Səadəddin Köpək (ərəb dilində: سعد الدين كوبك بن محمد təxmini olaraq 1238–1239-cu illərdə edam edilmişdir) Anadolu Səlcuqlu Dövlətinin dövlət xadimi, əmiri və baş memarı olmuşdur. Sultan I Əlaəddin Keyqubad və Qiyasəddin Keyxosrovun dövründə vəzifədə olmuş və dövlət idaəsində mühüm rol oynayaraq böyük söz sahibi olmuşdur.
Səadəddin Köpək | |
---|---|
Köpək ibn Məhəmməd | |
Ləqəbi | Səadəddin |
Doğum yeri | |
Vəfat tarixi | 1239 |
Vəfat yeri | |
Milliyyəti | türk |
Dini | İslam |
Fəaliyyəti |
I Əlaəddin Keyqubad II Qiyasəddin Keyxosrov |
Fəaliyyət illəri | 1226–1238 |
Səadəddin Köpəyin həyatının ilk illəri haqqında tarixi mənbələrdə kifayət qədər məlumat mövcud deyildir. Ancaq atasının və anasının Konyada hörmətli ailələrə mənsub insanlar olması və anasının adının Şahnaz xanım olduğu istiqamətində iddialar mövcuddur.[1] Çox güman ki, özü də Konyada anadan olmuşdur. Əsl adı "Köpək ibn Məhəmməd"dir. Səadəddin ona verilmiş olan ləqəbdir.[2] “Köpək” sözünün o dövrdə türkcədə geniş yayılmış olmasa da, bir ad kimi işlənildiyi, Artuqlularda da bir türk bəyinin bu adı daşıdığı və bu adın o dövrdə təhqir mənasında işlənilmədiyi, əksinə "sadiq" mənasında işlənildiyi məlumdur.[3]
O, I Əlaəddin Keyqubadın dövründə əmir vəzifəsində işləmiş və tarixçi İbn Bibi tərəfindən əmir-i şikâr, miniatürçü və memar kimi qeyd edilmişdir. 1226-cı ildə I Əlaəddin KeyqubadınHarput ətrafında Əyyubilərlə apardığı müharibə zamanı Səlcuq ordusunun sol qanadında yerləşmiş olan qüvvələrinə komandanlıq etmişdir. Bəyşəhər gölü yaxınlığındakı Qubadabad sarayının memarı olan Köpək, 1235–1236-cı illər arasında Konya və Aksaray şəhərləri arasında yerləşən və müasir dövrümüzə qədər gəlib çatan Zazadin karvansarayını da tikdirmişdir. I Əlaəddin Keyqubadın qəfil ölümündən (1237) sonra onun oğullarının arasında baş vermiş olan taxt-tac uğrunda gedən döyüşlərdəQiyasəddin Keyxosrovun tərəfini tutmuş və onun taxta çıxarılmasına şərait yaratmışdır. Səadəddin Köpək, İbn Bibi kimi o zamanın tarixçilərinə görə, I Əlaəddin Keyqubadın zəhərlənməsi və ölümü işlərində, həmçinin də onun qanuni varisi olan İzzəddin Qılınc Arslanın taxta çıxmasının qarşısının alınmasında mühüm rol oynamışdır.[1][4]
Daha sonra dövlət idarəçiliyində kifayət dərəcədə güclənən Səadəddin Köpək özünə və öz hakimiyyətinə təhlükə olaraq gördüyü mühüm dövlət xadimlərini və insanları müxtəlif səbəblərdən öldürməyə başlamışdır. Atabəy Şəmsəddin Altunaba, Tacəddin Pərvanə, naib Kəmaləddin Kamyar kimi mühüm dövlət xadimlərini öldürtdürdü, Hüsaməddin Kaymeri, Cəlaləddin Karatay kimi dövlət adamlarını isə öz vəzifələrindən uzaqlaşdırdı. O, səltənət regentliyi və hamiçilik kimi mühüm dövlət vəzifələrinə irəli çəkilmişdir. Qüdrətini sübut etdirmək üçün Məlikül-Üməra (baş komandan) rütbəsi ilə başladığı yürüş zamanı Əyyubilərin nəzarətində olan Samsat qəsrini və digər bəzi digər qalaları ələ keçirmişdir.
Bütün bu müvəffəqiyyətlərindən sonra gözünü Anadolu Səlcuqlu taxtına dikən və hakimiyyətə gəlməyi fikirləşən Səadəddin Köpək taxt-taca sahib çıxmaq üçün bəzi həll yolları axtarmağa başlamışdır. Köpək bu məsələ ilə əlaqədar olaraq bir çarə fikirləşib tapmışdır: Anası Şahnaz Xatunun bir vaxtlar Sultan I Qiyasəddin Keyxosrovla qeyri-qanuni münasibətdə olduğunu, bu münasibətlər zamanı I Qiyasəddindən iki aylıq hamilə ikən hökmdarın başqa bir xanım ilə evləndiyini və bu evlilikdən yeddi ay sonra özünün dünyaya gəldiyini, başqa sözlə, özünün I Qiyasəddin Keyxosrovun qeyri-qanuni övladı olduğunu iddia etmişdir.[5] Buna görə özünü Səlcuqlu şahzadəsi kimi göstərməyə və qəbul etdirməyə çalışan Köpək axırda üsyan etmişdir. Başlanan üsyan zamanı bir çox dövlət xadimi Səadəddin Köpək tərəfindən öldürtdürülmüşdür.[6] Köpəyin gücünün həddindən artıq artmasından narahat olan SultanQiyasəddin Keyxosrov 1238-ci ilin payızında Səadəddin Köpək ilə birlikdə Qubadabad sarayına gəlir və buradakı ziyafətdən sonra Sivas subaşısı Hüsaməddin Karacanın köməyi ilə Səadəddin Köpəyi öldürtdürür. Səadəddin Köpəyin cəsədi dəmir qəfəsin içinə salınmış və qala divarlarından asılaraq ictimaiyyətə nümayiş etdirilmişdir.[4]
2014–2019-cu illər arasında TRT 1-də efirə getmiş olan Diriliş "Ərtoğrul" serialında onun obrazı Murat Qaripağaoğlu tərəfindən canlandırılmışdır.