Səfəvi–Venesiya münasibətləri — Səfəvilər dövləti ilə Venesiya Respublikası arasında baş tutmuş münasibətlər.
Güclü Səfəvilər dövlətinin yaradılması Venesiya başda olmaqla, mütəmadi olaraq Osmanlı imperiyası ilə müharibə aparan bir sıra Avropa dövlətlərinin diqqətini özünə çəkdi. I Şah İsmayılın fəal xarici siyasət yeritməsi Avropa diplomatiya dairələrində belə bir ümid doğurdu ki, Səfəvi dövləti Osmanlı imperiyası ilə hərbi-siyasi qarşıdurmada Avropa dövlətlərinin müttəfiqi ola bilər.[1]
Osmanlı dövləti ilə müharibə vəziyyətində olan Venesiya respublikası özünün ənənəvi müttəfiqi olan Ağqoyunlu dövlətinin yerində yeni, daha qüvvətli Səfəvi dövlətinin meydana gəlməsini öz mənafeyinə uyğunhadisə kimi dəyərləndirirdi. İtaliyanı ələ keçirmək üstündə Fransa və İspaniya İtaliyada uzun sürən müharibələrə başladığı üçün İtaliya dövlətlərindən lazımi kömək ala bilməyən Venesiya Osmanlı dövlətinə qarşı (1499-1502) təkbaşına müharibə aparmağa məcbur olmuşdu. Məhz buna görə də Venesiya hökuməti bir tərəfdən Qaramanda Osmanlılara qarşı mövcud olan narazılıqdan istifadə etmək, digər tərəfdən Səfəviləri Osmanlılara qarşı müharibəyə cəlb etmək imkanını öyrənmək qərarına gəldi.[1]
Bu iki dövlət arasında diplomatik əlaqələr Səfəvi dövlətinin yarandığı gündən formalaşmışdır. Bu qarşılıqlı əlaqələrin kökündə Ağqoyunlu dövləti zamanında yaradılmış əlaqələr durmuşdur. Venesiya Respublikası ikili münasibətlərlə quru qoşunları güclü olan bir dövlətin dəstəyini qazanmağı, Səfəvilər isə Venesiya sayəsində Odlu silah əldə etməyə ümid edirdilər. Həmçinin tez-tez təkrarlanan Osmanlı ilə müharibələrdə Venesiya, Səfəvilərin xeyrinə Anadolu yarımadası sahillərində təhlükəli vəziyyət də yarada bilərdi.
Antiosmanlı ittifaq qurma cəhdləri Səfəvi–Venesiya münasibətlərində XVII əsrin sonlarına qədər əsas müzakirə mövzusu olmuşdur. Lakin bu məsələdə başqa problemlər də var idi. Zaman keçdikcə Səfəvi-Venesiya ticarəti daha da böyüdü (əsas ticarət məmulatları şüşə, ipək və digər bahalı əşyalar idi). Dövrümüzə gəlib çatmış sənədlər göstərir ki, hər iki dövlər digərindən tez-tez öz tacirlərinin qorunmasını istəmişdir. Bundan əlavə, XVII əsrin ortalarından etibarən Venesiya senatı Səfəvi imperiyasına katolik ermənilərin və digər missionerlərin adından tövsiyə məktubları da yazmışdır.[2]
Marin Sanudo hələ 1501-ci ildə öz gündəliyində I Şah İsmayılın adını çəkmişdir. 1502-ci ildə Venesiya ölkənin yeni hökmdarı haqqında məlumat toplamaq vəzifəsini İstanbuldan olan yunan Kostantino Laskariyə həvalə etdi. Uzun illər İstanbulda və Kiprdə yaşadığı üçün Şərq aləminə yaxından bələd olan Konstantino Laskari-Qaramana və Səfəvilərin hərbi düşərgəsinə yola salındı. O, Qaramana və Səfəvilərin hərbi düşərgəsinə səyahətdən qayıtdıqdan sonra, öz səfəri barədə Venesıya hökuməti qarşısında geniş hesabatla çıxış etdi. Beləliklə, Səfəvi dövlətinin Qərbi Avropa ilə ilk diplomatik təması Venesiya ilə yarandı
Laskari Şah İsmayılla görüşə bilmədi, lakin o, sonuncunun müttəfiqi olan Qaramanlıları gördü və Venesiyanı ümumi düşmən olan Osmanlılara qarşı mübarizədə ona dəstək olmaq istəyinə inandırdı. 1502-ci ildə Osmanlı-Venesiya müharibəsinin bitməsi və hər iki dövlətin imzalanmış sülh müqaviləsini təstiq etməsi Venesiyanı Səfəvilərlə hərbi ittifaq imzalamaq marağını ortadan qaldırmışdı. Buna görə do, Səfəvilərin Venesiya respublikası ilə bu ilk diplomatik təması hər iki tərəfin Osmanlı imperiyasına qarşı eyni zamanda hərbi əməliyyata başlaması ilə nəticələnmədi.[3]
Səfəvi imperiyasının əsas məqsədi Avropa dövlətləri ilə sülh əlaqələrini genişləndirməklə birlikdə, qərbdən odlu silah əldə etmək idi. Bunun üçün isə, Aralıq dənizi sahilinə çıxmaq lazım idi. Aralıq dənizi sahilinə çıxmağın şərti ya Qaraman torpaqlarını Osmanlıdan, ya da Suriyanı Məmlüklərdən almaq idi. İsmayıl Haqqı Uzunçarşılının bildirdiyinə görə, Səfəvi Şah İsmayılın Qərb dövlətləri ilə müzakirələrininhədəfində təkcə Osmanlı dövləti yox, eyni zamanda Məmlük dövləti də olmuşdur.[3]
1505-ci ildə Şahın məktubunu Doja çatdıran başqa bir Qaraman elçisi Dəməşqdəki Venesiya konsuluna baş çəkdi və o, məktubun surətini Venesiyaya göndərdi. Mesaj növbəti ildə Venesiya şəhərinə çatdırıldı. 1508-ci ildə Yunanıstanın Nafplio şəhərinin Venesiya valisinin yanına dərviş qiyafəsində Səfəvi elçisi gəlir.1509-cu ilin mart və ay aylarında ilk Səfəvi elçiləri Venesiya şəhərinə çatdılar. Bu, Kambray Liqası müharibəsində Venesiya üçün fəlakətlə nəticələnmiş Agnadello döyüşündən bir neçə ay əvvəl idi. Nəticədə, səfir Səfəvi şahına ünvanlanmış və Venesiyanın xoşniyyətini bildirən məktubdan başqa bir şeylə geri dönə bilmədi. 1510-cu ildə Suriyada Məmlüklər Səfəvi imperiyasından məktubla Venesiyaya dönən səfir Nikolo Surieri ələ keçirdilər. Bundan başqa, bir neçə nümayəndə də Levantda ələ keçirildi. Bütün bu kontaktlar, habelə Şah İsmayılın dövründə baş tutmuş digərləri hər hansısa uğurla nəticələnmədi. Beləki, əsas məqsəd olan Osmanlıya qarşı ittifaqın qurulması istəyi həyata keçmədi. Bunda Şah İsmayılın Çaldıran döyüşündə məğlub olması ilə birlikdə, Venesiyanın Osmanlıya qarşı yürütdüyü siyasət də mühüm rol oynamışdır. Beləki, bu dövrdə Venesiya Osmanlıya qarşı sakitləşdirmə siyasəti yeridirdi və bu siyasəti onun düşməni ilə ittifaq bağlayaraq pozmaq istəmirdi.
Venesiyanın Kiprdəki canişini Zuan Paolo Qradeniqo 1515–ci il aprelin 29–da Nikoziyadan öz hökumətinə yazırdı:
Təsdiq edirəm ki, senyor Sofi (Şah İsmayıl) 100 min nəfərdən çox döyüşçü toplamış və çoxlu top əldə etmişdir... Həmçinin deyirlər ki, Sofi Türkiyə sərhədinə yaxınlaşacaq, türklər geri çəkiləcəklər. |
1518–ci ilə aid digər sənəddə isə göstərilirdi ki, " Sofi 70 min döyüşçüsü ilə birlikdə Təbrizdədir. Portuqaliya kralının göndərdiyi tüfənglərlə silahlanmış əsgərlər və artilleriya mütəxəssisləri də onların arasındadır. |
1537-1570-ci illəri əhatə edən Venesiya-Osmanlı müharibəsi başlayan kimi Venesiya-Səfəvi əlaqələri də intensivləşdi. 1539-cu ildə Venesiya Miçel Membreni Səfəvi imperiyasına səfir kimi göndərdi. 1570-ci ildə isə, Vinçenzo degli Allessandri və Səfəvi taciri Hacı Əli Təbrizi ayrı-ayrılıqda Qəzvinə göndərildi. Onlardan heç biri Səfəvilərin hərbi yardımını təmin edə bilmədilər. Öz növbəsində, 1578-ci ildə Osmanlı imperiyasının hücumuna məruz qalan Səfəvi imperiyası yardım üçün Venesiyaya müraciət etdi. Tacir Hacı Məhəmməd, Şah Məhəmməd Xudabəndənin elçisi kimi Venesiyaya göndərildi. O, Doju və senatı Səfəvi imperiyasının yenə Osmanlı imperiyası ilə müharibədə olduğu barədə məlumatlandırdı və Venesiya Respublikasından "mənəvi dəstək" istədi. Hacı Məhəmməd Venesiya tərəfindən xoş qəbul edilib, xoş sözlərlə yola salınsa da, praktiki olaraq heç bir uğur əldə edə bilmədi. Çünki Venesiya 1573-cü ildə Osmanlı imperiyası ilə sülh müqaviləsi imzalamışdı və yeni bir müharibəyə başlamaq istəmirdi. Daha bir Səfəvi elçisi bu dəfə Şah I Abbas tərəfindən 1600-cü ildə Venesiyaya göndərildi. Bu dəfəki elçi də adı Əsəd bəy olan bir tacir idi.[4]
Onu 1602-ci ildə venesiyalı Andjelo Qradeniqo, 1603-cü ildə Fəthi bəy və Məhəmməd Əmin bəy izlədi. Bundan sonra 1609-1610-cu illərdə Hacı Kirakos və Hacı Səfər də səfir kimi danışıqlarda iştirak etdilər. Bu funksiyanı 1613-cü ildə Ələddin Məhəmməd və Hacı Şahsevər davam etdirdi. Bu səfirlər 1622-ci ildə digər tacirlərlə birlikdə Venesiyaya yenidən geri döndülər. Onların hamısı onların hamısı "gerekyarakan-e hasse-ye şərifə" adlanırdı. Lakin bu dövrdə Venesiyaya göndərilən iki Səfəvi səfiri Entoni Şirli və Hüseynəli Bəy Bayat 1601-ci ildə şəhərə daxil olmaq və etimadnamə və məktublarını Doja təqdim etmək səlahiyyətinə malik deyildilər.[5] Səfəvi şahı I Abbasla Venesiyanın Saqredo ailəsi arasında münasibətlər 1608-ci ildən yaranmışdı. Bu ildə I Abbas, Venesiyanın Hələb şəhərində konsulu olan və Ciovanni Françesko Saqredonu (Alvise Saqredonun əmisi) həm də Suriyadakı Səfəvi elçisi təyin etmişdi. Üç il sonra, 1611-ci ildə o, Covanni Françeskonu Venesiya şəhərində və bütün Venesiya əyalətində özünün baş nemsyəndəsi təyin etdi. Ehtimal ki, 1626-cı ildə öz əmisi dövründə vitse-konsul vəzifəsini icra edən Alvise Saqredo I Şah Abbasa öz agenti Alvise Parentenin ticarət üçün Səfəvilərə göndərilməsinin mümkünlüyü barədə yazmışdı. Şah, 1627-ci ildə Alviseni şəxsən ölkəyə gəlməyə və sərbəst ticarət etməyə dəvət edərək cavab verdi. Senat 1629-cu ildə Saqredonun səfərinə icazə verdi və o, I Şah Abbasın bu arada öldüyündən xəbərsiz elə həmin il Venesiyanı tərk etdi. Hələbdə I Şah Səfi adına yeni etibarnamələr və Səfəvi pasportunu gözləməli oldu. O, sonda Suriyadan Venesiyaya getdi. Səfəvilərin ölkədə Venesiyanın kommersiya mövcudluğuna real marağı olduğunu Şah Səfinin Əli Bali vasitəsilə Doja göndərdiyi məktubu Alvise Saqredonun xatırlatması da təsdiq edir. Şah bu məktubd Saqredonu ölkəyə gəlməyi, "ingilislərin və hollandların ticarətlərinə bənzər qayda da ticarət etməyə" dəvət edir.[6]
1634-cü ildə Səfəvi taxtına I Səfinin çıxdığını Venesiyaya bildirmək üçün Əli Bali adında elçi göndərildi. Bu elçi Səfəvi sarayının Venesiyaya gəlmiş sonuncu müsəlman səfiridir. 1645-ci ildə 1669-cu ilə qədər davam edəcək Krit müharibəsinin başlanması ilə Venesiya Osmanlıya qarşı müttəfiq tapa bilmək üçün diplomatik hücuma keçdi. Ciovanni Tiepolo respublikasının göndərişi ilə Polşa kralının yanına göndərildi. Növbəti il qayıdan zaman Ciovanni, öz kralının Səfəvi şahına yazmış olduğu məktubu çatdırmaq üçün vəziflələndirilmiş polyak elçisi ilə birlikdə Venesiyaya gəldi. Polyak elçisi Yeji İliça Dominikan keşişi Antonio da Fiandre ilə birlikdə Səfəvi sarayına göndərildi. 1646-cı ildə Venesiya hökuməti şahın yanına Domeniko de Santis adlı başqa bir emisar daha göndərdi. Bu elçi Səfəvi sarayına Hələb yolunu keçərək çatdı. Buna cavab olaraq, 1647-ci ildə katolik keşiş və Petra della Valle ilk arvadının qohumu olan Ferdinando Joeridi Venesiyaya yola düşdü. Keşiş Antonio, 28 mart 1650-ci ildə Palazzo Ducaledəki Kollegiuma özünü çatdıra bildi. De Santis isə, çox gümanki Venesiyaya 1651-ci ildə çata bilmişdir. Geri dönüş səfəri zamanı İsfahandan Tarkuya gedən de Santisə Rusiya çarlığı ərazisinə giriş icazəsi verməmiş, buna görə də, onun geri dönməsi daha uzun çəkmişdir. Joeridi isə, Antoniodan düz bir il əvvəl - 28 mart 1650-ci ildə Kollegiuma çatmışdır. 3 elçilik də şahın səmimi dostluq elanlarından başqa heç nə gətirməmişdi. Səfəvi tərəfi konkret ittifaq barədə heç bir aydın ifadə işlətməmişdi. Nəticədə, Venesiya ilə Səfəvi imperiyası arasındakı bundan sonrakı danışıqlar missionerlər və katolik din adamları tərəfindən həyata keçirildi. 1661-ci ildə şaha ünvanlanmış məktub anonim şəxslə göndərilmiş, 1662-ci ildə Arakeldən, 1663-cü ildə isə, dominikan keşişi Antonio Tanidən istifadə edilmişdi. 1661-ci ildəki məktubda Venesiyanın Səfəvi imperiyasını Osmanlı imperiyasına qarşı müharibəyə qatılmağa səslənişi yenidən təkrarlanırdı. 1663-cü ildə isə, senatorlar belə bir müraciəti yazılı formada etməyi uyğun bilmədilər və Arakeldən bunu şaha sözlü şəkildə çatdırmasını istədilər. 1669-cu ildə Arxibişop Mateos Avanik Səfəvi imperiyasına göndərildi və 1673-cü ildə erməni dominikan keşişlərindən biri şahın və Mateosun məktubu ilə Venesiyaya gəldi. Sonuncu bildirirdi ki, Səfəvi imperatoru I Süleymana Osmanlıya hücum etməsi üçün yalvarmasına baxmayaraq, sonda Kritin Osmanlı tərəfindən ələ keçməsi xəbəri gəldi və onun bu cəhdləri nəticəsiz qaldı.[5] İki Dominikan məzhəbi mənsubuna şaha cavab məktubu verildi. Berçetin dediyinə görə, bu, Səfəvilərin Venesiyaya səfər edən sonuncu diplomatik missiyası idi. Sonrakı illərdə, xüsusən də Müqəddəs Liqa müharibəsi zamanı, 1695-ci ildə naməlum bir elçi və 1697-ci ildə iki papa elçisi Pietro Paolo Pignatelli və 1699-cu ildə Felice Maria da Sellano tərəfindən çatdırılan əlavə məktublar Səfəvilərə göndərilmişdir. Bu məktublardan yalnız birincisi şahı müharibəyə çağırırdı, digər ikisi isə sadəcə olaraq Venesiyanın ona olan xoş münasibətini təsdiqləyirdi.
Sonuncu Osmanlı-Venesiya müharibəsi olan II Moreya müharibəsində Səfəvilərə heç bir ittifaq təklifi edilmədi. Yalnız 1718-ci ildə Venesiya senatı Səfəvi imperatoru Şah Sultan Hüseynə məktub göndərərək, ondan kapuçin ordeni üzvlərini və Tiflisdəki katolik erməniləri qriqoryan ermənilərin hücumlarından qorumağı xahiş etmişdir.[7]