məktubda (15 yanvar 1908) isə Hacıbəyov tamaşada tarzən Şirin Axundovun da iştirak etməsini təsdiqləyir.[53].
  1. 1 2 3 4 5 6 7 8 9 "Опера «Лейли и Меджнун»" (rus). Электронная энциклопедия Узеира Гаджибекова. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
  2. 1 2 3 "100th anniversary of the first opera in the East: «Leyli and Majnun» (1908)" (PDF) (ingilis). Celebration of anniversaries with which UNESCO is associated in 2008-2009. 2012-10-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-22.
  3. 1 2 3 4 5 O'Brien, Mattew. Uzeir Hajibeyov and his role in the developement of musical life in Azerbaijan (Edited by Neil Edmunds). Routledge. 2004. səh. 211. ISBN 0-415-30219-6, 9780415302197.
  4. van der Leeuw, Charles. _A Quest for Identity. Palgrave Macmillan. 2000. səh. 102. ISBN 9780312219031.
  5. 1 2 3 4 Абасова Э., Касимов К. "Узеир Гаджибеков — музыкант-публицист // Искусство Азербайджана". Б:. XII (Издательство Академии наук Азербайджанской ССР). 1968: 17.
  6. Leyli və Məcnun // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
  7. 1 2 3 Toumani, Meline. "For the Love of Layla". The New York Times. February 27, 2009. (#accessdate_missing_url)
  8. "100th anniversary of the first opera in the East: «Leyli and Majnun» (1908)" (PDF) (ingilis). Celebration of anniversaries with which UNESCO is associated in 2008-2009. 2012-10-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-22.
  9. Всемирное наследие Содружества Независимых Государств. Москва: World Heritage of the Commonwealth of Independent States. 2013. səh. Новая Элита. (#accessdate_missing_url)
  10. 1 2 3 4 Абасова, Эльмира. Узеир Гаджибеков / Под ред. Л. В. Карагичевой. Баку: Азербайджанское государственное издательство. 1975. səh. 25-26. (#accessdate_missing_url)
  11. Səfərova, Zemfira. Ölməzlik (ön söz) (Uzeir Hajibeyov. Biblioqrafiya / Elmi redaktor Zemfira Səfərova). Bakı. 2009. 6.
  12. Абасова, Эльмира. Узеир Гаджибеков / Под ред. Л. В. Карагичевой. Баку: Азербайджанское государственное издательство. 1975. səh. 14.
  13. Исазаде, А. И. Слово об Узеире Гаджибекове. Баку: Элм. 1985. səh. 82.
  14. Khalilov, Ramazan. "Leyli and Majnun — 90th Jubilee" (№ 5.4). Azerbaijan International. Winter 1997. 2007-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020.
  15. 1 2 3 Khalilov, Ramazan. Leyli and Majnun — 90th Jubilee (Azerbaijan International № 5.4). Winter 1997. səh. 25. (#accessdate_missing_url)
  16. Касумов, Имран. Электронная энциклопедия Узеира Гаджибекова. 18 сентября 2012. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
  17. Алиева, Б. "Улица, хранящая первые звуки" (22). Зеркало. 26 января 2008. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
  18. Сарабский, Г. Воспоминания. Баку: АзГиз. 1930.
  19. Сарабский, А. Г. Возникновение и развитие азербайджанского музыкального театра (до 1917 г.). Издательство АН Азербайджанской ССР. 1968. 57.
  20. 1 2 Галина Микеладзе. "Композитор, дирижёр, музыковед, публицист". «Каспий». 2013-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 okrtabr 2020.
  21. "Фараджев Абдуррахман" (rus). Электронная энциклопедия Узеира Гаджибекова. 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 oktyabr 2020.
  22. Рамиль Алекперов. "Əhməd Ağdamski". 2012-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-04. (az.)
  23. Эмилия Алиева. "Опера «Лейли и Меджнун» и век спустя собирает аншлаги в Азербайджане". Баку: МТРК «Мир». 2012-06-02. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-21.
  24. Н. Алекперова. "Узеир Гаджибеков" (rus). В мире оперы. 2011-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  25. Сарабский, А. Г. Возникновение и развитие азербайджанского музыкального театра (до 1917 г.). Издательство АН Азербайджанской ССР. 1968. səh. 64.
  26. Абасова, Эльмира. Узеир Гаджибеков / Под ред. Л. В. Карагичевой. Баку: Азербайджанское государственное издательство. 1975. səh. 31.
  27. Касимов, Кубад. Гусейн Кули Сарабский: жизнь и творчество. Баку: Элм. 1980. səh. 47.
  28. Alakbarov, Farid. "The Memoirs of Actor Sarabski (1879-1945)" (№ 10.3). Azerbaijan International. Autumn 2002. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  29. Каджаp, Чингиз. Старая Шуша. Баку: Şərq-Qərb. 2007. 331. ISBN 9789952340969.
  30. 1 2 Абасова, Эльмира. Узеир Гаджибеков / Под ред. Л. В. Карагичевой. Баку: Азербайджанское государственное издательство. 1975. səh. 32.
  31. М., Әлизадә. Мирзадә Ешги империализм вә иртиҹа әлејһинә мүбаризәдә (Елми әсәрләр). 1964. 55.
  32. Гинзбург, С. Пути развития узбекской музыки. М.—Л.: Искусство. 1946.
  33. "Распоряжение Президента Азербайджанской Республики о проведении в 2008–2009 годах включенных в программу ЮНЕСКО юбилеев выдающихся личностей и знаменательных событий, связанных с Азербайджаном". 2011-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  34. "Doha, Qatar – World Premiere of Layla and Majnun, November 22 & 23, 2008" (ingilis). The Silkroad Project. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-18.
  35. "Опера "Лейли и Меджнун" покорит США". 2009-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  36. "Десятилетие проекта «Шелковый путь» виолончелиста Йо-Йо Ма (На концертах в Северной Америке звучит музыка композиторов Азербайджана, Узбекистана и США)" (rus). Государственный департамент США. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
  37. Али, Метин. ".Легендарная опера Востока «Лейли и Меджнун» вызвала большой интерес у участников международного фестиваля". AZE.az. 16 марта 2011. 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  38. Эмилия Алиева. "Опера «Лейли и Меджнун» и век спустя собирает аншлаги в Азербайджане". Баку: МТРК «Мир». 2012-06-02. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
  39. Н.А., В.Т. "В США впервые исполнена опера «Лейли и Меджнун»". 1news.az. 12.11.2012. (#accessdate_missing_url)
  40. 1 2 3 Лейли и Меджнун. Клавир. Предисловие // Узеир Гаджибеков. Сочинения / Под ред. Н. Аливердибекова (Т. 2.). Баку: Ишыг. 1984. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-01.
  41. Абасова, Эльмира. Узеир Гаджибеков / Под ред. Л. В. Карагичевой. Баку: Азербайджанское государственное издательство. 1975. səh. 28. (#accessdate_missing_url)
  42. 1 2 Абасова, Эльмира. Узеир Гаджибеков / Под ред. Л. В. Карагичевой. Баку: Азербайджанское государственное издательство. 1975. səh. 29. (#accessdate_missing_url)
  43. Абасова, Эльмира. Узеир Гаджибеков / Под ред. Л. В. Карагичевой. Баку: Азербайджанское государственное издательство. 1975. səh. 30. (#accessdate_missing_url)
  44. O'Brien, Mathew. "Uzeir Hajibeyov and his role in the development of musical life in Azerbaijan". Soviet music and society under Lenin and Stalin: the baton and sickle: Routledge Curzon (/ Edited by Neil Edmunds). 2004: 211. PMID 0-415-30219-6, 9780415302197 ISBN 0-415-30219-6, 9780415302197 (#bad_pmid). 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020.
  45. Nizamiqızı, Həmidə. ""Leyli və Məcnun". İslam Şərqində opera janrının əsasını qoyan şedevr" (9). Mədəniyyət qəzeti. 18 февраля 2009. (#accessdate_missing_url)
  46. Mükərrəmoğlu, M. ""Leyli və Məcnun" operasının tamaşaya qoyulmasından 100 il ötür". Xalq qəzeti. 8 yanvar 2008. (#accessdate_missing_url)
  47. "Информация о фильме «Лейли и Меджнун» на официальном сайте оперы" (rus). Журнал «Мир музыки» (azərb. Musiqi dünyası‎). 2012-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04 oktyabr 2020. (#apostrophe_markup)
  48. "Пресса о МКФ «Чистые грезы V»" (rus). Официальный сайт фестиваля «Чистые грёзы». 2012-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020.
  49. Трофименков, Михаил. "Дебош с участием Киры Муратовой" (№ 200(2569)). КоммерсантЪ. 1 ноября 2002. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020.
  50. Алиева, А. "Жерар Депардье посетил в Баку премьеру фильма-оперы «Лейли и Меджнун»". aze.az. 18 mart 2013. 2014-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020.
  51. ["Лейли и Меджнун" с французским шармом: Жерар Депардье на премьере в Баку ""Лейли и Меджнун" с французским шармом: Жерар Депардье на премьере в Баку"] (#bad_url). news.day.az. 18 марта 2013. İstifadə tarixi: 4 oktyabr 2020.
  52. Donald Jay Grout, Hermine Weigel Williams. A Short History of Opera. Columbia University Press. 2003. səh. 529. ISBN 9780231119580.
  53. Сарабский, А. Г. Становление и развитие азербайджанского музыкального театра. Баку: Издательство АН Азерб. ССР. 1968. 51.
  • М. Гринберг. Советская опера. — Гос. муз., 1953. — 478 с. — 7000 экз.
  • Mathew O'Brien. Uzeir Hajibeyov and his role in the development of musical life in Azerbaijan / Edited by Neil Edmunds. — Soviet music and society under Lenin and Stalin: the baton and sickle: Routledge Curzon, 2004. — С. 209–228. — ISBN ISBN 0-415-30219-6, 9780415302197.
  • Чингиз Каджар. Узеир Гаджибеков. Композитор — рожденный мугамом. // Старая Шуша / Азиз Гюльалиев. — Баку, Азербайджан: Шарг-Гарб, 2007. — С. 326–341. — 345 с. — (947.54-dc22). — 1000 экз. — ISBN ISBN 978-9952-34-096-9.
  • Абасова Э. "Лейли и Меджнун" Узеира Гаджибекова. — Баку: Азмузгиз, 1960. — 66 с.

Журналы

  • Касимов К. Немеркнущая слава: К 70-летию премьеры оперы "Лейли и Меджнун" Узеира Гаджибекова. — журнал "Литературный Азербайджан", 1978. — № 1. — С. 94–96.
  • Везирова Т. Благородная задача выполнена: (К выходу в свет партитуры оперы Узеира Гаджибекова "Лейли и Меджнун"). — журнал "Советская музыка", 1984. — № 8. — С. 118.
  • Меликова Л. Народные истоки формообразования в опере "Лейли и Меджнун" Узеира Гаджибекова. — журнал "Учёные записки", 1974. — № 1. — С. 3–17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]