Söyud

Söyüd (lat. Salix) — söyüdkimilər fəsiləsinə aid bitki cinsi.

Söyüd
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qışda yarpağını tökən, iki evli bitkidir. İri ölçülü ağaclar və ya xırda kollardır. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir.

Söyüd cinsinin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı һalında tapılmış nümunələri üçüncü dövrə aiddir. Tez böyüyən, dekorativ bitki olmaqla geniş areala malikdirlər.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Söyüd – Salix L. cinsinin dünya florasının tərkibində 500-dən artıq növünə təsadüf edilir. Qafqazda 25, Azərbaycanda isə 14 növü yayılmışdır.

Söyüd ağaclarının xalq təsərrüfatında böyük əhəmiyyəti vardır. Səbət söyüdləri (üç erkəkcikli söyüd, qonur və ya purpur söyüdü və s.) toxunma avadanlıqlar (səbət, toxunma mebel və s.) üçün gözəl materialdır. Bəzi söyüd növləri qabıqlarında aşı maddələrinin xeyli çox olması ilə digər bitkilərdən fərqlənir. Azərbaycanda söyüdlərdən bu məqsədlə istifadə edilmir. Müxtəlif səbət söyüdlərinin birillik çubuqlarının qabığı ağaclara göz calağı vurulduqda bir sarğı materialı kimi də işlədilir. Söyüd ağacları həm tikinti, həm də yanacaq, bəzək və dərman xammalı (qlükozid salisin) kimi də qiymətlidir. Söyüd qabığından hazırlanan preparatlar büzücü maddə kimi, qızdırmanı salan və qankəsici vasitə kimi işlədilir. Xalq təbabətində bu ağacın qabığından (ağ söyüd, keçi söyüdü və ya kolvarı söyüd, qırmızı söyüd) malyariyaya qarşı istifadə olunur. Söyüd qabığından alınan tozu isə irinli yaraların üzərinə səpirlər.

Bir çox söyüd növlərinin qabığı parçaları sarı, qəhvəyi və qırmızı rəngə boyamaq üçün işlədilir. Söyüdlüklər arıçılıq üçün çox qiymətlidir, yazın əvvəllərində söyüd ağacları çiçəkləmə dövründə çiçək balı (nektar) və tozcuq verir. Arıçılıq üçün ən qiymətli söyüd növləri keçi söyüdü, kolvari söyüd, küllü söyüd, ağ söyüd, nisbətən az qiymətli olan növlər isə beşerkəkcikli söyüd, üç erkəkcikli söyüd, pu rpur söyüdü və s. Bəzi hallarda yaz əlverişli keçdikdə və arı ailələri gümrah olduqda söyüd ağaclarının hər hektarından 150 kq-a qədər bal almaq olur.

Ağac formalı söyüdlərin oduncağı yumşaq və yüngüldür. Ondan dülgərlik və tokarlıq işində, ev əşyaları, sadə kənd təsərrüfatı alətləri və s. hazırlanmasında istifadə edilir. Çubuqlarından cürbərür səbətlər, əl ağacları və s. düzəldilir.

Oduncağından sellüloza istehsal etmək və plastik kütlələr hazırlamaq üçün də istifadə etmək olar.

Söyüd yaşıllaşdırma məqsədilə ən çox əkilən ağacdir. Bağlarda və parklarda, göllərin ətrafında, xiyabanların, meşəliklərin kənarında əkilib-becərilən bəzək söyüdləri (xüsusilə də salxım söyüdlər) bütün dünyada məşhurdur.

Küçələrdə, yol kənarlarında, evlərin qabağında və həyətlərdə də söyüd əkilir. Söyüd növlərinin bir çoxunun böyük meliorativ əhəmiyyəti var, bəzi söyüd növləri qoruyucu meşə zolaqlarında əkilir, bəzilərindən qumluqlarda, suvarılan torpaqlarda və ya göllərin ətrafında meşə salmaq, yarğan və uçurumları bərkitmək üçün istifadə edilir. Söyüd ağaclıqlarında bəzi ov heyvanları və quşlar yaşayıb qidalanır. Budaqları qışda ev heyvanları üçün yemdir.

Söyüd növlərinin çoxusu sürətlə böyüməsi (xüsusilə də cavan ikən) və işıq sevməsi ilə fərqlənir. 20-30 illik söyüd ağaclarının istehsalat əhəmiyyəti daha böyükdür.

Ağacvari söyüd — S. arbuscula.[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Ağacvari söyüd

Cırtdan boylu (30 sm) yerə sərilmiş, qollu-budaqlı koldur. Budaqları qırmızımtıl-qonur rənglidir, çılpaqdır. Tumurcuqları sivri, xırda, qırmızımtıl-sarıdır. Yarpaqları qısasaplaqlı ellipsvari, uzunsov, tərsinəyumurtavari və ya lansetvaridir. Qaidə һissədən və ucdan daralmışdır, orta һissədən enlidir, kənarları xırda mişardişlidir, üstdən tünd yaşıl altdan açıq yaşıl, yeni açılanda tükcüklü olur, orta damarı sarıdır. Yarpaq açdıqda və ya bir qədər gec çiçəkləyir. Erkəkcik çiçəkləri oturaqdır, uzunluğu 2,5 sm-ə çatır. Dişiçik sırğaları qısa olub, silindirvaridir, saplağı uzundur, 5 sm-ə qədərdir. İyun ayında çiçəkləyir, çiçəyi nektarlıdır. Skandinaviyada, orta Avropada, Qafqazda və Azərbaycanda bitir. Quba sahəsində Subalp və Alp qurşaqlarında çaylarda bitir. İlk dəfə İsveçrədən təsvir olunub.

Keçi söyüdü – S.caprea[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Keçi söyüdü

Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir. Yarpaq açmazdan qabaq çiçəkləyir, ikievlidir. Dişicik çiçəkləri bozumtul-yaşıl və solğundur. Erkəkcik çiçəklərin sırğası iridir, dəyirmi-silindrvaridir, parlaq-sarı rənglidir. Çiçək açarkən keçi söyüdü çox dekorativ görkəm alır. Çiçəkləri nektarlıdır, qabığında 21%-ə qədər aşı maddəsi vardır. Avropa və Asiyanın meşəli rayonlarında geniş arealda yayılmışdır. Azərbaycanın bütün meşəli rayonlarında, yuxarı dağ meşə qurşaqlarında bitir. Bəzən yaşıllaşdırmada isitifadə olunur. Şaxtaya davamlı, torpağa az tələbkar bitkidir. İlk dəfə Avropada təsvir olunub.

Bədmüşk, pişpişə (Keçi söyüdü) – S. caprea L. hündürlüyü 1,5-4,0, bəzən 4-8 m-ə, diametri 40-60 sm-ə qədər olan ağacdir. Qabığı yaşılımtıl-boz və hamardır. Böyüdükcə, xüsusilə gövdəsinin aşağı hissəsi qonurumtul rəng alır və üzərində uzununa dərin çatlar əmələ gəlir. Cavan budaqları sıx boz tüklüdür, sonralar çılpaqlaşır. Tumurcuqları çox iri, çılpaq və qonurdur, 5mm uzunluqdadır. Yarpaqlarıın uzunluğu 5-12 (18) sm, eni 2,5-5(8) sm olub, ellips şəklindədir. Yarpaqları açılmazdan əvvəl çiçəkləyir. Dişicik sırğaları saplaqlıdır, sıxdır, meyvələrinin yanındakılar 10 sm-ə qədər uzunluqdadır. Erkəkcikləri 2-dir, sərbəst və çılpaqdır. Mart-aprel aylarında çiçək açır.

Bədmüşk söyüdünün qabıq və budaqlarının tərkibində alkaloid, C vitamini, salisil spirti, 2,2-4,2% fenolqlükozid, katexin, kversetin flavonoidləri, yarpaqlarından üzvi turşular, saponin, kempferol, lyuteolin, apiqenin, bakkozid, salikaprin, hamaşçiçəyindən 0,49-1,87% fenolqlikozid, triantin, izoramnetin, lyuteolin, erkək hamaşçiçəyindən üzvi turşular, C vitamini, 4,1-5,3%-ə qədər diosmetin, kapreozid, salikapreozid, izoramnetin flavonoidləri aşkar edilmişdir. Dişicikdə 1%-ə qədər sulu karbohidrat maddələri, 0,2%-ə qədər saxaroza, tozcuğundan 11%-ə qədər sulu karbohidrat, 7%-ə qədər saxaroza qlükoza, fruktoza, qalaktoza, ramnoza, C vitamini və s. maddələr aşkar edilmişdir.

Bədmüşk söyüdü çox qiymətli dərman və texniki bitkidir. Tərkibində flavonoidlər, aşı, boyaq maddələri aşkar edilmişdir. Bu qiymətli bitki xalq təbabətində qədimdən istifadə olunur. Aprel-may aylarında çiçəkləmə dövrüdür, qabığı isə iyun-iyul aylarında toplanır. Qabığından təzə alınmış şirə mədə xəstəliklərinin, qara ciyər iltihabının, sarılığın müalicəsində, eləcə də qızdırmanı salan, qandayandırıcı vasitə kimi faydalıdır. Elmi təbabətdə xinin maddəsinin kəşfinə qədər ondan revmatizmin, böyrək xəstəliklərinin müalicəsində, bəzi vəzlərin şişməsinin qarşısının alınmasında geniş istifadə olunmuşdur. Bunlardan başqa, söyüd qabığının külündən hazırlanan sirkəli məlhəm ziyil götürən dərmandır. Onun kitrəsi isə göz xəstəliyinin müalicəsində mühüm əhəmiyyətə malikdir. Bədmüşk söyüdünün çiçəklərindən alınan cövhər xalq arasında «pişpişə arağı» adı ilə məşhurdur. Bitkidən ürək ağrısı zamanı və ümumiyyətlə, ürək xəstəliklərində damcı formasında istifadə edilir. Son zamanlar alimlərimiz öyrənmişlər ki, ürək dərmanı kimi bitkinin başqa hissələrinə nisbətən erkəkcik daşıyan çiçəkləri daha səmərəlidir.

Ondan alınan preparatlar ürək fəaliyyətinin pozulması və nəbzin tez-tez vurması vaxtı işlədilir. Son zamanlar söyüd çiçəyindən hazırlanan duru spirtli cövhərdən qan təzyiqi xəstəliklərində istifadə olunur.

Alman xalq təbabətində qabığından hazırlanan dəmləmə və cövhərdən öskürək zamanı baş ağrılarında, qızdırmada, malyariyada, müxtəlif qanaxmalarda, mədə-bağırsaq xəstəliklərində, sinir ağrılarında müxtəlif soyuqdəymələrdə, sakitləşdirici kimi daxilə qəbul edilir.

Bədmüşk söyüdünün qabığının tərkibində 15-16%, bəzi hallarda isə hətta 21%-ə qədər tannin maddəsi olur. Ağac daha kefyiyyətli olduqda taninin miqdarı 62,1%-ə çatır. Qabıqlarından alınan yüksək keyfiyyətli tanin maddəsi gön-dəri sənayesi üçün qiymətli aşılayıcı sayılır.

Bu söyüd qiymətli bəzək bitkisi hesab edilir. Bədmüşk söyüdünün yarpaq, çiçək və qabıqlarının tərkibində flavonoid tərkibli boyaq maddələri vardır. Biz laboratoriya şəraitində bədmüşkdən sarı, qızılı-sarı, sarı-narıncı, narıncı-yaşıl, yaşılımtıl, zeytunu, firuzəyi, qonur, qonurumtul-boz, açıq-qəhvəyi, tünd-qəhvəyi, şabalıdı, qəhvəyi-qara və s. rəng və çalarlar almağa nail olmuşuq. 1 kq bədmüşk söyüdünün qabığından hazırlanan boya məhlulu ilə 8-10 kq yun və ipək məmulatını boyamaq olar. Bitkidən alınan rəng və çalarlar günəş şüasına, yuyulmaya qarşı davamlıdır. Bədmüşk söyüdünün qələmləri çox çətinliklə kök atır, əsasən toxumların vasitəsilə çoxaldılır. Kötüyündən çoxlu pöhrə verir.

Ağçubuq söyüd – S. triandra[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Ağçubuq söyüd

Boyu 10 m-ə, diametri 12 sm-ə çatan alçaq boylu ağac və ya uca boylu koldur. Budaqları qonur-yaşıl və ya zeytun rəngində olub, elastikdir.

Ağ söyüd – S. alba L.[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Ağ söyüd

Ağ söyüd – S. alba L. söyüd cinsinin xalq təsərrüfatı üçün əhəmiyyətli növlərindən biridir. Hündürlüyü 15-20 (30) m olan, geniş çətirli və əlverişli şəraitdə gövdəsinin diametri 2-3 m-ə çatan ağacdır. Qabığı bozdur, köhnə gövdəsinin qabıqları üzərində dərin çatlar olur. Cavan b udaqları gümüşü tüklüdür, köhnə budaqları çılpaq qonurumtul və ya sarımtıldır. Tumurcuqları budağa sıxılmışdır, sivridir, təqribən 6 mm uzunluğundadır. Yarpaqları nazik olub, ensiz və ya enli lansetvaridir. Sırğaları yarpaqları ilə bir zamanda açılır.

İkiyuvalı (ikievli) çiçəkləri sünbül şəklində tək-tək düzülmüşdür. Meyvəsi qutucuqdan ibarətdir.

Bitki aprel-may aylarında çiçək açır, meyvəsi iyun ayında yetişir. Ağ söyüd Azərbaycanda çox geniş yayılmışdır. Bu bitki sulu yerlərdə, arxların, çayların və xəndəklərin kənarlarında tək-tək və topa halında bitir. Çox vaxt həyətyanı sahələrdə, küçələrdə, yol və arxların kənarında və s. yerlərdə yaşıllaşdırma məqsədilə əkilib-becərilir. Nahaq yerə xalq arasında deməmişlər ki, «söyüd su ilə dalaşmaz», «söyüd çəmən otları kimidir, onu biçərsən, o yenidən böyüyüb formalaşmağa başlayır», «söyüd uzununa böyüyür» və s. Qədim yunanlar hesab edirdilər ki, söyüd Hekatə və Həre allahlarınındır.

Roma şairi Vergiliyanın əsərlərində göstərilir ki, ilahə və pərilər öz yaxın adamlarını, sevgililərini itirən zaman qəmginlik rəmzi olaraq söyüd ağacının altında oturub yas saxlayırmışlar.

Ağ söyüd təsərrüfat cəhətdən qiymətli, tez böyüyən, torpağa qarşı az tələbkar bir ağacdir. Şaxtaya qarşı həssasdır. Yumşaq yerlərdə, təzə çay çöküntülərində yaxşı əmələ gələrək, 20 yaşına qədər hər il təqribən 1m boy atır. Sonralar boy artımı yavaşıyır və tamam qocalanadək diametri daim yoğunlaşır, 100 ilə qədər yaşayır.

Respublikamızın ərazisində ağ söyüdün çox geniş yayılmasına baxmayaraq, ümumiyyətlə, ehtiyatı getdikcə azalır. Yalnız geniş surətdə becərildikdən sonra sənayedə istifadə etmək üçün bir xammal mənbəyi ola bilər.

Yarpaq tumurcuqlarından 2,91-7,3% monosaxarid, 0,39-4,13% saxaroza, karotinoid, 36 yarpaqlarında karotinoid, C vitamini, apigenin, izokversetrin, rutin, monoqlükozid, izoramnetin, narsissin, tozcuqlarından qlükoza, fruktoza, qalaktoza, ramnoza, C, P vitaminləri, karotin və s. maddələr aşkar edilmişdir. Gövdəsinin qabığında 14-15%-ə qədər aşı maddəsi müəyyən edilmişdir.

Söyüd qabıqları nazik dərilərin aşılanması üçün əvəzolunmaz xammal sayılır. Söyüdlə aşılanmış nazik dərilərdən isə zərif əlcəklər və kitab cildlərinin hazırlanmasında istifadə edilir.

Söyüdün qiymətli müalicəvi xüsusiyyətləri haqqında qədim yunanların geniş məlumatları olmuşdur. Dioskorid söyüdün qabıq, yarpaq, tumurcuq və çiçəklərindən alınan şirələrin böyük müalicəvi əhəmiyyəti haqqında geniş məlumat vermişdir.

Gövdəsinin qabıq və budaqlarından hazırlanan ekstraktlardan büzüşdürücü, hemostaz (qan axmasının kəsilməsində), dezinfeksiyaedici, hərarətsalıcı, damarları genişləndirən vasitə kimi istifadə edilir. Cövhər, dəmləmə və tozundan isə dizenteriya, qastrit, qəbizlik, daxili qanaxmalarda, qadın xəstəliklərində, nevroz, vərəm, tif, revmatizm və s. xəstəliklərin müalicəsində istifadə olunur. Bundan başqa ağ söyüdün cövhərindən, dəmləməsindən, tozundan ağız və boğazın qar-qara olunmasında, vannasından damar genişlənmələrində, müxtəlif dəri xəstəliklərində istifadə edir, tozunu isə yara qanaxmalarının üzərinə qankəsici vasitə kimi səpirlər. Bolqarıstanda oynaq və toxumalarda başverən nasazlıqların aradan götürülməsində işlədilir. Yarpaqlarından hazırlanan dəmləmələrdən güclü bağırsaq qanaxmalarında, qızdırmanın aşağı salınmasında, hamaşçiçəyindən isə əsəb və taxikardiya (ürəyin tez-tez döyünməsi) əleyhinə işlədilir. Çiçəklərindən hazırlanan cövhər isə qızdırmanı salan vasitə kimi daxilə qəbul edilir.

Xalq arasında ağ söyüdü «aspirin ağacı» adlandırırlar. Belə ki, söyüdün qabıqlarından alınan salisin – təbii preparat olub, aspirini əvəz edir. Bundan başqa uzun müddət söyüdün qabıq və cavan budaqlarından alınan cövhərdən qəbul edən zaman insanlarda damarların elastikliyi artır. Qan kapilyarlarının partlayıb və qırılıb sızmalar əmələ gətirməsinin qarşısını alır.

Ağ söyüdün qabıq hissəsi qiymətli müalicəvi xüsusiyyətlərə malikdir. Ondan hazırlanan preparatlardan dezinfeksiyaedici, soyuqdəyəmə, qanyaradıcı, sakitləşdirici, büzüşdürücü və sidikqovucu vasitə kimi istifadə edilir.

Malyariya xəstəlyi yayılan rayonlarda bu xəstəliyi müalicə etmək üçün çox qiymətli və çətin tapılan xinin maddəsi söyüd qabığı ilə əvəz edirmişdir. Bu qiymətli təbii vasitədən bu gün də bir sıra xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə edilir.

Söyüddən müalicəvi preparatların hazırlanması[redaktə | mənbəni redaktə et]

Damarlarda toplanan duz yığıntılarının, revmatizmin, həmçinin ishal və mədədə olan turşuların nizama salınması üçün.1 xörək qaşığı doğranmış söyüd qabığını 0,5 litr qaynar suya töküb, zəif odü zərində 15-20 dəqiqə saxladıqdan sonra bir saat dəmləyin və süzüb gündə 3-4 dəfə, 2 xörək qaşığı daxilə qəbul edin.

Damar genişlənmələrində və tromboflebitin aradan qaldırılmasında. 250 q qabığı 2 litr qaynar suya töküb zəif od üzərinə qoyub 15-20 dəqiqə saxlayın. Dəmlədikdən sonra bir vedrə suya töküb temperaturunu 37°C-yə çatdırın. Dizinizi vannaya qoyub 20-30 dəqiqə saxlayın, bu zaman ayaqlarınızın üzərini isti odeyalla örtün. Çalışınki, su soyumasın. Əməliyyatdan sonra isti corab geyinin.

Soyuqdəymə zamanı. Doğranmış söyüd qabığını qızıl ağac qozu ilə qarışdırıb 1 xörək qaşığı 1 stəkan qaynanmış suyun üzərinə töküb 5-7 dəqiqə zəif od üzərində saxlayın. Dəmlədikdən sonra soyudub süzün, gündə 2-3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməyə 20-30 dəqiqə qalmış daxilə qəbul edin. Bərabər miqdarda doğranmış cavan söyüd budağından və qızıl ağac qozundan götürüb 1 stəkan qaynar suya tökün və 3-5 dəqiqə bişirib 30 dəqiqə dəmləyib, süzün. Cövhərdən stəkanın 1/4 hissəsi qədər götürüb, hər gün 2-3 dəfə yeməkdən qabaq qəbul edin. Müalicə kursu 2-3 həftədir.

Qızdırma, göyöskürək və vərəm xəstəliklərində. 1 çay qaşığı xırdalanmış qabığından götürüb 1 stəkan qaynar suyun üzərinə töküb, qaynama dərəcəsinə çatdırın. 3-4 saat dəmlədikdən sonra süzüb 3-4 dəfə, yeməyə 15-20 dəqiqə qalmış stəkanın 1/4 hissəsi qədər daxilə qəbul edin. Qastrit, kolit, dizenteriya, daxili qanaxmaların, o cümlədən də uşaqlığın kəskin qanaxmalarının qarşısının alınmasında. Söyüdün 1 xörək qaşığı doğranmış qabığından və yaxud cavan budaqlarından götürüb 1 stəkan qaynar suya töküb10-15 dəqiqə bişirdikdən sonra yarım saat dəmləyib süzün. Sonra üzərinə isti su əla və edib bir stəkan həcminə gətirin. Cövhərdən gündə 3-4 dəfə 1-2 xörək qaşığı yeməyə 30 dəqiqə qalmış qəbul edin. Müalicə kursu 2-3 həftədir.

Diqqət! Söyüd qabığından hazırlanan çay və dəmləmələrdən hamilə qadınların, xroniki qəbizliyi olan xəstələrin istifadə etmələri məsləhət görülmür. Söyüddən hazırlanan şirə kosmetika və ətriyyat sahəsində də işlədilir. Bundan əla və söyüddən alınan cövhərlə döyənək və ziyillərin aradan qaldırılmasında, saçın dibinin möhkəmləndirilməsində geniş istifadə edilir. Söyüdün qabığını yandırıb alınan külün tərkibində qatı sirkə turşusu əlavə edib, ayaqda əmələ gələn qaşınmaları, göbələk xəstəliklərini, döyənəkləri müalicə edirlər. Cövhəri ilə saçları yuduqda tüklər qızılı rəngə boyanır.

Söyüd qiymətli bəzək bitkisidir. Söyüdlər yarpaqlarının rənginə, formasına, çətirlərinin müxtəlifliyinə görə həqiqətən gözəldir. Elə bir arx, çay, dərə və göl ətrafı yoxdurki, oranı söyüdsüz təsəvvür edəsən. Elə yerlər də varki, söyüdlüyün sıxlığından keçmək belə olmur, keçilməz cəngəllikləri xatırladır, ürəkaçan biosenoz yaradaraq bir çox quş və heyvanlar üçün sığınacağa çevrilir.

Budaqları azacıq küləkdən belə əsməyə başlayır, həzin xışıltılı bir musiqi əhəngi yaradır. Bəzi söyüdlərin salxım budaqları suya çatana qədər uzanaraq, ləpələrə qoşulub qəribə mənzərə yaradır. Bu görünüş insanların zövqünü oxşayır, onların əsəblərinin sakitləşməsinə səbəb olur. Bəli, bir çox hikmətləri ilk baxışda duyulmayan, haqq-sayları mizan-tərəziyə qoyulmayan söyüdlər. N.A.Obozovun dediyi kimi, bitib yayıldığı yerlərdə digər ağac və kolların yarada bilmədiyi qədər münasib mikroiqlim və bitkilər üçün əlverişli olan xüsusi fitoiqlim yaratmaq kimi özlərinə məxsus bioloji keyfiyyətlərə malikdir. Elə buna görədirki, bulaq və çaylar üzərində baş əyən söyüdlərin kölgəsində torpağın və suyun hərarəti aşağı, havada rütubətin faizi normal, havanın özü saf olur. Söyüdlər kənarında əkildikləri arxların suyunun axma sürətini xeyli azaldır, ətrafı yuyulmaqdan qoruyur, pambıq tarlaları və əkin zəmiləri üçün qoruyucu meşə zolağı vəzifəsini daşıyır. Kənd təsərrüfatı bitkilərinin ziyanvericiləri ilə qidalanan quşların çoxalaraq yaşamaları üçün sığınacaq yaradır. Bir sözlə, söyüdlər gözəllik, sağlamlıq və maddi nemətlər bollluğunun rəmzidir.

Biz ilk dəfə olaraq söyüdün qabıq hissəsindən boyaq məhlulu hazırlayıb yun ipi açıq qəhvəyi, qəhvəyi, tünd-qəhvəyi, şabalıdı, tütünü, tütünü-qonur, mixəyi və s. rəng və çalarlara boyamağa nail olduq. Bundan başqa göstərdik ki, söyüdün qabığından aldığımız qatı aşı və boyaq təbiətli ekstraktdan gön-dəri, ətriyyat-kosmetika, sabun bişirmə sənayesində də istifadə etmək olar.

Söyüdün qabıq hissəsini xammal kimi apreldən başlayıb, iyun ayına qədər toplamağı məsləhət görürlər. Yığılan xammalı günəş altında sərib qurudurlar. Qabığın saxlanma müddəti 3 ildir. [3]

Digər növləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Mayis Qasımov, Tofiq Məmmədov, Fitoterapiya. Bakı, “Elm”, 2014.