Sədayə İsmayıl qızı Mustafayeva (15 iyul 1926, Nuxa – 13 avqust 2004, Gəncə) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1981).
Sədayə Mustafayeva | |
---|---|
Sədayə İsmayıl qızı Mustafayeva | |
Doğum tarixi | 15 iyul 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 13 avqust 2004 (78 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | |
Uşağı | Anar Bürcəliyev |
Fəaliyyəti | aktrisa |
Mükafatları | |
IMDb | ID3081431 |
Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olmuşdur. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır.[1]
"Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti S. Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S. Mustafayeva məktəbinin yetirməsidir.[2]
Mustafayeva həmçinin Azərbaycanfilmin istehsalı olan 20-dən artıq filmə çəkilmişdir. "Qanun naminə"də Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qaynana"da Mülayim, "Ölsəm... bağışla"da Suğra xala, "Ağ atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət..."də Ana, Amerika kinemotoqrafcılarının istehsal etdiyi "İlk körpü" filmində Əsmər və s. filimlərini misal göstərmək olar. 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat etmişdir.
2000-ci ildə "Əsgəroğlu" nəşriyyatı tərəfindən teatrşünas-tənqidci nəvəsi Anar Bürcəliyevin "Səhnə həyat nurumdur" adlı monoqrafiyası çap edilmişdir.