Sızdıq Sultan

Sızdıq Sultan Kenesarı oğlu (qaz. Сыздық Кенесарыұлы; 1837, Qazax xanlığı1910, Çimkənd, Rusiya Türkistanı general-qubernatorluğu) — Orta Asiyanın müxtəlif guşələrində ömrünün on beş ilini rus istilasına qarşı mübarizərə sərf etmiş Qazaxıstan sərkərdəsidir. Bəzi mənbələrdə adı Sadıq Sultan olaraq anılır. Son qazax xanı Kenesarı xan Qasımoğlunun oğludur. Qazax xanlığının sultanıdır[1].

Sızdıq Sultan
qaz. Сыздық Кенесарыұлы
bayraq
Dövlət xadimi və sərkərdə
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Atası Kenesarı xan
Anası Canıl xanım
Ailəsi Çingizlilər

Sızdıq Sultan 1837-ci ildə anadan olub. Atası Kenesarı xan sonuncu Qazaxıstan xanı olub. Kenesarı xan öləndə Sızdıq 10 yaşında idi.

Kokand xanlığının xidmətində

[redaktə | mənbəni redaktə et]

Sızdıq Kenesarı oğlu qardaşları Tayşıq və Əhmədlə birgə Kokand xanlığı ərazisində böyüyüb. Kokand xanlığı ordusuna qəbul ediləndən sonra hər birinə pansədbaşı (500 nəfərlik dəstə komandiri, pansəd farsca 500 deməkdir) rütbəsi verilib.

Sızdıq Sultan Rusiya imperiyası ordusu ilə ilk dəfə Uzunağac döyüşündə (1860) qarşılaşıb. Üç qardaşın başçılıq etdiyi dəstənin riskli döyüş manevri sayəsində məğlub olmuş Kokand ordusu təqibdən canını qurtara bildi. Bir neçə döyüşdən sonra Kokand xanlığının süqutunun labüd olduğunu görüncə böyük qardaş Tayşıq və kiçik qardaş Əhməd Rusiya ordusuna qatılmağa qərar verdilər. Sızdıq Sultan isə tarixə keçəcək bir cavab verdi:

"Ruslar Kokandı alsalar, Buxaraya keçəcəyəm, Buxaranı alsalar, başqa dövlətə… Lakin atamın getdiyi yoldan dönməyəcəyəm".[2]

Bundan sonra Sızdıq Sultan qardaşlarından fərqli olaraq mübarizə dolu həyat yaşamağa başlayır. 1864-cü ildə Kokand xanı Məhəmməd Sultan Səid onu Suzaka hakim təyin edir. Həmin il Türkistan şəhərinin rus ordusu tərəfindən mühasirəyə alındığını eşidincə Sızdıq Sultan kiçik, lakin hərbi təlim görmüş hərbi dəstəsi ilə Süyindik (Sevindik) dərəsi ilə Karatau (Qaradağ) silsiləsini aşaraq Türkistan qalasına köməyə yollandı. Qalanın hakiminə ruslara gecə həmlə etməyin vacib olduğunu bildirdi. Hakim dəstəsinin şəhəri tərk etməsinə razı olmasa da, Sızdıq Sultanın hücum etməsinə mane olmadı. Gecə həmləsindən xəbər tutan şəhər ağsaqqalı məlumatı qarşı tərəfə ötürdü. Rusiya əsgərləri topları və silahları hazır tutaraq gecəni gözləməyə başladılar. Gecə vaxtı Sızdıq Sultan iki yüz əsgərlə qalanı tərk edərək sürətli hücuma keçdi. Düşmən hücumdan agah olsa da dəstənin lap yaxına gəlməsinə imkan verdi və anidən toplardan və silahlardan atəş açdılar. Bununla belə, qazaxlar hücuma davam edərək əlbəyaxa savaşa keçdilər. Bir saatlıq döyüşdən sonra hər iki tərəf geriyə çəkildi. Beş gün sonra şəhərin ağsaqqalı Cantı qala qapısını açaraq düşmənin şəhəri ələ keçirməsinə şərait yaratdı. Bundan sonra Sızdıq Sultan Çimkəndə doğru geri çəkilərək partizan döyüşlərini davam etdirir, Çardərədə və Ağbulaq döyüşlərində iştirak edir.[3] Çimkəndin müdafiəsini uğurla davam etdirən Sızdıq Sultan yeni hücum planı üçün Daşkəndə çağırıldıqdan sonra Çimkənd də işğal edilir.

1864-cü ilin dekabrında Türkistanı geri almaq məqsədilə Almiqulun başçılıq etdiyi on minlik qoşun Daşkənddən yola düşür. Yolda təsadüfən yasavul Serovun başçılıq etdiyi 115 nəfərlik kazak dəstəsi ilə toqquşurlar. Üç gün ərzində edilən cəhdlərə baxmayaraq, kazakları məğlub edə bilmirlər. Həmin hücumdan xəbər tutan Türkistan qarnizonu köməyə atıcı rotanı göndərir, bu rotanın kazaklarla birləşməsinə Sızdıq Sultanın başçılıq etdiyi dəstə imkan vermir. Üç gün sonra 50-yə yaxın itki (əsirləri nəzərə almadan) verən kazaklar mühasirəni yarıb Çimkəndə yollana bilirlər.[4] Bundan sonra Kokand xanlığından general Çernyayeva sülh təklif olunub, o isə təklifi rədd edib.

1865-ci il, aprelin sonunda Çernyayev Daşkənd üzərinə hücuma keçir. İlk öncə Kokandın qoşun komandanı Alimqul üstünlük əldə edir, lakin onun düşmən düşərgəsini mühasirəyə almaq cəhdi uğursuz olur. Əlbəyaxa döyüşlərdə özü güllə yarası alır və bir neçə gün sonra ölür. Bundan sonra Sızdıq Sultan şəhərin müdafiəsini öz üzərinə götürür, divan isə onu Alimqulun yerinə ordu komandanı təyin edir.[5] Sızdıq Sultanın bacarıqlı sərkərdə olması və Çingiz xanın soyundan gəlməsi saraydakıları narahat etməyə başladı. Sui-qəsddən güclə canını qurtaran Sızdıq Sultan Buxara əmirliyinə keçir. 17 iyunda isə general Çernyayev Daşkəndi ələ keçirir.

Buxara əmirliyinin xidmətində

[redaktə | mənbəni redaktə et]

Buxara əmirliyində xidmət edən Sızdıq Sultan Kazalinskə basqın etməyə göndərilir. Bu zaman (8 may, 1866) Sırdərya sahilində baş vermiş İrcar döyüşündə Rusiya ordusu Buxara qoşununu məğlub edərək, ardından Cizzaq və Səmərqəndi də ələ keçirdilər. Buxara əmiri tam məğlub olandan sonra müqavilə bağlayır, şərtlərə görə Sızdıq Sultanın ailəsi girov olmalı idi. Bundan xəbərsiz olan Sızdıq Sultan uzaq səfərdən gəlib çatır. Vəziyyətin dəyişdiyini görərək Xivə xanlığına keçir. Ürgəncin işğalından sonra türkmən sərdarı Məhəmmədniyazla birlikdə işğalçılara qarşı mübarizə aparır. 1870-ci illərin ortalarında isə Herat hakiminin yanında xidmət edib. Çin ordusunun Şərqi Türkistana hücumları başlayınca Sızdıq Sultan Əfqanıstandan Qaşqara gedir və Yaqub bəylə birlikdə çinlilərə qarşı müqavimət göstərir. Döyüşlərin birində qolundan ağır yaralanır, lakin dəstəyə sona qədər başçılıq edərək çinliləri qova bilir. Bu onun son döyüşü olur.

Son illəri və ölümü

[redaktə | mənbəni redaktə et]

15 illik mübarizə dolu həyat yaşayandan sonra artıq savaşmağın heç bir nəticə verməyəcəyini görən yaralı Sızdıq Sultan dəstəsi ilə Fərqanə vadisinə gedir. Yurduna geri dönüb qardaşı Əhmədlə birgə yaşamaq istəyini Türkistanın general-qubernatoru Kaufmana göndərir. İlk öncə Sızdıq Sultana həkimlər göndərilir və yarası sağalandan sonra çarın fərmanı ilə bağışlanır, ailəsi geri qaytarılır. Çardan torpaq və təqaüd alıb qardaşı Əhmədin qonşuluğunda, Çimkənddə yaşamağa başlayır. Ömrünün sonrakı illərini savaşsız keçirən Sızdıq Sultan Kenesarı oğlu 1910-cu ildə vəfat etdi.

  1. Qazax xanlığında "sultan" sözü "padşah" deyil, "şahzadə" mənasında işlənirdi.
  2. ""ЮК": Путь воинов. История жизни потомков славного казахского хана Кенесары". 2014-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-20.
  3. Ахмет Кенесарин. Султаны Кенесары и Сыздык.- Алма-Ата "Жалын", 1992.- 144 б.
  4. "Сотня иканцев. Победа вместо поражения". 2015-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-20.
  5. "Ахмет Кенесарин. Султаны Кенесары и Сыздык". 2016-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-20.