Sağ və sol ağciyərlər (lat. pulmo dexter et sinister, yun. pneumon) — döş qəfəsində yerləşmişdir; aşağı səthləri diafraqmaya və içəri səthləri ürək kisəsinə söykənmişdir. Sağ diafraqma günbəzi sol günbəzdən yüksək olduğuna görə və ürək asimmetrik vəziyyət aldığı üçün, ağciyərlərin həcmi və şəkli müxtəlif olmalıdır. Sağ ağciyər sol ağciyərdən qısa, geniş və həcmlidir.
Ağciyərlər | |
---|---|
| |
Latınca | Pulmones |
Yunanca | πνεύμων (pneumon) |
İltihabı | Pneumonia |
Qrey | subyekt 240 1092 |
Sistem | Tənəffüs |
Arteriya | lat. arteria pulmonales dextra et sinistra |
Vena | lat. vv. bronchiales et pulmonales |
Sinir | Azan sinir, lat. lexus pulmonales anterior et posterior |
Limfa | lat. nodi lymphatici pulmonales, bronchopulmonales |
MeSH | Lung |
Dorlands/Elsevier | Lungs |
Vikianbarda əlaqəli mediafayllar |
Normal ağciyərlərin rəngi uşaqda açıq çəhrayı olur, böyüklərdə isə getdikcə rəngi dəyişib tündləşir, xarici səthində qara ləkələrə təsadüf olunur. Bu ləkələrin yaranması xaricdən hava ilə ağciyərlərə daxil olan kənar cisimlərdən (toz, tüstü və s.) asılıdır.
Ağciyərlər böyüklərdə orta dərəcədə hava ilə dolduğu zaman aşağıdakı ölçülərdə olur;
şaquli ölçüsü 25–27 sm, sagital ölçüsü (əsasında) 16–17 sm, frontal ölçüsü sağ tərəfdə 10 sm və sol tərəfdə 7 sm.
Ağciyərlərin tutumuna gəldikdə görürük ki, insan dərin nəfəs aldıqda, yəni döş qəfəsi maksimum böyüdükdə, sağlam ağciyərlər 5000 sm³ hava tutur. Dərin nəfəs verdikdən sonra ağciyərlərdə 1500 sm³ hava qalır, beləliklə dərin nəfəs alma və dərin nəfəs vermə arasında 3500 sm³ fərq vardır. Buna ağciyərin orta həyat tutumu deyilir. İnsan adi nəfəs aldıqda (yəni rahat nəfəs aldıqda) 500 sm³ hava alır, dərin nəfəs aldıqda əlavə 1500 sm³ ağciyərlərə hava daxil olur; əgər dərin nəfəs verilirsə alınmış 500 sm³ dən əlavə 1500 sm³ hava xaricə çıxarılır; beləliklə görürük ki, ağciyərlərin həyat tutumu üç hissədən ibarətdir: tənəffüs havası (500 sm³), əlavə hava (1500 sm³) və ehtiyat hava (1500 sm³). Təxminən 35 yaşından sonra hava tutumu azalmağa başlayır.[1]
Ağciyərlərin çəkisi müxtəlifdir və bu onlarda olan seliyin və qanın miqdarından asılıdır. Ümumiyyətlə kişilərdə ağciyərlərin çəkisi 1000–1300 qramdır, qadınlarda 200–300 qram az olur. Sağ ağciyər sol ağciyərdən ağırdır və nisbəti 10:11 kimidir.
Ağciyərlərin konsinstensiyası yumşaq, məsaməli və süngərə bənzəyir, daxilində hava olduğu üçün sanki suda üzür. Əgər daxilində hava olmasa (məsələn, rüşeymin, anadan ölü olmuş dölün və ya suda boğulmuş insanın ağciyəri) ağciyərlər öz funksiyalarını itirər. Ağciyərlər çox elastikdir. Onların nəfəs verilən zaman yığılması həmin xassədən asılıdır.
Ağciyəri zirvədən əsasa doğru kəsilmiş konusun yarısı ilə müqayisə etmək olar; konusun əsasına uyğun səthi diafraqmaya və digər ucu yuxarıya baxır, beləliklə, hər ağciyərin əsası – (lat. basis pulmonis), zirvəsi – (lat. apex pulmonis) və üç səthi vardır: əsasını örtən basıq diafraqma səthi – (lat. facies diaphragmatika), orta divara, ürəyə doğru baxan içəri səthi – (lat. facia medialis) və bayır tərəfə baxan qabırğa səthi – (lat. facies costalis).
Sağ və sol bronxlar ağciyər parenximasına daxil olaraq, ağciyərlərin əsaslarına doğru yan şaxələr – (lat. rami bronchialis) verir. Bunlar iki qrupa: ventral və dorzal bronx şaxələrinə – (lat. rami venterales et dorzales) bölünür. Ventral şaxələr dorzal şaxələrdən böyük olub gedişi önə və bayır tərəfədir. Dorzal şaxələr isə ağciyərlərin arxasına doğru gedir.
Sol ağciyərin baş bronxu ağciyərə daxil olaraq dörd venteral və dörd dorzal şaxə verir, bunlardan birinci ventral şaxə yuxarı paya və yerde qalan venteral və dorzal şaxələr aşağı paya gedib orada şaxələnir. Bunlar sol ağciyər arteriyasının altında olduğu üçün arteriyaaltı bronx şaxələri – (lat. rami bronchiales hzparteriales) adını alır.
Sağ ağciyərin baş bronxu 2,5–3 sm başlanan yerindən uzaqlaşdıqdan sonra, yuxarı paya yoğun bir şaxə verir. Bu şaxə sağ ağciyər arteriyasının üstündə olduğu üçün arteriyaüstü bronx şaxəsi – (lat. ramus bronchialis eparterialis) adlanır. Baş bronx bu şaxəni verdikdən sonra dörd venteral və dörd dorzal şaxə buraxır, bunların hamısı (lat. rami broncheales hyparteriales) qismindəndir. Venteral şaxələrin birincisi orta payda, yerdə qalan venteral şaxələr və dorzal şaxələrin hamısı aşağı payda şaxələnir.
Bronx şaxələri dixotomik üsulla daha kiçik bronxlara, bunlar da bronxiollara – (lat. bronchioli) bölünür. Hər bir bronxiol ağciyər paycığına daxil olur və paycıq bronxiolu – (lat. bronchialis lobularis) adlanır; bunun diametri 1mm-ə bərabər olur. Hər paycığa daxil olmuş bronxiol diametri 0,5 mm-ə bərabər 12 – 18 ədəd daha kiçik şaxələrə – hüdudi bronxiollara – (lat. bronchioli terminales) bölünür. Bunların hər biri iki tənəffüs bronxioluna – (lat. bronchioli respiratorii) şaxələnir. Hər tənəffüs bronxiolu Alveol axacaqlarına – (lat. ductuli alveolares) bölünür; bunlar da öz uclarında genişlənərək alveol kisəciklərinə – (lat. sacculi alveolares) açılır.
Hər iki tənəffüs bronxiollarından ayrilan Alveol axacaqları alveol kisəcikləri ilə birlikdə ağciyərlərin qurluş vəhdətini (lat. acinus) təşkil edir. 12–18 lat. acinus birləşdirici toxuma vasitəsilə bir-birilə birləşərək ağciyər paycığını – (lat. lobulus pulmonus) əmələ gətirir.
Ağciyərlərdəki Alveolların miqdarı təxminən 300–500 milyona və acinus-ların miqdarı 800 000-ə çatır; bunların tənəffüs səthi nəfəs verdikdə 30 m²-ə, dərin nəfəs verdikdə 100 m²-ə bərabərdir.
Yuxarıda təsvir olunan bronx və bronxiol şaxələri sistemi vəzifə cəhətcə iki qismə bölünür: 1) bronx ağacı – (lat. arbor bronchialis)- tənəffüs bronxlarına qədər hava daşımaq vəzifəsini ifa edir; 2) Alveolağacı – (lat. arbor alveolaris)- tənəffüs bronxları daxil olmaq şərtilə bunlardan sonra gələn törəmələr – qazlar mübadiləsini daşıyır.
Ağciyərlər histoloji cəhətcə mürəkkəb Alveollu-borulu vəzilərdəndir; birincili bronxlar vəzin baş axacağını və (lat. ductuli alveolares) onun üç sekretor şöbələrini əvəz edirlər. Ağciyərin əsas kütləsi bronx şaxələri sistemindən, birləşdirici elastik toxumadan və qan damarlarından təşkil olunmuşdur; bunlardan başqa burada limfa damarları və sinirlər də vardır. Ağciyərlərin bronx şaxələrinin quruluşuna gəldikdə görürük ki, ümumiyyətlə, birincili bronxların quruluşu kimidir, çünki, burada da həmin ünsürlər (qığırdaq. saya əzələ lifləri, elastik toxuma və selikli qişa) vardır. Ancaq bunların fərqləri bundadır ki, ağciyərlərdəki bronx şaxələrində zarlı divar – (lat. paries membranacea) olmur, qığırdaqlar səfhə və ya zolaq şəklində və elastik liflər ilə əhatə olunurlar. En kəsikləri dairə və ya oval şəklində olur.
Bronx şaxələrinin divarındakı qişalar belə düzülmüşdür:
Bronxlar şaxələnib diametri kiçildikcə, onları təşkil edən ünsürlərin bəzisi itir, bəzisi isə dəyişir. Bronxlar kiçildikcə qığırdaq səfhələri nazikləşir, seyrəkləşir və nəhayət itir. beləliklə 1 mm diametrli bronxiolda (lat. bronchioli lobulares) qığırdaq olmur. Bununla bərabər xarici birləşdirici toxuma qişası və burada təsadüf edilən vəzi cisimləri yavaş-yavaş itir, əzələ qişası nazikləşərək tənəffüs bronxiollarında (lat. bronchioli respiratorii) geniş ilgəkli top şəklini alır.
Alveolların qurluşuna gəldikdə görürük ki, bunların əsası nazik bir səfhədən ibarətdir və burada kollegen liflərdən başqa elasik liflər də vardır. Bu səfhə daxildən birqatlı yastı epitel (tənəffüs epiteli) ilə örtülmüşdür. Alveollar xarici tərəfdən qan kapillyarları ilə əhatə olunmuşdur, ancaq bunu qeyd etməliyik ki, kapillyar olan yerdə alveol divarı yastı epitel ilə və olmayan yerdə isı dənəli epitel ilə örtülü olur.
Klinik -rengenoloji müayinələr və döş qəfəsi cərrahlığı təcrübəsi əsasında son zaman müəyyən edilmişdir ki, ağciyərin bəzi xəstəliklərində patoloji prosesslər bütün payı yox, yalnız onun ayrı-ayrı hissələrini – seqmentlləri işğal edir. Bu hissələrə bronx – ağciyər seqmentləri adı verilmişdir. Əsasları ağciyərlərin xarici səthinə, zirvələri köklərinə doğru baxır; hüdudlarını piqmentasiya dərəcəsi ilə təyin etmək olur. Qeyd etmək lazımdır ki, ağciyərin hər bir seqmenti müvafiq bronx seqmentinə (şaxəsinə) malikdir. Qan damarları da ağciyərlərin daxilində seqmentar üsulla şaxələnərək bronx şaxələri üzəri ilə bütün kütləsinə nəşr olunur. Xaric anatomik nomenklaturasına görə ağciyərlərin seqmentar quruluşu aşağıdakı sxem üzrədir:
Sağ ağciyər 11 bronx – ağciyər seqmentlərindən təşkil olunmuşdur; bunlardan üçü – yuxarı paya, iksi – orta paya və altısı aşağı paya aiddir. Sol ağciyər isə 10 bronx – ağciyər seqmentlərindən ibarətdir; bunlardan dördü – yuxarı payı və altısı – aşağı payı təşkil edir.
Ölçüləri, həcmi və kütləsi | |
Şaquli ölçüsü | 25-27 sm. |
Sagital ölçüsü | 16-17 sm. |
Frontal ölçüsü | sağ 10 sm., sol 7 sm. |
Tutumu | 5000 sm³. |
Kütləsi | 1000-1300q (kişi) 800-1000q (qadın) |
Məlum olduğu üzrə ağciyərlər qazlar mübadiləsi funksiyasını yerinə yetirir; bu zaman qan oksigen ilə zənginləşir və karbon qazından azad olur. Oksigenlə zəngin havanın ağciyərlərə daxil olması və karbon qazı ilə zəngin qazın xaric olması döş qəfəsi əzələlərinin və diafraqmanın yığılması ilə izah olunur.
Ağciyərlər tənəffüs vəzifəsindən başqa bir sıra vəzifələr də daşıyır, məsələn, sekretor – ifrazat və maddələr (su, lipoid və duzlar) mübadiləsi vəzifəsi. Yəqin edilmişdir ki, ağciyərlərdə faqositar (mühafizəedici) vəzifə ifaedici retikulo-endotelial sistemə aid bir sıra hüceyrələr də vardır.