Sürünənlər

Sürünənlər (lat. Reptilia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi.

Sürünənlər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Sürünənlər onurğalıların əsl quru həyatı keçirən ilk sinfidir. Bədən temperaturu dəyişkəndir. Mayalanma daxilidir.

Bədən forması və hərəkəti

[redaktə | mənbəni redaktə et]

Hərəkət qaydalarının xeyli mürəkkəb və müxtəlif olması ilə əlaqədar sürünənlərin də bədən formaları müxtəlifdir. Bədəni yığcamdır, boyun hissə gövdədən yaxşı fərqlənir, quyruq nazikdir, ətraflar daha güclüdür, ətrafları vasitəsilə gövdəni yerdən qaldıraraq hərəkət etdirirlər. Sürünənlərin ağacda yaşayan formaları da vardır. Belə sürünənlərin arxa ətrafları daha uzun olur, gövdənin yanında dəri çıxıntıları əmələ gəlir ki, bunun sayəsində süzmə hərəkəti edərək ağacdan-ağaca düşürlər. Sürünənlərdə hərəkətin təkamülü manevretmənin güclənməsi istiqamətində getmişdir ki, bu, yemlənmə, yırtıcıdan qorunma və optimal sığınacaq şəraiti tapmaq imkanlarını genişləndirir. Üzəri sümük, qərni qalxa, zireh və digər törəmələrlə örtülmüş, buna görə də passiv müdafiə uyğunlaşması qazanmış tısbağalarda, nəsli kəsilmiş bir çox sürünənlərdə hərəkətlilik məhdud olub. Sürünənlərin bəziləri dörd ayaq üzərində nisbətən yavaş hərəkət edir, tipik skelet quruluşuna malikdir. Bunların eyni uzunluqda olan qısa cüt ətrafları gövdənin yanlarında yerləşir, gövdə xeyli hərəkətli olur, quyruq çox uzun olmur, boyun hissə qısadır.

Sürünənlərin skeleti güclü və proqressiv sümükləşmə ilə xarakterizə olunur. Onurğa fəqərələrdən ibarətdir. Fəqərələr əksər növlərdə prosöldür. Boyun hissədə 7–10 fəqərə var, kəllə ilə hərəkətli birləşmişdir. Döş və oma fəqərələri bir-birindən aydın sərhədlə ayrılmır, ümumi sayı 16–25 olur. Bu fəqərələrin hamısında hərəki qabırğaların olmasına baxmayaraq, yalnız öndə yerləşən 5 fəqərəyə birləşmiş qabırğalar daha uzun olub döş sümüyü ilə birləşərək döş qəfəsini əmələ gətirir. Onurğanın çanaq hissəsində 2 fəqərə olur, onlara çanaq qurşağı birləşir. Quyruq fəqərələrinin sayı çoxdur-40-a qədərdir.

Ətraflar və onların qurşaqları

[redaktə | mənbəni redaktə et]

Quru onurğalılarda ön ətraflarda bazu və said, arxa ətraflarda bud və baldır sümüklərinin uzanmasında, ön və arxa pəncələrin ümumi sahələrinin azalmasında özünü göstərir. Karakoid və kürək sümüklərinin birləşdiyi yerdə oynaq çuxuru əmələ gəlir. Bu çuxura bazu sümüyünün başı keçir. Karakoid sümüyünə üstdən kürək sümüyü, öndən qığırdaqdan olan prokarakoid birləşir. Kürək sümüyünə isə yastı kürəküstü qığırdaq bitişir. Hər iki tərəfin karakoid sümüyü və prokarakoid qığırdağı tək döş sümüyünə birləşir. Döş sümüyü aşağı tərəfdən xaçşəkilli örtük sümüyü olan döşüstü sümüklə də bitişir. Digər örtük sümükləri olan körpücük sümükləri bir ucları ilə kürək sümüklərinə, digər ucları ilə döşüstü sümüyə bitişir.

Çanaq qurşağı

[redaktə | mənbəni redaktə et]

İki adsız sümükdən ibarətdir. Bunların hər biri üç tipik çanaq sümüyünün birləşməsindən əmələ gəlmişdir. Hər üç sümüyün birləşdiyi yerdə sirkə kasası əmələ gəlir. Qalça sümükləri oma fəqərələrinin yan çıxıntılarına birləşir.

Sürünənlərin kəlləsi çənələrin çox uzun olması ilə xarakterizə olunur. Çənələrin uzanması şikarı aktiv surətdə izləməyi, onu tutmağı asanlaşdırır. Kəllənin peysər hissəsində 4 sümük var: əsas, üst, iki yan peysər sümükləri. Bu hissədə peysər dəliyi, onun altında tək peysər çıxıntısı var. Peysər dəliyini tək əsas və cüt yan peysər sümükləri əmələ gətirir. Əsas peysər sümüyünün önündə kəllə qutusunun əsasını əmələ gətirən enli əsas pazvari sümük yerləşir. Ona ön tərəfdən zəif inkişaf edən parasfenoidin kiçik qalığı bitişir. Kəllə qutusunun ön hissəsinin əsasında örtük sümüklərindən olan xış sümükləri var. Bu sümüklərin yanlarında xoanalar yerləşir. Eşitmə kapsulu nahiyəsində üç cüt sümük əmələ gəlir. Qoxu nahiyəsi sümükləşmir, qığırdaq olaraq qalır.

Əzələ sistemi

[redaktə | mənbəni redaktə et]

Əzələ sistemi mürəkkəb differensiasiya etmişdir. Kəllə və gicgah çuxurlarında çənələri hərəkət etdirən güclü çeynəmə əzələləri inkişaf edir. Boynun hərəkətli olması ilə əlaqədar boyun əzələləri inkişaf etmişdir. Gövdə hissədə isə lentvari əzələlər bədənin yanlara əyilməsini və ətrafların hərəkətini təmin edir.

Həzm orqanları və qidalanma

[redaktə | mənbəni redaktə et]

Ağız boşluğu udlaqdan yaxşı ayrılır. Bu boşluqda yaxşı inkişaf etmiş vəzilər var. Vəzilərin ifraz etdiyi selik yemi isladaraq udulmasını asanlaşdırır. Bəzi zəhərli ilanlarda və kərtənkələlərdə selik vəziləri zəhər vəzilərinə çevrilmişdir. Dilin forması müxtəlifdir. Sürünənlərin əksəriyyətində şikar tutmaq və saxlamaq üçün konusvari dişlər var. Bu dişlər üst çənə, çənəarası, qanadvari və alt çənə sümükləri üzərində yerləşir. Timsahlarda dişlər xüsusi yuvalarda yerləşir, bunlara tekodont dişlər deyilir. Yem borusu mədəyə qidanı ötürür. Mədənin divarı əzələlidir. Sürünənlərin bağırsaqları uzundur, qurtaracağı kloakaya açılır. Qaraciyər böyükdür, öd kisəsi var.

Tənəffüs orqanları

[redaktə | mənbəni redaktə et]

Sürünənlərin ağciyər və nəfəs yolları differensiasiya etmişdir. Ağciyərlər arakəsməli, torvaridir. Ağız boşluğunun dibində yerləşən xirtdək yarığı eyni adlı kameraya açılır. Xirtdək kamerasını tək üzgəcvari və cüt calovşəkilli qığırdaqlar saxlayır. Xirtdəkdən uzun nəfəs borusu çıxır. Traxeya geridə bir cüt bronxlara ayrılır. Bronxların hər biri ciyərə daxil olub, daha xırda borucuqlara şaxələnir.

Qan damar sistemi

[redaktə | mənbəni redaktə et]

Sürünənlərin əksəriyyətinin ürəyi üç kameralıdır: iki qulaqcıq və bir qarıncıq. Qulaqcıqlar arasında olan arakəsmə tamdır, qarıncıqda isə arakəsmə tam deyil. Ürək yığılarkən qarıncıq qısa müddətdə sağ və sol hissələrə ayrılır. Sürünənlərdə arteriya konusu reduskiya etmişdir. Qarıncığın sağ hissəsindən venoz qan aparan ağciyər arteriyası başlayır. Sonra o sağ və sol şaxələrə ayrılıb, ağciyərlərə gedir. Qarıncığın sol arterial qan olan hissəsindən sağ aorta qövsü, ortasından isə sol aorta qövsü çıxır. Vena sistemində isə qan quyruq venasına toplanır. Quyruq venası cüt çanaq venalarına ayrılır. Bu isə öz növbəsində bud venalarına birləşir. Arxa boş vena sağ qulaqcığa açılır. Başdan yığılan qan cüt vidacı venalara toplanır. Vidacı venalar isə körpücükaltı venalarla birləşərək ön sağ və sol boş venaları əmələ gətirir. Bu venalar sağ qulaqcıqa açılır. Ağciyərlərdən arterial qan gətirən sağ və sol venaları birləşərək ümumi ağciyər venasını əmələ gətirir və sol qulaqcığa tökülür.

İfrazat orqanları

[redaktə | mənbəni redaktə et]

İfrazat orqanları əsasən böyrəklərdir. Böyrəklər cütdür. Metanefrosdur. Metanefros böyrəklər sıx, yığcam cisimlər olub, çanaq nahiyəsinin bel divarında yerləşir. Onların inkişafı zamanı Volf borularının aşağı hissəsindən müvafiq sidik axarı ayrılır və kloakanın bel tərəfinə açılır. Sürünənlərin böyrəklərində baş verən dəyişikliklər eyni vaxtda orqanizmdən xaric olan azot mübadiləsi məhsullarının da tərkibinin dəyişməsinə səbəb olmuşdur. Sidik turşusu suda çox zəif həll olur.

Cinsiyyət orqanları

[redaktə | mənbəni redaktə et]

Cinsiyyət vəziləri bədən boşluğunda, böyrəklərə yaxın, onurğanın yanlarında yerləşir. Cüt toxumluqlar oval cisim şəklindədir. Toxumluqlardan çoxlu miqdarda kanalcıqları olan toxumluq axarları ayrılır. Bu axarların kanalcıqları sürünənlərin erkəyində yalnız toxum kanalı vəzifəsini görən Volf kanalına açılır. Sağ və sol toxum kanalları kloakanın yaxınlığında müvafiq tərəfin sidik axarına tökülür. Yumurtalıqlar qabarıq səthli, dənəvər formalı oval cisim şəklindədir. Dişilərdə Volf kanalı yoxdur. Yumurta yolu vəzifəsini Müller kanalı yerinə yetirir. Nazikdivarlı geniş yumurta kanalları qıfla təchiz edilmiş ucları ilə bədən boşluğuna, digər ucları ilə kloakaya açılır. Mayalanma yumurta kanalının yuxarı hissəsində gedir.

Ön beyin daha böyükdür, yarımkürələrdə az da olsa beyin tağı və boz beyin maddəsindən ibarət olan qabıq əmələ gəlir. İlk beyin tağı və neopallumun başlanğıcı aydın seçilir. Boz beyin maddəsi zəif inkişaf edib, ön beynin çox hissəsi zolaqlı cisimdən ibarətdir. Ön beyin yarımkürələri aralıq beyni örtdüyündən görünmür. Aralıq beynin üzərində epifiz və yaxşı inkişaf etmiş təpə orqanı yerləşir. Təpə orqanı quruluşca gözə oxşayır. Beyinciyi iridir və yaxşı inkişaf etmişdir.

Mənşəyi və təkamülü

[redaktə | mənbəni redaktə et]

Sürünənlərin qazıntı qalıqları yuxarı daş kömür dövründən başlayır. Bu qazıntılara əsasən sürünənlərin primitiv steqosefallardan başlanğıc götürməsi güman edilir. Karbon dövrünün ortalarında reptililərin yeni bir budağı- seymurilər inkişafa başlayıb. Karbon dövründə anapsidlər yarımsinfinin kotilozavrlar və ya bütövkələzlilər (lat. Cotylosauria)dəstəsi meydana gəlir və sonraki sürünənlərə başlanğıc verir. Sürünənlər sinfi yura və təbaşir dövrlərində yer üzərində çoxluq təşkil edərək "hökmranlıq" ediblər. Kaynozoy erasının başlanğıcında çoxsaylı və nəhəng reptililər qırılıb, hazırda onların yalnız qazıntı qalıqları tapılır. Bu böyük hadisənin səbəbi iqlimdə və coğrafi ərazidə güclü dəyişikliklərin baş verməsidir. Dağəmələgəlmə prosesi və onun nəticəsində qurunun və dənizlərin yenidən bölünməsi, iqlimin mövsümdən və təbii zonalardan asılı olaraq kəskin dəyişməsi səbəb olmuşdur.[2]

Mezozoy erasında yaşamış çoxsaylı sürünənlər sinfinin qalığı olan növlərin sayı 6000–6300-ə qədərdir. Bunlar 3 yarımsinfə, cəmi 4 dəstəyə aiddir:

  1. Integrated Taxonomic Information System (ing.). 2000.
  2. Mustafayev Q. T., Tağıyev Ə. N., Sadıqova N. A., "Onurğalılar zoologiyası", (Ali məktəblər üçün dərslik), Bakı-2009, səh.280

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Mustafayev Q. T., Tağıyev Ə. N., Sadıqova N. A., "Onurğalılar zoologiyası", (Ali məktəblər üçün dərslik), Bakı-2009