Risk faktoru- müəyyən xəstəliyin bilavasitə səbəbi sayılmayan, lakin onun baş verməsi ehtimalını artıran ümumi faktorların adıdır. Bura həyat şəraiti və tərzi xüsusiyyətləri , həmçinin orqanizmin anadangəlmə və ya qazanılan xüsusiyyətləri aid edilir. Onlar individiumda (fərddə) xəstəlik ehtimalını artırmaq, yaxud mövcud xəstəliyin gedişinə və proqnozuna əlverişsiz təsir göstərmək qabiliyyətinə malikdir. Adətən bioloji, ekoloji və sosial risk faktorları ayrılır. Əgər risk fatorlarına bilavasitə xəstəliyə təsir göstərən faktorlar da əlavə edilsə, onlar birlikdə sağlamlıq faktorları adlanır ki, onlar da analoji təsnifata malikdir.[1]
Bioloji risk faktorlarına genetik və ontogenez dövründə insan orqanizminin qazandığı (əldə etdiyi) xüsusiyyətlər aiddir. Məlum olduğu kimi, bəzi xəstəliklərə çox vaxt müəyyən milli və etnik qruplarda rast gəlinir. Hipertoniya, xora xəstəlikləri, şəkərli diabeti və b. xəstəliklərə irsi meyillik mövcuddur.
Bir sıra xəstəliklərin, o cümlədən şəkərli diabeti, ürəyin işemiya xəstəliyinin baş verməsinin ciddi faktoru köklük hesab olunur. Orqanizmdə xroniki infeksiya mənbəyinin mövcudluğu (məsələn, xroniki tonzillit) revmatizm xəstəliyinə səbəb ola bilər.
Ekoloji risk faktorları atmosferin fiziki və kimyəvi xassələrinin dəyişməsi, məsələn, bronx-ağciyər xəstəliyinin inkişafına təsir göstərir. Temperaturun, atmosfer təzyiqinin və maqnit sahəsinin gərginliyinin sutkalıq kəskin dəyişməsi ürək-damar xəstəliklərinin ağırlaşmasına səbəb olur.
Sosial risk faktorları əlverişsiz mənzil-yaşayış şəraiti, müxtəlif stress vəziyyəti bir çox xastəliklərin, xüsusən ürək-damar sistemi xəstəliklərinin risk faktoru sayılır. Pis vərdişlər, məsələn, siqaret çəkmə bronx-ağciyər və ürək-damar xəstəliklərinin baş vermə risk faktoru hesab olunur. Alkoqoldan istifadə edilməsi alkoqolizm, qaraciyər, ürək və başqa xəstəliklərin inkişafı üçün risk faktoru sayılır.
Risk faktorları ayrı-ayrı individuum üçün (məsələn, orqanizmin genetik xüsusiyyətləri) və ya müxtəlif növlərin bir çox fərdləri (məsələn, ionlaşmış şüalanma) üçün əhəmiyyətli ola bilər. Bir neçə risk faktorunun birgə təsiri, məsələn, köklük, hipodinamiya, siqaretçəkmə, karbohidrat mübadiləsinin pozulmasının birgə təsiri ürəyin işemiya xəstəliyinin inkişafını artırır.
Xəstəliklərin baş verməsi və güclənməsinin profilaksitasında fərdi şəkildə risk faktorlarını aradan qaldırmaq (zərərli vərdişlərdən əl çəkmək, idmanla məşğul olmaq, orqanizmdə infeksiya mənbəyini ləğv etmək və s.) işinə, həmçinin populyasiya üçün əhəmiyyətli olan risk faktorlarını kanarlaşdırmağa böyük diqqət ayrılır. Bunun üçün həm də, ətraf mühitin su təchizatı mənbələrinin mühafizəsi tədbirləri, torpağın və ərazinin səhiyyə baxımdan qorunması, təhlükəsizlik texnikasına riayət etmək və s. həyata keçirilməlidir.
Azərbaycanda sürətlə yayılan XƏSTƏLİKLƏR Arxivləşdirilib 2018-07-04 at the Wayback Machine